Ankara erməni lobbisini necə tərksilah edəcək?
Bizi izləyin

Qırmızı.az

Ankara erməni lobbisini necə tərksilah edəcək?

Ötən yazımda ATƏT-in Minsk Qrupunun 20 illik fəaliyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir nəticə əldə etmədiyini, sadəcə danışıqların imitasiyası ilə məşğul olduğunu yazmışdım. Rəhbəri olduğum "Atlas" Araşdırmalar Mərkəzinin Minsk Qrupunun 20 illik fəaliyyəti ilə bağlı 500 respondent arasında keçirdiyi sorğu və onun nəticələri də vətəndaşların böyük əksəriyyətinin beynəlxalq vasitəçilərin fəaliyyətindən narazı qaldığını ortaya qoyub.


Bəs nə etməli, danışıqlardakı durğunluqdan necə qurtulmalı?
Bu sualın cavabı Türkiyəli rəsmilərdən gəlib. Ankara Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmaq qərarını verib. Türkiyənin Avropa Məsələləri üzrə naziri Egemen Bağış bir neçə gün öncə açıqlama verərək, 20 ildir heç bir nəticə əldə etməyən Minsk Qrupu həmsədrlərinin kənara çəkilməsini və başqalarının bu problemlə məşğul olması vacibliyini dilə gətirib. Bunun ardınca, xarici işlər naziri Əhməd Davudoğlu amerikalı həmkarı Hillari Klintonla danışaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı maraqlı tərəflərin iştirakı ilə ortaq görüş təşəbbüsünü irəli sürüb.

Məsələnin bu cür qoyuluşu Azərbaycanın xeyrinədir. Əlbəttə, Davudoğlunun ortaq görüş təşəbbüsü hələ o demək deyil ki, digərlərinin bacarmadığı işi Ankara-Vaşinqton cütlüyü bacaracaq. Ancaq ən azı indiki durğunluqdan və danışıqlar prosesinin Moskvanın inhisarından çıxarılmasına nail ola bilərik.

Rusiya prezidenti Dmitri Medvedevin 3 illik təkbaşına vasitəçiliyi və prezidentlər arasındakı 10 görüş münaqişənin həllini sürətləndirmədi. Faktiki 3 ilimiz də belə boşa getdi. İndi növbə Vladimir Putinə çatıb. Rusiyanın yeni Konstitusiyasına görə, prezidentlik müddəti 6 ilə qədər uzanıb. Putinin Medvedevin danışıqlar imitasiyasını davam etdirəcəyi şəksizdir. Bu, bizə lazımdırmı? Daha 6 il itirmək bizə nə xeyir gətirə bilər? Odur ki, danışıqlar prosesinin Rusiyanın inhisarından qurtaracaq bütün təşəbbüslərə dəstək vermək lazımdır.

Bu mənada Ankaranın Vaşinqtonla birgə hərəkətə keçməsi Azərbaycanın maraqlarına uyğundur. Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan Cənubi Koreyanın paytaxtı Seuldakı nüvə konfransında ABŞ prezidenti Barak Obama ilə bir araya gələrək, Suriya və İran mövzuları ilə yanaşı, Qarabağdan da danışıb. Ərdoğanın irəli sürdüyü təklif diqqətçəkicidir. Baş nazir Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ankaranın Bakı ilə təmasları yoğunlaşdıracağını qeyd etməklə yanaşı, ABŞ, Fransa və Rusiyanın İrəvana təsir etməsi vacibliyini bildirib.

Əlbəttə, Obamanın Ərdoğanın təklifini dərhal qəbul edəcəyini zənn etmirəm. Ağ Ev sahibinin başı noyabrda keçiriləcək prezident seçkisinə qarışıb. Ancaq heç olmazsa, bu ilin sonundan başlayaraq, Vaşinqtonun Ankara ilə birgə fəaliyyətə başlaması imkanları var. Əgər belə olarsa, Moskvanın Ankara-Vaşinqton təşəbbüsünə ciddi müqavimət göstərəcəyi problematikdir. Birincisi, Rusiya ilə Türkiyə arasında genişlənən iqtisadi münasibətlərlə yanaşı, siyasi təmaslar da ildən-ilə artır. Bu səbəbdən Kreml Ankaraya açıq şəkildə "sən bu işə qarışma" deyə bilməz. Türkiyə bölgə ölkəsidir və qonşuluğundakı proseslərə təsiri getdikcə artır. Kreml Vaşinqtonu da kənarda saxlaya bilməz.

ABŞ həmsədr ölkələrdən biridir və istədiyi an danışıqlar prosesinə aktiv şəkildə qoşula bilər. O ki qaldı Ermənistana, bu ölkə ABŞ-dan gələn maliyyə ianələrindən asılı vəziyyətdə olduğundan, Vaşinqton-Ankara cütlüyünün təklifindən yayına bilməz.

Ankaranın tələsməsinin önəmli səbəbi də var. Dünyadakı, o cümlədən ABŞ-dakı erməni lobbisi 2015-ci ilə - "soyqrımın"ın 100 illiyinə ciddi hazırlaşır. Lobbi yenə Türkiyəyə əlavə problemlər yaratmaq istəyir. Ona görə də Ankara Ermənistanla münasibətləri nizamlamaq və İsveçrə protokollarını ratifikasiya etmək istəyir. Ancaq bu protokolların Türkiyə parlamentində ratifikasiya edilməsi üçün Ermənistan işğal altındakı Azərbaycan torpaqlarını boşaltmalıdır. Başqa sözlə, Ankara həm Qarabağ probleminin həllinə, həm də Ermənistanla münasibətlərin nizamlanmasına çalışır ki, dünyadakı erməni lobbisinin əlini zəiflətsin. Bu, Azərbaycanın da maraqlarına uyğundur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm