“Sənətdə sevgiylə iş görənlər qalır“
Bizi izləyin

Qırmızı.az

“Sənətdə sevgiylə iş görənlər qalır“

Azərbaycan qadınının ədəb-ərkanı, geyim-kecimi, davranışı, danışmaq, dinləmək mədəniyyəti, qayğıkeşliyi onda toplanıb desək, yəqin yanılmarıq. Azərbaycanı dünyanın onlarca ölkəsində tanıdan bu xanıma daha çox xoşməramlı səfir sözü yaraşır. Bəlkə elə buna görədir ki, ötən il ona Türkiyədə "İlin mədəniyyət elçisi" titulu verilib. Özünü Azərbaycanla Türkiyə arasında körpü hesab edir. Çox çalışsaq da müğənni Azərinlə Bakıda görüşümüz baş tutmadı. Çünki Türkiyənin TRT-Avaz kanalında hər həftə nümayiş olunan "Avazdan əsintilər" verilişinə görə daha çox orada yaşamaq məcburiyyətindədir. Odur ki, müğənniylə canlı söhbətimizdə köməyə internetin videogörüntülü proqramı gəldi.

- İlk dəfə oxuduğunuz mahnı yadınızdadır?

- Yadımdadır: "Gətirdim iki tava: şəkərbura, paxlava". Mənim səhnəyə gəlişim 5 yaşımdan başlayır. Sovet dövründə istedadlı uşaqların sorağı ilə bağçaları, məktəbləri gəzirdilər. Mən də necə deyərlər, bağçadan "tapılmışam". Azərbaycan radiosunda 5 yaşımda uşaq mahnıları oxumuşam. 9 yaşımda o vaxtın məşhur "Cücələrim" rəqs ansamblı ilə dünya ölkələrinə səfərlərə çıxmışam. Sonra isə Azərbaycan dövlət televiziyası və radiosunda Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun solisti olmuşam. Bizim dövrdə çox yaxşı uşaq mahnıları olub. O vaxtlar uşaqlara sevgidən-filan oxumağa icazə yox idi. Uşaqların ifa etdikləri vətən, ana, təbiət haqqında mahnılar idi.

- İndi elə bil uşaq mahnıları az yazılır...

- Elədir. Oqtay Zülfüqarov görün hansı yaşına gəlib çatıb, amma yenə uşaqlarla işləyir,onlar üçün mahnılar yazır. Məryəm Əlibəylinin uşaq mahnılarını çox eşitmişəm. Əfsus ki, uşaqlar üçün nəinki mahnı yazan, şeir yazanlar da azdır. Bəlkə də var, amma onlar üzə çıxa bilmirlər. Çünki uşaq dünyasına maraq aşılanmır.

"Mən uşaqlıq dövrümü yaşamadım"

- Müğənni kimi səhnəyə çıxmanıza maneələr olubmu?

- Sənət aləmində hər zaman maneə olur. Uşaqlığımı demək olar ki, yaşamamışam. 100 nəfərlik bir kollektivin solisti olaraq Azərbaycanı dünyada təmsil etmək mənə böyük insanın məsuliyyətini yaşadıb. Uşaq yaşımdan peşəkar müğənni olmağı qarşıma məqsəd qoymuşdum, elə o vaxtdan da uşaqlar arasında uğurlarıma qısqanclıq vardı. Təbii ki, maneələr olub, amma bu maneələr məni inkişaf etdirib, öz üzərimdə daha çox işləməyə, çox oxuyub-öyrənməyə vadar edib.

- Daha çox vətənpərvər mahnılarınızı dinləyirik. Repertuarınızda sevgi mahnıları yoxdu?

- İnternet səhifələrini arasanız, ifa etdiyim sevgi mahnılarına çox rast gələrsiz. "Ümid", "Get", "Ayrılıq"…. Çoxdur. Amma məsələ ondadır ki, mən sevgi mahnılarının məişət səviyyəsində yox, daha yüksək anlamda dinlənilməsini istəyirəm. Həmişə çalışmışam ki, sevgi mesajımı dinləyən mənəvi qida alsın, sözlərin poeziyası olsun.

- Bakıda solo konsert verməyi planlaşdırırsızmı?

- Belə plan var. Heydər Əliyev Sarayının direktoru Fərhad müəllimə minnətdarlıq edirəm ki, solo konsertlərimə şərait yaradır. 2003 və 2005-ci illərdə orada konsertim olub. Amma sonralar buna qastrol səfərləri mane olub. 7 ilə yaxın Azərbaycan -Türkiyə diasporunun tərkibində dünyanı gəzib konsertlər verdim. Son 3 ildə isə TRT-Avazda hər həftə canlı olaraq proqram aparıram. Bu, böyük məsuliyyətdir. Ona görə də hələlik solo konsert planımız reallaşmır. Həm də solo konsert çox məsuliyyətli işdir. Neçə aylar musiqiçilərlə çalışmaq, məşqlər etmək lazımdır...

"Geyimlərim 3 ciddi arqumentin vəhdətindən yaranır"

- Azərbaycan gəncliyinə nümunə sayılacaq geyim tərziniz var. Geyimlərinizi kim seçir?

- Geyim seçəndə tək olmuram. 12 ildur birgə işlədiyim prodüsserim Cavid Abidovla ümumiyyətlə, tək geyimdə deyil, bütün işlərimdə bərabər addımlayırıq. Bilirsiz, özümü nə pop ifaçılarına, nə də şouya aid edirəm. Əsas janrım klassikadır, bu janrda bir ciddilik var, üstəlik vətənpərvərlik mahnılarındakı və öz xarakterimdəki ciddilikdən yaranan vəhdət də ovqatıma təsir edir. Fəaliyyətə başlayanda geyimləri özüm seçirdim. Bir neçə klipimdə Fəxriyyə Xələfova ilə işbirliyim olub. Sag olsun ki, mənə ciddi geyimlər seçib. Bundan sonra Cənubi Azərbaycandan Pəriçöhrə Diqqəti ilə işləmişəm. Bu xanım tək İranda, Azərbaycanda deyil, Fransada, Kanadada da tanınmış modelyerdir. İndi də qarderobumda onun əl işləri var. Hazırda isə Türkiyədə proqramlarımı apardığım

müddət ərzində geyim məsələmi TRT özü həll edir. Amma bəzən elə açıq paltarlar olur ki, məni narahat edir və özüm tikib qapayıram. Bir də Ankarada dünyaca məşhur Əhməd Özceyhanla tanışlığım mənim üçün sanki kəşf oldu. Azərbaycanda sərgisi də keçirilib. Onun mükkəmməl əl işləri və türk dünyasının motivlərini əks etdirən saray qiyafətlərini geymək mənə zövq verir. Ən əsası odur ki, geyimim həmişə xasiyyətimə uyğun olub.

- Səsdən kasad bəzi müğənnilər dar, açıq-saçıq geyimlə ciddi tamaşaçı qazanmırlar. Performansla populyarlıq qazananlara nə sözünüz var?

- Hər bir insanın meyarı onun intellekt səviyyəsi, dünyaya baxışı və vicdanıdır. Orada mən hər kəsi özünə buraxan adamam. Mənim üçün əsas olan öz işimlə, peşəmlə, davranış və geyimimlə aşıladığım mənəviyyatdır. Azərbaycan müğənnilərindən sənəti ilə tarixdə qalanlar Bülbül, Rəşid Behbudov, Şövkət xanım, Zeynəb xanım kimi sənətkarların şəxsi həyatlarından, qiyafələrindən mənfi bir şey danışa bilmərik. Könüllə, vicdanla, sevgiylə iş görən adamlar sənətdə və yaddaşlarda qalır.

- Bir qadın olaraq hobbiniz nədir, ən çox nəyi sevirsiz?

- Evdə aş bişirməyi. Boş vaxtım olanda çalışıram evdəkilər üçün nəsə bişirim, aş-filan. Amma deyim ki, boş vaxtımda da beynim düşüncələrlə, yaradıcılıqla dolu olur. Belə vaxtlarda bişirdiklərim evdəkilərin xoşuna gələndə özümü çox xoşbəxt sayıram.

"Teleefirlərimizin böyük çəki-düzənə ehtiyacı var"

- Haralarda konsertlərdə olmusuz? Azərbaycan xaricdən necə görünür?

- İşimlə əlaqəli çox az ölkə var ki, mən orada olmayım. Keçmiş postsovet ölkələri arasında Azərbaycan daha çox inkişaf etmiş görsənir. 9 milyon əhali ilə çox çətin coğrafi məkanda yerləşmək, qonşularla sülh çərçivəsində yaşamaq asan deyil. Belə şəraitdə siyasətçilərin üzərinə çox məsuliyyət düşür. Amma Azərbaycanı ayaqda saxlamaq üçün mədəniyyət xadimlərinin imkanları məncə, daha böyükdür. Kənardan baxanda Azərbaycanı bir internetdən, bir də televiziyadan izləyə bilirik. Televiziyadan Azərbaycana baxanda heç də ürəkaçan mənzərə açılmır. Bu gün bizim telekanallara çox böyük çəki-düzən gərəkdir, təcili tədbirlər görülməlidir. Demokratik bir ölkəyik, amma bu o demək deyil ki, Azərbaycanın milli mənsubiyyəti, şüuru, mənəviyyatı ayaq altında tapdalanmalıdır. Ermənistan telekanalları bu gün daha çox Qarabağ deyir, nəinki bizim efirdəkilər. Axı bu millətin dəyərləri var. Mən müğənni olsam da, müğənnilərin bu qədər görünməyinə qarşıyam. Millətin məgər başqa dəyərləri yoxdur? Təkcə incəsənətin o qədər sahələri, incilərimiz var ki, sadəcə, üzə çıxarılmalı, təbliğ olunmalıdır. Bu gün reytinqi yox, millətin mənəviyyatını düşünməliyik, itirilmiş dəyərlərimizi bərpa etməliyik.

- Türkiyədə yaşayışınız necədir?

- Hərdən özümüzü körpüyə bənzədirəm. Bir ayağımız Türkiyədədir, bir ayağımız Azərbaycanda. Türkiyədə çox olmağımın səbəbi həm buradakı proqramımla bağlıdır, həm də qardaş ölkədə daha çox bələdiyyələr tərəfindən Türkiyənin bayram konsertlərinə dəvət alıram. Bu yaxınlarda İsparta Süleyman Dəmirəl Universitetinin rektorluğu Novruzla əlaqəli məni dəvət etmişdi. Belə tədbirlər ürəyimcə olur, çünki bu gün gəncliyin nə istədiyini analiz edə bilirəm. Gəncliyin nəbzini tutmaq çox vacibdir.

"Hər kəs Yaradanın verdiyi qabiliyyəti dəyərləndirsə..."

- Bu analizlərdən hansı nəticəyə gəlirsiz?

- Türkiyədə də, Azərbaycanda da tələbələrlə görüşlərdə elə intellektli gənclərlə rastlaşıram ki, qürur duyuram. Bu gün mənəvi dəyərlərimizi düşünən sağlam Azərbaycan gəncliyi yetişir. O gəncliyi görəndə yurdumuzun gələcəyinə nikbin baxıram. Keçən il Ankarada Polis Akademiyasında oxuyan azərbaycanlı tələbələr məni dəvət etmişdilər. Onların Azərbaycanın təbliği üçün gördüyü işlərlə tanış oldum. İşlər gedir ey, təəssüf ki, mətbuat bunu lazımi səviyyədə işıqlandırmır. İnternet səhifələrində əxlaqı, tərbiyəni pozan şeyləri yox, bunları göstərmək lazımdı. Axı bu Azərbaycanın tarixidir.

Düşünürəm ki, hər kəs Yaradanın ona verdiyi qabiliyyəti dəyərləndirsə, dünya çox gözəl olar. Xalqın içində olan kasıbı, fəqiri, Qarabağ əlilini, Xocalıda ailəsini itirənləri görməsən demək, səndə insanlıq qalmayıb. Bu zombiləşməyə, robotlaşmaya qarşı mübarizə aparmalıyıq. Bayaq geyimi açıq-saçıq olanlardan narahatlığınızı ifadə etdiniz. Bütün bunlar ələnib gedəcək və bu məmləkət üçün, xalq üçün doğru olanlar qalacaq. Gənclərimizin də birliyə, bərabərliyə can atması məni çox sevindirir. Bu gün verilişimin də ən böyük tamaşaçı kütləsi İrandakı azərbaycanlılardır. Bir zamanlar Məmmədəmin Rəsulzadə, Əbülfəz Elçibəy, Turqut Özal, Heydər Əliyevin birlik arzusu, böyük Turan arzusu reallaşır. İnşallah, tezliklə ortaq əlifbamız yaranar.

Bu il Xocalı soyqırımı ilə əlaqəli Ankara, Adana, İzmir və İstanbulda tədbirlər keçirildi, bunu Türkiyə-Azərbaycan dərnəyi təşkil etdi. Bura Xocalıdan 5 qadın dəvət olunmuşdu. Bir həftə boyunca onlar burada qaldılar. Ayaqlarını itirən, gözləri tutulan əlil qadınlarımız ilk dəfə canlı olaraq Türkiyədə toplaşan insanlara Xocalı faciəsini

anlatdılar. Bu çox böyük təbliğat idi. Mən də bu tədbirə bir danışman və müğənni kimi dəvət almışdım. Onu da deyim ki, işim sadəcə, fəaliyyət göstərməkdən ibarət deyil. Proqramım əyləncə proqramıdır, amma bütün türk xalqlarının tarixindən, ədəbiyyatından nümunələr gətiririk. Musiqimizin nə qədər ortaq, bənzər olduğunu insanlarımıza aşılayırıq.

- Türkiyə-Azərbaycan diasporunun birgə fəaliyyəti haqda nə deyə bilərsiz?

- Neçə il qabaq İlham Əliyev Türkiyə -Azərbaycan diasporunun birgə fəaliyyətilə bağlı sərəncam imzaladı. Türk dünyası ilə əlaqəli ən böyük konfranslar da Azərbaycanda keçirilib. Bu məni çox sevindirir. Amma diasporun fəaliyyətində bəlli bir şey görmürəm. Dünya Azərbaycanlıları Konqresindəki parçalanmalar da ürəkaçan deyil.

- Adama hərdən elə gəlir ki, siz zarafat sevmirsiz. Sizi nə güldürür? Bəlkə söhbətimizin sonunu bir lətifə ilə bitirək...

- (Xeyli gülür). Sözün düzü, lətifə yadımda qalmır. Ailə tərkibində yetərincə şənəm. "Bakılı oğlanlar", sovet dövründə çəkilən komediya filmləri, rəhmətlik Nəsibə Zeynalova, gülüş ustalarımız məni güldürür. Amma həyat tərzim, zamanın nəbzi məni daha çox analiz aparmağa, insanlar arasında seçici olmağa məcbur edir.

Sevil Hilalqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm