Miqrasiya Xidmətinin rəisi hesabat verdi
Bizi izləyin

Qırmızı.az

Miqrasiya Xidmətinin rəisi hesabat verdi

Əcnəbilər üçün cəlbedici ölkəyə çevrilən Azərbaycan son illər miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilib. Ötən il respublikamızın sərhəd buraxılış məntəqələrində 2.269.015 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə girişinin qeydə alınması deyilən fikrin əyani nümunəsidir. Ölkədə qalma müddətinə müvafiq olaraq onlardan 823.620 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb. Qeydiyyat üçün müraciət edənlərin sayındakı artım həm də maarifləndirmə işlərinin nəticəsi kimi qiymətləndirilib.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bu gün keçirilən müşavirədə bildirib.

F.Nəbiyev vurğulayıb ki, hesabat dövründə Xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 91.003 şəxs tərəfindən müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, müraciətləri əsasında 51.366 əcnəbi və vətəndaşlığı olmayan şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 1.859 nəfərə daimi yaşama icazələri verilib, 755 şəxsin müvəqqəti olma müddəti uzadılıb.

F.Nəbiyev bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də kadr işinin düzgün təşkili və daha da təkmilləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, vəzifədə irəli çəkilməsi, onların fəaliyyətlərinin qiymətləndirilməsi kimi mühüm məsələlərdə obyektiv meyarlara əsaslanan qaydaların müəyyənləşdirilməsi və prinsipiallığın artırılması, şəffaf prosedurlar əsasında miqrasiya orqanlarına qulluğa qəbulun həyata keçirilməsi yolu ilə kadr korpusunun layiqli gənc mütəxəssislər hesabına mütəmadi olaraq yenidən komplektləşdirilməsi, onların müasir tələblər səviyyəsində peşə hazırlığını təmin edəcək şəraitin formalaşdırılması məqsədilə bir sıra səmərəli tədbirlər həyata keçirilib. Belə ki, ötən il Dövlət Miqrasiya Xidmətinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə şəffaf şəraitdə təşkil etdiyi test imtahanlarından uğurla keçmiş namizədlər də daxil olmaqla, ümumi bilik səviyyələri, şəxsi keyfiyyətləri və təşkilatçılıq qabiliyyətlərinə malik olmaları nəzərə alınmaqla 98 nəfər miqrasiya orqanlarına qulluğa qəbul olunub, xidməti fəaliyyətlərində müsbət xarakterizə olunan 34 əməkdaş yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilib, yaxşı iş göstəricilərinə nail olan 132 əməkdaşın əməyi fərqləndirilib.

Xidmət rəisi F.Nəbiyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin 2015-ci ildə respublikamızın sosial-iqtisadi inkişafının təmin edilməsi, dünyadakı mövcud vəziyyətin təsirlərindən ölkəmizin müdafiəsi üçün konkret göstərişlər verdiyini xatırladıb. F.Nəbiyev bu vacib məsələlərin tənzimlənməsində DMX-nin də üzərinə ciddi vəzifələr düşdüyünü bildirib. Qanunvericiliklə qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək peşəkarlıqla yerinə yetirilməsinə dair tapşırıqlar verib. Əminlik ifadə edib ki, ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, dövlətimizin təhlükəsizliyi və daxili əmək bazarının qorunması kimi vəzifə və tapşırıqları Dövlət Miqrasiya Xidməti 2015-ci ildə də yüksək peşəkarlıqla icra etmək əzmindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm