Azərbaycanlı kaskadyor: “Ceki Çana peyğəmbər kimi baxıram” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı kaskadyor: “Ceki Çana peyğəmbər kimi baxıram” - FOTOLAR

Adətən, onları aktyorlarla müqayisədə çox az tanıyırlar. İşləri isə ən çətin məqamlarda aktyorlara dublyorluq etməkdən ibarətdir. Söhbət kaskadyorlardan gedir. Doğrudur, rolunun bütün döyüş səhnələrini özü oynayan məşhur aktyorlar az da olsa, var. Amma Azərbaycanda bu sahədə boşluq mövcuddur. Həmsöhbətimiz peşəkar kaskadyor Sain Fərhad Fərmanlıdır. 1985-ci ildə Bakı şəhərində doğulub. 7 yaşından idmana başlayan Sain bəy 19-20 ildir ki, peşəkar idmanla məşğuldur. Bir sıra nailiyyətlər qazanıb, beynəlxalq dərəcələr alıb və 5 ildir ki, filmlərə çəkilir. 2 ildən artıqdır ki, özünün “Saint Kaskadyor Döyüşçülər” qrupunu yaradıb. Nailiyyətləri isə sadalamaqla bitmir: Kapuero 3-cü dan, koksin karatedən və oyama karatedən 1-ci dan, saysız-hesabsız sertifikatlar... Bəs kaskadyor kimdir? O, necə yetişir? Azərbaycanda bu sahədə vəziyyət necədir?

Publika.az bu kimi suallara tanınmış kaskadyor Sain Fərhad Fərmanlı ilə birgə cavab tapmağa çalışıb.

- Belə bir fikir var ki, iki halda kaskadyor olmaq mümkündür. Birinci halda bu, qarşısıalınmaz arzu və ya riski sevməklə bağlı olur. İkinci halda isə insanlar özünü təsdiq etmək üçün bu peşəni seçirlər. Sizdə bunlardan hansı olub?

- Adından da göründüyü kimi, bu, kaskadyor döyüşçülər qrupudur, biz təkcə kaskadyor deyilik. Müəyyən döyüşlər var ki, onlar kaskadyorsuz alınmır. Mənim buna münasibətim sırf yaradıcılıqla bağlıdır. Yəni biz məsələnin daha çox yaradıcı tərəfinə üstünlük veririk, döyüşlərin xoreoqrafiyasını çəkirik. Onun çəkilmə tərzi, montajı – bunlar istər-istəməz rejissorluqla bağlıdır. Bu, sadəcə, içdən gələn həvəsdir. Görünür, mənə irsən keçib, çünki mənim atam da, qardaşım da rəssamdır.

- İstifadə etdiyiniz tryukları hansı müddətə öyrənirsiniz, nə qədər məşq edirsiniz?

- Ümumiyyətlə, həmişə məşq etmək lazımdır. Müəyyən tryuklar var ki, onları hər insan edə bilməz. Ola bilər, bir nəfərdə alınmasın, amma komandanın başqa üzvündə alınsın. Burada uzun müddət vaxt, gərgin məşqlər tələb olunur. Gərək bacardığın qədər çox döyüş növləri ilə məşğul olasan. Təbii ki, insandan da asılıdır. Ola bilər ki, bizim göstərdiyimiz tryuk gözəl olsun, amma düzgün rakursdan göstərilmədiyinə görə effekt verməsin.

- Bizdə, deyəsən, bu peşə ilə bağlı məktəb yoxdur.
-
Bizdə yoxdur. Mənim xarici ölkələrə - İngiltərə, Rusiya, Ukrayna, Almaniya, ABŞ-a, yəni Hollivuda əlim çatır. İstəmişəm burada məktəb yaradım. Bir az yaşlı nəsil “sən hələ gəncsən, filan” dedilər, dəstək olmadılar. Bundan sonra fikrimi onlarla bölüşməyə ehtiyac duymuram. Bu yaxınlarda Azərbaycanda ilk dəfə beynəlxalq “workshop” seminar təşkil edəcəyik. Seminar aktyorların psixoloji durumu, döyüş xoreoqrafiyası və aktyorluğuna aid olacaq. Azərbaycanda ilk dəfə keçiriləcək seminara həvəskar aktyorlar, idmançılar qatıla bilər...

Mən müxtəlif ölkələrdə seminarlar keçmişəm. Bu peşəni də daha çox əlaqələrimdən istifadə edərək öyrənmişəm. Çünki bizdə bu sahədə mütəxəssis yoxdur. Almaniyada məşhur bir assosiasiya var. Dünyanın 120 ölkəsindən olan üzvləri var. Hollivudun Ceki Çandan tutmuş bir çox tanınmış mütəxəssisləri ora üzvdürlər. Onlar məni master – ustad kimi təsdiqlədilər. O vaxtdan da peşəkar kimi çalışıram. Fikirləşirəm ki, dövlət tərəfindən hansısa dəstək olsa, fəaliyyətimi genişləndirə bilərəm.

- Burada fiziki hazırlıqdan başqa, yəqin ki, mənəvi hazırlıq da lazımdır.
- Təbii ki, psixoloji hazırlıq da olmalıdır. Bütün tryukları da öyrənmək üçün bu tələb olunur. Tək fiziki hazırlıq bəs eləmir.

- Bəs hansısa hərəkətin təhlükəli olduğunu bilə-bilə necə riskə gedirsiniz?
- Həyatın özü də belədir, risksiz hansısa baryeri keçmək olmur. Amma biz riskləri də hansısa çərçivə daxilində edirik, çünki şəraitimiz yoxdur ki, ağır bir zədəni dərhal müalicə edək. Amma xarici ölkələrdə belə deyil. Məsələn, Ceki Çanın çox yaxşı bir komandası var. Komandası onu ölümdən xilas edə bilməz, amma başına bir iş gəlsə, onu vəziyyətdən çıxara bilərlər. Bu aktyorun 50-60 ağır travması olub, 3-4 dəfə burnu qırılıb, barmaqlarının hamısı sınıb. Bizdə isə çatışmayan cəhətlər çoxdur. Ən vacibi də sığorta məsələsidir. Hələ bizim heç bir filmdə sığortamız olmayıb. Əgər filmdə başımıza bir iş gəlsə, kömək edən olmayacaq.

- Bu, bir qədər təhlükəli peşədir, ailəniz kaskadyorluğu seçməyinizə necə razı oldu?
- Doğrudur, bu, bir qədər çətin peşədir və axırının necə olacağını heç kim təsəvvür eləmir. Valideynlərim elə həmişə, evdən bayıra çıxanda da narahat olurlar. Onlar həmişə duaçıdırlar, yəqin ki, onların duasının sayəsində sağ-salamatam. Yaradıcılıq tərəfdən də gözəl qarşılayırlar, dəstək olurlar. Atam həmişə deyir ki, çətinlik müvəqqətidir, hər şey yaxşı olacaq.


- Heç edə bilmədiyiniz tryuklar olub? Onları etmək mümkün deyil, yoxsa çox çətindir?
-
Mümkün olmayan heç nə yoxdur, sadəcə, daha çətin olan tryuklar var. Məsələn, avtomobil gedə-gedə oradan tullanmaq, atdan, hündür binadan atılmaq – bunları biz bu işlə ayrıca məşğul olan kaskadyorlara tapşırırıq. Maşın, motosiklet bizim filmlər üçün o qədər də xarakterik deyil. Bizim daha çox döyüş səhnələrinə marağımız var.

- Yəqin ki, zədə də almısınız. Ciddi zədələriniz olub?
- Zədələr, əlbəttə ki, olur. Hər gün ağrıyan zədələrimiz olur ki, bunlar da keçmişi yadımıza salır. Hazırda özüm zədəliyəm və əməliyyata hazırlaşıram. Ümumiyyətlə, zədələri vaxtında müalicə etmək lazımdır ki, sonra əziyyət çəkməyəsən. Bu, elə bir sənətdir ki, ayrıca maliyyə tələb edir.

- Risk eləməyə qorxduğunuz tryuklar olub?
- İnsanda döyüş öncəsi həyəcan təbii bir şeydir. Bu, idmanda da olur. Hər şey döşək üzərinə çıxana qədər davam edir. Ondan sonra hər şey yaddan çıxır. Hətta bilsən ki, uduzacaqsan, bir zərbə ilə döyüş bitə bilər, yenə də döyüşəcəksən. Qorxunu büruzə verməməlisən. Bu, məndə də belədir. Tatami üzərinə çıxandan sonra geriyə yol yoxdur – bunu bilirəm. Tryuklarda da belədir, amma burada ölüm halları daha çox olur. Tryukları edəndə ən çox gərək psixoloji tərəfdən hazır olasan, səni tələsdirməsinlər. Rejissor da bu işi bilən adam olmalıdır. Əgər bir şeyi üzərinə götürdünsə, etməlisən. Mənim üçün ustalığı öyrənmək yarışlarda iştirak edib diplom kolleksiyası toplamaqdan daha önəmli idi. Bu, mənə filmlərdə döyüş səhnələri qurmaqda daha çox kömək olur.


- Bizdə kaskadyorluq digər ölkələrlə müqayisədə hansı səviyyədədir?
-
Ermənistanı ümumiyyətlə saymıram, çünki bu ölkəni hansısa inkişaf sahəsində görmürəm. Bu sahədə Rusiya, Ukrayna yaxşı səviyyədədir, Gürcüstan pis deyil. Hətta İranda da bu sahədə təşkilatçılıq yaxşıdır. Mən deyərdim, qonşu ölkələr arasında bu sahədə ən zəifi bizik. Çox istərdim ki, bizdə də kaskadyorluq inkişaf eləsin. Hətta bunun üçün bir çox fərdi insanlara müraciət eləmişəm. Amma onlar da bu sahəyə biznes kimi baxırlar. Deyirlər ki, bura 5 manat qoyuramsa, nə pul götürəcəyəm? Kaskadyorluğu inkişaf etdirmək üçün ilk növbədə kino biznesini qaldırmaq lazımdır. Ondan sonra, bəlkə, nə isə ola. Bizdə kino bazarı, demək olar, bir janrdadır, buna komediya da demək olmaz, bu, daha çox şitlikdir. Bizim komediyaçıları Çarli Çaplinlə heç cür yanaşı qoymaq olmaz. Amma peşəkarlar da var ki, onları heç kim tanımır.

- Müasir filmlərin çoxu kompüter qrafikası ilə çəkilir. Narahat deyilsiniz ki, getdikcə kaskadyorlara ehtiyac azalacaq?
- Kaskadyorlara həmişə ehtiyac olur. Kompüter qrafikasıyla çəkilən filmlərdə də 3D fiqurları hərəkətə gətirmək üçün döyüş səhnələrindən istifadə olunur. Buna görə də kaskadyorlara həmişə ehtiyac olacaq. Kompüter effekti ilə insanda uyğun hissləri yaratmaq mümkün deyil.

- Kaskadyorda cəsarət xarakterlə bağlıdırmı, ümumiyyətlə, bu, nədən irəli gəlir?
-
Bilirsiniz, idmana gələn ən qorxaq tələbə belə bir müddətdən sonra tamamilə hazırlıqlı olur. İnsanın içində həm qorxu, həm də cəsarət var. İnsan bu hislərin hansını inkişaf etdirirsə, onunla da uğur qazanır.

- Aktyorluq da cəsarət tələb edir, kaskadyorluq da. Bunları nə fərqləndirir?
- Aktyorluqda sağlamlıq təhlükədə olmur, buna görə də istedad və komplekssizlik insana inkişafda kömək edə bilər. Məsələn, insan dil öyrənərkən danışmalıdır ki, dili inkişaf etdirsin. Əgər utansa, alınmayacaq. Kaskadyora heç kim gülmür, buna həyəcanla baxırlar. Çox təəssüflər olsun ki, canı təhlükədə olan aktyorlara bizdə az qiymət verirlər. Kaskadyorlara mən bildiyim qədər elə bir qiymət verilmir.


- Hansı aktyordan nümunə götürürsünüz?
- Mən Ceki Çana bu işdə peyğəmbər kimi baxıram. Onu Allah göndərib. Bu qədər təhlükələrdən sonra insanın sağ qalması, yenə də çətin tryuklar eləməsi, bu qədər enerjili olması onun Allah tərəfindən seçilmiş biri olduğunu göstərir. İnanmıram ki, kimsə onu təkrar edə bilə. Ümumiyyətlə, Ceki Çan özü də deyir ki, məni təkrar eləməyin, çalışın özünüzü tapın. İnsan özü kimi olmalıdır. Ola bilər ki, kimsə Ceki Can kimi olmaq istədiyinə görə, öz bacarığını gizlədib onun qədər tanınmasın. Amma öz bacarığını axtarıb tapsın və fərqlənsin. Mən əvvəl daha çox Brüs Lidən öyrənirdim, onun üz plastikası, bədənlə, ruhla hərəkət etməsi məni maraqlandırırdı. Ceki Çanda tryukların çətinliyi maraqlıdır. İndi bizim uzaqdan da olsa, yol göstərənimiz məşhur aktyor və kaskadyor Donnie Yendir.


- Hansı filmlərə çəkilmisiniz?
- “Qorxma, mən səninləyəm”də döyüş səhnəsi qurmuşam, Vüqar İslamzadənin “İnfeksiya” filmində, Litvada yaşayan azərbaycanlı Rüfət Həsənovun filmində çəkilmişəm. “Zabit şərəfi” filminin də bu yaxında premyerası gözlənilir. Orada da döyüş səhnəsini mən qurmuşam.


- Hansı məşhur aktyorları əvəz eləmisiniz?
- Filmlərdə aktyorlara dublyorluq etməmişəm. Yalnız öz rollarımı oynamışam.


- Uğursuz tryuklarınız da olub?
- Uğursuz tryuklar olub, amma onları filmə salmırlar (gülür). Bəzən alınmayan kadrlar olur, amma bir neçə dubldan sonra bunlar da alınır. Ümumiyyətlə, gələcəkdə fikrim var ki, alınmayan kadrları toplayım.

- Filmlərimizdəki döyüş səhnələrində olan qeyri-peşəkarlıq nə ilə bağlıdır?
-
Filmlərdəki qeyri-peşəkarlıq rejissorlarımızın əksəriyyətinin özlərindən razılığı ucbatından baş verir. İşi peşəkara etibar etmək lazımdır. Bir çox hallarda filmlərdə kaskadyorun oynamalı olduğu səhnələr bu işi bacarmayan aktyorlara tapşırılır. İki ay boksa gedib, 3 ay güləşlə məşğul olubsa, deməli, döyüş səhnəsinə çəkilə bilər? Bu göstərici zəmanət vermir ki, həmin aktyor döyüş səhnəsini qursun. Bir çox hallarda isə rejissorlarla qonorar məsələsində razılığa gəlmək çətin olur. Onlar 5-10 manatla kaskadyoru yola vermək istəyirlər. Əziyyətin də özünə qalır. Peşəkarların çoxu isə normal qonorar istəyir. Rejissorlar isə yola verirlər. Bu “yola vermək” söhbəti neçə ildir ki, davam edir. Nə qədər yola verəcəklər, filmlərimiz bu gündə olacaq. Kimsə döyüş səhnəsi çəkmək istəyirsə, idman zalına girib, oradan bir neçə idmançı götürür və ya “qonşumuz idmana gedir, deyərəm ona, gəlib kömək edər” düşünürlər, beləcə yola verirlər.

- Aktyorun bir çəkiliş günü təxminən orta hesabla 100-150 manat qonorar götürülür. Bəs kaskadyorun bir günü neçəyə başa gəlir?
- Bu rəqəm fərqlidir. Yerli aktyorların kimisi 50 manata çəkilir, kimisi 200 manata, xaricdən aktyor gətirib, gününə 3000 manat da verirlər. Kaskadyorlarda da bu fərqlidir. Şablon qiymətlər də var. Bu həm də etdiyimiz tryuklardan asılıdır. Çalışıram çox vaxt işi görən insanın imkanlarına baxım, ona uyğun hərəkət edim. Bu həm də mən tərəfdən bir kömək ola bilər. Olub ki, heç gəlir güdməmişəm, bir neçə dəfə pulsuz çəkilmişəm.


- Bu, sizi qane edir? Sizin zədələriniz də olur, müalicə lazım olur...
- Açığı, Azərbaycanda bu sahədə durum məni heç qane eləmir. Ona görə də ölkədən getmək istəyirəm. Bizdə belə bir xasiyyət var: nə qədər iş görsən də, səni nə qədər tanısalar da, bir o qədər qiymət vermirlər. Amma xaricə gedib, 2-3 serialda epizodik rola çəkilsən, həmin iş heç burada gördüyü işlərlə müqayisəyə gəlməsə belə, onda hamı danışacaq, hamı yazacaq ki, bizim vətəndaş xarici ölkədə seriala çəkildi...

Türkiyədə məşhur “Kurtlar Vadisi” serialında Polad Alemdar obrazınının dublyoru olan azərbaycanlı Babək Həsənzadə dostumuzdur və biz onun uğurlarına sevinirik. Amma onun orada etdiklərini mən də burada edirəm, heç qiymət verilmir. Bizdə bax belə bir tərsinə düşüncə var.


- Hara getmək istəyirsiniz?
- Yəqin ki, Türkiyəyə.


- Uzun müddətlidir?
- Nə vaxt burada lazım olaram, onda qayıdaram. Amma buradan tam uzaqlaşmaq istəmirəm, ümid edirəm ki, nə vaxtsa lazım olaram. Hər halda, uzaqlaşmaq məcburiyyətindəyəm.

- Sizdə bir kaskadyor kimi belə bir paxıllıq hissi varmı ki, siz ən çətin səhnələrə çəkilirsiniz, amma tanınmırsınız, tamaşaçı daha çox aktyorları tanıyır?
- Yox, paxıllıq yoxdur. İstəyərdim nə vaxtsa baş rollarda da çəkilim. Amma bu, rejissorların mənə olan marağından asılı ola bilər. Ola bilər, nə vaxtsa dəvət edərlər. Paxıllıq yaxşı şey deyil və insana mane olur. Allah “Quran”da bir neçə yerdə yadımıza salır ki, ruzi Allahdandır. Ona görə də onun nə vaxt olacağını heç kim bilmir. Hamı inkişafa can atmalıdır, paxıllıq yox, bir-birinə dəstək olmaq lazımdır. Bir də yaradıcılıqda monopoliya olmamalıdır. Təəssüflər olsun ki, incəsənətdə də elə qruplar var ki, insanı qabağa getməyə qoymurlar.


- Siz belə qruplara qoşulmursunuz deyə qabağa gedə bilmirsiz?
- Yox. Mən heç istəmərəm də kiminsə tabeliyində olum. Yaradıcı insanda azadlıq olmasa, işləyə bilməz. Ola bilər ki, 3 gün, 1 həftə, 1 ay ancaq düşünəsən. İlham deyilən bir şey var, o gələ də bilər, gəlməyə də bilər. Xaricdə bunu başa düşürlər, dərk edirlər, insanlara azadlıq verirlər. Ümumiyyətlə, yaradıcı insan istəməz kiminsə əlinin altında olsun. Heç olmasa 50/50-yə olmalıdır. Məsələn, Vüqar İslamzadə ilə işləmək mənə çox xoşdur, çünki biz məsləhətləşirik. Bəzi rejissorlar var ki, elə o deyən olmalıdır. Əgər fəhlə çağırmısansa, bu, başqa məsələ. Söhbət yaradıcı insandan gedirsə, burada onun da fikirləri nəzərə alınmalıdır. Bəzən də nəyinsə xatirinə dözüb işi görürsən, amma xahiş edirsən ki, sonda adın yazılmasın və ya üzün görünməsin. Çünki həmin işdən razı deyilsən və işi özünə yaraşdırmırsan. Bu işə də sadəcə, qonorara görə razılaşırsan. Üstəlik, yaradıcı insanı həm də evində də başa düşməlidirlər. Əgər onu evdə dəstəkləmirlərsə, psixoloji gərginlik keçirir, həmişə baryer qarşısında olur.

- Döyüş səhnələri qurarkən olubmu ki, qadınları əvəz edəsiniz? Yəni qadın aktrisalara dublyorluq edəsiniz?
- Qadının yerinə ancaq belə dublyorluq eləmək olar, məsələn, haradansa tullanmaq və ya yıxılmaq olar. Yox, bizdə buna ehtiyac olmayıb. Bizdə döyüş səhnələri ümumiyyətlə, gec-gec olur, qaldı ki, qadınlardan ibarət döyüş səhnələri olsun. Yəni, hələ ki, buna ehtiyac olmayıb... Ümumiyyətlə, bizim qrupumuzda bir xanım var idi, həm də karate üzrə çox yaxşı döyüşçü idi. Amma indi müəyyən səbəblərə görə uzaqlaşıb. Fikrim var ki, qrupa qadınları da cəlb edim. İdmanla məşğul olmaqdan əlavə qadının gözəlliyi də olmalıdır. Qızın qız kimi gözəlliyi olmalıdır, döyüşü də bacarsa, lap yaxşı.


- Qrupunuzda neçə nəfər var?
-
Qrupumuzda 6 nəfər var, əsas isə 2 nəfərik: mən və Tural Şirməmmədov.


- Gələcəkdə uşaqlarınızın kaskadyor olmasını istərdiniz?
- Oğlan uşağı üçün ümumiyyətlə, problem yoxdur, amma qızın göz qabağında olmasını, filmlərdə çəkilməsini istəməzdim. Mən xoşlamıram ailə üzvləri tanınsın.

- Kaskadyorluğa neçə yaşından başlamaq lazımdır?
- Uşaqlıqdan idmanla məşğul olmaq lazımdır. Kaskadyorluq isə sonranın işidir. Akrobatik hərəkətləri öyrənəndən sonra bədən bərkiyir. Bu, birdən-birə olmur. Adi idmandan başlamaq lazımdır. Bunları biləndən sonra təhlükəli hərəkətlər eləmək olar. Mən 14 yaşa qədər uşaqlar üçün məktəb yaradıb, onlara öyrətmək niyyətində idim. Ad çəkmək istəmirəm, amma mənə bunu reallaşdırmağa imkan vermədilər. Kimisi mənim qabağa getməyimə imkan vermək istəmədi, kimisi özünə sığışdırmayıb mənimlə işləməkdən imtina etdi. Beləcə, iş alınmadı. Bu peşə haqqında insanları məlumatlandırmaq, bu sahəni inkişaf etdirmək üçün bizə şərait yaradılmır.

- Ən çox sevdiyiniz filmlər hansıdır?
- Əslində, sevimli filmlərim döyüş janrına aid deyil. Bunlar daha çox psixoloji janrdadır və daha çox Koreya və yapon filmləridir - “Müştəri həmişə haqlıdır”, “Hakimiyyətin düşməni”, “Toxunulmaz” və sair. Bunlar həyatla, reallıqla bağlı olan və məntiqli filmlərdir. Mən gələcəkdə digər rollara da aktyor kimi çəkilmək istəyirəm. Əlbəttə, orada döyüş səhnələrinin olması daha yaxşı olardı. Ümumiyyətlə, Azərbaycanda bu sahədə, yəni aktyorun əsas rola çəkilib, döyüş səhnələrini də özü –kaskadyorsuz oynamasıyla bağlı təcrübə yoxdur. İstərdim ki, gələcəkdə bunu da edim.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm