Boşanmalara qadağa qoymalı?..
Bizi izləyin

Qırmızı.az

Boşanmalara qadağa qoymalı?..

Rəsmi statistikaya görə, ölkədə nikah bağlayan hər 5 cütlükdən biri sonradan yollarını ayırır. Bəziləri buna səbəb kimi sosial problemləri göstərir, digər qənaətlərə görə, valideynlərin müdaxiləsi, gənclərin bir-birinə güzəştə getməməsi boşanmalarda mühüm rol oynayır.

Publika.Az-a açıqlamasında Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədri Gülsel Səfərova deyib ki, gənclər daha çılğın təbəqəyə aid olduğundan, onlar arasında münasibətlərin tənzimlənməsi də çətin olur:

“Sirr deyil ki, son dövrlər boşanma, nikahın pozulması halları artmaqdadır. Gənclərlə daim ünsiyyətdə olan bir insan kimi, fikrimcə, boşanmalar daha çox psixoloji amillərlə bağlıdır. Hər bir cəmiyyətdə 10 ildən bir psixoloji elementlər dəyişir. Cəmiyyətdə gedən sosial-iqtisadi dəyişiklər, siyasi situasiyalar buna öz təsirini göstərir.

Azərbaycan demokratik baxımdan inkişaf yolu götürdüyündən, insan hüquqları və digər məsələlər daha çox önə çıxır. Bu da heç şübhəsiz, cəmiyyətə, insanların hadisələrə yanaşmasına bilavasitə öz təsirini göstərir. Gənclər də bu dəyişikləri duyan ilk təbəqədir.

Gənclik çox çılğın olur, gənclər dinamikdir, öz sözünü deməyi xoşlayır. Əlbəttə, nikah bağlayan bəy və xanım da ilk növbədə öz hüquqlarını daha çox qabartmağa çalışaraq, qarşı tərəfə güzəştə getmir. Gənclər özlərini çərçivəyə salınmış hesab edirlər və psixoloji nüanslar buna daha çox təsir göstərir.

Üstəlik, bu gün əvvəlkindən fərqli olaraq, valideynlərin gənclərin həyatına təsiri azalıb. Belə hallar az-az baş versə də, əksər hallarda gənclərin boşanmasına gətirib çıxarır.

Digər tərəfdən, ailə quran gənclər bəzən buna dırnaqarası yanaşırlar. Onların evlənmək qərarına gələrkən məsələyə məsuliyyətsiz yanaşması acı sonluğa gətirir”.

Problemdən çıxış yoluna diqqət yetirən Gülsel Səfərova təklif edir ki, Avropada olduğu kimi, Azərbaycanda da psixoloqlar məsələyə müdaxilə etməlidirlər: “Hər birimizə bəllidir ki, gənclərin boşanma ilə bağlı məhkəmə iddiaları zamanı onlara yenidən fikirləşmək üçün 6 ay zaman tanınır. Yaxşı olardı ki, bu müddətdə psixoloqlar gənclərə öz təsirini göstərsinlər. Lakin bütün bunlarla yanaşı demokratik cəmiyyətdə kiməsə boşanmağa qadağa qoymaq olmaz. Problemin inzibati yollarla həllinə nail olmaq mümkün deyil”.

Azər Niftiyev

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm