Partiyalar “Novruz” bayramını necə qeyd etdi?
Bizi izləyin

Qırmızı.az

Partiyalar “Novruz” bayramını necə qeyd etdi?

Publika.Az olaraq, bu baxımdan Azərbaycanda olan durumu araşdırmaq qərarına gəldik. Məlum olduğu kimi, hakim Yeni Azərbaycan Partiyası (YAP) müxtəlif zamanlarda rayon təşkilatları ilə birlikdə bayram mərasimlərinin keçirilməsi ilə gündəmə gəlir.


Lakin bu mərasimlərin əsasən rayon icra hakimiyyətləri ilə birlikdə keçirildiyini nəzərə alaraq, sırf partiya xətti ilə bayram tədbirlərinin keçirilib-keçirilməməsi ilə bağlı YAP-ın aidiyyatı olan strukturları ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, bayram günləri olduğundan, cəhdlərimiz boşa çıxdı. Amma hakimiyyətdə olmayan bir neçə partiyanın funkisonerləri ilə əlaqə saxlayaraq, onların bu bayramı necə qeyd etdiklərini öyrəndik.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Publika.Az-a bildirdi ki, 2001-ci ilədək, yəni partiyanın qərargahlı fəaliyyəti dövründə istər “Novruz”, istərsə də dövlətçiliklə bağlı olan bayramlar fəal üzvlərlə birlikdə geniş şəkildə qeyd olunurdu: “Lakin indi qərargahsız fəaliyyət göstəririk, digər tərəfdən də hər hansı bir yerdə tədbir keçirmək imkanlarımız məhduddur. Buna baxmayaraq, biz bu bayramı siyasi məhbusları və onların ailələrini yad etməklə keçirdik. İmkanımız daxilində siyasi məhbuslara bayram sovqatı göndərdik, eyni zamanda partiya rəhbərliyinin təmsilçiləri siyasi məhbusların ailələrini ziyarət edərək təbrik etdilər, təskinlik verdilər”.

Demokratik İslahatlar Partiyasının (ADİP) sədrinin təşkilati məsələlər üzrə müşaviri Əli Cəfərov isə bildirib ki, təmsil etdiyi partiya “Novruz” bayramı ilə bağlı xüsusi və təntənəli bayram tədbiri keçirməsə də, rəhbər şəxslər rayon təşkilatlarının sədrləri ilə birlikdə Bakıdakı qərargahda toplaşıb və çay-şirniyyat süfrəsi ətrafında baharın gəlişini qeyd ediblər: “Ümumiyyətlə, müxtəlif bayramları biz imkanlarımız daxilində qeyd edirik. Bu baxımdan partiyada bir ənənə formalaşıb. Hətta fəal üzvlərimizin doğum günlərini belə birlikdə keçirir, partiya rəhbərliyi adından onları təbrik edirik. 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə də, partiyamızın fəal xanımlarını da qərargaha dəvət edib, təbrik etmiş, hədiyyələr vermişdik”.

Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı da öz növbəsində qeyd edib ki, partiya “Novruz” bayramı münasibəti ilə xüsusi bir tədbir keçirməyib: “Amma biz bayramı vicdan məhbuslarının ailələrini ziyarət etməklə keçirdik, imkanlarımız daxilində çalışdıq ki, bu bayramda onlardan uzaq qalmayaq”.

Onun sözlərinə görə, partiyanın rəhbər funksionerləri, Müsavat Qadınlar Şurası və Gənclər Təşkilatının nümayəndələri həbsdə olan müsavatçıların ailələrinə baş çəkib, onları təbrik ediblər.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib ki, partiyaların dövlət tərəfindən maliyyələşməsi həyata keçirilmədiyindən, partiya tədbirlərinin təşkili ancaq ianələrin hesabına həyata keçirilir.

“Bu baxımdan, geniş bir tədbir keçirmədik, amma partiya rəhbərliyində təmsil olunan şəxslərlə birlikdə bayramı qeyd etdik. Yerlərdə olan təşkilatlara təbrik məktubları göndərildi, eyni zamanda imkansız üzvlərimizə bayram sovqatı verməyi də unutmadıq. Ümumiyyətlə, bayram və əlamətdar günlərin partiya səviyyəsində qeyd olunmasına müsbət baxırıq və çalışırıq ki, bu tip tədbirlər imkan daxilində qeyd olunsun”.


Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm