“28 May”da yeraltı ticarət köşkləri sökülür - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“28 May”da yeraltı ticarət köşkləri sökülür - FOTOLAR

Metronun "28 May" stansiyasının qarşısındakı yeraltı piyada keçidində yerləşən ticarət mərkəzində köşklər sökülür.

Publika.az-ın “Bizim yol”a istinadən məlumatına görə, bunun səbəbi kimi iyun ayında Bakıda start götürəcək Birinci Avropa Oyunlarına hazırlıq göstərilib. Xatırladaq ki, Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.

"İdmançılarla yanaşı, beynəlxalq idman yarışına görə Bakıya turistlərin də gələcəyi gözlənilir. Onların yeraltı piyada keçidində rahat hərəkətinin təmin olunması üçün köşklərin sökülməsi məqsədəuyğun hesab edilib", deyə ticarət obyekti uçurulan sahibkar Orxan Əliyev bildirdi. Onun sözlərinə görə, bu barədə onlara əvvəlcədən hər hansı bildiriş daxil olmayıb: "Elə bu günlərdə gəlib, özlərini ticarət mərkəzinin məsul şəxsləri kimi təqdim edən adamlar köşklərin sökülməsi tapşırığının olduğunu dedilər. Biz rəhbərliyə müraciət etdik. Bizə söküntünün yuxarıdan tapşırıq olduğunu bildirərək, qərara qarşı çıxa bilməyəcəklərini etiraf etdilər".

Orxan Əliyev bildirir ki, ticarətlə məşğul olmağa davam etmək üçün onlara alternativ yer təklif olunmayıb: "Bizə "köşkü boşaldın, sökürük" dedilər. Gördüyünüz kimi satmaq üçün nəzərdə tutulan geyim məhsullarını toparlayıb, daşımaqla məşğuluq. Ümid edirik ki, idman yarışı bitəndən sonra yenidən öz yerlərimizə qayıdaq".

Öyrəndik ki, köşklər sökülsə də, mağazalar toxunulmaz qalır. Sökülən ancaq köşklərdir. Hansı ki, onlar sonradan qurulublar. Şahidi olduq ki, müxtəlif ödənişləri həyata keçirmək üçün nəzərdə tutulan bankomatlar ticarət mərkəzinə gətirilib. Burada təmizlənmə və rənglənmə işləri həyata keçirilir.

"Bu keçiddə ticarət fəaliyyəti 1987-ci ildən başlanıb. Keçid uzun müddət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansında olub. 1997-ci ildə isə ölkə başçısının tapşırığı ilə keçiddə köçkünlər, əlillər və şəhid ailələrinin xırda ticarətlə məşğul olmaları üçün şərait yaradılıb. 2001-ci ildən keçid təmirə bağlanıb. Nəqliyyat Nazirliyi tərəfindən təmir olunan bu yeraltı keçid 2009-cu ildə "ZQAN" Holdinqə icarəyə verilib. Bu şirkət də köşkləri həmin Qarabağ əlili və şəhid ailələrinə deyil, bizlərə verdi. Mağazalarının əllərindən alınmasına etiraz edən bu şəxslər Nəqliyyat Nazirliyinin və Prezident Administrasiyasının qarşısında dəfələrlə etiraz aksiyaları keçirdilər. Nəticəsi nə oldu? Onların tələblərinə müsbət cavab vermədilər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda sağlamlıqlarını itirən, qanunla xüsusi imtiyaz və güzəştlərə malik olan Qarabağ qazilərinin-əlillərinin xahişi nəticəsiz qalırsa, bizim mübarizə aparmağımıza dəyməz. Biz kimik ki, haqqımızı tələb edək? Biz xırda ticarətçilərik, çörək puluna çıxmışdıq. Yəqin yediyimiz bizə bəs eləyir", deyə ticarətçilərdən biri bildirdi.

Söhbət etdiyimiz ticarətçilərin əksəriyyəti özlərini təqdim edərək bizimlə danışmaqdan ehtiyat edirdilər. Keçiddə video müşahidə kameralarının olmasından narahat olaraq hətta mənimlə ara məsafəsini saxladılar. Ticarətçilərlə söhbətdən onu da öyrəndim ki, bu ticarət mərkəzi "ZQAN" Holdinqin tabeçiliyindən çıxıb.

"Ticarət Mərkəzi təmir olunandan sonra adam axtarırdılar ki, kimsə icarə haqqını verib burda mal satsın. Bax, həmin vaxtlarda icarə haqqı 1000-2000 manat arasında dəyişirdi. Öz içimizdən olanlar, yəni həmkarlarımız ticarətçilər, necə deyərlər torba tikməklə məşğul oldular. Ticarət mərkəzinin rəhbərinin qəbuluna gedənlər "mən filan mağazaya icarə haqqını hazırkı icarəçidən daha çox verə bilərəm" deyə-deyə icarə haqqının qiymətini qaldırdılar. Kimi ticarət mərkəzini tərk etdi. Kimi də çörək qazandığı yeganə yeri tərk etməmək üçün məcbur qalıb icarə haqqını çox verdi. İndi burada icarə haqqı yerindən asılı olaraq 3000-7000 manat arasında dəyişir", deyə ticarətçilərdən biri bildirdi. Onlar həm də alverin zəif olmasından şikayətləndilər. Ticarətçilərin dediyinə görə, burada nisbətən ayaqqabı satışı ilə məşğul olanların alveri yaxşı olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm