Keçmiş müttəfiqləri Rəsul Quliyevdən danışdılar
Bizi izləyin

Qırmızı.az

Keçmiş müttəfiqləri Rəsul Quliyevdən danışdılar

Eks-spiker Rəsul Quliyevin vaxtilə müttəfiqi və müdafiəçisi olmuş Sərdar Cəlaloğlu, Nurəddin Məmmədli və Mütəllim Rəhimli onun yenidən ciddi siyasi iddialarla fəaliyyətə başlamasına münasibət bildiriblər.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Publika.Az-a deyib ki, Rəsul Quliyev hakimiyyətə yenidən qayıtmaq, müəyyən siyasi dividentlər əldə etmək istəsə də, bu, onun üçün asan olmayacaq: “Ümumiyyətlə, insana siyasi zirvəyə yetişmək şans bir dəfə verilir. İtirilmiş mövqeyə qayıdış əksər zamanlarda uğurlu alınmır. Rəsul Quliyevin yenidən siyasi fəaliyyətə qayıdıb, nəyəsə nail olmaq istəyi yaxşıdır. Halbuki Rəsul bəyin 3 dəfə ciddi imkanı olub, iqtidarın qapısına qədər gəlib çıxıb, amma o qapıdan girə bilməyib. Onun uğursuzluqlarında nə xalqın, nə də beynəlxalq təşkilatların rolu və günahı var. Məğlubiyyəti sadəcə siyasi şəxsiyyəti ilə bağlı problemlərdən ortaya çıxdı”.

Sərdar Cəlaloğlu qeyd edib ki, Rəsul Quliyevin başlıca çatışmazlığı ona verilən informasiyaları yoxlamayıb tələsik qərarlar verməyə, addımlar atmağa meylli olmasıdır: “O, kənar təsirə tez düşür . Düzdür, siyasi lider üçün çeviklik yaxşıdır, amma Rəsul Quliyevin bu çevikliyi onun özünə ziyan vurur. İllər boyu minlərlə insanın zəhməti bahasına güclənmiş Azərbaycan Demokrat Partiyasını tərk etmək Rəsul Quliyev tərəfindən səhv addım oldu. Partiyadan kim ona nə yalan məlumat verirdisə, yoxlamadan ədalətsiz qərarlar qəbul edirdi”.

Eks-spikerin Azərbaycanda təmsilçisi olmuş Nurəddin Məmmədli deyib ki, Rəsul Quliyevin yenidən siyasi səhnədə fəallaşmasını müsbət qarşılayır: “Rəsul Quliyevin siyasətdə olmaq haqqı var, kimsə bu haqqı inkar edə bilməz. Digər tərəfdən, Azərbaycanda Rəsul Quliyevin tərəfdarları az deyil. İctimai Palatada da keçmiş ADP-çilər yer alır və ona siyasi fiqur kimi hörmətlə yanaşırlar. 8 aprel aksiyasında onun mitinqi dəstəkləməsi də müsbət addım oldu. Onu Azərbaycan siyasəti üçün itirilmiş adam kimi təqdim etmək düz addım deyil.

Rəsul Quliyevin siyasətə qayıtmasında nəinki qəbahət görmürəm, hətta gücümüzə güc qatdığı üçün bunu müsbət hal sayıram. Fikirlərinin bəzilərini indiki dövr üçün aktual saymıram, bəzilərini isə konflikt yaradacaq cəhətlər kimi dəyərləndirirəm. Amma bununla bərabər, onun söz demək haqqına hörmətlə yanaşıram”.

Nurəddin Məmmədli Rəsul Quliyevə olan iradını da gizlətməyib və söyləyib ki, onun öz fikirləri ilə çaxnaşma yaratmaq cəhdləri var.

1998-ci ildə yaradılmış Rəsul Quliyevin hüquqlarını müdafiə komitəsinin katibi olmuş, hazırda Ədalət Partiyasında sədr müavini postunu tutan Mütəllim Rəhimli isə deyib ki, Rəsul Quliyevi 1990-cı illərdə dəstəkləyən adamlardan çoxu indi bu mövqedə deyil: “Rəsul Quliyevin ölkənin daha geniş çevrələrdə tanınmasında, siyasi qüvvəsinin formalaşmasında ən çox zəhməti olanlardan biri də mənəm. Onun hüquqlarını müdafiə edən komitəyə mənimlə bərabər 3 nəfər rəhbərlik edirdi. İndi o 3 nəfərdən heç biri Rəsul bəyin yanında deyil. O, həmişə siyasətdə olub, amma bu siyasi fəaliyyət dalğavari şəkildə baş verib. Siyasətçinin cəmiyyətdə qəbul olunması və siyasi proseslərə təsir gücü önəm daşıyır”.

Mütəllim Rəhimlinin sözlərinə görə, eks-spikerin ölkədə olmaması onun müxalifət lideri kimi cəmiyyətdə özünə yer tutmasına, proseslərə təsir göstərməsinə mane olur: “Hazırda lideri olduğu partiyada təşkilatlanma ilə bağlı ciddi problemlər var, bu qurum ciddi siyasi qüvvə kimi cəmiyyətə çıxa bilmir. Bütün bu amillər Rəsul Quliyevin siyasi fəaliyyəti üçün elə də böyük vədlər vermir”.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm