Qırmızı.az
Taksi sürücüsü: “Qadın sürücülərə münasibətim çox pisdir”
Onu uzaqdan gördüm, səkinin kənarında saxladığı maşının içərisində əlində balaca bir kitab oxuyur, arada eynəyini düzəldirdi. Yaxınlaşdım, dedim ki, özümə müsahib axtarıram. Sevindi: “Sizi mənə Allah göndərdi, söhbət etməyə adam tapmırdım”.
Söhbət əsnasında öyrəndim ki, yeni tanışım – taksi sürücüsü Sərdar əmi həm də Qarabağ savaşında döyüşüb. Dediyinə görə də, ləqəbi “Ticarət müəllim”dir.
Onunla söhbətimiz həm maraqlı, həm də kədərli oldu. Qoy özü danışsın, siz də oxuyun.
Taksi sürücüsünün yaşam tərzi...
Taksi sürücüsünün yaşam tərzi ancaq və ancaq çörək pulu qazanmaqdan ibarətdir. Bir toya çağırdılarmı, belin qırıldı. Bunun gecəsi var, gündüzü var. Bilmirsən, maşınına minən kimdi, nəçidir, hardan gəlib, hara gedəcək. Elə olur, fahişə minir maşınına, içkili vəziyyətdə. Ya da üzr istəyirəm, “üzdəniraq”.... Nəysə, çox uzatmayım. Bircə onu deyim ki, taksi sürücüsü olmaq çox çətindir.
Ağdamdan Bakıya...
40 ildir ki, maşın sürürəm. Taksi sürücüsü kimi isə 20 ilə yaxın çalışıram. Daimi müştərilərim yoxdur. Çünki mən Allahdan ruzi istəyirəm, bəndədən yox. Allah verən ruzinin heç kim qarşısını ala bilməz. Özüm də mömin adamam, namaz qılıram, Quran oxuyuram...
Qaçqınam, Ağdamdanam. Sürücülüyü Ağdamda öyrənmişəm. Böyük
maşınlar da sürmüşəm.
İlk dəfə “Kamaz”ı Ağdamda sürmüşəm. Uşaqlıqdan bu işi sevmişəm.
Ancaq neyləməli ki, müharibə bizi pis günə qoydu, müharibə oldu,
Bakıya sığındım...
Müştərinin pisi, yaxşısı... olur
Vallah, birdən elə müştərilərə rast gəlirsən, özünə nifrət edirsən. Eləsini də görürsən ki, elə bil o insandan heç yer üzündə yoxdur, təbii ki, yaxşı mənada. Bəzən adam maşına oturanda üzündən bilirəm, kimdi, necə adamdır. Belə şeylərdə yaxşıyam. Hərdən maşınıma fahişə də oturur. Əvvəlcə reaksiya vermirəm. Bir az keçir, başlayır pis-pis danışmağa. Fahişələri, əclafları yolun ortasında düşürürəm ki, rədd ol get. “Sənin kimi müştərim olmaz olsun” deyirəm.
Elə müştəri də olur ki, yekə-yekə danışıb mənə əmr edir. Söz götürməyi xoşlamıram və arada söz-söhbətimiz düşür. Bu cür insanları heç sevmirəm. Hamımız adamıq, bir-birimizə hörmətlə yanaşmalıyıq. Fərqi yoxdur, kim olursan ol, yaxşı insanlara rast gələndə Allaha sonsuz şükür edirəm ki, bu millətin içində belə insanlar çox olsun. O cür insanlar mənə yaşam sevinci verir.
Qadın sürücülərə münasibət...
Qadın sürücülərə münasibətim çox pisdir. Yol qaydalarını bilmirlər, sonra da qəza olanda “ay ana” deyib, saç-başlarını yolurlar (gülür). Maşın sürə bilmirlər. Bir dəfə sürdüyüm taksini bir qızın maşını vurmuşdu. Gördüm ki, qızım yaşdadır, heç nə demədim. Ancaq hələ məni günahkar da çıxarırdı. Bu cür qəzalar çox olub və qadınlar həmişə bizi günahkar çıxarıblar. Bu, qətiyyən düzgün deyil. Yəqin, atalarının pulları çoxdur. Alırlar bahalı-bahalı maşınları, deyirlər, sür, bala, sür. Belə sürməyi Allah kəssin.
Tıxaclar...
Tıxacların qarşısını almaq üçün Bakının üstündən də yol çəksələr, xeyri olmayacaq. Bakıda millət günü-gündən çoxalır. Belə olmaz, əhali azalmalıdır. “Gəlmələr”, kəndlilər, qaçqınlar öz yurdlarına geri qayıtmalıdırlar.
Sözümün canı odur ki, tıxaclardan can qurta bilməyəcəyik. Bu problem günü-gündən başımıza bir az da bəla olacaq. Gündə 100 maşın gəlir Bakıya. “Şöşü”nün də, “Şaqqulinin” də, kişinin də, nakişinin də maşını var. Adam lap bezir. İstəyir qaçıb buralardan getsin. Tıxaclar canımızdan can alır, sıxır bizi.
Lap desinlər, iki yüz könüllü gətir
Müharibə istəyirəm. Könüllü kimi birinci mən gedərəm. Lap desinlər, 200 könüllü adam tap gətir, vallah, tapıb gətirərəm. Təki ayağa qalxaq, torpaqlarımızı geri alaq. Namərdlər yox, mərd oğlanlar lazımdı mənə. Namərd, qorxaq uzun ömür yaşayır, mərd isə kişi kimi yaşayıb, tez ölür. Gecə-gündüz bu fikirlə yaşayıram. Ağdamda o vaxt döyüşlərdə 6 min kişi ölüb, qoy indən belə bu say 10 min olsun. Əsas odur ki, torpağımızı qaytaraq.
Qarabağ üçün yanıb-tökülürəm...
Gecə də, gündüz də Qarabağ üçün yanıb-tökülürəm. Bakını istəmirəm, bu şəhər mənə lazım deyil. Bakının yarısını mənə versələr ki, ala, bunun gəliri sənindi, istəsəm, ya götürsəm, kişi deyiləm, namusum-qeyrətim yoxdu. Mənə torpağım lazımdır.
Orada lap pəyədə yaşayım, yetər ki, torpağıma, məskənimə gedim. Mən bunu istəyirəm. Allah agahdır ki, bu sözlər ruhumdan gəlir. Kiminsə xoşuna gəlsin deyə demirəm. Fevralın 26-da Xocalı qətliamında ən yaxın dostlarım, qohumlarım şəhid oldu. Yenə deyirəm və ölənə kimi də deyəcəyəm ki, bu ölkəyə müharibə lazımdır, ayağa qalxmaq, Qarabağı, torpağımızı geri qaytarmaq mütləq şərtdir. Ölən günahsız körpələrin, qeyrətli oğullarımızın, namuslu ana-bacılarımızın qanlarını yerdə qoymamalıyıq.
Sürücülərin yazılmamış qanunu...
Yad bir yerdə maşınını saxlasan, gəlib səni qovurlar. Narazılıq yaranır. Mən belə şeylərə yaxşı baxmıram. Birincisi, ruzini verən Allahdır. Allah verən ruzinin qarşısını heç kim ala bilməz. İkincisi də bu yer kimin dədəsindən qalıb ki? Hamı çıxır 5-10 manat pul qazanmağa. Daha çox dayanacaqlarda, körpülərin altında, nə bilim, orda-burda dayanırıq. Müştəri gözləyirik. Günə bir-iki nəfər “tutursan”, 5-6 manat qazanırsan, onu da benzinə verirsən. Gecələr arabir müştəri tapmaq ümidi ilə çıxıram. Gecə müştərilərindən əsla qorxmuram. Niyə də qorxmalıyam? Allahın qullarından biriyəm və Allahdan başqa heç kimdən qorxmuram. Məni lap öldürsünlər, guya kimə nə xeyri olacaq?..
Hər şeyi idarə edən Allahdır...
Uşaq yaşlarımda, demək olar ki, elə bir arzum olmayıb. Hökmü
verən Allahdır. Yadıma düşür, 4 yaşım vardı. Çöpü qoyurdum ayağımın
altına, üstünə də məftil düzəldib sürürdüm. Deməli, məni “şofer”
edən taleyin yazısıdır, qismətdir. Arzum olsa, nə olar, olmasa, nə
olar!
Sürücülük edib, çörək pulu qazanacam deyə arzum olmayıb. Bu,
taledir.
Heç bir şey, heç bir canlı boş-boşuna yaranmayıb. Hər şeyi idarə edən bir qüvvə var. Hər şey Allahın əlindədir. Verən də odur, alan da. Bu peşəni cavanlara, yeniyetmələrə məsləhət görmək mənim işim deyil. Allahın bildiyi bir işdir.
Oğuz Ayvaz
-
Magazin206:16
Cennifer Lopezin adı məşhur qalmaqada HALLANDI
-
MDB04:44
Putin anasının əsas kumirinin adını AÇIQLADI
-
Magazin101:41
Razi yeni doğulan oğlunu göstərdi - VİDEO
-
Sosial01:30
Azərbaycanda kərə yağı YENƏ BAHALAŞDI
-
İdman00:30
Messi 504 milyonluq səhifəsində Azərbaycanla bağlı PAYLAŞIM ETDİ - VİDEO
-
Mistika00:15
Günün ULDUZ FALI - Böyük uğurlar qazana biləcəksiniz
-
İKT12 Dekabr 23:48
İnternetdə "iPhone 17" korpusunun ilk real FOTOSU YAYILDI
-
Magazin212 Dekabr 22:00
Selena Qomezin brilyant nişan üzüyünün qiyməti "ƏL YANDIRIR"