Ərləri tərəfindən aldadılaraq narkomana çevrilən qadınlar
Bizi izləyin

Qırmızı.az

Ərləri tərəfindən aldadılaraq narkomana çevrilən qadınlar

“Bu, elə bir xəstəlikdir ki, əvvəl qonaq olunursan, sonra qonaq olunmağa məcbur olursan”. Bu, narkomaniya haqqında deyilmiş, asılılığı açıqlayan ən doğru ifadə hesab edilir.

Narkotik maddədən ilk dəfə əhvalını dəyişmək, problemlərdən uzaqlaşmaq, ya da sadəcə maraq xatirinə dadmağa dəvət olunanlar, sonradan daim həmin qonaqlığa getmək məcburiyyətində qalır.

2013-ci il üçün Azərbaycanda 28 min 376 nəfər narkomaniyanın daimi qonağına çevrilib. Onlardan 15-17 yaş arasında olan şəxslər 4 nəfər , 18-24 yaş arasında olanlar 1324 nəfərdir, 20 nəfəri isə qadındır. 25-29 yaş arasında olan şəxslər arasında narkotiklərdən istifadə edənlərin sayı 3850-dir,onlardan 43 nəfəri isə qadınlar təşkil edir. 2014- cü ildə də bu rəqəm azalmadı, əksinə artmaqda davam etdi. Təəssüfləndirici məqam narkoloji xəstələr arasında qadınların sayının artmasıdır.

Bəs narkoloji xəstələrin sayının artmasının səbəbi nədir? Kimlər risk qrupundadır? Xəstəlik ən çox hansı bölgədə yayılıb? Ən yaxınımızdakı insanların narkotik asılılığını necə müəyyən edə bilərik?

14 yaşlı narkoman

Suallarımıza cavabı Respublika Narkoloji Mərkəzinin Stasionar şöbəsinin müdiri Afət Məmmədova cavablandırır.

O, xəstəxanada müalicə olunan xəstələrin sayının hər gün dəyişdiyini deyir.

“Bu gün mərkəzdə 172 xəstə müalicə alır, onların 7-si qadın, qalanları kişidir. Bu rəqəm hər gün dəyişə bilər. Çünki müalicəsi bitən xəstələr evə buraxılır, yeni xəstələr gəlir. Xəstəxana 200 çarpayılıqdır. 1 qadın, 4 kişi şöbəsi var, burada anonim kabinetlər, ambulator məhkəmə ekspertiza şöbəsi, sərxoşluğun ekspertizası müəyyən edilir”.

A.Məmmədova narkoloji xəstələrin yaşında cavanlaşma getdiyini deyir.

“Statistikaya əsasən, xəstəliyə daha çox 18-35 yaş arasında rast gəlinir. 14 yaşında da xəstələrimiz olub. Dövlət Statistika Komitəsinin təsis etdiyi 1 saylı formaya əsasən, hər kvartalda və ilin sonunda narkoloji xəstələrin statistikası aparılır. 2014-cü ilin son məlumatına əsasən, 28 min narkoloji xəstə qeydiyyatdadır. Onların 20-22 mini dispanser, qalanları profilaktik qeydiyyatdadır. Dispanser qeydiyyatında olanlarda həm fiziki, həm də psixi asılılıq formalaşıb. Profilaktik qeydiyyat isə epizodik olaraq narkotik maddələrdən istifadə edənlərdir.

Dünya praktikasında narkoloji xəstələrin sayını əldə etmək üçün, rəsmi qeydiyyatda olanların 5-10 mislinə vurulur. Konkret epidemioloji araşdırma aparmadan dəqiq rəqəm demək mümkün deyil. Hazırda əldə etdiyimiz rəqəmlər Bakıda və regionlarda fəaliyyət göstərən narkoloji tibb mərkəzləri, kabinetlərə müraciət edib, müalicəyə götürülən xəstələrin epiqrizləri və barələrində məhkəmə tibbi ekspertiza təyin olunaraq məcburi müalicə tətbiq olunan xəstələrin sayı əsasında toplanılıb. Narkoloji xəstələrin qeydiyyatının aparıldığı üçüncü mənbə işə düzələn və işləyənlərin ildə bir dəfə olmaqla narkoloji müayinəsindən əldə olunan nəticələrdir”.

Necə aludə olurlar?

Həkim xəstələrin əksəriyyətinin narkotik maddədən ilk dəfə orta məktəb yaşında istifadə etdiyini deyir:

“Onlar ilk dəfə heroindən istifadə etmirlər. Əvvəl marixuana, bəzən həblərlə başlayırlar. Aşağı dozadan başlasa da, ən yüksəyə qədər davam edirlər. Bəziləri birbaşa heroindən başlayır. Müəyyən vaxt keçdikcə, dozanı artırırlar. Bir müddət əvvəl bizdə iki bacı müalicə olunurdu, onlar narkotikdən ilk dəfə məktəbdə oxuyarkən 16 yaşlarında istifadə etmişdilər. İlk dəfə təklif edəndə onun narkotik maddə olduğu deyilmir. “Bu dərmanı içsən nə qədər işləsən də yorulmayacaqsan”, “özünü daha yaxşı hiss edəcəksən” kimi sözlərlə aldadırlar. Artıq bir dəfə istifadə edəndən sonra, bədəndə ehtiyac yaranır. Bəzi qızlara sevdikləri oğlanlar tərəfindən narkotik təklif edilir. Qızlara ilk dəfə narkotiki çaya, meyvə suyuna qarışdırıb verənlər də olur. Elə xəstələr də var ki, həyat yoldaşı tərəfindən aldadılaraq narkomana çevrilib”.

Məktəb yaxınlığında narkotika təhlükəsi

Müsahibim deyir ki, xüsusən ailəsində problem olanlar, nəzarətsiz uşaqlar narkotikdən istifadə ilə bağlı təkliflərə daha çox maraq göstərirlər:

“Bu işlə məşğul olanlar uşaqları təsadüfi seçmirlər. Onlar ailənin maddi imkanın yüksək olduğunu biləndən sonra uşağın problemlərini öyrənir və onu asılı hala salırlar. Bəzən ailəni maddi cəhətdən məhv etmək üçün uşaqları narkotikdən asılı hala salırlar. Həmin şəxslər əsasən məktəblərin yaxınlığında keşik çəkirlər”.

Narkoloji asılılıq hansı orqanların funksiyasına təsir edir?

A.Məmmədova deyir ki, narkotik maddələrdən istifadə nəticəsində həm mərkəzi, həm periferik sinir sistemində, həm də bütün daxili orqanlarda dəyişiklik baş verir. Daxili orqanlarda somatik dəyişikliyə, mədə-bağırsaq sistemi pozuntularına, dəri-zöhrəvi, ürək qan-damar sistemi xəstəliklərinə səbəb olur.

İlkin əlamətləri nədir? Ətrafımızda narkotikdən istifadə edənlərin olduğunu ilk baxışda necə bilərik?Müsahibim bunun üçün bir az diqqətli olmağı məsləhət görür.

“Bu insanlarda yuxusuzluq, iştahsızlıq, əhval-ruhiyyə, davranış pozuntuları müşahidə edilir. Fiziki cəhətdən zəifləmək, evə gec gəlmək, ayaq yolunda uzun müddət qalmaq, qəribə aqressivlik varsa, evdən pul itirsə, maraq dairəsi daralırsa, bəbəklər daralırsa, yuxu ritmi pozulursa, uşaqdan şübhə etməyə əsas var. Hazırda ekspress testlərdən istifadə edilir. Sidikdən götürülən analizlə iki dəqiqə ərzində xəstənin həmin maddədən istifadə edib-etmədiyini müəyyən etmək olur. Əlbəttə, bu müayinəni aparmaq üçün həmin şəxsin razılığı lazımdır. Lakin uşaqda sadalanan əlamətlərin müşahidə edilməsi müəyyən şübhələrə əsas verir”.

Narkomaniya ən çox hansı regionda yayılıb?

Narkomaniyadan asılılığın ən çox hansı bölgələrdə yayılmasında gəldikdə, müsahibim iri şəhərlərin ilk sıralarda olduğunu deyir.

“Bakı, Mingəçevir, Gəncə, Şirvan, Hacıqabul, Sumqayıtda və cənub zonasında narkomaniya geniş yayılıb. Stasionar müalicə alanların 3%-i qadın, qalanları kişilərdir. Amma bu yalnız rəsmi statistikadır. Realda qadın istifadəçilərin sayı az deyil və son illər onların sayı artır. Ümumiyyətlə, zaman keçdikcə, narkomanların sayı artır. Narkotik maddənin əlçatan olması istifadə riskini artırır. Qadınlar çox vaxt bilmədən istifadə edir, həyat yoldaşları tərəfindən asılı hala salınırlar. Bir xəstəmizi əri aldadıb, böyrək ağrısına görə ona ağrıkəsici adı ilə narkotik maddə vurmuşdu. Nəticədə, qadın narkotikdən asılı olmuşdu”.

Alim narkoman

Müsahibimin sözlərinə görə, narkomaniya yalnız tibbi deyil, həm də sosial xəstəlikdir. Bu asılılığı səhiyyənin problemi kimi qəbul etmək düzgün deyil.

“Səhiyyədən əvvəl Təhsil və Gənclər və İdman nazirlikləri var. Çox vaxt narkoloji xəstələrin sayının artmasını, səhiyyənin müalicə, profilaktika işini düzgün qurmaması ilə əlaqələndirirlər, bu, düzgün deyil. Xəstələrimiz arasında narkotikdən ilk dəfə orta məktəbdə istifadə edənlərin sayı kifayət qədərdir. Təhsil müəssisələri şagirdlərin dərsə davamiyyətinə, pis vərdişlərdən uzaq olmasına diqqətli yanaşmırsa, burada səhiyyəni günahlandırmaq düzgün deyil. Narkoloji asılılıq nə psixi, nə də anadangəlmə xəstəlikdir. Bu, qazanılan xəstəlikdir. Narkoloji xəstənin yenidən həyata qayıtmaq şansı ruhi xəstələrinkindən çoxdur.

Xəstələrimiz arasında çox savadlı insanlar- alimlər, ali təhsillilər, xarici dil bilənlər, həkim, müəllim, polis, rəssam, taksi sürücüləri və müxtəlif peşə sahibləri var. Çox yaxşı kompüter mütəxəssisi xəstələrimiz olub. Onun savadını görən heç kəs narkotik asılılığının olduğunu düşünməzdi. Amma göründüyü kimi heç kim bu xəstəlikdən sığortalanmayıb. Narkoloji xəstəni cəmiyyət yetişdirir. Yalnız savadsız insanların narkoman olması düşüncəsi yalnışdır. İşlədiyim müddətdə nə qədər savadlı, işində xeyli uğurları olan insanların narkotik maddədən necə asılı olması ilə qarşılaşmışam”

Bəs narkomaniyadan xilas olmaq üçün neçə gün və ya ay lazımdır?

Müsahibim deyir ki, bir dəfə həzz xatirinə qəbul edilən narkotik vasitədən xilas olmaq heç də asan olmur. Bunun üçün həm zaman, həm də iradə lazımdır:

“Bu xəstəliyin müalicəsində konkret müddət yoxdur. Qəbul etdiyi maddələrin təsiri nəticəsində həm fiziki, həm də psixi asılılıq formalaşan şəxslərə narkoloji xəstə deyilir. Fiziki asılılıq bütün orqan və sistemlər tərəfindən yaranan patoloji dəyişiklikdir. Bu asılılığın aradan qalxma müddəti bəzi xəstələrdə 15-20 gün, bəzilərində bir aya qədər davam edə bilər. Psixi asılılıqdan xilas olmaq üçün ən azı 6 ay, bir il vaxt lazım olur. Stasionar müalicədə fiziki asılılığı aradan qaldıra bilirik, amma psixi asılılıq üçün illərlə vaxt lazım olur.

Müalicə mexanizmi bir neçə mərhələdə aparılır. Ilk olaraq rezintaksikon terapiyada xəstənin bədənindəki toksiki maddələr aradan qaldırılır. Daha sonra vitamin terapiyada sadalanan əlamətlərin aradan qaldırılması, son mərhələdə fərdi və ya ailə psixoterapiyasına cəlb edilir.

Stasionar müəssisədə müalicə olunan şəxslərə sonrakı dispanser müşahidəsi yaşadıqları ərazi üzrə müəssisələrdə aparılır”.

İllərlə davam edən müalicə

Müsahibimin sözlərinə görə, sonrakı mərhələdəki müalicə xəstənin özündən asılıdır. Narkoloji xəstəliyin müalicədən sonrakı mərhələsi digər xəstəliklər kimi nəzarət tələb edir. Digər xəstəliklərdən fərqli olaraq, bu asılılığın təkrar yaranması birbaşa xəstədən asılıdır.

“Narkoloji xəstəlik xroniki residivləşən xəstəliklər sırasına daxildir. Müalicənin effektivliyi qısa, orta və uzun müddətli remisiyadan (fasilə) asılıdır. 6 aydan və 5 ildən sonra da remisiyaya qayıdan xəstələr olur. Elə xəstələr olur ki, stasionar müalicədən qısa müddət sonra yenidən narkotik maddədən istifadəyə başlayır. Bu da xəstənin düşdüyü mühit, sosial əhatəsindən, iradəsindən asılıdır. Xəstə həqiqətən müalicə olunmaq, sağalmaq istəyirsə həkimlərin tələblərinə tabe olur. Xəstələr qəbul edilərkən, həkimlə yanaşı, psixoloqlar da onunla söhbət edir. Bu zaman xəstənin müalicəyə adekvatlığı müəyyən edilir”.

Bəzi ölkələrdə xəstələrin müalicədən sonrakı mərhələsi üçün reabilitasiya mərkəzləri var. Biz də stasionar müalicədən sonra xəstələr bu mərhələni keçirmi?

A.Məmmədova təəssüflə bizdə belə mərkəzlərin olmadığını deyir:

“Reabilitasiya mərkəzi üçün təmirli binaya ehtiyac yoxdur. Əsas məsələ konkret proqrama uyğun işlərin həyata keçirilməsidir. “12 addım”, “Anonim narkomanlar cəmiyyəti” kimi proqramlar var. Bu proqrama cəlb olunan xəstə psixoloq, həkim və terapiya kurslarına cəlb edilir. Uzun müddətli remisiyada olan xəstələr volontyor qruplar şəklində təlim keçirlər. Əvvəllər narkotik maddədən istifadə edən həmin şəxslərin realibitasiyaya cəlb edilməsi yüksək effekt verir. Son illər bizdə bu cür mərkəzlərin yaradılması qanunvericilikdə həllini tapıb. Yəqin ki, maddi baza əldə olunduqdan sonra bizdə də reabilitasiya mərkəzləri fəaliyyətə başlayacaq. Təəssüf ki, hazırda bizdə belə mərkəzlər yoxdur. Bu mərkəzlər iki qrupa bölünür-ümumi və sosial reabilitasiya. Bizim mərkəzdə ümumi reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulub. Bu məsələdə əsas problem kadr potensialının aşağı olması ilə əlaqədardır. Etiraf edək ki, bizdə tibbi psixoloqların, sosial işçilər və sosial terapevtlərin sayı çox azdır”.

Kimlər müalicədən sonra yenidən narkotikdən istifadə edir?

Xəstələrin remisiya dövrünün nə qədər olacağını əvvəldən müəyyən etmək olurmu?

Həkim xəstənin müalicəyə adekvatlılığı əsasında onun yenidən həmin maddələrdən istifadə edib-etməyəcəyini təxmini olaraq bilir:

“Lakin dəqiq rəy vermək mümkün deyil. Xəstənin yenidən həmin maddədən istifadə etməsi düşdüyü mühitdən asılıdır. Praktikamıza əsasən, deyə bilərik ki, bəzi xəstələrin ailəsində istifadəçilərin olması barədə məlumatımız olur. Həmin şəxsin stasionar müalicədən sonra yenidən istifadə edəcəyinə şübhə etmirik. Onun güclü iradəsi olmalıdır ki, ailədə həmin vasitələrdən istifadə edənlər olsa belə, o imtina etsin. Onsuz da narkotik vasitələrdən istifadə edənlər iradəsi zəif olanlardır, onlardan həmin mühitdə iradə tələb etmək yersiz olur. Ona görə də, nəinki Azərbaycanda, dünyada da müalicənin effektivlik dərəcəsini konkret faizlə göstərilən ölkələr görməmişik. Narkomaniyanın çətinliyi mövcud fizioloji balansın pozulmasıdır. Xəstədə narkotik maddə qəbulu artdıqca, onda şəxsiyyətin deqradasiya əlamətləri də artır. Bu xəstələrdə şəxsiyyətin ikiləşməsi, eyniləşməsi, psixi proseslərin gərginləşməsi, şəxsiyyət deqradasiyasının artması müşahidə edilir”.

Məcburi müalicə olunmaq

Müsahibim artıq bir neçə ildir məcburi müalicə tələbinin aradan qaldırıldığını deyir:

“Narkoloji xidmət və nəzarət haqqında” qanunun tələbinə uyğun olaraq, narkoloji xəstənin müalicəsi yalnız könüllülük əsasında həyata keçirilir. Yalnız 18 yaşa çatmayanlar valideynləri və ya qəyyumları tərəfindən xəstəxanaya yerləşdirilə bilər. Məcburi müayinə həbsxanada olanlara və ailənin şikayəti əsasında aparılır. Bu zaman həkim məsləhət komissiyası tərəfindən həmin şəxsdə narkoloji asılılıq olması müayinə edilir. Qalan heç bir halda icbari müalicə tətbiq edilmir. Əvvəllər bizdə məcburi müalicə tətbiq edilirdi. Azərbaycan Avropa Şurası, İnsan hüquqlarının Beynəlxalq Konvensiyasına qoşulandan sonra məcburi müalicə ləğv edildi”.

Həkimin sözlərinə görə, bu qanunun müzakirəsi zamanı qanunun qəbuluna qarşı çıxanlar oldu.

“Lakin biz həkim kimi məcburi müalicənin ləğv edilməsinin tərəfdarıyıq. Çünki xəstənin özünün həyata qayıtmaq istəyi yoxdursa, onu illərlə stasionar müalicədə saxlamağın effekti olmur. Bu dəyişikliyin nəticəsini də biz həkimlər hiss edirik”.

Müsahibim deyir ki, narkomaniyadan ölümün bir səbəbi də doza həddini aşmaqdır. Yəni xəstə müalicə olunduqdan sonra əvvəlki dozanı yenidən vurarsa, doza artıqlığı olur. Xəstə həmin anda ölür.

A.Məmmədova deyir ki, “həkim icazə ver bir günlük gedim, gələcəm” deyənlər olur. “Bu müraciət bədənin narkotik maddəyə ehtiyacı olduğunu sübut edir. Bədən təmizlənənə qədər bu müraciətlər olur. Xəstələr bizi daha çox “yaxşıyam, buraxın evə gedim” sözləri ilə “incidirlər”. Bu təklif xəstənin narkotik maddə qəbul etmək üçün icazə aldığını göstərir. Bədənin təmizlənməsi 4-5 gün çəkir. Həmin günlərdə bu istəkləri tez-tez eşidirik”.

Müsahibim deyir ki, narkotik asılılıq sindromunun aradan qaldırılması dövrü çox da çətin keçmir.

“Həmin ehtiyacın yaranmaması üçün müvafiq iynə, dərmanlar tətbiq edilir. Psixotrop dərmanlarla şəxsin asılılığı aradan qaldırılır. Xəstə psixatrik vəziyyətə düşərsə, özünü anlama qabiliyyətini itirərsə, hallüsinasiya vəziyyətində olarsa, xəstə çarpayıya fiksasiya edilir”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm