“Lamiyə işi” ilə bağlı SENSASİYALI FAKTLAR
Bizi izləyin

Qırmızı.az

“Lamiyə işi” ilə bağlı SENSASİYALI FAKTLAR

İbrahim İsmayılov: "Ona təzyiq edirlər ki, həqiqəti dansın"

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin atası İbrahim İsmayılov “Azadlıq”a sensasiya sayıla biləcək açıqlamalar verib. İbrahim İsmayılov əvvəlcə Ruslan Aslanovun qətlindən danışıb. O bildirib ki, oğlunun bu qətldə heç bir təqsiri yoxdur, ittiham aktında yazılanlar Aslan Aslanovun quramasıdır: “Təkcə bir faktı deyim. Ruslan Aslanova 3 bıçaq vurulub, amma ittiham aktında yazılıb ki, guya ona 18 bıçaq zərbəsi endirilib. Bu, Aslan Aslanovun quramasıdır. O, oğlunun amansızlıqla qətlə yetirildiyi barədə rəy yaradırdı. İstəyirdi ki, Vüqarı ömürlük həbsxanaya saldırsın, buna da nali oldu. Aslan Aslanov prokurora, müstəntiqə, bir sözlə, hamıya təzyiq edirdi. Mənim oğlumun bu hadisədə təqsiri yoxdur. Sadəcə, Ruslan qətlə yetirilən vaxt orda olub. Özü də onu ora elə Ruslanın özü aparıb. Deyib ki, mənimlə gedək Lamiyə ilə üzləşim”.

Keçmiş icra başçısı oğlunun qətlindən istifadə edib

İbrahim İsmayılovun sözlərinə görə, Vüqar Əliyev təqsiri olmasa da, həbs ediləndən sonra işgəncələrə məruz qalıb. Aslan Aslanovun məqsədi qətli özünə və ailəsinə sui-qəsd kimi qələmə vermək olub. Bu baxımdan ortaya müxtəlif versiyalar atıb və Vüqar Əliyevdən onun dediklərini təsdiqləməsini tələb edib: “Guya Ruslanın qətlində Vüqar və Lamiyədən başqa üçüncü şəxsin də əli olub. Amma heç bir ad çəkməyiblər. Sadəcə, Vüqara deyiblər ki, siz üç nəfər olmusunuz və üçüncü adamın adını de".

Aslan Aslanov bu işə görə 12 nəfəri həbs etdirib

İbrahim İsmayılov deyib ki, Aslan Aslanov oğlunun qətlinə görə Vüqar Əliyevlə Lamiyə Quliyevanın həbsilə kifayətlənməyib: “Bu işə görə Vüqar və Lamiyədən başqa mən, həyat yoldaşım, baldızlarım, qaynım, yeznəm, Lamiyənin anası, ümumilikdə, 12 nəfər ən müxtəlif ittihamlarla həbs olundu. Mənə 3 maddə ilə ittiham irəli sürmüşdülər. Biri cinayəti bilib gizləmək, biri hədə-qorxu gəlmək, biri də torpaq zəbt etmək. Əvvəla, mənim cinayətdən əvvəlcədən xəbərim olmayıb ki, onu gizlədim. Cinayət baş verəndən az sonra isə Vüqar tutulub, biz də bundan sonra bilmişik ki, belə bir hadisə olub. Hədə-qorxu məsələsinə gəlincə, Aslan Aslanovun şahidləri ifadələrində yazmışdılar ki, guya mən Aslana hədə-qorxu gəlmişəm, onu döymüşəm və s. Bunlar hamısı yalandır. Aslan Aslanov iki mən boydadır, mən onu necə döyə bilərəm. Ona harada hədə-qorxu gəlmişəm ki, oğlum həbs olunandan sonra bizi ailəlikcə həbs etdirib. Zəbt etdiyim iddia olunan torpağı isə türmədən çıxandan sonra satmışam. İndi sual olunur, əgər mən o torpağı zəbt etmişdimsə, o torpaq başqa bir adamın idisə, onu necə sata bilərdim? Aslanov sadəcə qisas alırdı. Təsəvvür edin, bir uşaq var idi Arzu Sadıqov. Onu tutub Gəncə türməsində işgəncə verirdilər ki, mənə bıçaq satdığını desin. Lamiyə Quliyevanın xalası oğlunu həbs etdilər. Onun boynuna qoydular ki, guya qızın başına bu oyun açıb. Nahaqdan o adama 6 il iş verdilər”.

Keçmiş icra başçısı oğlunun adını parka vermək istəyib

İbrahim İsmayılov deyir ki, oğlu və özü həbs olunandan sonra da Aslan Aslanov onlardan əl çəkməyib: “Vüqarı türmədə zəhərləmək istədilər. Qobustanın keçmiş rəisi Aslan Aslanovla əlbir idi. Onun tapşırıqları əsasında Vüqarı incidirdi. Mən ona saçaqlı pendir aparmışdım. Həmin pendirə nəsə qatıb Vüqarı zəhərləməyə cəhd göstərmişdilər. Özümə gəlincə, məni vərəm xəstəsi olan bir məhbusla birgə karsa saldılar. Qəsdən etdilər. Mən də xəstəliyə yoluxdum”.

İbrahim İsmayılov iddia edir ki, Aslan Aslanov bununla da kifayətlənməyib, ona məxsus dükanı yerlə-yeksan etdirib: “Bir dükanımız var idi, uçurdu. Heç bir əsas olmadan, qanunsuz olaraq uçurdu. Həmin dükanın yerində park saldı. İstəyirdi parka oğlunun adını versin. ”Ruslan gənclik parkı" adlandırsın oranı. Amma sonra onu fikrindən daşındırdılar. Bu adamın oğlu öz əməllərinin qurbanı olub. Lamiyənin başına oyun açıb. Qız bunu məhkəmədə də dedi. Hətta Aslan Aslanovun qardaşı Elsevər Aslanov ona hədə-qorxu gəldi, təhqir etdi. Amma Lamiyə yenə dedi ki, Ruslan onun başına oyun açıb, buna görə də onu öldürüb".

Lamiyə Quliyevanın həbsxana yoldaşı sirləri açır

İbrahim İsmayılov Lamiyə Quliyevanın həbsxanada uşaq dünayaya gətirməsindən də danışıb. O, bildirib ki, bu Lamiyə Quliyevanın üçüncü uşağıdır: “Lamiyənin bir uşağı Aslan Aslanovun oğlundan olub. O, Ruslanı öldürəndə bətnində uşağı olub. Həmin uşağı Aslan Aslanovun göstərişilə Şəmkir Mərkəzi Xəstəxanasının Dünya adlı həkimi abort eləyib. Həmin həkim Aslan Aslanovun kəndçisidir. Daha sonra Lamiyə Quliyeva həbsxanada uşağa qalıb. Həmin uşağın atası onun cəzaçəkdiyi müəssisənin keçmiş rəisi Müzəffər olub. O uşağı da abort eləyiblər. Sonra üçüncü uşaq olub. Bu uşağın da atası keçmiş rəisdir. Bunu ona görə abort eləməyib ki, rəis həmin vaxt işdən çıxıb. Lamiyə də uşağı saxlayıb. Amma ona təzyiq edirlər ki, əsl həqiqəti danışmasın. Deyir guya hansısa məhbusla münasibəti olub. Bu, sadəcə mümkün deyil. Lamiyəyə təzyiq edirlər ki, belə desin. İctimaiyyət bu uşaq söhbətini təzə bilir. Amma biz bu məsələni çoxdan bilirdik. Şəmkirdə bir qadın var idi. O da Lamiyənin cəza çəkdiyi “kalon”da məhbus olub. O, həbsdən çıxandan sonra bizə demişdi ki, Lamiyənin “zonun” rəisi ilə münasibəti var. Uşaq söhbətini də o demişdi. Mən həbsdən çıxandan sonra Lamiyənin yanına getmişdim. Ona dedim ki, şikayət edək, köməkləşək, səni qurtaraq. Amma razı olmadı. Dedi mənim işimə baxacaqlar. Həmin rəis onu öyrətmişdi. O rəis də Aslanovla əlbir idi. Mənim fikrimcə, bütün bunları Aslanov təşkil edib. Lamiyənin həyatını məhv etmək üçün. Oğlu Turqay Aslanov da ədliyyə sistemində çalışır. Onun da bu işlərdə rolu var. Bizim məhkəmələrə şikayətlərimizin qarşısını o alıb”.

Qeyd edək ki, Lamiyə Quliyevanın həbsxanada uşaq dünayaya gətirməsi ictimaləşəndən sonra bu məsələdə onun cəza çəkdiyi 4 saylı müəssisənin keçmiş rəisi Müzəffər Məmmədovun adı hallandırılırdı. Lakin o, barəsində deyilənləri təkzib etmişdi. “Bütün bunlar cəfəngiyatdır. Mənim 65 yaşım var. Bu söz-söhbətə görə ailəm dağılır”,- deyə Müzəffər Məmmədov bildirmişdi.

İbrahim İsmayılov sonda deyib ki, oğlunun azadlığa buraxılması üçün ölkə başçısına müraciət etməyi planlaşdırır: “Bu məsələlər yenidən gündəmə gələndən sonra bizdə ümid yaranıb. Oğlum 12 ildir günahsız cəza çəkir. Lamiyə Quliyeva da cəzasını çəkib. Ona görə də prezidentə müraciət etməyi düşünürük. Ümid edirik ki, haqq-ədalət öz yerini tapacaq”.

Publika.az xəbər verir ki, qalmaqallı işdə adı hallanan Şəmkirin icra hakimiyyəti başçısı işləmiş Aslan Aslanov ANS-ə açıqlama verib. O, bu işdə adının hallanmasını yalan adlandırıb və övlad itirən valideyin kimi spekuliyasiyalardan təəssüf keçirib.

"Xahiş edirəm ki, bizim yaramızı təzələməyin. Mənim oğlumu həmin şəxslər qrup halında qətlə yetiriblər. 11 il əvvəl olmuş hadisəni indi şişirdərək mətbuatda mənim adımı hallandıraraq sifarişlə yazı yazırlar. Vüqar Əliyev və Lamiyə Quliyevanın yaxınlarının həbsi üçün sifariş verməyim, onların həbsinin uzadılması üçün təzyiq etməyim. Bu barədə yazılanlar təxribatdır və mənim bu işlə heç bir əlaqəm yoxdur. Mən YAP-ın Siyasi Şurasının üzvüyəm, dövlətçiliyə xidmət, onun qanunlarına riayət edirəm”.

Qeyd edək ki, Respublika Baş Prokurorluğu məhkum Lamiyə Quliyevanın uşaq dünyaya gətirməsi faktı ilə bağlı rəsmi araşdırmalara başlayıb. Baş prokurorluğun mətbuat xidmətinin rəisi Eldar Sultanovun verdiyi məlumata görə, hazırda Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 28 yaşlı Lamiyə Quliyevanın ötən ilin oktyabr ayında uşaq dünyaya gətirməsilə əlaqədar Ədliyyə Nazirliyi ilə birgə müvafiq tədbirlər həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm