“Abbas, bizi güllələmə!“- AİLƏLƏR VƏ TALELƏR
Bizi izləyin

Qırmızı.az

“Abbas, bizi güllələmə!“- AİLƏLƏR VƏ TALELƏR

Həyat yoldaşını, oğlunu və qardaşını güllələyən keçmiş idmançı ömrünün 15 ilini həbsxana divarları arxasında keçirəcək.


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham edilən Masallı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Abbas Abbasovun məhkəmə istintaqı başa çatıb.

İki il öncə Masallı rayonunun Şərəfə kəndində ailə münaqişəsi zəminində silahlı insident baş vermişdi. Rayon Gənclər və İdman idarəsinin əməkdaşı, idman məktəbinin direktoru 1957-ci il təvəllüdlü Abbas Abbasov həyat yoldaşı - 1961-ci il təvəllüdlü Zahidə Ağayevanı, oğlu - 1989-cu il təvəllüdlü Xəzər Abbasovu və qardaşı - 1955-ci il təvəllüdlü Hüseyn Abbasovu odlu silahdan atəş açaraq yaralamışdı.

Hər üç şəxs Masallı regional təcili tibbi yardım stansiyasında Zahidə Ağayeva və Hüseyn Abbasovun üzərində cərrahiyyə əməliyyatı aparılmışdı. Həkimlərin səylərinə baxmayaraq, Ağayeva aldığı xəsarətlərdən elə xəstəxanadaca dünyasını dəyişmişdi.

İstintaq materiallarına görə hadisə belə baş verib

Abbas Abbasov 17 mart 2010-cu ildə saat 22 radələrində sərxoş vəziyyətdə yaşadığı evdə oğlu Xəzər və keçmiş arvadı Zahidə ilə mübahisə edir. Zahidənin söyüş və təhqirlərindən qəzəblənən Abbas qisas almaq məqsədi ilə evdən götürdüyü tüfənglə əvvəlcə onunla bir həyətdə yaşayan, mübahisə səsinə onlara gələn, qardaşı Hüseynə atəş açıb ağır xəsarətlər yetirir.

Daha sonra keçmiş həyat yoldaşı Zahidəyə iki dəfə atəş açmaqla onu ölümcül yaralayır. Sonda isə tüfəngi oğluna tuşlayır...
Zahidə Ağayeva aldığı bədən xəsarətlərindən Masallı rayon mərkəzi xəstəxanasında ölür, Xəzər və Hüseyn Abbasovlar isə göstərilmiş tibbi yardım nəticəsində sağ qalırlar.

"Arvadım məni saymırdı"

Məhkəmədə Abbas Abbasov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində hadisəyə qədər Masallı rayon Gənclər və İdman İdarəsi nəzdindəki idman məktəbinin direktoru vəzifəsində işlədiyini göstərib: "Zahidə ilə 1986-cı ildə ailə həyatı qurmuşam. 1998-ci ildən arvadım məni bəyənmədiyinə və ər kimi qəbul etmədiyinə görə münasibətlərim pozulmuşdu. Həmin vaxtdan ayrı yaşamışıq. 24 sentyabr 2009-cu ildə Zahidə rəsmən məndən boşandı. Məhkəmə Zahidəyə mənim yaşadığım evdə yaşamaq hüququ verildi. Mən ikinci mərtəbədə, oğlumla arvadım isə birinci mərtəbədə yaşayırdılar. Ailədə həmişə arvadım mənə təhqirlə yanaşıb, heç vaxt evin kişisi kimi məni saymayıb, şəxsiyyətimi alçaldıb.

17 mart 2010-cu ildə işdən çıxan vaxt köhnə şagirdlərimlə rastlaşdım. Onlarla yeməkxanaya gedib yeyib-içdik. Axşam evə qayıdanda Xəzəri çağırıb ona repititor pulunu vermək istədim. Xəzərin son dörd ayda müəllim yanına az-az getdiyini, vaxtını hədər yerə sərf etdiyini deyib ona irad elədim. Xəzərə irad tutduğuma görə Zahidə məni təhqir edib anamı, bacımı pozğun adlandırdı. Oğlum isə yaxamdan yapışıb sifətimə yumruq vurdu".

"Yataq otağındakı ov tüfəngini götürüb aşağı düşdüm"

Abbasın sözlərinə görə, o, şok vəziyyətdə evin ikinci mərtəbəsinə qalxıb, yataq otağındakı ov tüfəngini və 11 patronu götürüb birinci mərtəbəyə düşüb: "Mən aşağı düşəndə Zahidə ilə Xəzəri birinci mərtəbədə görmədim. Oğlumun və keçmiş arvadımın söyüş səslərinə çölə çıxdım. Səsin istiqamətindən bildim ki, qardaşım Hüseyngilə gedirlər. İki dəfə həyətimizdə olan su quyusuna doğru, Zahidənin səsi gələn tərəfə, iki dəfə isə Hüseyninin evinə sarı, Xəzərin səsi gəldiyinə görə atəş açdım. Sonra Hüseyn söyə-söyə üstümə gəldi. Hüseynə də iki dəfə atəş açdım.

Hüseyn gəlib mənimlə əlbəyaxa oldu. Tüfəngi almaq istədikdə onu itələdim, qaçıb evə girdi. Evdən Xəzərin, Hüseynin arvadı Sayatın səsləri gəlirdi. Qapını itələsəm də, bağlı olduğunu görüb geri qayıtdım. İkinci mərtəbəyə qalxıb atdığım patronların bir neçə boş gilizini yataq otağındakı sellofan torbaya qoydum. Əvvəlcə tüfəngi evə qoymaq istədim. Sonra fikirləşdim ki, Zahidə ilə oğlum məndən şikayət edəcək, ona görə tüfəngi qonşum Vüsal İbayevə verdim. Tüfəngi məndən başqa heç kimə verməməyini tapşırdım. Evə qayıtdım. Təxminən 15-20 dəqiqə sonra Masallı rayon Polis Şöbəsinin əməkdaşları gəlib məni apardılar".

"Gəlib sizin leşinizi çölə tökəcəm"

Təqsirləndirilən şəxs ifadəsində içki düşkünü olmadığını, yalnız toyda-bayramda spirtli içki qəbul etdiyini göstərib: "Spirtli içki düşkünü deyiləm. 10 il Masallı rayon Gənclər və İdman idarəsinin nəzdindəki idman məktəbinin direktoru olmuşam. 15 il sərbəst güləş və əlbəyaxa döyüş idman növü üzrə məşqçi müəllim işləmişəm. Sərbəst güləş üzrə SSRİ idman ustası olmuşam. Tüfəngi Xəzəri və Zahidəni qorxutmaq üçün götürmüşdüm. Mən yuxarı qalxanda onlara "gəlib sizin leşinizi çölə tökəcəm" demişdim. Buna görə də Xəzərlə Zahidə tüfəng götürməyə getdiyimi bilib evdən çölə qaçmışdılar".

"Uzun illər arvadımın hərəkətlərinə dözmüşdüm"

Abbas Abbasov deyib ki, tüfəngdən 6-7 dəfə atəş açıb: "Zahidəni, Xəzəri və Hüseyni evin həyətində vurmuşam. Zahidənin və oğlumun məni təhqir etməsi əsəblərimi tarıma çəkmişdi. Oğlanlarıma görə uzun müddət Zahidənin hərəkətlərinə dözmüşəm. Artıq bütün səbrim tükəndiyindən bu hadisəni törətdim. Mən tam sağlamam, peşəkar idmançıyam, heç bir psixi və ya digər xəstəlikdən əziyyət çəkmirəm..."

"Qardaşım arvadı əxlaqlı qadın idi"

Hüseyn Abbasov istintaqa ifadəsində qardaşının spirtli içkilərə meylli insan olduğunu göstərib: "Zahidə həm qohum kimi atamın dayısı nəvəsidir, həm də qardaşım Abbasın keçmiş arvadıdır. Abbas 1986-cı ildə Zahidə Ağayeva ilə ailə həyatı qurub, iki oğul atasıdır. 1996-cı ildən sonra Abbasın arvadı ilə münasibətləri kəskin pozulmuşdu. Mübahisənin səbəbi isə Abbasın həyat yoldaşını pozğunluqda günahlandırması idi. Əslində, Zahidə əxlaqlı qadın idi. Bu səbəbdən Zahidə ər evini tərk edib uşaqları ilə bir yerdə atası evinə qayıtmışdı. Həmin vaxtlardan Abbas tək yaşayırdı.

Ailə münasibətləri pozulandan sonra qardaşım içkiyə qurşanmışdı. Demək olar ki, hər gün sərxoş olurdu. Zahidə özü işləyib uşaqlarını saxlayırdı. Zahidə bir neçə dəfə uşaqları ilə birlikdə ər evinə qayıtsa da, münasibətləri pozulduğuna görə yenidən ata evinə dönürdü. Abbas əvvəllər bir neçə dəfə əlinə tüfəng götürüb uşaqlarını və arvadını vurmaq üçün tuşlamışdı. Lakin bu hadisənin baş verməsinin qarşısını almışdıq. Qardaşım olsa da, Abbas bütün ailə üzvlərinə qarşı pis rəftarda idi, həmişə bizi və öz ailə üzvlərini söyüb təhqir edirdi.

"Birinci mənə atəş açdı"

Hüseyn deyib ki, hadisə baş verən gün Zahidənin qışqırıq səsinə onların evinə gedib: "İçəri girəndə birinci mərtəbədə Abbasın Xəzərin üstünə cummasını, onunla əlbəyaxa olmasını, Zahidənin isə qışqırdığını gördüm. Abbas yenə də həmişəki kimi sərxoş idi. Onu Xəzərdən ayırdım. Sonra Abbas evin ikinci mərtəbəsinə qalxdı. Təxminən bir dəqiqə keçməmiş əlinə tüfəng götürüb pilləkənin başından yuxarıdan aşağıya mənə tərəf atəş açdı, qırmalar qarın nahiyəmə və sağ əlimə dəydi.

Aramızdakı məsafə təxminən 2-2,5 metr olardı. Abbas məni vurandan sonra tüfənglə üstümə gəldi, canımı qurtarmaq üçün oradan çıxıb öz evimə tərəf qaçdım. Bu vaxt təkrarən atəş açıldığını, Xəzərin və Zahidənin qışqırdığını eşitdim. Sonra Abbasın mənim arxamca gəldiyini gördüm. Həyat yoldaşım Sayatı səsləyib Abbasın məni tüfənglə vurduğunu dedim. Yaralı vəziyyətdə Abbasla əlbəyaxa oldum. Tüfəng Abbasın əlindən yerə düşdü. Abbas məni itələyib tüfəngi götürdü, öz həyətlərindəki su quyusuna tərəf getdi və quyunun yanında Zahidəyə bir dəfə atəş açdı. Zahidənin səsindən Abbasın onu vurduğunu bildim. Ondan sonra Abbasın hara getməsini görməmişəm. Oğlum bizi maşına qoyub xəstəxanaya apardı".

"Anamla atamın münasibətləri heç vaxt yaxşı olmayıb"

Xəzər Abbasov ifadəsində atası tərəfindən həm anasının, həm də özünün daim incidildiyini göstərib: "Atam İdman məktəbində direktor, anam Masallı rayon mərkəzi xəstəxanasında tibb bacısı işləyirdi. Ailədə iki qardaşıq. Böyük qardaşım Bakı şəhərində Ali hərbi məktəbin 4-cü kursunda oxuyur. Anam istirahət günündən başqa hər gün işdə olurdu. O, maddi vəziyyəti ilə əlaqədar işləyirdi. Çünki atam işləsə də, evə pul gətirmirdi. Özümü dərk edəndən bəri anamla atamın münasibətləri yaxşı olmayıb".

"Abbas, bizi güllələmə"

Oğul ifadəsinə belə davam edib: "Həmin gün atam təxminən saat 21 radələrində sərxoş vəziyyətdə evə gəldi. İçəri girib məni yanına çağırdı, anama nalayiq söyüşlər söydü. Anam yorğun olduğundan divanda uzanmışdı. Atamın hərəkətlərindən məni, anamı qıcıqlandırmaq və evdə mübahisə yaratmaq istədiyini hiss etdim.

Atamı kənarlaşdırmaq üçün sözlərinə əhəmiyyət vermədim. Lakin atam yenə də mənə söz atmağa başladı. Atama yaxınlaşdım, sərxoş olduğuna görə qolundan tutaraq öz otağına qaldırmaq istədim. O, üstümə hücum çəkdi, əlbəyaxa olduq. Səsə əmim Hüseyn gəldi, bizi ayırdı. Sonra atam ikinci mərtəbəyə qalxdı, tüfəngi götürüb əmimə atəş açdı. Əmim öz evinə tərəf qaçdı. Atam ikinci atəşi açanda qırmalar yerə dəydi. Tüfəngi mənə tərəf tuşlayanda qaçıb anamın yaşadığı otaqda gizləndim. Mənə: "Kişisənsə qaçma"- dedi. Sonra tüfəngi anama tuşlayıb ona tərəf atəş açdı. Güllə anamın qoluna dəydi. Qanı axa-axa evin pəncərəsindən bayıra tullandı. Atam anamı tüfənglə vuranda anam eyvanda olan divanla televizorun arasında dayanmışdı və "Abbas, bizi güllələmə!" deyib qışqırırdı. Atamsa: "Sizi burda öldürüb sonra Sayatla Hüseynin canı üçün gedəcəm" deyirdi.

Anam pəncərədən tullanandan sonra ani sakitlik oldu, mən otaqdan çıxdım. Atam anamın arxasınca gedərək 2-3 dəfə atəş açdı. Anam su quyusunun yanında qışqıraraq əmim oğlu Hörmüzü köməyə çağırırdı. Atam yenə də atəşi kəsmişdi, ani sakitlik yaranmışdı. Atəşin kəsildiyini, atamın geri qayıtdığını fikirləşib həyətə keçmək istəyəndə atam bağın içərisindən mənə tərəf bir dəfə atəş açdı. Qırmalar sağ böyrümə və sol qoluma dəydi, xəsarət aldım. Əmimgilə qaçıb girmək istəyəndə yıxıldım, əmim arvadı Sayat məni içəri salıb qapını bağladı. Həmin vaxt anam hələ də su quyusunun yanında köməyə çağırıb qışqırırdı. Atamın psixi xəstəlikdən əziyyət çəkməsi barədə heç nə deyə bilmərəm. Amma ona elə gəlirdi ki, guya anam ona cadu elətdirir, o da qorunmaq üçün özünə dua yazdırırdı".

"Camaata özünün 13-cü imam olduğunu deyirdi"

Şahid qismində dindirilən Hörmüz Abbasov ifadəsində əmisinin uzun illər tək yaşadığını göstərib: "Əmim Abbas 15 ildən çox idi ki, tək yaşayırdı. Təxminən 2009-cu ilin sonlarında Abbas rəsmi olaraq arvadından boşandı və məhkəmənin qərarına əsasən Zahidə oğlanları ilə bir yerdə Abbasın yaşadığı evə köçürüldü. Zahidə evə qayıtdığına görə əmim bizim ailəmizlə münasibətlərini pozmuşdu. Ona elə gəlirdi ki, Zahidənin evə qayıtması işini biz qurmuşuq. Abbas xasiyyətcə normal deyildi. Dostu Çapay vasitəsi ilə özünə güclülük, güllə keçirməzlik və s. gülünc dualar yazdırırdı. Camaata guya ona yuxuda vergi verildiyini, 13-cü imam olduğunu deyirdi. Bundan başqa, Çeçenistanda və Əfqanıstanda muzdlu kimi vuruşması barədə danışırdı. Əslində isə o hamının gözündə güclü görsənmək üçün belə edirdi".

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Rasim Sadıqovun sədrlik etdiyi kollegiya cinayət işi üzrə mühakimə olunan Abbas Abbasovun cinayətini tam sübuta yetirilmiş qənaətinə gəlib.
Abbas Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm