“Serj Sərkisyan Muradı hədələdi…”
Bizi izləyin

Qırmızı.az

“Serj Sərkisyan Muradı hədələdi…”

Kult.az “Başı dumanlı” layihəsində Üzeyir Cəfərovun Şuşa haqda xatirələrini təqdim edir.

Bu gün mətbuatda “The New York Times” qəzetinin əməkdaşı Devid M.Herszenhorn Qarabağdan hazırladığı reportaja diqqət yetirdim və bir anlığa xəyallara daldım. Yadıma çox da uzaq olmayan 2001-ci il düşdü. O vaxt mən Müdafiə Nazirliyi sistemində, Mətbuat Xidmətinin (MX) Məlumatların Yayılması və İctimaiyyətlə əlaqə bölməsinin rəisi vəzifəsində xidmət keçirdim.

Gözləmədiyim bir halda MX-nin o vaxtkı rəhbəri polkovnik Ramiz Duyğun (Məlikov) mənə bildirdi ki, təcili Xarici İşlər Nazirliyinə (XİN), nazir Vilayət Quliyevlə görüşə getməliyəm. Düzü, bir qədər təəccüblənsəm də, hərbçi olduğuma görə əmr aldığımı qəbul edib XİN-ə getdim. Orada mətbuatdan tanıdığım və tanımadığım, amma sonralar möhkəm dostluq münasibətləri yaranmış xeyli insanların olduğunu gördüm. Vilayət müəllim bizə Dağlıq Qarabağa gedəcəyimizlə bağlı öz fikirlərini çatdırdı və bəzi tövsiyələrini verdi. Daha sonra biz Prezident Aparatına (indiki Prezident Adminstrasiyasına) getdik. Bizimlə şöbə müdiri Əli Həsənov görüşdü və ATƏT xətti ilə bizim Ermənistana və işğal altında olan Şuşaya, Xankəndinə, Laçına və digər ərazilərə getməyimizi xəbər verdi.

Təsəvvür etmək çətin deyil ki, uzun illərdən sonra bizim doğma ərazilərimizə baş tutacaq səfərimizlə bağlı aldığımız xəbər bizi necə həyəcanlandırdı. İşğaldan, təqribən, 10 ildən sonra doğma torpaqlarımızın bizi necə qarşılayacağını beynimdə düşünəndə, bu sətirləri indi qələmə alanda da qeyri-ixtiyarı tüklərim biz-biz olur.

Uzun bir müddətdən sonra biz 2001-ci ildə ATƏT-in şəxsi nümayəndəsi səfir Anjey Kaspşikin rəhbərliyi altında Şuşaya, Xankəndinə, Laçına, həmçinin İrəvana, Eçmədzinə səfər etdik. Səfər barəsində saatlarla danışa bilərəm. Amma bu çoxsaylı görüşlərdən, təəssüratlardan yalnız ikisi haqqında geniş danışmaqla mənə elə gəlir ki, nə demək istədiyimi hörmətli oxucular özləri anlaya biləcəklər.

Biz ATƏT nümayəndələrinin müşayiəti ilə birbaşa Bakı-İrəvan marşrutu üzrə "Azərbaycan Hava Yollarına" məxsus "Yak-40" sərnişin təyyarəsi ilə Zvartnots aeroportuna gəldik. Orada bizi yoxlayıb, birbaşa Şuşaya apardılar. Xeyli yol qət etdikdən sonra, biz qeyrət qalamız saydığımız Şuşaya çatdıq. Şəhərə yaxınlaşanda diqqətimizi ermənilərin yol kənarında dayanmış hansısa toy karvanı cəlb etdi. Bir az sonra biz orada əsaslı təmir edilmiş erməni kilsəsinə yaxınlaşanda həmin o əvvəlcədən hazırlanmış toy karvanı böyük bir izdihamla kilsəyə yaxınlaşdı və xüsusi hazırlanmış şəxslər orada özlərini, az qala, dünyanın ən xoşbəxt insanları kimi göstərməyə çalışdılar. Sonradan başa düşdük ki, bu, əvvəlcədən hazırlanıbmış və jurnalistlərin çəkəcəklərini bildikləri üçün qondarma bir ssenarinin elementlərindən biri imiş.

Daha sonra isə bizi Şuşa məscidinə apardılar. Hava çox aydın və günəşli idi. İndi deyəcəyim və diqqətinizə çatdıracağım mənzərə bu günə kimi bir anlığa da olsa, gözlərimin önündən getmir. Hər dəfə bu haqda kiməsə danışanda bədənimdən sanki elektrik cərəyanı keçir.

Deməli, bayaq qeyd etdiyim kimi, hava aydın və günəşli idi. Biz – Bakıdan gələn 14 nəfərlik heyət baxımsızlıqdan pis günə qalan, içərisinə hətta ev heyvanları saxlanan məsciddə erməni vandallarının hərəkətlərini müşahidə edirdik. Kimi bu kadrları kameraların yaddaşına, kimi də fotoaparatının arxivinə köçürürdü. Dəhşətli və hüznlü mənzərə var idi ətrafda. Şuşamızın ibadət evi – məscidi onu yadelli, işğalçılara buraxdığımız üçün sanki bizdən küskün kimi görünürdü.

Vaxt az olduğuna görə bizi səsləyən müşayiətçilərin sözlərindən sonra yavaş-yavaş məsciddən çıxmağa başladıq. Elə əsl möcüzə də o vaxt baş verdi. Bayaq qeyd etdiyim kimi, hava çox aydın və günəşli olduğu halda, biz avtobusa doğru irəliləmək istəyəndə sanki aləm bir birinə qarışdı. Hava dərhal dəyişdi və elə bir şiddətli yağış yağmağa başladı ki, bizi dəhşət bürüdü. Axı bu nə İlahi möcüzə idi?

O dəqiqə mən dostlara dedim ki, Şuşamız və onun müsəlmanlar üçün nəzərdə tutulan məscidi 14 nəfər müsəlmanın yenidən onu ziyarət etməsindən sonra göz yaşlarını saxlaya bilmədi. Tanrı da bu xoşbəxtliyə bir rəng qatdı, bir gözəlliklə dolu anlar yaşandı. Təsəvvür edin ki, biz avtobusda yerlərimizi tutub Xankəndinə doğru gedənədək yağış kəsmədi. Yalnız avtobus Şuşamızın ərazisindən uzaqlaşandan sonra sanki hər şey yenə öz yerinə qayıtdı.

Günəş çıxdı, hava tam aydınlaşdı. Bu məqam bu günədək yadımdan çıxmayıb. O anlar mənim özümün də çəkdiyim 15 saata yaxın çəkilişlərin yaddaşlarına anbaan köçürülüb.

O mənzərəni görən hər kəsdə qeyr-ixtiyarı belə bir sual yaranır ki, axı bu möcüzə necə baş verə bilərdi? Keçmiş SSRİ-nin çoxsaylı şəhərlərində təhsil almış, xidmət keçmiş bir insan kimi deyə bilərəm ki, bu yaşıma kimi şəxsən mən heç vaxt belə bir halla rastlaşmamışdım. Amma Sizə nəql etdiklərim mənimlə 2001-ci ildə Ermənistana və doğma torpaqlarımıza səfər etmiş dostlarımız tərəfindən də çox yaxşı xatırlanır.

Demək, bəlkə də, çoxlarının etiraf etmək istəmədikləri o İlahi möcüzə həyatda varmış. Yağı tapdağı altında qalmış doğma yurd yerimiz öz əsl sahibi və yiyələri olan şuşalılar və doğma Qarabağlılarımız üçün çox, lap çox darıxıb.

İkinci məqam isə bizim nümayəndə heyətimizdə olan jurnalist dostumuz, hazırda ANS TV-də çalışan Murad Hüseynovun o vaxt Ermənistanın müdafiə naziri, bu gün isə o ölkənin prezidenti olan Serj Sərkisyanla onların Müdafiə Nazirliyindəki görüşümüz zamanı çox gərgin mübahisəsi idi. Hətta iş o yerə çatmışdı ki, həyasız Serj bizim hamımızın gözləri qarşısında Muradı hədələməkdən belə çəkinmədi. Biz Bakıya qayıtmağa hazırlaşdığımız vaxt düşündük ki, bu cür əsəbi və gərgin vəziyyətdən sonra Ermənistanın cinayətkar rəhbərliyi təyyarəmizin sağ-salamat Bakıya dönməsinə icazə verməz. Amma çox şükürlər olsun ki, Tanrı bizi o zaman hifz elədi. Təyyarəmiz yalnız Yevlax ərazisində olandan – stüardessa artıq Azərbaycan hava məkanında olmağımızı bildirəndən sonra hamımız birdən oturduğumuz kreslolardan sıçrayaraq qışqırmağa, sevinc hisslərimizi bölüşməyə başladıq.

Ermənistana və işğal altında olan Şuşaya, Xankəndiyə, Laçına, həmçinin İrəvana səfərlərimiz zamanı o qədər xoş xatirələr yaşamışıq ki, onları sadalamağa başlasam, yəqin ki, buna nə səbriniz, nə də zamanınız yetər. Amma onu tam əminliklə deyə bilərəm ki, biz o doğma yerlərimizi tezliklə yağılardan təmizləməliyik ki, narahat şəhid ruhları rahatlıq tapsın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm