Yaşlı hüquq müdafiəçiləri gənclərin önünü kəsir?
Bizi izləyin

Qırmızı.az

Yaşlı hüquq müdafiəçiləri gənclərin önünü kəsir?

Bu gün gənc hüquq müdafiəçilərinin yetişdirilməsi istiqamətində çox sayda layihə həyata keçirilsə də, yeni isimlər ortaya çıxmır. Bu sahəyə bələd olanlar arasında belə fikir formalaşıb ki, gənc hüquq müdafiəçilərinin meydana çıxmamasına yaşlıların yaratdığı süni əngəllər səbəb olur. İşgəncələr Əleyhinə Komitənin rəhbəri, hüquq müdafiəçisi Elçin Behbudov isə dörd hüquq müdafiəçisi yetişdirməsi ilə öyünür: "Kreslo"dan yapışmaq olmaz. Ona görə də mən dörd hüquq müdafiəçisi hazırlamışam".


E.Behbudov qeyd edib ki, artıq monitorinqlərdə həmin şəxsləri köməkçisi kimi yox, hüquq müdafiəçisi kimi təqdim edir.

"Sanki yaşlı nəslin nümayəndəsi olan hüquq müdafiəçiləri monopoliya yaradıb gəncləri irəli getməyə qoymur" fikrinə münasibət bildirən Komitə sədri hesab edir ki, hər kəs öz yerinə cavab verməlidir: "Monopoliya" deyəndə mənə çatmır. Mən öz sahəmdə fəaliyyət göstərirəm, gənclər də yetişdirmişəm. İşgəncələrlə bağlı yaxında seminar keçirəcəyik. Yaşlı hüquq müdafiəçilərinin monopoliya yaratdığını deməzdim. Hüquq müdafiəçisi nə iqtidar, nə müxalifət düşərgəsindən olmalıdır. İnsan öz fəaliyyət sahəsinin fanatına çevrilməlidir, yoxsa burada işləyə bilməyəcək".

Onun sözlərinə görə, hüquq müdafiəçisinin hüquq təhsili olması şərt deyil, bu barədə anlayışın olması kifayətdir".

Hüquq müdafiəçisi Arzu Abdulla isə hüquq müdafiəçilərinin monopoliya yaratması barədə yayılan fikirləri gülməli hesab edir: "Ömür boyu intensiv hüquq müdafiəsi ilə məşğul olmaq çox çətindir. Yaşlılar yorulur. Biz gənclərin yetişməsində çox maraqlıyıq. Gənclər arasında istedadlıları var. Amma onlar siyasətlə məşğuldur və fikirləşirlər ki, siyasət özü hüquqi müdafiədir. Gənclər müəyyən vaxta qədər fəal olurlar, sonra ailə başçısı, yaxşı iş sahibi olmaq istəyirlər. Ona görə də hüquq müdafiəsi sahəsində gənclərin adına az rast gəlinir. Biz isə biliklərimizi bölüşməyə həmişə hazırıq".

Arzu Abdulla qeyd edib ki, hüquq müdafiəçisi olmağa meylli olan gənclər var. O, həmin şəxsləri iki kateqoriyaya bölüb: "Birincisi, həqiqətən də insan haqları və demokratiyanın bərqərar olmasını, hüquqi dövlət yaranmasını istəyən gənclər, ikincisi isə üzdə olub şöhrət qazanmaq istəyənlər. Bir məsələ var ki, insan haqlarının müdafiəsində özünü nə adlandırırsan adlandır, bu adı xalq verir. Süni şəkildə özün üçün rəy yaratmaq və ya işləməmək mümkün deyil. PR ilə məşğul olanlar var, lakin insanlar elələrini tez tanıyır. Bu peşə ilə məşğul olmaq çox çətindir".

Hüquq müdafiəçisi bu sahə ilə məşğul olan və özünün yetişdirdiyi gənc hüquq müdafiəçilərindən Əvəz Həsənovun və Pərvanə Məmmədovanın adını çəkib.

Gənc hüquq müdafiəçisi Əvəz Həsənov isə deyib ki, sovet dövründə standart hüquq müdafiəçilərinin dissident taleyi olub. Onun sözlərinə görə, Azərbaycanda da hüquq müdafiəsi ilə məşğul olanların böyük əksəriyyəti məhz Milli Azadlıq Hərəkatında aktiv olan və bu hərəkatdan sonra siyasi fəaliyyətlə məşğul olan insanlar idi:"Azərbaycanda bütün hüquq müdafiəçilərinin siyasi keçmişi var. Vaxtilə siyasi partiyaların çərçivəsində insan hüquqlarının qorunması daha asan olduğu üçün məhz siyasi fəaliyyətlə məşğul olub hüquqları siyasi partiyaların fonunda qoruyurdular. Hüquq müdafiəçiləri Cəbhə və Xalq hərəkatından gələn adamlar idi. Niyə onlar, gənclər yox? Əslində gənclər də var. Gənclər siyasi hüquqlarla yanaşı, asan olan mülkiyyət, təhsil hüquqlarının qorunması ilə məşğuldur. Hüquq müdafiəçisinin sahələri genişləndikcə gənclər də bir o qədər üzə çıxacaq".

O, bu sahədə monopoliya olub-olmadığı ilə bağlı məsələyə də aydınlıq gətirib: "Bu nə nazirlikdir, nə də vəzifə, QHT çərçivəsində işdir. Hüquq müdafiəçisi olmaq üçün gərək adamın mübariz keçmişi olsun. Hüquq müdafiəçisi heç də hüquqşünas demək deyil. Onun missiyası ondan ibarətdir ki, insanı görə bilsin. Qanuni boşluqların fövqündə insanın müdafiəsinə çalışsın. Hüquq müdafiə işini hüquqi məsləhətlə qarışdıran gənclər hesab edirlər ki, insanları yalnız hüquqi müstəvidə qorumaq lazımdır. Ona görə də bu cür boşluq yaranıb".

Nərgiz Ehlamqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm