Qırmızı.az
Prezident İlham Əliyev: “Azərbaycanda bütün azadlıqlar təmin olunub”
Dekabrın 26-da Bakıda Heydər məscidinin açılışı olub. Publika.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər.
İlham Əliyev vərasimdə nitq söyləyib. Prezident çıxışında
bildirib ki, bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir
gündür: “Bu gün biz Azərbaycanın ən böyük məscidi olan Heydər
məscidinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün
Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu gün ölkəmizin hər bir rayonundan dindarlar, ictimai xadimlər,
nümayəndələr gəlmişlər və bu mərasimdə iştirak edirlər. Eyni
zamanda, Şimali Qafqaz müftiləri də bizim qonaqlarımızdır. Mən
onları səmimiyyətlə salamlayıram. Mənim dəvətimi qəbul edib bugünkü
mərasimdə iştirak etdiklərinə görə onlara minnətdaram. Onların bu
mərasimdə iştirakı Qafqaz müsəlmanlarının birliyini bir daha təsdiq
edir.
İki il bundan əvvəl bu məscidin tikintisi ilə bağlı müvafiq
Sərəncam verilmişdir. 2012-ci ilin sentyabr ayında bu məscidin
tikintisi başlamışdır. Cəmi iki il ərzində belə möhtəşəm memarlıq
əsəri yaradılmışdır. Tikinti zamanı mən dəfələrlə burada olmuşam,
işlərin gedişi ilə maraqlanmışam. Şadam ki, biz Heydər məscidinin
tikintisinə qısa müddət ərzində nail ola bildik. Bu ərazi
genişləndirildi, yeni yollar salındı. Bu məscidə üç istiqamətdən
yeni yollar çəkilib, ərazi abadlaşdırılıb, mərasim zalı
tikilib”.
Prezident bildirib ki, bu, doğrudan da tarixi hadisədir: “Çünki bu,
Azərbaycanın gücünü, inkişaf dinamikasını, bizim öz milli, dini
ənənələrimizə nə qədər sadiq olduğumuzu göstərir. Bu məscid ulu
öndər Heydər Əliyevin adını daşıyır. Bu da təbiidir. Heydər Əliyev
dahi şəxsiyyətdir. Azərbaycan xalqına bütün dövrlərdə ləyaqətlə
xidmət etmişdir. Onun rəhbərliyi altında hələ sovet dövründə -
1970-1980-ci illərdə Azərbaycanda böyük inkişaf prosesi getmişdir.
Azərbaycan qabaqcıl respublikaya çevrilmişdir. Məhz o illərdə
yaradılan böyük sənaye potensialı bu gün müstəqil Azərbaycanın
uğurlu inkişafına xidmət göstərir. O illərdə - sovet dövründə Ulu
Öndər milli dəyərlərə böyük diqqət göstərirdi. Onun bu sahədəki
fəaliyyəti xalq tərəfindən yüksək qiymətləndirilibdir. Heydər
Əliyev öz xalqına həmişə çox bağlı olub və onun məşhur kəlamı -
“Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” bu gün hər bir
azərbaycanlı üçün yol göstərir.
Müstəqillik dövründə Ulu Öndərin xalq qarşısında əvəzolunmaz
xidmətləri olmuşdur. Hətta müstəqilliyə qədər olan dövrdə
müstəqilliyə aparan yola da Heydər Əliyev birinci qədəm qoymuşdur.
Məhz onun təşəbbüsü ilə hələ sovet dövründə Naxçıvanda, Naxçıvanın
Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq edilmişdir. Yəni, budur
müstəqilliyə aparan yollarımız.
Azərbaycan xalqı Ulu Öndərə böyük etimad göstərərək onu özünə
rəhbər seçəndən sonra ölkədə vəziyyət müsbətə doğru dəyişməyə
başlamışdır. Biz o illəri yaxşı xatırlayırıq. Müstəqilliyimizin ilk
illəri ölkəmiz üçün çox ağır keçmişdir. Ölkəmizin, ümumiyyətlə,
müstəqil ölkə kimi yaşaması sual altında idi. İqtisadi böhran,
siyasi böhran, sənaye istehsalının tənəzzülü, demək olar ki, ölkə
iflic vəziyyətinə düşmüşdü. Bundan əlavə, erməni işğalı, vətəndaş
müharibəsi Azərbaycanı sarsıdırdı, dağıdırdı. Azərbaycan xalqı öz
müdrikliyini bir daha göstərərək Ulu Öndərə üz tutub onu
hakimiyyətə dəvət etmişdir və böyük dəstək göstərərək 1993-cü ildə
Heydər Əliyevi Prezident vəzifəsinə seçmişdir.
Ondan sonra Azərbaycanda sabitlik və inkişaf dövrü başlamışdır.
Məhz Ulu Öndərin dünyagörüşü, baxışları, siyasi bacarığı sayəsində
Azərbaycan bütün ağır sınaqlardan şərəflə, üzüağ çıxa bilmişdir.
Onun qoyduğu strateji xətt bu gün də dəyişməz olaraq qalır. Ulu
öndər Heydər Əliyev Azərbaycanın bütün istiqamətlər üzrə strateji
hədəflərini müəyyən etmişdir. Biz bu hədəflərə çatmaq üçün bu gün
də çalışırıq və bu yolda böyük uğurlara imza atmışıq”.
Dövlət başçısı qeyd edib ki, eyni zamanda, məhz Heydər Əliyevin
fəaliyyəti nəticəsində o illərdə sağlam zəmində dövlət-din
münasibətləri qurulmuşdur. O, həmişə qeyd edirdi ki, biz öz milli,
dini adət-ənənələrimizə sadiq olaraq müasir, güclü dövlət
qurmalıyıq. Bu idi onun strateji baxışları. Dövlət-din
münasibətlərinin qurulması, formalaşması böyük nailiyyətimizdir. Bu
gün də bu siyasət davam etdirilir.
İlham Əliyevin sözlərinə görə, Heydər Əliyevin dövründə
Azərbaycanda 500-dən çox məscid tikilmişdir. Yüzlərlə məscid təmir
edilmişdir: “Ulu Öndər müqəddəs Kəbənin içində namaz qılmışdır. Mən
xoşbəxtəm ki, bu xoşbəxtlik mənə də nəsib olmuşdur. Yəni, o illərdə
milli, dini dəyərlərə göstərilən diqqət və müəyyən edilmiş
istiqamət bugünkü Azərbaycanın güclənməsinə xidmət edirdi. Çünki
indi bizim güclü iqtisadiyyatımız var. Siyasi dayaqlarımız da
möhkəmdir. Ən önəmlisi, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı
vahid yanaşma, vahid mövqe var. İctimai-siyasi vəziyyət müsbətdir
və əlbəttə ki, dövlət-din münasibətləri burada böyük rol
oynayır.
Bir sözlə, Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri
misilsizdir, əvəzolunmazdır. Azərbaycan xalqı Ulu Öndərin
xatirəsinə olan məhəbbətini öz ürəyində daim saxlayır. Biz - onun
davamçıları isə onun yolu ilə gedərək ölkəmizi daha da
gücləndiririk, onun müəyyən etdiyi siyasi xətti davam
etdiririk”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün dünyada ən sürətlə
inkişaf edən ölkədir: “Heydər Əliyev siyasəti bu gün Azərbaycanda
yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşdirilir.
Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət hökm sürür, xalqla
iqtidar arasındakı birlik möhkəmdir, sarsılmazdır. Bu birliyin
təməlində xalq tərəfindən bizim siyasətimizə olan dəstək dayanır.
Bizim siyasətimiz isə milli maraqlara söykənir. Azərbaycan xalqının
maraqları bizim üçün hər şeydən üstündür.
Azərbaycan iqtisadi sahədə dünyada ən böyük nailiyyətlərə çata
bilibdir. Bunu bütün mötəbər beynəlxalq qurumlar qeyd edir.
İqtisadi inkişaf, iqtisadi islahatlar, sosial məsələlərin həlli,
insanlara göstərilən diqqət, regionların inkişafı, bütün bunlar
reallıqdır. Qeyd etdiyim kimi, bu gün bu məscidin açılışı
mərasimində iştirak edən soydaşlarımız Azərbaycanın bütün
rayonlarını təmsil edirlər. Onlar, orada yaşayan insanlar yaxşı
görürlər ki, bu dəyişikliklər insanlara nə qədər yeni imkanlar
açır, rahatlıq verir. İnfrastruktur layihələri, sosial layihələr,
iqtisadi inkişaf, yoxsulluğun, işsizliyin aradan qaldırılması,
bütün bunlar Azərbaycan reallıqlarıdır.
Bütün bunlara biz o qədər də asan olmayan beynəlxalq vəziyyətdə
nail olmuşuq. Dünyada indi maliyyə-iqtisadi böhranın artıq ikinci
mərhələsi yaşanır. Ancaq mən həmişə demişəm ki, Azərbaycan sabitlik
adasıdır. Biz Azərbaycanı bütün bəlalardan qoruyuruq və
qoruyacağıq. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah
içində yaşamalıdır. Biz təhlükəsizliyi qoruyuruq, ölkəmizin sürətli
inkişafını təmin edirik və beləliklə, Ulu Öndərin yoluna bir daha
öz işimizlə, əməlimizlə sadiq olduğumuzu sübut edirik”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu gün dünyada söz
sahibidir: “Bizim beynəlxalq nüfuzumuz gündən-günə möhkəmlənir.
Dünya birliyinin üzvlərinin mütləq əksəriyyəti Azərbaycanı
dəstəkləyir və bu dəstəyi bizə verilən səslərdə ifadə edir.
Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edibdir.
Azərbaycanın regional inkişaf üçün gördüyü işlər həlledici rol
oynayır. Regional təhlükəsizlik, əməkdaşlıq, regional məsələlərin
həlli – bunlar bizim bu bölgədə ümumi işimizə verdiyimiz
töhfələrdir.
Bir sözlə, ictimai-siyasi vəziyyət sabitdir, ölkə daxilindəki
problemlər öz həllini tapmaqdadır. Beynəlxalq mövqelərimiz kifayət
qədər möhkəmdir, iqtisadi dayaqlar isə bu gün özünü göstərir. Hətta
dünyada, bölgədə, yaxın qonşuluqda yaşanan istənilən xoşagəlməz
hallar Azərbaycana təsir etmir. Ona görə yox ki, biz özümüzü təcrid
etmişik, əksinə, biz dünyaya açığıq. Ona görə ki, Azərbaycanda
aparılan siyasət milli maraqlara söykənir. O ölkələrdə ki, siyasət
milli maraqlara söykənir, o ölkələrdə sabitlik də, inkişaf da
olacaq. Dəfələrlə demişəm, Ulu Öndərin adını daşıyan möhtəşəm
məsciddə bir daha demək istəyirəm ki, Azərbaycan müstəqillik yolu
ilə gedir, müstəqil siyasət aparır, öz məsələlərini özü həll edir.
Mənim üçün Prezident kimi əsas vəzifə xalqın etimadını
doğrultmaqdır, xalqa xidmət etməkdir. Mən bütün dövlət məmurlarını
dəfələrlə buna çağırmışam, onlara öz göstərişlərimi vermişəm.
Demişəm ki, biz hamımız - Prezident başda olmaqla xalqın
xidmətçiləriyik. Budur bizim vəzifəmiz”.
Prezidentin sözlərinə görə, Azərbaycanda bütün azadlıqlar - mətbuat
azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı
təmin edilir: “Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin
edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük
əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı
Azərbaycanda tam şəkildə təmin edilir.
Son 11 il ərzində Azərbaycanda 250-yə yaxın məscid tikilmiş və ya
təmir edilmişdir. Xalqımız üçün çox böyük dəyər kəsb edən
Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi
onların arasındadır. Hazırda İmamzadə dini, tarixi, mədəni
mərkəzində təmir-bərpa işləri aparılır. Bu gün ölkəmizin ən böyük,
möhtəşəm, əzəmətli Heydər məscidi açılır. Azərbaycanda digər başqa
dinlərin məbədləri, o cümlədən dövlət vəsaiti hesabına tikilir,
təmir edilir. Onu da qeyd etməliyəm ki, bu məscid dövlət vəsaiti
hesabına tikilmişdir, necə ki, rus pravoslav, katolik, alban
kilsələrinin tikintisi, təmiri işlərində dövlət öz dəstəyini
vermişdir. Azərbaycanda sinaqoqlar tikilir, təmir edilir. Yəni,
Azərbaycanda bu sahədə nadir təcrübə əldə edilibdir. Bu, bizim üçün
təbiidir. Çünki bu, bizim üçün normal həyat tərzidir, cəmiyyətin
normal yaşamasıdır. Eyni zamanda, bu, bizim dövlət siyasətimizdir.
Bax, bu iki amil bu müsbət ab-havanı yaradır. Həm cəmiyyətdən gələn
istəklər, sifarişlər, eyni zamanda, dövlət siyasətimiz”.
Dövlət başçısı, həmçinin qeyd edib ki, Azərbaycanda təhlükəsizlik
tam şəkildə təmin edilib. İctimai iqlim müsbətdir: "Burada
dövlət-din münasibətləri və dinlərarası münasibətlər xüsusi yer
tutur. Bu gün bu, belədir, sabah da belə olacaqdır. Azərbaycanda
bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir
ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini
zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır. Hətta heç
bir anlaşılmazlıq da olmamalıdır və yoxdur. Biz bu yolla gedirik və
dünyaya bu yolu göstəririk.
Bu gün sivilizasiyalararası dialoq haqqında müxtəlif fikirlər,
fərziyyələr irəli sürülür. Alimlər, jurnalistlər, ictimai xadimlər,
hətta siyasətçilər də bəzi hallarda bu münasibətlərin gələcəyinə o
qədər də müsbət baxmırlar, yanaşmırlar. Çox təəssüf edirəm.
Gəlsinlər Azərbaycanın təcrübəsini görsünlər, öyrənsinlər.
Görsünlər ki, bir ölkədə bütün dinlərin nümayəndələri mehribanlıq
şəraitində necə yaşaya bilərlər, bütün millətlərin hüquqları necə
təmin edilə bilər. Biz buna necə nail ola bilmişik? Bəzi hallarda
xarici qonaqlar məndən bunu soruşurlar. Bunu izah etmək üçün gərək
bir neçə gün vaxt sərf edəsən. Çünki yenə də deyirəm ki, bu, dövlət
siyasətimizdir. Eyni zamanda, tarixən belə olubdur. Azərbaycan da
və cəmiyyət də bu gözəl mənzərəni görərək öz töhfəsini verir ki, bu
proses daim davam etsin.
Eyni zamanda, biz bu gün beynəlxalq aləmdə dinlərarası dialoqun
möhkəmləndirilməsi üçün öz dəyərli töhfəmizi veririk. Təsadüfi
deyil ki, məhz Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən
birinə çevrilmişdir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər,
dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar forum, dünya
dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar bu gün
Azərbaycan reallıqlarıdır. Biz çalışırıq bu tədbirlərin keçirilməsi
ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada da dini, milli
zəmində heç vaxt anlaşılmazlıq, qarşıdurma olmasın. Əfsuslar olsun
ki, biz bir çox hallarda bunun əksini görürük. Yaxın Şərqdə,
Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, davalar,
qanlı toqquşmalar baş verir. Bu, əlbəttə ki, bizi çox narahat edir.
Yenə də deyirəm, ümid edirəm ki, Azərbaycan öz müsbət təcrübəsini
başqa ölkələrlə bölüşərək ümumbəşəri dəyərlərə qiymətli töhfəsini
verir və verəcəkdir.
Bir daha demək istəyirəm ki, biz Azərbaycanda bütün məsələləri
ardıcıllıqla, məqsədyönlü şəkildə həll edirik. Bizim siyasətimizin
mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqının arzularını
Azərbaycan iqtidarı gerçəkləşdirir. Biz bundan sonra da bu yolla
gedəcəyik. Əminəm ki, ölkənin qarşısında duran bütün vəzifələr
uğurla icra ediləcəkdir. O cümlədən ən ağrılı problem -
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi də öz həllini
tapacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.
Bu gün güclü Azərbaycan ordusu, güclü Azərbaycan iqtisadiyyatı,
beynəlxalq mövqelərimiz imkan verir ki, biz bu istiqamətdə
istədiyimizə nail olaq. Bizim istədiyimiz bizim haqqımızdır. Haqlı
tələblərimiz var. Biz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik.
Biz istəyirik ki, azərbaycanlılar bütün tarixi Azərbaycan
torpaqlarında, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda
yaşasınlar. Vaxt gələcək azərbaycanlılar bizim tarixi
torpaqlarımızda - İrəvan xanlığında, Göyçə, Zəngəzur mahallarında
da yaşayacaqlar. Ona görə biz daha da fəal işləməliyik,
çalışmalıyıq, hər bir vətəndaş öz sahəsində ümumi işimizə töhfə
verməlidir. Mən tam əminəm ki, gün gələcək biz Şuşa məscidini,
Ağdam məscidini və hazırda Azərbaycanın erməni vəhşiləri tərəfindən
dağıdılmış bütün digər məscidlərini bərpa edəcəyik, orada birlikdə
namaz qılacağıq. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa
edəcəyik.
Mən bir daha Sizi və bütün Azərbaycan xalqını bu tarixi hadisə -
Heydər məscidinin açılışı münasibətilə ürəkdən təbrik etmək
istəyirəm. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və
Yeni il bayramı gəlir. Bu bayramlar münasibətilə bütün Azərbaycan
xalqını təbrik etmək istəyirəm. Azərbaycan xalqına rifah, sülh,
tərəqqi arzulayıram. Sağ olun”.
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT