“Ölkəmizdə Amaci kimi qadınlar yoxdur“ - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

“Ölkəmizdə Amaci kimi qadınlar yoxdur“ - MÜSAHİBƏ

"Azərbaycan əcnəbi tələbələrin gözü ilə" rubrukasının növbəti qonağı Hindistandan olan tələbə Vaseem Əlidir.

Paytaxt Dehlidən təhsil almaq üçün ölkəmizə gələn Əli "Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinin 5-ci kurs tələbəsidir.

O, məzun olandan sonra Dehliyə qayıtmağı düşünür.

- Ölkəmizə təhsil almaq üçün gəlmisiniz?

- Bəli, artıq bu il məzun oluram, inşallah, universiteti bitirən kimi Hindistana qayıdacağam.

- Azərbaycanı tanıyıb ölkəmizə gəldiniz, yoxsa təsadüfi seçim olub?

- Azərbaycanı tanıyırdım. Daha doğrusu, qardaşım tanıyırdı, o mənə məsləhət gördü ki, təhsil almaq üçün Azərbaycanı seçsəm, yaxşı olar
.

- Qardaşınız da Azərbaycanda oxuyub?

-Yox, sadəcə tanıyırdı. Onun dostları Azərbaycanı həmişə tərfiləyirdilər. Qardaşım da mənə dedi ki, o ölkədə yaxşı təhsil verirlər, get orada oxu.

-Bəs ümumiyyətlə, Hindistanda Azərbaycanı tanıyırlar?

- Açığı, o qədər də yox. Azərbaycan deyəndə çox adam hansı ölkə olduğunu bilmir. Amma Bakını tanıyanlar var. Nədənsə ölkəniz Hindistanda öz adı ilə yox, paytaxtının adı ilə daha çox tanınır.

- Qardaşınız Azərbaycanda təhsil almağı məsləhət görəndə yəqin ki, buradakı ali məktəblərlə maraqlandınız. Niyə seçiminiz məhz Qafqaz Universiteti oldu?

- Eşitmişdim ki, Azərbaycanda ən yaxşı universitet Qafqaz Universitetidir.

- Amma Qafqaz Universiteti özəl ali təhsil mərkəzidir, dövlət universiteti deyil. Oranın illik ödənişi də yüksəkdir.

- Azərbaycana gəldim, soruşdum, araşdırdım hamı Qafqaz Universitetini məsləhət gördü. Düzdür, illik ödəniş çox yüksəkdir.

- Bəs nə əcəb pullu təhsili seçdiniz?

- Çox çətin sualdır.

-Belə başa düşdüm ki, maddi durumunuz da orada oxumağa imkan verir.

- Şükür, imkanım yaxşıdır. İllik ödənişim 3000 manat olsa da, ailəm oxumağım üçün də, dolanmağım üçün də pul göndərir, təhsil almağım üçün dəstək verirlər.

- Dediniz ki, 5 ildir burdasınız. Müsahibə üçün də mən Sumqayıta gəlməli oldum. Niyə paytaxt Bakıda yox, Sumqayıtda yaşayırsınız?

- İki il Bakıda yaşadım. Bakı çox qarmaqarışıqdır. Orada sıxlıq, maşınların çoxluğu səs-küy mane olurdu mənə. Təbiətcə sakit adamam. Elə Sumqayıt da çox sakitdir. Burda yaşamağı sevirəm.

-İstirahətə haralara getməyi xoşlayırsınız?

-Azərbaycanın regionlarından Gəncə, Şəki, Quba, Zaqatalanı gəzmişəm. Ən çox Gəncə xoşuma gəldi. Ora Nizami Gəncəvinin doğulduğu yerdir. Təəssüf ki, cəmi 1 gün qaldığımdan şəhəri çox gəzə bilmədim. Amma Gəncədəki çayı çox bəyəndim.

-Burada tək yaşayırsınız?

-Bəli, universitetin yataqxanasında yaşayıram.

- Yəqin ilk günlər uyğunlaşmaq çətin olub. Bakıda harda qalırdınız?

- Əvvəlcə ilk iki ay universitetin yataqxanasında qaldım. Sonra universitetdə uşaqlarla tanış oldum və biz kirayə evə çıxdıq. Biri hindistanlı, digərləri türklər idi.

-Siz mənimlə neçə dəqiqədir türk dilində danışırsınız. Bircə kəlmə də azərbaycanca söz demədiniz?

- Çünki bizdə təhsil türk dilindədir. Amma mən azərbaycanca da bilirəm. Sadəcə tələffüzümdə problemlər olur. Universitetə daxil olanda əvvəlcə dil kursu keçdilər. Biz həmin kursda dil seçimi etdik. Mən Azərbaycan dilini seçdim. Dostlarımın sayəsində türk dilini də öyrəndim.

-Niyə Hindistanda yox, başqa ölkədə universitetdə təhsil almaq istədiniz? Ölkənizdə yaxşı ali məktəb yoxdur?

- Əslində var. Sadəcə qardaşım məndən böyük olduğundan o məsləhət gördü ki, xaricdə və məhz Azərbaycanda təhsil alım. Ona görə də bura gəldim.

- Nəyə maraqlarınız var?

- Ancaq kompüterə. Rəsm çəkməyi sevirəm, amma yaxşı bacarmıram.

- Bəs Azərbaycan mətbəxini sevirsiniz? Hindistan yeməkləri ilə Azərbaycan yeməkləri arasında fərq var?

- Əslində yeməklərimizin çoxu eynidir. Plov, kabab bizdə də var. Ona görə də mənimçün elə də çətin olmadı. O qədər fərq yoxdur. Sadəcə bizdə bir az yeməklər acı olur.

- Bir neçə aydan sonra Hindistana qayıdacaqsınız. Hansı yeməyimizi daha çox bəyəndiniz? Misal üçün gedib nəyi ananıza deyəcəksiniz ki, onu sizin üçün bişirsin.

- Sizin mətbəxiniz çox zəngindir. Ən çox dolmanı bəyəndim. Onun reseptini də yazmışam. Yəqin dolma üçün çox darıxacağam. Anama deyəcəm ki, dolmanı bişirməyi öyrənsin (gülür). Bizim biryani adlı yeməyimiz var, burda onun üçün darıxıram. Anam onu çox dadlı bişirir. Tərkibində düyü, meyvə, ət olur.

- Azərbaycanda Hindistan deyəndə hamının yadına hind filmləri düşür. Yəqin eşitməmiş olmazsınız "Bu dünyada doğulma" və digər seriallarınız da hazırda bizim televiziya kanallarında efirə verilir. Adını çəkdiyim serialda qız uşaqlarının doğulub yaşamasına icazə verilmir. Kino Hindistandakı reallığı əks etdirir?

- Bu ancaq filmdir. Əslində Amaci kimi qadınlar Hindsitanda demək olar ki, yoxdur, ya da çox azdır. Həmin filmdə göstərilənlərin çoxu yalandır.

- Yəni deyirsiniz ki, Hindistanda belə şey heç olmayıb və ya yoxdur? Onda niyə öz ölkənizin rejissorları Hindistana qarşı anti-kampaniya aparır?

- Əslində, belə şeylər azdır. 5-10 faiz ola bilər. Bilmirəm niyə bu cür filmlər çəkilir.

- Niyə qız uşaqlarını istəmirlər?

- Bu adət çoxdandır Hindistanda var. Amma indi belə hallar çox azalıb.

- Hindistanın Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Heç onlarla hansısa məsələ ilə bağlı əlaqə saxlamısız?

- Yox. İndiyədək heç getməmişəm. Heç maraqlanmamışam da. Amma bir neçə hindistanlı tanışım da var ki, onlar səfirliyə müraciət edib.

- Azərbaycanda hindistanlı çoxdur?

- Yox, çoxdur deməzdim. Daha çox Pakistan vətəndaşları çoxluq təşkil edir. Misal üçün bizim universitetimizdə məndən başqa bir Hindistan vətəndaşı var, Dehlidən deyil. Həmin tələbə Hindistanın Kolkata şəhərindəndir.

- Niyə ali məktəbi bitirən kimi ölkənizə qayıtmaqda israrlısınız? Hərbi xidmətə görə vacibdir?

-Yox, əslində Hindistanda öz ixtisasım üzrə işləmək niyyətindəyəm. Bizdə hərbi xidmət vacib deyil. Orda əsgərliyə getmək iş sayılır. Ailəmizdə də deyirlər gəl.

- Dininiz nədir?

- Müsəlmanam. Namaz qılıram, oruc tuturam.

- Neçə yaşınız var? Ailədə neçə nəfərsiniz?

- 21 yaşım var. Ailə üzvlərimiz 2 bacım, 2 qardaşım, atam və anamdır.

- Hansı tip musiqiləri dinləməyi sevirsiniz? Azərbaycan mahnılarından nəyi bəyəndiniz?

- Əsasən rok musiqilərini dinləyirəm. Sizin isə rəqslərinizi. "Duman" qrupunu dinləyirəm. "Axtarıram, axtarıram, yaxşı qız axtarıram" mahnınız var sizin.

- Amma sizin adını çəkdiyiniz musiqi ara mahnısıdı. Muğamlarımız barədə eşitməmisiniz?

-Yox. Meyxananızı sevirəm. Mənim dostlarım dinləyir, mənim də xoşuma gəlir.

-Təəssüf edirəm ki, muğamlarımıza qulaq asmamısınız. Meyxanalamız istedad tələb edir, bədahədən deyirlər. Sizdə də belə janr varmı?

- Özüm meyxana deyə bilərəm. Amma Hindistanda bu cür mahnılar yoxdur.

- Musiqidən söz düşmüşkən, bu il Azərbaycan "Eurovision"mahnı müsabiqəsinə ev sahibliyi edir. Bilet almağı düşünürsünüz?

- Televiziya vasitəsilə izləmişdim. Əslində ala bilərəm. Vaxt edib alsam, məmnuniyyətlə gedərəm.

- Biletlər elə də ucuz deyil. Büdcəniz imkan verir? Necə dolanırsınız?

- Dolanmaq üçün evdən pul göndərirlər. Təxminən aya 500-600 dollar xərcləyirəm.

- Siz "evlənməyə qız axtarıram" mahnısını bəyənirsiniz, bəs evlənmək üçün azərbaycanlı qız axtarmısınız?

- Yox, elə bir şey düşünməmişəm (gülür). Elə şeylərdən uzaq durdum nədənsə.

- Niyə belə komplekslisiniz. Ananız tapşırıb ki, azərbaycanlı qızlardan uzaq durun?

- Yox (gülür). Qismətə inanıram. Amma evdə çox darıxıblar, Hindistana qayıtmaq istəyirəm. Heç qız dostlarım da olmayıb. Ancaq virtual qız dostlarım var. "Facebook"da yazışırıq.

- Mən Dehlini tanımıram. Oranı mənə təsvir edin. Dehliyə yolum düşsə, haraları gəzsəm, məmnun qalaram?

- İngiliscə bilirsinizsə orada yaşamaq problem olmayacaq sizə. Orda başqa ölkələrdən gələn çoxlu turistlər var, 10-12 min adam yaşayır. Cümə məscidi adlı məscid, zooparklarımız var.

- Bəs Azərbaycan barədə sizdən soruşsalar, ölkəmizi necə təsvir edəcəksiniz?

- Azərbaycan çox yaxşı ölkədir. Hindistanlı gənclərə məsləhət görəcəyəm ki, onlar da gəlib burada təhsil alsınlar. Təhsili yüksək qiymətləndirirəm. Dostyanadır. Uşaqlarla yaxşı dostluq qurdum.

- Bizdə Hindistan deyəndə kinolar, Avara, Zita və Gita, Şahrux Xan kimi detallar yada düşür. Amma bu gün Hindistanda açıq-saçıq filmlər çəkilir. Əvvəlkilərdən tamamilə fərqlənir. Hindistanda bu cür filmlərə münasibət necədir?

- Əslində hindistanlılar da elə istəyir. Modern filmlərinə tələbat var.

- Hindistan üçün darıxanda gedib kinoteatrda hind filminə baxmısınız?

- Hamısı rus dilindədir deyə getmirəm. Amma bir dəfə Bakıda Səməd Vurğun adına rus dram teatrına getmişdim. Rus dilini bilməsəm də, eləcə oturub baxdım. Hind filmləri içində ən çox sevdiyim "Aşiqlər" filmidir.

- Bəs Azərbaycan filmlərindən hansınasa baxmısınız?

- Yox. "Kurtlar Vadisi" və "Adını Feriha koydum" seriallarını izləyirəm (gülür).

Nərgiz

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm