Şuşa türməsinin keçmiş “nadzor”u: “Məhbuslar arasında 1-ci katib, “ispolkom” da vardı...” - SÖHBƏT
Bizi izləyin

Qırmızı.az

Şuşa türməsinin keçmiş “nadzor”u: “Məhbuslar arasında 1-ci katib, “ispolkom” da vardı...” - SÖHBƏT

İsa Axundov 1926-cı ildə Şuşada anadan olub. Uşaqlıq və gənclik illəri doğma şəhərlə bağlı olsa da, ömrünün 15 ilini qürbət ellərdə keçirib. İllər xəzan yarpağı kimi bir-birinin üstünə səpələnsə də, İsa kişi hələ də yaddaşına güvənir. Təxminən bir saat davam edən söhbətimiz zamanı mən özüm də bunun şahidi oldum.

İsa Axundov Ukraynaya hərbi xidmətə getdiyi 1951-ci ili belə xatırlayır: “Mən, əsgərliyə tay-tuşlarımdan gec getmişəm. 1948-ci ildə məni Şuşada kənd sovetinin katibi təyin etdilər. Üç il bu vəzifədə çalışdım. 1951-ci ildə əsgərliyə getdim. Məni Ukraynaya göndərdilər. Xidmət etdiyim hərbi hissə meşənin ortasında yerləşirdi. Biz dustaq üstündə dayanıraadıq. Üç il Ukraynadakı 22 saylı islah-əmək düşərgəsində xidmət etdim. Bu həbsxanada hər cür dustaq vardı. Həbsxana həyatı məni özünə o qədər cəlb etdi ki, əsgərliyimi başa vurandan sonra qalıb orda “nadzor” işlədim”.

22 saylı islah-əmək müəssisəsində “nadzor” kimi fəaliyyətə başlaması İsa Axundova məhbusları daha yaxından tanımaq imkanı verir. Bu həbsxanada şahidi olduğu hadisələr İsa kişinin yaddaşına ömürlük həkk olunur:
“38 il “nadzor” işləmişəm. Bəlkə də inanmayacaqsınız, bu 38 il ərzində bir məhbusa da çırtma vurmamışam. Törətdiyi cinayətə görə, məhbusu dövlət özü cəzalandırır. “Nadzor”un ixtiyarı yoxdur ki, hansısa məhbusa əl qaldırsın. Bir də ki, 22 saylı həbsxanada hansısa məhbusu döymək mümkün deyildi. Keçmiş SSRİ-dəki ən ağır cinayətkarlar bu həbsxanada cəza çəkirdilər. Burda hər gün ölüm hadisəsi baş verirdi. Məhbuslar milçək kimi qırılırdılar. Bəzən bir barakdan beş-altı cəsəd çıxırdı. Kiçik bir səhv insanın həyatına son qoya bilərdi. Məhbuslar çox həssas olurlar. Gərək, onlara verdiyin sözü yerinə yetirəsən. Həbsxanada yemək keyfiyyətsiz idi. Məhbuslar “nadzor”lardan xahiş edirdilər ki, kənardan onlar üçün ərzaq, siqaret, araq, narkotik maddə gətirsinlər. Mən, heç vaxt bu işə qol qoymurdum. Amma elə “nadzor”lar olurdu ki, tamahına aldanıb, məhbuslara söz verirdi. Həbsxanada nəzarət ciddi olduğu üçün bəzi “nadzor”lar məhbuslara verdikləri sözü yerinə yetirə bilmirdilər. İki-üç gün sonra düşərgənin həyətindən həmin “nadzor”un meyitini tapırdıq. Məhbuslar onları aldadan poqonlulara qarşı çox amansız davranırdılar”.

İsa Axundov deyir ki, həbsxanada vəziyyət ağır olduğu üçün bəzi məhbuslar qaçıb canlarını qurtarmağa çalışırdılar. Amma bu əməliyyatı uğurla başa çatdırmaq heç kimə müyəssər olmurdu.
”Həbsxanadan qaçmaq üçün meşənin ortası ilə yüz kilometrlərlə yol getmək lazım idi. Meşədə isə ayı, canavar, başqa yırtıcı heyvanlar çox idi. Buna görə də ağlı başında olan məhbusların heç biri qaçmağa cəhd göstərmirdi. Əgər kimsə qaçırdısa, onu ya ayı parçalayır, ya da canavarlar qanına qəltan edirdilər. Bir gün sonra biz həmin məhbusun çəkməsini və paltarlarını tapırdıq”.

Həmsöhbətimizin dediyinə görə, Ukraynadakı 22 saylı həbsxanada təkcə vəhşi heyvanlar deyil, məhbuslar da bir-birinin ətini yeyirmiş. İsa Axundov özü də dəfələrlə bu cür dəhşətli hadisələrin şahidi olub: “Verilən yemək məhbuslara bəs eləmirdi. Bəzən məhbuslar acından ölməmək üçün bir-birilərinin ətini yeyirdilər. Biz bundan xəbər tutanda çox gec olurdu. Hadisə yerinə çatanda görürdük ki, öldürülmüş məhbusun bir başı, bir də ayaqları qalıb. Hətta bəzən qətlə yetirilmiş məhbusun budunu və bədəninin digər yumşaq yerlərini yemək üçün məhbuslar arasında mübarizə gedirdi. Vasili adlı bir dustaq vardı. Məhbus yoldaşları onun ətini yeyib, sümüklərini kolluqda gizlətmişdilər. Vasilinin sümüklərini ertəsi gün kolların arasından tapdıq”.


İsa Axundov 1966-cı ildə valideynlərinin təkidi ilə iş yerini Şuşa türməsinə dəyişir. Ukraynada qazandığı 15 illik təcrübədən sonra Şuşa türməsində işləmək onun üçün çətin olmur:
“Şuşa türməsində bəzən 1000, bəzən isə 700-800 məhbus olurdu. Türmədə 99 kamera vardı. Bu kameraların 96-da dustaqlar qalır, 3 kamera isə cərimə otağı kimi istifadə olunurdu. Məhbuslar həbs olunduqları maddələrə uyğun olartaq, kameralara bölüşdürülürdü. Elə kamera vardı 2, elə kamera da vardı ki, 30-40 məhbus saxlanılırdı. Məhbusların gündə yarım saat təmiz havada gəzmək hüququ vardı. Şuşa türməsində qayda-qanun çox sərt idi. Təkcə məhbuslar deyil, “nadzor”lar da ciddi nəzarət altında olurdu. Səhər işə gələndə bizi təpədən dırnağa kimi yoxlayır, içəri zəruri ərzaq məhsullarından başqa nəsə keçirməyimizə imkan vermirdilər. Hər bir “nadzor” həbsxanaya özü ilə ancaq 30 qram qənd keçirə bilərdi. Bunu ona görə edirdilər ki, heç kim məhbuslara qənd-çay verməsin.
Şuşa türməsində qadınlar da saxlanılırdı. Amma onların sayı 10-12 nəfərdən artıq olmurdu. Kişi məhbuslar kimi qadın məhbuslar da çox sərt rejimdə saxlanılırdı. Mən, Şuşa türməsinə dəyişilməmişdən əvvəl bir-iki qadın hamilə qalamışdı. Bu hadisədən sonra qadın məhbuslar hər ay həkim müayinəsindən keçirdilər”.

Keçmiş “nadzor” deyir ki, məhbuslarla görüşə gələn qohumları bəzən onlara spirtli içki, narkotik maddə ötürməyə çalışırdılar. Amma “nadzor”lar həmişə bu cür halların qarşısını alırmışlar:
“Bir dəfə mən xidmətdə olanda bir kişi oğlunun yanına gəlmişdi. O, özü ilə çoxlu yemək və 6 litrlik qabda dovğa gətirmişdi. Həmin dovğanın içindən 3 ədəd yarımlitrlik araq şüşəsi çıxardım. Bir dəfə də məhbuslar üçün gətirilmiş kitabın cildindən narkotik maddə çıxardım. Hansı “nadzor”un növbəsində içəri spirtli içki və ya narkotik maddə keçərdisə, həmin “nadzor” ciddi şəkildə cəzalandırılırdı”.

İsa Axundovun Şuşa türməsi ilə bağlı yaddaşına əbədi həkk olunmuş hadisələrdən biri də 3 məhbusun qaçmasıdır:
“Bir gün bərk xəstələnmişdim. Buna görə də “nadzor” yoldaşım kameralara tək girib-çıxır, mənim işimi də özü görürdü. Həmin vaxt Şuşa türməsində tualet ümumi idi. Daxili nizamnaməyə uyğun olaraq, məhbusların gündə iki dəfə - səhər və axşam tualetə getmək hüququ vardı. Amma böyrəyi xəstə olan məhbuslara güzəşt edib, onlara günorta da tualetə getməyə icazə verirdik. Həmin axşam “nadzor” yoldaşım kameraları açıb, məhbusları tualetə aparır. Üç məhbus əvvəlcədən planlaşdırdıqları kimi özləri ilə mələfə də götürürlər. Onlar mələfəni bir-birinə sarıyırlar. Sonra isə bir-birinin çiyninə çıxıb, ən üstdəki adamın pəncərədən bayıra çıxmasına nail olurlar. Bayıra çıxan həmin məhbus mələfə ilə digər iki məhbusu da yuxarı çəkir. Beləliklə, onlar hasardan aşıb, yola çıxırlar. Gecə olduğu üçün əsgərlər onları görmür. Hasardan tullananda məhbuslardan birinin ayağı çıxır. Digər iki nəfər həmin dustağı çiyinlərinə alıb, yola düşürlər. Bu vaxt bir yük maşını gəlir. Onlar həmin maşına minib türmədən uzaqlaşırlar. Beş-altı kilometr yol getdikdən sonra həmin maşından düşüb, bir “Jiquli”yə minirlər. Bərdəyə gəlib, Mirəli adlı məhbusun qardaşının evində qonaq olurlar. Mirəlinin qardaşı kolxoz sədri işıəyirmiş. O, türmədən çıxan məhbusları yaxşı yedirib-içirir. Məhbuslar Bərdədən Yevlağa getmək istəyirmişlər. Amma sədr onların başını qatıb, aradan çıxmalarına imkan vermir. O, sabah məhbusları sahə müvəkkilinə təhvil verir. Axşam həmin məhbusları yenidən Şuşa türməsinə gətirdilər. Bir neçə gün sonra məhkəmə oldu və onların hər birinin işinin üstünə 3 il də əlavə etdilər. Bu hadisədən sonra Mirəlini başqa korpusa köçürdülər. Biz bilirdik ki, onlar Mirəlini harda görsələr, öldürəcəklər. Mirəli cəzasını çəkib azadlığa çıxana kimi həmin məhbuslarla görüşmədi. Bu hadisəyə görə, bizi tənbeh etsələr də, heç birimizə ağır cəza vermədilər”.

İsa Axundov deyir ki, bəzi insanlarda məhbuslarla bağlı yanlış təsəvvür var. Hətta bəzən məhbus cəzasını çəkib azadlığa çıxandan sonra da cəmiyyətdə ona münasibət birmənalı olmur:
“Hər bir insan həyatda səhv edə bilər. Şəxsən mən Şuşa türməsində cəza çəkən məhbusların heç birindən pislik görməmişəm. Şuşa türməsində yatan məhbusların arasında keçmiş birinci katib, rayon icraiyyə komitəsinin sədri, sovxoz direktoru, müəllim, həkim vardı. SSRİ dağılandan sonra keçmiş sovet ölkələrindən olan məhbusları öz vətənlərinə göndərdilər. Şuşa türməsində ancaq azərbaycanlı dustaqlar qaldı. Şuşa işğal olunanda türmənin qapılarını açıb, hamını azad etdilər. Həmin vaxt məhbusların çoxu əlinə silah alıb, doğma yurdun müdafiəsinə qalxdılar...”.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm