Qırmızı.az
Maskulinizm nədir? - ARAŞDIRMA
Azərbaycanda «maskulinizm» sözünü tək-tük insanlar bilir. O daa hərəkat adı kimi yox, psixologiyaya, sosiologiya kimi elmlərə aid termin kimi. Elə Qərbdə də onun haqqında danışmaqdan çox susmağa üstünlük verirlər. Bununla belə Maskulinizm- yəni kişi hərəkatı son iyirmi ildə güclənməyi və ictimaiyyətin diqqətini cəlb etməyi bacarıb. Təbii ki, söhbət Şimali Amerika və qismən də Avropadan gedir.
Əslində Kişi hərəkatı, feminizmin ikinci dalğasının yüksəlişi ilə,
demək olar ki, eyni vaxtda yaranıb. Lakin yaxın dövrlərə qədər ona
o qədər də əhəmiyyət verilmir, bu fenomen kinayədən başqa heç bir
hiss doğurmurdu.
Maskulinizmlə bağlı nəzərəçarpacaq dəyişikliklər keçən əsrin
səksəninci illərdə başlayıb. Həmin dövrdə əksər qərb ölkələrində,
ilk növbədə də ABŞ-da maskulinizmin müxtəlif cərəyanlarını təmsil
edən yeni-yeni təşkilatlar yarandı, onların hər birinin öz lideri
oldu, hərəkata qoşulanların artdı. İnternetin də inkişafı
nəticəsində gizli sükut divarı («Lace Curtain») yarıldı.
Feminizm kimi kişi hərəkatı da bir neçə qola bölünür-
mühafizəkarlar, liberallar, mifopoetik qol və atalıq təşkilatları.
Adətən, qollar öz aralarında əlaqə saxlamırlar və mövqecə
bir-birindən çox uzaqdırlar. Mühafizəkarlar, hərəkatın ən gənc qolu
olsa da, qısa müddət ərzində məşhurlaşmağı bacarıb.
Onların sayı yarim milyonu keçdi
Bu qola daxil olan ən böyük təşkilat «Promise Keepers»-dir.
Təşkilat, 1990-cı ildə Kolorado Universitetinin keçmiş futbol
məşqçisi Bill Makartni tərəfindən yaradılıb və cəmi beş il sonra
yarım milyondan çox kişi ora üzv yazılıb! 1997-ci ildə «Promise
Keepers», yüz minlərlə insanın iştirak elədiyi yürüşlə Ağ Evin
önündən keçərək bütün Amerikaya öz varlığını xəbər verib. «Promise
Keepers» - dini-mühafizəkar təşkilatdır. Məqsədi - feminizm və
liberalizmin dağıdıcı təsirinə qarşı mübarizə aparmaq, ənənəvi
dəyərləri qorumaqdı.
Mühafizəkarların ikinci böyük təşkilatı «Milisiya»dı. Onun da
sıralarında yarım milyona yaxın kişi var. İdeya baxımından «Promise
Keepers»-ə yaxın olsa da, ondan fərqli olaraq «Milisiya» - silahlı
kişilərin yığnağıdı. Təşkilatın konsepsiyası sadədi: əsl amerikalı
dəyərləri təhlükə altındadı, hakimiyyət satqın adamların əlindədi,
ölkəni onlardan müdafiə eləmək, amerikalı dəyərlərini qorumaq üçün
tezliklə silahdan istifadə eləmək lazım gələcək.
Mühafizəkar qolun populyarlığı doxsanıncı illərdə baş vermiş
neomühafizəkar inqilabla izah olunur. Bu hadisə Amerikada o qədər
ciddi əks-səda doğurmuşdu ki, Klinton administrasiyası onun təsiri
altında qadın üçün analığın və ailənin daha vacib olduğunu etiraf
etmiş, üstəlik, BMT-nin «bütün dünyada qadın üçün yeganə alternativ
işdir» direktivini təsdiqləməkdən boyun qaçırtmışdı.
Tənbəl maskulinistlər
Kişi hərəkatının mifopoetik qolu digərlərindən heç bir ictimai işlə
məşğul olmamağı ilə fərqlənir. Onun əsas fəaliyyəti kişilərdə
əcdadlarının qəhrəmanlıq ruhunu oyatmaq, keçmişdə kişilərin daha
ləyaqətli və şərəfli olduqları haqqında danışmaqdan ibarətdi.
Amerikalı yazıçı, tərcüməçi və naşir Robert Blay (1926)
mifopoetiklərin ideoloqu, onun «Dəmir Con» (1990) adlı məşhur
kitabı isə manifesti hesab olunur. Əsər, doğulandan yetkinlik
həddinə qədər kişilərin keçdikləri müxtəlif mərhələləri, həmçinin
ibtidai kişilik anlayışını araşdırır.
Maskulin ATAlar
Maskulinizmin ən böyük və ən qədim qollarından biri də Atalıqdı. Bu
qola daxil olan təşkilatlar, ABŞ-da kişiləri öz övladları üzərində
qəyyumluq hüququndan məhrum eləyən qərarların qəbulu ilə eyni
dövrdə yaranmağa başlayıb. Zamanla problem daha da kəskinləşdikcə
təşkilatların sayı artıb. Hazırda, demək olar ki, bütün qərb
ölkələrində bu tip təşkilatlar fəaliyyət göstərir.
Biz ətlik mal deyilik!
Və nəhayət, maskulinizmin liberal qolu. Hərəkatın qədim qollarından
sayılsa da, üzvləri o qədər də çox deyil, amma digərlərindən fərqli
olaraq, aydın konsepsiyaya və ideologiyaya sahibdir – həyatın bütün
sahələrində kişilərin hüquqlarının qorunması. Bu qola aid
təşkilatların siyahısına «Azad Kişilər Milli Koalisiya»sı, «Kişilər
uğrunda Milli Konqres» daxildir. Amerikalı yazıçı Uorren Farrel
liberal qolun qeyri-rəsmi ideoloqu hesab olunur. Farrel ictimai
karyerasına möhkəm əqidəli feminist kimi başlayıb. Yazıçının «Azad
kişi» adlı ilk kitabı (1974) kişilərin feminizmi dəstəkləməli
olduqlarından bəhs edirdi. Farrel yeganə kişidi ki, «Qadınlar üçün
Milli Təşkilat»ın Nyu-Yorkdakı rəsmi filialına üç dəfə sədr
seçilib. Lakin tədricən, Farrelin baxışları dəyişir. Müəllif,
«Kişilər niyə belədirlər?» (1986), «Kişilərin hakimiyyəti haqqında
nağıl» (1993) və «Kişilər haqqında yeddi ən böyük əfsanə» (1997)
əsərlərində saysız-hesabsız faktlarla kişilərin hakimiyyətə malik,
imtiyazlı sinif olduğu barədə ənənəvi təsəvvürləri təkzib eləməyə
çalışır: «Ölümün əlli beş əsas səbəbi var və hamısında kişilər daha
tez ölürlər – bu, kişilərin üstünlüyü haqqında təsəvvürlərə nə
dərəcədə uyğundu? Qadınların müdafiə və yardım axtarmağa
ixtiyarları olduğu halda, kişini ətlik heyvan kimi müharibəyə
göndərirlər – bu necə hakimiyyətdi ki, hətta öz həyatını qorumağa
belə səlahiyyət vermir?»… Hazırda U.Farrel kişi hüquqlarının
beynəlxalq səviyyədə qorunması sahəsində çalışır və yazıçılıq
fəaliyyətini davam etdirir.
Yuxarıda sadalanan böyük qollarla yanaşı maskulinizmin xırda və az
əhəmiyyətli qolları da mövcuddur: məsələn, orduya çağrılmağa qarşı
hərəkat (səfərbərlik haqqında qanunun qüvvədə olduğu qərb
ölkələrində aktualdı), məcburi atalığa qarşı hərəkat, boşanma
prosesində kişilərə qarşı diskriminasiya ilə mübarizə aparan
təşkilatlar və s.
Maskulinizmin hazırkı vəziyyəti
İndi isə bir neçə kəlmə də maskulinizmin hazırkı vəziyyəti
haqqında… Bir tərəfdən kişinin cəmiyyətdəki rolu və yeri haqqında
özünə möhkəm yer eləmiş stereotiplər hərəkatın sürətlə inkişaf
etməyinə mane olur. Kobud desək, kişilər zəif olduqlarını
boyunlarına almaq istəmirlər. Digər tərəfdən isə KİV sahibləri,
biznesmenlər, ictimai və siyasi xadimlərin əksəriyyəti feministləri
dəstəkləyir. Məhz, KİV-in səyləri nəticəsində ictimaiyyətdə «bütün
siyasi və sosial problemlərin təqsirkarı, imtiyazlı sinfin
nüümayəndəsi olan ağ kişi» obrazı yaradılıb. Bu obrazın fonunda
kişilərin öz hüquqları uğrunda mübarizə aparması gülünc
görünür.
Və bütün bunlar elan olunmamış senzura şəraitində baş verir: kişi
fəalların nəhəng informasiya vasitələrinə əlləri çatmır, əksər
nəşriyyatlar müxtəlif bəhanələrlə onların kitablarını nəşr eləmək
istəmir. Feministlər və onların xeyirxahları kişi fəalları
universitetlərə buraxmamaq üçün əllərindən gələni edirlər. Kütləvi
informasiya vasitələrində kişilərə qarşı kompaniyalar aparılır,
onlar iblis kimi təsvir edilirlər.
O Maskulinizmin axırı nə oldu?
Bəs kişi hərəkatı bu illər ərzində nələrə nail olub? Uorren Farrel
deyir: «bir var, qadın yardım istəyir, bir də var, kişi». Bu cümlə
kişi hərəkatının qarşısında duran birinci əngəli, əsas problemi
dəqiq xarakterizə edir. Bu baxımdan maskulinizmin qismən nail
olduğu əsas bir şey var: total senzuraya baxmayaraq özlərini
tanıtmağı, amerikalılara, avropalılara kişilərin müdafiəsiz
olmadıqlarını göstərməyi bacarıblar. Bunu, kişi saytlarına daxil
olanların sayı sübut edir. Lakin hələlik real işlər yoxdu. Hərçənd,
atalıq hüququ üzrə təşkilatların fəalları ABŞ-da uşaqlar üzərində
müştərək qəyyumluq barədə qanunun qəbuluna nail olublar. Uzun illik
mübarizədən sonra təkbaşına qəyyumluq haqqına sahib olan kişilərin
sayı artıb. Bu təşkilatların səyi nəticəsində Amerika tarixində ilk
dəfə olaraq məhkəmə, kişini aliment ödəməkdən azad eləyən qərar
çıxarıb.
Birləşmiş ştatların bir neçə universitetində hərəkatın
nümayəndəlikləri açılıb, bir neçə şəhərdə kişilər üçün ilk böhran
mərkəzləri yaradılıb. Hərəkatın fəalları seksual təhrik (Sexual
Harassment) və cinayətlərdə ittiham olunan kişilərin məhkəmələrində
iştirak edirlər. Və nəhayət, bəzi ştatlarda kişilərin hüquqlarının
pozulduğu və onlara qarşı müxtəlif diskriminasiya formalarının
mövcud olduğunu etiraf edən məhkəmə prosesləri başlayıb.
Ancaq yuxarıda sadalananlar kişi hərəkatının əhəmiyyəti və müasir
qərb dünyasına təsiri barədə aydın mənzərə yaratmır. Yəqin ki, bu
təsirin ən vacib və obyektiv sübutu feministlərin maskulinzmin
varlığını qəbul etməsidi. Belə ki, 1996-cı ildə ABŞ-ın əsas
feminist təşkilatı - «Qadınlar üçün Milli təşkilat» kişi hərəkatı
tərəfindən gələn təhlükə haqqında elan verdi və bütün feministləri
düşmənlə amansız mübarizəyə səslədi. Həmin andan etibarən KİV və
internetdə kişi hərəkatının kütləvi diffamasiyası kampaniyası
başladı.
Hazırladı: Aygün Aslanlı
Publika.Az
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK