Yeni qrip epidemiyası dolaşır, ehtiyatlı olun
Bizi izləyin

Qırmızı.az

Yeni qrip epidemiyası dolaşır, ehtiyatlı olun

Azərbaycanda uşaqlar, eləcə də böyüklər arasında kəskin respirator viruslar yayılıb. Bu xəstəliklər ilk olaraq boğazda qıcıqlanma, boğaz ağrısı, yüksək hərarətlə müşahidə edilir. Müalicə tətbiq edilmədiyi halda, xəstənin vəziyyəti daha da pisləşə bilir. Xüsusən ürək qan-damar sistemi, ağciyər xəstəlikləri olanlar bu dövrü daha ağır formada keçirir. Xəstələr adətən ev şəraitində müalicə edilsə də, kəskinləşmiş formada həkimə müraciət etməli olurlar.

Tibb Universitetinin Terapiya Xəstəxanasının pulmunologiya şöbəsinin müdiri Əlizamin Sadıqov artıq tək-tək hallarda boğaz ağrısı ilə bağlı müraciətlər olduğunu bildirdi.

“Bu xəstəlik epidemiya vəziyyətində deyil, lakin gün ərzində bir neçə müraciət olur. Ötən illə müqayisədə bu xəstəliklərin yayılması halı nisbətən azdır. Temperaturun yüksək olması respirator xəstəliklərin yayılmasına mane olur. Boğaz ağrısı kəskin respirator virus xəstəliklərin başlanğıcı hesab edilir. Viruslar ilk növbədə boğaz ağrısı, yüksək hərarət, baş və əzələ ağrıları kimi özünü göstərir, daha sonra xəstəliyin kliniki simptomlar üzə çıxır. Uşaqlarda öyümə, qusma halları müşahidə edilə bilər. Bu əlamətlər əsasən qrip infeksiyaları zamanı aktual olur.

Digər respirator virus infeksiyaları, renovirus və qripin digər tipləri o qədər də aktual deyil. Bizi ən çox narahat edən Qrip A virusudur, onlar yayılmağa daha çox meyllidir. Bu, əksər hallarda pandemik hallara səbəb olur. Hazırda bu xəstəliyin yayılma təhlükəsi yoxdur”.

Ə.Sadıqov qış fəslində mövsümi respirator xəstəliklərin müşahidə edilməsinin normal olduğunu desə də, qorunma yollarını da açıqladı:

“Bu gün xəstəlikdən daha çox ondan qorunma yolları aktualdır. Bunun ilkin şərti gigiyenik qaydalara əməl edilməsidir. İlk növbədə boğazı ağrıyan insanlar bir neçə günü ev şəraitində keçirsələr, daha yaxşı olar. Məcbur qalıb ictimaiyyət içərisində olduqları halda, öskürərkən virusun yayılmaması üçün gigiyenik qaydalara əməl etsinlər. Qalın cərrahi maskalardan istifadə etsinlər, oturduqları otağın havasını tez-tez dəyişsinlər. Onlar oturduqları otağa günəş şüası düşməlidir. Təəssüf ki, bizdə xəstəliyin yayılmasının əsas səbəbi insanların bu qaydalara əməl etməməsidir.

Xüsusi risk qrupunda olanlar- 5 yaşdan aşağı uşaqlar,65 yaşdan yuxarı olanlar, hamilə qadınlar, xroniki xəstələr ildə bir dəfə qrip əleyhinə vaksin qəbul etməlidirlər. Bu peyvəndlər oktyabr ayı və noyabrın 15-nə qədər edilməlidir. Bu gün dünyada qrip vaksinləri uşaqlara 6aydan sonra vurulmağa başlayır. İlk növbədə qrip virusları əleyhinə müəyyən tabletlər var, onları xəstəliyin ilk 48 saatında qəbul etmək olar. Onlar xəstəliyin əlamətlərini yüngülləşdirə bilir”.

Baş pediatr Nəsib Quliyev də havaların soyuması ilə əlaqədar olaraq kəskin respirator virus xəstəliklərinin artdığını bildirib:

“Böyüklərdə olduğu kimi, uşaqlar arasında da kəskin respirator virus xəstəlikləri artıb. İndi müşahidə edilən xəstəlik uşaqlarda həm yüksək hərarət, həm də mədə-bağırsaq pozğunluqları ilə müşahidə edilir. Bir həftəlik müalicədən sonra həmin əlamətlər aradan qalxır. Böyüklərin ev şəraitində müalicə edilsə də, uşaqlar mütləq həkim nəzarətində olmalıdır. Uşağın müalicəsinin evdə, yaxud xəstəxana şəraitində davam etməsinə də həkim qərar verməlidir”.

Virusun qarşısını almaq üçün uşaqların peyvənd edilməsinə gəldikdə, N.Quliyev bunun hər zaman effektli olmadığını dedi:

“Uşaqların xəstəliklərdən qorunması üçün ilk növbədə yay-yaz fəslində onların immuniteti möhkəmləndirilməlidir. Həmçinin körpələr ana südü ilə qidalanaraq, xəstəlikdən qoruna bilər. Daha bir üsul peyvənddir, lakin viruslar sayca çox olduğuna görə, onların hər biri üçün peyvənd hazırlamaq çətindir. Respirator xəstəlikləri törədən virusların hüceyrəsinin gen strukturu dəyişir. Ona görə də bu il hazırlanmış peyvənd gələn il effektli olmaya bilər. Bu viruslarla bağlı daimi immunitet yaratmaq mümkün deyil. Klassik qrip viruslarına qarşı vaksinlər var, lakin bu da həmişə xəstəliyin qarşısını ala bilmir. Çünki bu il hansı növ qripin yayılacağını əvvəldən müəyyən etmək mümkün olmur”.

Baş pediatr artıq məktəblərdəki tibb xidmətini həyata keçirən həkim və tibb bacılar tərəfindən maarifləndirmə işlərinin aparıldığını bildirib:

“Ötən il ərzində bütün uşaqlar kütləvi şəkildə müayinədən keçirildi. Xəstəlik aşkarlandığı halda valideynlərə xəbərdarlıq edilib, fəsadlaşmış halda dispanser qeydiyyatına götürülüb. Valideynlərə məsləhət görürük ki, xəstə uşaqlar məktəb və bağçaya aparılmasın. Çünki həmin uşaqlar ilk növbədə yataq şəraitində olmalı, həm də digərlərini yoluxdurmamalıdır. İnsanlar bunu bilsələr də, hər kəs buna əməl etmir”.

Qeyd edək ki, sinoptiklər yanvarın 8-dən havanın soyuması ilə bağlı xəbərdarlıq edib. Havaların soyuması həm də virus xəstəliklərinin artması deməkdir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm