Tarixi saxtalaşdıranlar… - POLEMİKA
Bizi izləyin

Qırmızı.az

Tarixi saxtalaşdıranlar… - POLEMİKA

Azərbaycanda 28 Aprel hadisələrinə ziddiyyətli münasibət var. Tarixi kimlərsə məqsədli şəkildə təhrif edir, insanları aldatmağa çalışır. Lakin tarix saxtakarlığı sevmir, xüsusilə də yaxın tarix.

İddia edirlər ki, Sovet hakimiyyəti qurularkən Azərbaycan Respublikasının ərazisi 114 min kvadrat kilometr olduğu halda, 1991-ci ildə müstəqillik elan olunarkən ölkə cəmi 86,6 min kvadrat kilometr əraziyə sahib idi...

Lakin bu ittihamlar heç bir tarixi sənədlərdə öz təsdiqini tapmır. Ən əsası isə Sovet hakimiyyəti qurularkən Azərbaycan Respublikasının mübahisəsiz ərazisi 114 min kvadrat kilometr yox, təqribən elə indiki qədər, yəni 87,3 min kvadrat kilometr olub və Azərbaycan özünün ən böyük torpaq itkilərinə 1918-20-ci illərdə Müsavat hakimiyyəti zamanında məruz qalıb.

Yəni mənim fikrimcə, əsl tarixi həqiqət ondan ibarətdir ki, Azərbaycan cəmi 23 ay hakimiyyətdə olmuş milli hökumətin - Müsavatın hakimiyyəti zamanında ərazisinin təxminən 1/4-ni itirib. Müsavat hökuməti 1918-ci ildə ermənilərə Aleksandropol (Gümrü), İrəvan, İçmiədzin, Sürməli və s. olmaqla 18,7 min kvadrat kilometr, gürcülərə Borçalı, Qarayazı və Sığnax olmaqla 8,7 min kvadrat kilometr, ruslara isə 7 min kvadrat kilometr əraziyə malik olan Dərbəndi - hamısı bir yerdə təxminən 34,4 min kvadrat kilometr ərazi - güzəştə getmişdir.

1500 ildən sonra Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasını tanıyan və bütün İrəvan mahalı da daxil olmaqla İrəvan şəhərini də erməni hökumətinə paytaxt kimi hədiyyə edənlər də məhz Müsavat rəhbərləri olub...

ADR 1919-cu ilin noyabrın 23-də Ararat Respublikasıyla bağladığı biabırçı separat sazişlə Azərbaycanın daha 10 min kvadrat kilometr ərazisini (Zəngəzur və ətrafı) mübahisəli ərazilər siyahısına daxil etmiş və bununla da avtomatik surətdə ADR-in mübahisəsiz dəqiq ərazilərini 87,3 min kvadrat kilometrə qədər azaltmış və Zəngəzurun ermənilərə verilməsi üçün hüquqi baza yaratmışdır.

Həmçinin, bu separat sazişlə milli hökumət nə qədər acı olsa da, de-yure Zəngəzurun Azərbaycan torpağı olması faktını şübhə altına almış və sərhədlər dəqiqləşdirilənədək milli ordunu Zəngəzurdan çıxarmışdır.

Təbii ki, bundan istifadə edən ermənilər də Zəngəzuru işğal edib talanlara başlamışdılar. Artıq ermənilər buranı öz torpaqları kimi tanıtmışdılar. Sovet hakimiyyəti vaxtı bunun qarşısını ala bilməyən Nərimanov Zəngəzurun itirilməsini 1920-ci ilin dekabrında bir şərtlə etiraf etməyə razılıq vermişdir ki, Dağlıq Qarabağ, Naxçıvan Azərbaycanın tərkibində saxlanılsın.

Ümumilikdə isə bəylərin 1918-20-ci illər hakimiyyəti Azərbaycan xalqına 44 min kvadrat kilometr ərazinin itirilməsinə, 600 min azərbaycanlının İrəvan və ətraf mahallardan deportasiya olunmasına, 400 min azərbaycanlının isə məhvi hesabına başa gəlib.

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasını təhqiramiz şəkildə təqdim etmək, bu tarixi hadisəni və onu həyata keçirən xalqın uğurlarını rusların, Qızıl Ordunun adına çıxmaq tariximizə xəyanətdir. Gənc nəsli aldatmaq lazım deyil, onlara həqiqəti söyləyək: Azərbaycan Sovet hakimiyyəti dövründə öz tarixi ərzində ən böyük nailiyyətlər əldə edib, əksər xalqların hələ də nail ola bilmədiyi xarüqələr yaradıb.

Pisi ilə yaxşısı ilə bu, bizim tariximizdir. 1920-ci ilin aprelində bu xalqın azadlığı uğrunda minlərlə insan canını qurban verdi, bu ölkənin xoşbəxtliyi naminə mübarizə apardı. Məhz Aprel inqilabından sonra Azərbaycanda xalqın adi nümayəndələrinin hakimiyyətdə olduğu müstəqil respublika yaradıldı, xalqımız Şərqdə, hətta Qərbdə o qədər ilklər gerçəkləşdirdi ki saymaqla bitməz.

Qısa müddətdə təhsil, elm, iqtisadiyyat, mədəniyyət sürətlə inkişaf etdi. Azərbaycan qaranlıqdan işığa çıxdı - Nərimanovun dediyi kimi, "Şərqdə bir Günəş doğdu". Bunu anlamaq üçün İran azərbaycanlılarının elmi, mədəni, sosial, iqtisadi.. səviyyəsini bizimlə müqayisə etmək kifayətdir.

Tarix unutqanlığı və saxtakarlığı sevmir. Biz ikisindən birini seçməliyik: ya tarixi gerçəkləri bilməliyik, ya da özümüzə saxta tarix yazmalıyıq. İkinci halda, zaman biz də dönüb olarıq erməni. Biz isə azərbaycanlıyıq!!! Dünyanın ən sivil, mədəni, elmli xalqlarından biri. Bizim saxta tarixə ehtiyacımız yoxdur! Öz şərəfli tariximizi bilsək, kifayətdir...

Elçin Bayramlı

"Altay" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

P.S Publika.Az olaraq bu mövzunun azərbaycanlılar – müstəqil Azərbaycan Respublikasının vətəndaşları üçün həddən ziyadə həssas və önəmli olduğunu nəzərə alaraq yazarın mövqeyilə razılaşmayanların və məsələyə münasibət bildirmək istəyən hörmətli oxucularımızın, xüsusilə tarixçi alimlərimizin fikirlərinə saytımızda yer verməyə hazır olduğumuzu bəyan edirik.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm