Azərbaycanda insan alveri ilə bağlı son durum - Aldadılanlar
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda insan alveri ilə bağlı son durum - Aldadılanlar

Azərbaycanda insan alveri ilə bağlı son durum

İmkansız qadınlar fahişəliyə cəlb olunur

İnsan alveri ilə bağlı faktların sayi durmadan artır. Dünyanın bəlasına çevrilən insan alveri ilə bağlı Azərbaycanda vəziyyət nə yerdədir?

Bəs görəsən ölkədə insan alveri daha çox hansı istiqamətə yön alıb? Qurbanların sayı artıb, yoxsa azalıb? Bu istiqamətdə hansı işlər görülməlidir?

Əvvəlcə qeyd edək ki, insan alveri zamanı daha çox qadınlar zorakılığa məruz qalır. Eyni zamanda qadınlar fahişəliyə məcbur edilir və bu zaman bəzi şəxslər gəlir əldə edirlər. İnsan alverinə qarşı mübarizəni isə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi aparır. İdarənin məlumatlarından da görünür ki, insanlar öz yaxınlarının etimadından istifadə edərək onları fahişəliyə məcbur edir.

Ötən ilin statistikasında göstərilir ki, cinayət faktlarının sayı da artıb. 2012-ci ilin müvafiq göstəricisi ilə müqayisədə ötən il cinayət işlərinin sayı 10 fakt artıb.

Belə ki, 2013-cü ildə insan alveri ilə bağlı 80, əmək istismarı ilə bağlı 4, əxlaqsızlıqla məşğul olmağa məcburetmə ilə bağlı 76 (3 fakt yetkinlik yaşına çatmamış şəxslərlə bağlıdır), qumarxana fəaliyyəti ilə bağlı 68 fakt aşkar edilib. 124 nəfər, o cümlədən 17 insan alverçisi cinayət məsuliyyətinə cəlb edilib. Cinayətkarlar 56 nəfərə ziyan yetiriblər.

Onu da qeyd edək ki, qadınları fahişəliyə qadınlar daha çox cəlb edirlər. Psixologiyaya görə, bir qadın digər qadınları daha tez yoldan çıxarır və onları fahişəliyə cəlb edərək gəlir əldə edir.

“Təmiz Dünya” ictimai birliyinin rəhbəri Mehriban Zeynalova Publika.Az-a bildirir ki, illər öncə qadınların müstəqil formada başqa bir ölkəyə getməsinə qadağalar qoyulurdu: “Keçid dövrü deyilən bir dönəm oldu. Həmin dönəmdən sonra o stretoiplər dəyişdi. Qadınlar ailələrini saxlamaq üçün müxtəlif iş yerləri axtarmağa başladılar və miqrasiya zamanı qruplaşmalar yarandı”.

Fahişəlik insan alveri sayılırmı?

Mehriban Zeynalova deyir ki, insan alveri ilə fahişəlik bir-birindən fərqlənir: “İnsan alveri davamlı gəlir gətirən bir prosesdir. Fahişəlik isə tamam başqa bir şeydir. Fahişəlikdə şəxs müstəqil olaraq öz bədənini satır, öz gəlirini də özü götürür. Yəni burada üçüncü tərəf yoxdur”.

“Təmiz Dünya” rəhbəri bildirir ki, xarici ölkələrdə insanlar reklamlara, elanlara aldanaraq insan alverçilərinin qurbanına çevrilir. Lakin Azərbaycanda bu tam fərqli olur: “Bizdə daha çox yaxınlar, qohumlar, qonşular cəlbedici olurlar. Onlar müxtəlif vasitələrlə, yalanlar uyduraraq insanları şirnikləndirir və qanunsuz yollara cəlb edirlər”.

Mehriban Zeynalova onu da bildirir ki, ölkədə insan alveri qurbanı kimi tanınan uşaqlar yoxdur: “Küçələrdə kifayət qədər uşaq dilənir və müxtəlif işlərlə məşğul olurlar. Burada daimi qazanc əldə etmə məsələsi var. Ancaq onlara insan alveri qurbanı statusunun verilməsi öz əksini tapmayıb. Çünki küçə uşaqlarının əksəriyyəti valideynləri tərəfindən küçələrə salınıb, hansısa işə məcbur edilirlər. Bu da mübahisə bir məsələdir. Konvensiya ilə uzlaşmayan məsələlər var”.

Vətəndaş insan alveri haqqında nə bilməlidir?

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi daha çox xaricə gedən insanlara müraciət edir və bildirir ki, xaricdə iş təklifi zamanı onlar insan alverçilərinin qurbanına çevrilə bilərlər. İdarə bəyan edir: “Sizə xarici ölkədə yüksək ödənişli iş təklif olunur? Tələsməyin! Yüz ölçüb bir biçin. Əgər bu cür təklif firmadan gəlibsə, onun xaricdə işə düzəltmə üçün xüsusi icazəsi –lisenziyasının olub olmaması ilə maraqlanın. Belə hüquqlara malik olan firmaların siyahısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası DİN-in Miqrasiya Xidmətində var”.

Eyni zamanda təhsil almaq adı ilə gənclər xaricə aparılır və insan alverçilərinin qurbanına çevrilirlər. Onlar daha çox pulsuz təhsil adı ilə gəncləri yoldan çıxarırlar.

Kişilər də qurban olur

Kişilər də insan alverinin qurbanı ola bilirlər. İnsan alveri ilə məşğul olan cinayətkarlar, əsasən 19 yaşından 55 yaşınadək kişiləri əməyin istismarına cəlb edirlər. Ölkə vətəndaşları olan kişilər bəzən mövsümi xarakterli işlərlə bağlı ölkəni qısamüddətli tərk edirlər. Başqasının əməyinin istismarı bahasına gəlir əldə etmək istəyən cinayətkarlar, belə insanların etibarından sui-islifədə edərək onları toplayaraq xarici ölkələrə aparır və qul vəziyyətinə salırlar.

Belə insanlar uzun müddət kölə vəziyyətində çalışdıqdan sonra, xəstə yarımcan halda ölkəyə, öz ailələrinin yanına qayıdır. Bəzən belə kişilər özlərini günahkar saydıqları üçün ailələrinin yanma dönməkdən çəkinirlər.

Elmin Bədəlov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm