
Milli Məclisin üzvü Elman Məmmədov Azərbaycan gənclərinin mənzil probleminin gündəmə gətirilməsinə tərəfdardır.
Deputat Publika.Az-a açıqlamasında bildirib ki, qeyd olunan məsələ
Azərbaycan gəncliyinin ən ağrılı problemlərindən biridir: "Etiraf
olunmalıdır ki, Azərbaycan gəncliyi evsizlik problemindən əziyyət
çəkir. Yüz minlərlə gəncimiz kirayələrdə yaşayır. Əlbəttə, hər
hansı gənc ayda bir neçə yüz manat kirayə pulu ödəyirsə, onun
sosial problemlərdən əziyyət çəkəcəyini bəri başdan söyləmək olar.
Şəxsən mən bir millət vəkili olaraq dəfələrlə bu problemlə bağlı
müvafiq qurumlar qarşısında məsələ qaldırmışam. Hesab edirəm ki, bu
məsələyə xüsusi diqqət yönəldilməlidir".
Elman Məmmədovun fikrincə, elə gənclər var ki, ev probleminə görə
ailə qura bilmirlər: "Sosial ipoteka şərtləri ilə gənclərə
mənzillərin verilməsi, bu məqsədlə şəhərciyin inşa edilməsi yəqin
ki, yaxın illərdə həllini tapacaq. Prezident İlham Əliyev də öz
fəaliyyətində bu məsələni vacib istiqamətlərdən birinə
çevirib".
Seçicilərdən də bununla bağlı müxtəlif müraciətlər aldığını deyən
millət vəkili xüsusən qaçqın və məcburi köçkün kateqoriyasına aid
gənclərin mənzil və işlə bağlı problemlərinin həll olunmasını vacib
sayır.
Azər Niftiyev,
Publika.Az