Sabir Rüstəmxanlı: “ABŞ-ın İrana qarşı müharibə etməsini istəməzdim“- MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Sabir Rüstəmxanlı: “ABŞ-ın İrana qarşı müharibə etməsini istəməzdim“- MÜSAHİBƏ

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Publika.Az-a müsahibə verib:

- Sabir bəy, zaman-zaman müstəqil Azərbaycan Respublikasının Güney Azərbaycan probleminin həlli üçün atmalı olduğu addımlar müzakirə mövzusu olur. Amma hüquqi tərəfdən yanaşanda da, bizim imkanlarımız məhdud görünür. Sizcə, güneyli soydaşlarımızın milli hüquqları ilə bağlı, dövlətimiz nə edə bilər?

- Azərbaycan öz qanunlarına uyğun olaraq, ilk növbədə güneyli gənclər üçün güzəştli şərtlərlə təhsil imkanı yarada bilər. Dövlətin buna imkanı və gücü var. Təəssüf ki, hələ bir nəfər güneyli gənc də dövlət hesabına Azərbaycanda oxumur. Bu təcrübə dünyada var, başqa dövlətlər bu cür addımlar atır, amma biz edə bilmirik. Qanunla təsbit olunub ki, Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlılar üçün güzəştli təhsil şəraiti yaradır. Digər tərəfdən, Güney Azərbaycandan gələn soydaşlarımızın bura gələrkən qalmaq üçün şərait və imkanları məhdud olur, ona görə də gələnlərin çoxu üçüncü dövlətə getməyə çalışır.

Eyni zamanda xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən güneyli mühacirlərə qarşı "aşağı sinif" xarakterli yanaşma var. Nəyə görə, başqalarına Avropada yer tapılır, şərait yaradılır, amma güneydən gedənləri hətta İran geri istədikdə geri qaytarırlar. Bu barədə mən BMT-nin nümayəndələrinə də narahatlığımı bildirdim.

Təhsil və sığınacaq şəraiti ilə yanaşı, İranın farslaşdırma siyasətinin qarşısını alacaq proqramlar və ya mədəniyyət televiziyası yaratmaq olar. Orda "Səhər" televiziyası var, gecə-gündüz bizim əleyhimizə işləyir. Amma biz də, siyasəti qatmadan, güneyli soydaşlarımızın dil bilgisini artıran, mədəniyyətini qaytaran bir televiziya və ya radio aça bilərik. Eləcə də ərəb əlifbasında kitablar çap etdirib göndərmək olar.

Bundan əlavə, Güney Azərbaycan araşdırmalar mərkəzi və ya institutu da qurula bilər ki, mövcud problemin zamanla aradan qalxmasına dəstək olsun. Niyə, İran burda bir neçə mədəniyyət mərkəzi yaradır, amma biz orda bir dənə də olsun mədəniyyət mərkəzi yarada bilmirik? Belə olmaz.

- Əgər İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa, güneyli soydaşlarımızın Tehran rejiminə qarşı qalxması mümkündürmü?

- Əvvəla, mən bu müharibənin olacağı barədə fikirlərə şübhə ilə yanaşıram. Amerikanın İraq və Əfqanıstanda atdığı addımlar o qədər də uğurlu nəticə verməyib. Amerikalı əsgərlərin əməlləri ABŞ-ın bölgədəki "Demokratiya illüziyası"nı dağıdıb artıq. Düşünmürəm ki, ABŞ yenə hərbi varianta gedəcək. Mən ABŞ-ın və ya İsrailin İrana qarşı müharibə etməsini istəməzdim. Çünki yenə də orda zərər çəkən bizim soydaşlarımız olacaq.

Mən bu proseslərin İranın tərkibində demokratik yolla, seçki yolu ilə getməsini istəyirəm. Əgər İranda Avropa Birliyi səviyyəsində demokratiya olsa, sərhədlər açılsa, gediş-gəliş yaransa, savaşmağa da ehtiyac qalmaz. Bu bölgənin sahibi bizik. Aramızda əlaqələr möhkəmlənsə, millət kimi bütövləşməyimizə əngəl də qalmaz. Sadəcə İrana təzyiqlər artmalıdır və indiki rejim getməlidir.

- İran tez-tez Azərbaycana qarşı da "sionizm" ittihamları ilə çıxış edir. Bu, güneyli soydaşlarımızın da dövlətimizə qarşı münasibətinin pozulması üçün ictimai rəy rolunu oynaya bilərmi?

- İran siyasətçilərinin və din xadimlərinin bu tip bəyanatları, ittihamları artıq xəstəlik həddinə gəlib çatıb. Onlar hər yenilik və özgürlük tələb edənə "sionist" adı qoymaqla ictimai rəy yaratmağa çalışırlar, İslamı siyasiləşdirirlər. Ora səfər edəndə mənə də deyirlər ki, siz niyə İsrailə yaxınlıq edirsiniz? Mən də belə cavab verirəm ki, biz yeni müstəqillik qazanandan indiyədək İrandan Ermənistanla yaxınlıq görmüşük. Bizə dost lazım idi, o dostluğu isə İran göstərmədi. İsrail bu gün Azərbaycana dəstək verirsə, Avropada və ABŞ-da erməni lobbisinin qarşısının alınmasında yardımçı olursa, burada pis heç nə yoxdur. Burdan gedən yəhudilər də, dünyanın harasında yaşayırlarsa, Azərbaycanın maraqlarını müdafiə edirlər. Belə olduğu halda, biz nə etməliyik? İran həm işğalçı Ermənistana yardım edir, Qarabağ torpaqlarını birlikdə istismar edir, həm də istəyir ki, biz yəhudi lobbisinin dəstəyindən imtina edək.

- Siz dediniz ki, İranda müharibə ehtimalına şübhə ilə yanaşırsınız. Lakin bu müharibə baş versə, sizcə güneyli qaçqınların şimala axını çoxmu problem yarada bilər?

- İran-İraq savaşında bu tərəfə bir qaçqın da gəlməyib. İran böyük ölkədir və vətəndaşlara sahib çıxmaq üçün Güney Azərbaycanda imkanlar var. Ümumiyyətlə, İrana ordu girəcəyini gözləmək yersizdir. Amma müəyyən hərbi obyektlərə zərbələr endirilə bilər ki, bu da böyük miqrasiya dalğasına səbəb olmaz. Düşünürəm ki, bu baxımdan ciddi bir narahatlıq keçirmək, hansısa oxşar fikirlər yürütmək əsassızdır. İranda hərbi əməliyyatların başlaması Azərbaycana iri miqyaslı qaçqın axını yaratmayacaq.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm