Hərəyə bir maşın alaq
Bizi izləyin

Qırmızı.az

Hərəyə bir maşın alaq

Son 20 ildə Azərbaycanda urbanizasiya prosesinin vüsət alması, özü ilə müxtəlif problemlər gətirib. Respubika əhalisinin sürətlə paytaxta axışması Bakıda gərginliyi son həddə çatdırıb. Şəhər nəqliyyatındakı vəziyyət sözlə ifadə olunan deyil, ona görə də biz keçək mövzumuza ki, o da ibarətdir avtomobil tıxaclarından.

Bəs bizi zinhara gətirmiş tıxac problemi nə vaxt, niyə və necə yarandı? Rəhmətlik Sovet hakimiyyətinin və sosializm sisteminin dağılmasından sonra respublikada kütləvi işsizlik və sosial-iqtisadi problemlər vüsət aldı. Minlərlə zavod-fabrik sanki ermənilərə acıq edirmişcəsinə fəaliyyətini qəfildən və bir-birinin ardınca dayandırdı. Nəticədə ölkənin regionlarında kütləvi işsizlik tendensiyası başladı və xalqımız elliklə bölgələrdən paytaxta doğru köç başladı.

Bu sıraya Ermənistandan deportasiya olunan qaçqınlar və torpaqlarımızın işğalı nəticəsində köçkün düşən 1 milyona yaxın vətəndaşımızın 70 faizi də əlavə olundu. Üstəlik, işləmək və təhsil almaq üçün bölgələrdən paytaxta gələn on minlərlə tələbə, bu məqsədlərlə xarici ölkələrdən Bakıya üz tutan on minlərlə miqrant da var...

Beləliklə, ötən əsrin 90-cı ilində Sovet Bakısının əhalisi ətrafı ilə birlikdə 2 milyon civarında idisə, hazırda qeyri-rəsmi məlumatlara görə, bu rəqəm 5 milyona yaxındır.

Bu 20 ildə paytaxtımız xeyli "kökəldiyindən", paytaxt infrastrukturunun digər sahələrində olduğu kimi, şəhər orqanizminin qan damarları sayılan nəqliyyat sistemində də durum son dərəcə gərginləşib.

İndi paytaxtımızda şəxsi avtomobillərin "sayı-hesabı" yoxdur. Allaha şükür, yerindən duran altına bir maşın alıb şəhərdə at kimi çapır. Bəzi "07"-lər isə az qala şaquli vəziyyətdə sürülür... Üstəlik, maşınlardan siqnal əvəzinə çıxan əcaib heyvan səsləri... Nədən danışırdıq, hara gəlib çıxdıq...

Həə... demək vəziyyət belədi ki, ölkədə avtomobillərin sayı 1 milyonu keçib, əhalimiz kimi, onların da təxminən 2/3-i paytaxtda "bərqərar olubdur". Nəticədə, bu gün paytaxt küçələrində sözün həqiqi mənasında basırıqdır.

Bakının mərkəzi hissəsələri ötən əsrlərdə salındığından küçələrin eni çox balacadır və bu da mərkəzi küçələrdə çıxılmaz durum yaradır. Səbəblərdən biri də avtomaşınların yol kənarlarında necə gəldi, kimə necə rahat oldu, saxlanmasıdır.

Digər səbəb isə, şəhərin mərkəzində saysız-hesabsız göydələnlərin tikilməsidir. Bundan başqa, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş əksər səkilər ya ləğv edilib, ya reklam lövhələri ilə tutulub, ya da pullu avtomobil dayanacağına çevrilib.

Tıxaclar vətəndaşlara təkcə vaxt itkisi və əsəbiləşmək bahasına başa gəlmir. Tıxacların daha pis nəticələri də olur. Məsələn, ağır yaralanmış və ya xəstələnmiş adamın təcili xəstəxənaya çatdırılması, yanğınsöndürənlərin yanğın yerinə tez çatması və digər bu kimi fövqəladə hallarda tıxaclar ağır faciələrin yaranmasına səbəb olur.

Hələ mən tıxac baş verən ərazilərdə havanın daha ağır çirklənməsini demirəm. Adam qazdan boğulur. Evdən yuyunub çıxırsan, işə gələndə sifətin mazuta dönür.

Hökumət vəziyyətdən çıxmaq üçün nəsə etməyə çalışır, amma bunu doğru yolla etmir. Yəni, səbəbi yox, nəticəni aradan qaldırmağa çalışır. Şəhərdə tikilən yol ötürücüləri- körpülər, tunellər, yeraltı və

yerstü dayanacaqlar, yeni yolar, piyada keçidləri, nəqliyyatın hərəkəti sistemləşdirildi... lakin hələ də problemin kəskinliyi tam aradan qaxmayıb.

Dəfələrlə yazmışıq, iqtisadçılar deyib - bu milyardlara regionlarda çoxlu sayda zavod-fabrik açmaq olardı, bütün əhalimiz paytaxta axışmazdı, gələnlərin də çoxu geri qayıdardı. Yoxsa, kimin xoşuna gəlir ki, gəlib hisli-paslı Bakıda hamballıq etsin, aldığı qəpik-quruşun da yarısını kirayə versin?

***

Bu günlərdə şəhərdə tıxaclar yaranmır. Lakin düşünəndə ki bu Avroviziya ilə bağlı məhdudiyyətlər səbəbi ilə müvəqqətidir, onda adamın buna sevinməyi gəlmir. Lakin, burdan bir nəticə çıxarmaq olar- demək tıxac problemini həll etmək mümkünmüş, sadəcə bunu istəmək lazımdır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm