Əhalinin sayı açıqlandı
Bizi izləyin

Qırmızı.az

Əhalinin sayı açıqlandı

Dövlət Statistika Komitəsi Azərbaycanda demoqrafik vəziyyətlə bağlı rəsmi statistikanı açıqlayıb

Dövlət Statistika Komitəsi Azərbaycanda demoqrafik vəziyyətlə bağlı rəsmi statistikanı açıqlayıb.

Komitədən Publika.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının əhalisinin sayı ötən il 120,6 min nəfər və yaxud 1,3 faiz artaraq 2014-cü ilin əvvəlinə 9477,1 min nəfər olub.

2013-cü ildə əhalinin sayının ümumi artımı əsasən təbii artım hesabına baş verib. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunub və bu amil əhalinin ümumi artımının 1,8 faizini təşkil edib.

Ölkə üzrə əhalinin sıxlığı bir kvadrat kilometrə 109 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinlərinin, 49,7 faizi kişilərin, 50,3 faizi isə qadınların payına düşür və hər 1000 kişiyə 1012 qadın düşür.

Ötən il Azərbaycanda doğulanların sayı ölənlərin sayından 118,3 min nəfər çox olub. Belə ki, 2013-cü ildə ölkədə 172,6 min körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,6 təşkil edib.

Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil edir. Körpələrin 2270-i əkiz, 42-si isə üçəm doğulub.

Ölkə əhalisinin təkrar istehsalı təmin olunaraq, uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşür.

Ötən il ərzində ölkədə ölənlərin sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2012-ci il ilə müqayisədə 6,0-dan 5,8-ə qədər azalıb.

2013-cü il ərzində ölkədə 86,9 min nikah və 11,7 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilə nisbətən nikahların sayı 8,6-dan 9,3-ə qədər, boşanmaların sayı isə 1,2-dən 1,3-ə qədər artıb.

Ölkədə gənclərin problemlərinin həllinə yönəldilmiş dövlət siyasətinin uğurla həyata keçirilməsi, yeni iş yerlərinin açılması və gənclərin iqtisadiyyata daha çox cəlb olunması ilə əlaqədar əvvəllər Azərbaycandan xaricə qazanc üçün getmiş gənclər Vətənə qayıdır.

2013-cü ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 3,1 min nəfər gələn və 0,8 min nəfər ölkədən gedən qeydə alınıb. 2012-ci illə müqayisədə 2013-cü ildə Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 957 nəfər və ya 44,1 faiz artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm