Vurğun Hüseynov: ““Qəbələ“ni qeyri-sabitlik yıxdı“
Bizi izləyin

Qırmızı.az

Vurğun Hüseynov: ““Qəbələ“ni qeyri-sabitlik yıxdı“

- Mövsümün sonuna cəmi bir tur qalıb və “Qəbələ”nin avrokuboklarda çıxış edə bilməyəcəyi dəqiqdir...


- Lənkərandakı oyuna qədər bizim az da olsa, şanslarımız qalmaqda idi. Amma “Xəzər Lənkəran”la heç-heçə (1:1) etməklə bu şansı da qaçırdıq. Bu üzdən də artıq medalçılar sırasına, avrokuboklara düşmək arzularımız boşa çıxmış sayıla bilər.

- Bu uğursuzluğa səbəb nədir?

- Mən deməzdim ki, biz mövsümü boşa verdik. Bizim uğurlu oyunlarımız da var idi. Liderlər qrupunda qərarlaşan komandaları məğlub etdik, hazırkı çempionu darmadağın etdik. Sadəcə, sabitlik yox idi. Komanda bəzən eyni təzyiq altında uğurlu çıxışını davam etdirə bilmirdi.

- Sizcə, Toni Adams qalsaydı, nəticə başqa cür ola bilərdi?

- Bu, o qədər də vacib deyil. Fərziyyələr qurmağa ehtiyac da yoxdu. İstənilən halda meydana eyni futbolçular çıxırdı. Hər halda bu mövsüm biz daha yaxşı çıxış etdik, nəinki ötən mövsüm. İli uğurlu adlandırmaq üçün sadəcə Avropa Liqasına düşmək lazım idi.

- “Neftçi”nin çempionluğunu layiqli hesab edirsiz?

- Fikrimcə bu, ədalətlidi. Onlar ilk turdan etibarən yaxşı oynayırdılar. Mən “Neftçi”yə Çempionlar Liqasında ancaq uğur arzulaya bilərəm.

- Legioner və yerli futbolçular arasında kimi fərqləndirə bilərsiz?

- “Qəbələ”də Viktor Mendi-Yannik Kamanan-Dodo üçlüyü çox yaxşı mövsüm keçirdi. Xüsusilə Dodonu mövsümün kəşfi saymaq olar. Amma yerli futbolçulardan kimisə xüsusi qeyd edə bilmərəm. Bəzi gənc futbolçular var idi ki, onların meydanda daha çox görünmələri sevindirməyə bilməz.

- Zədə səbəbindən yığmanın toplanışına qatılmayacağınız deyilir. Amma son oyunda 90 dəqiqə meydanda oldunuz...

- Bəli, ayağımda ağrılar hələ də qalmaqdadı. Yığmanın məşqçilər korpusu da bundan xəbərdardı. Mövsüm başa çatan kimi Türkiyəyə gedəcəyəm. Yəqin ki, bir neçə gün orda qalıb vəziyyətimə aydınlıq gətirəcəm. “Qəbələ”nin yeni mövsüm üçün hazırlıqlarına qədər hazır olmaq istəyirəm.

- Bəs millimizin Yaponiya və Andorra ilə görüşlərindən nə gözləyirsiz?

- Yaponiya güclü komandadı. Amma biz də zəif deyilik. Layiqli oyun sərgiləməklə yaponları məğlub edə bilərik. Lakin Azərbaycan yığması üçün hazırda yoldaşlıq oyunlarında qələbə qazanmaqdan daha vacib olanı qarşıdakı seçmə mərhələ üçün heyəti formalaşdırmaqdı. Qələbə isə sadəcə motivasiyanı yüksəldə bilər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm