Qırmızı.az
Nekroloq
Martın 14-də səhər tezdən qəfil bir telefon zəngi bütün Yusifsevərlər kimi məni də sarsıtdı.
Zəng edən Yusifin böyük oğlu Səid idi. "Çingiz əmi, ata rəhmətə
getdi".
Sadəcə içimdən "vaay" deyə, bir hayqırtı qopdu və dizlərimi
qucaqlayaraq yerə oturdum.
Bir neçə dəqiqə ərzində kövrəlmiş gözlərimi bərk-bərk yumaraq
Yusiflə bağlı bəzi xatirələrim kino lenti kimi gözlərimin önündən
keçirdim.
Məlum 20 Yanvar 1990-cı il hadisələrindən sonra Bakı şəhər
məhkəməsində hakim işləməsinə baxmayaraq etiraz əlaməti olaraq
partiya biletindən imtina edərək partiya sıralarından çıxmasını,
Ədliyyə Nazirliyinin rəhbərliyinin yeddi ay davam edən təkidli
tələblərinə baxmayaraq partya biletini geri götürməməsini (həmin
dövrlərdə mən də Ədliyyə Nazirliyində işləyirdim, partbiletdən
imtina etmişdim və Yusifin üzləşdiyi təzyiqlərlə mən də üzləşirdim)
və buna görə də hakimlikdən çıxarılmasını xatırladım.
Bundan sonra Milli Azadlıq Hərəkatına qoşulmasını və AXC-nin Hüquq
şöbəsinin müdiri işləməsini, həm 20 yanvarda, həm də ondan sonralar
həbs edilmiş Milli Azadlıq Hərəkatının bəzi liderlərinin və sıravi
üzvlərinə məhkəmələrdə vəkillik etməsini xatırladım.
AXC-də işləyərkən təcrübəli bir hüquqşünas kimi hər kəsə
məsləhətlər, tövsiyələr verməsini xatırladım. Yusifin hamı
tərəfindən qəbul edilən şəxs olduğunu bir daha xatırladım.
Daha sonra 1992-ci ilin əvvəllərindən AXC-nin namizədi kimi mən
Mərkəzi Seçki Komissiyasının sədr müavini, Yusif isə katibi kimi
birgə işlədiyimiz dövrləri xatırladım.
AXC hakimiyyətə gələndən sonra mənim təklifimlə Yusifin Baş
Prokurorun kadr məsələləri üzrə müavini vəzifəsinə irəli
çəkilməsinə Yusifin razılıq verməməsini xatırladım.
Çox çətinliklə də olsa onu Ticarət Sənaye Palatasına sədr təyin
olunmasına razılıq verməsini xatırladım.
Ona Əməkdar hüquqşünas adı veriləndə ən çox sevinən dostları bizlər
olduq. O özü isə çox sakitliklə qarşıladı bu xəbəri.
Hər hansı təltiflərin, dövlət adlarının verilməsinin tərəfdarı
olmayan Yusif, hətta məclislərdə dostları tərəfindən ona xoş
sözlər, barəsində sağlıqlar deyilməsinə şərait yaratmamasını, sadə
bir insan olduğunu xatırladım.
Yusifin zahirən nə qədər sadə olsa da, daxilən bir o qədər zəngin,
qiymətli bir ürək sahibi olduğunu xatırladım. Yusif hər zaman
hamının qayğısını çəkər, çətinliyə düşən dostlarını arayıb tapar,
ürək-dirək verər, köməyini təklif edərdi.
Gözümün önünə gələndə ki artıq məclislərimizin, süfrələrimizin
başında Yusif cismani yox, xəyallarda iştirak edəcək qəhər məni
boğurdu. Lakin səsimi boğaraq bu qəfil ağır xəbəri evdəkilərə
dərhal deməyə cürət etmədən sakitcə evdən çıxaraq artıq özü yox,
ruhu bizi qarşılayan Yusifgilə gəldim. Bu xəbəri eşidən dostların
hamısı Yusifin yaşadığı evin həyətinə, onun yas mərasimi üçün
qurulmuş çadıra toplaşmışdı. Hərə bir xatirə danışır, onu yad edir,
amma rəhmət sözünü heç kim dilinə gətirə bilmirdi.
Yusifin nəşi hələ evdəydi. Hələ torpağa tapşırılmamışdı. Onun
ölümünə heç kim inanmır, bu xəbərlə razılaşa bilmirdi.
Birdən həyətdə o baş bu başa vurnuxan, bizə zahirən Yusifi
xatırladan Səidin 10 yaşlı oğlu balaca Yusif diqqətimizi cəlb etdi.
Sən demə fevralda, cəmi 22 gün bundan öncə babasının peygəmbər
yaşını- 62 yaşını ilk olaraq təbrik edən balaca Yusif hələ nə baş
verdiyini dərk etmir, bizlərin arasından babasını, Yusifi
axtarırdı. Gündə 15-20 dəfə babasına zəng vuran balaca Yusif, bu
gün nədənsə babasının telefona cavab verməməsinin səbəbini anlaya
bilmir, gözləri ilə hər yerdə onu axtarırdı.
Biz Yusifi son mənzilə apararkən bir məlumatı da öyrəndik.
Həmişə gəzməyi, xaricə səfərləri çox sevən Yusif bu dəfə uzaq
Brazilyaya getmək üçün viza almış, bilet sifariş veribmiş. Ancaq bu
səfər Yusifin qismətində deyilmiş...
Bu dəfə o özü getmir, onu ailəsi, əzizləri, dostları ürək ağrısı və
göz yaşları içində Xırdalan məzarlığındakı son mənzilinə
aparırdılar. Son mənzilə gedən yolun, hətta Uzaq Braziliyadan da
uzaq olduğunun şahidi olduq bu gün...
Bu gün biz dostlarımızın ən dəyərlisini, vətən isə övladlarının ən
layiqlilərindən birini itirdi.
Qəlbimdə sadəcə bir təskinlik vardı... Yusif onu sevənlərin,
dostlarının qəlbində əbədi olaraq yaşayacaqdır.
Ruhun şad, qəbrin nurla dolsun Yusif!
Başın sağ olsun Vətən!
Yusif Hacıyevin dostları adından Çingiz
Qənizadə
Millət vəkili
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti