Kimsəsizlər, atılmışlar, imtina edilmişlər... Uşaq evindən REPORTAJ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Kimsəsizlər, atılmışlar, imtina edilmişlər... Uşaq evindən REPORTAJ - FOTOLAR

Bir uşaq təsəvvür edin, o, dil açandan ata sözünü heç vaxt deməyib. Çünki onun təsəvvüründə ata məfhumu yoxdur. O bilmir ata necə olur. "Ana" dediyi isə onu dünyaya gətirən qadın deyil. Amma onu ən azı doğma ana qədər əzizləyir, onun üçün gecələr yuxusuz qalır, dil açanda, ilk dəfə addım atanda, ilk dəfə yıxılanda, sevinəndə, hətta ilk dəfə xəstələnəndə də o qadın vardı yanında. Ona görə də, uşaq dünyaya gətirən yox, onun hər anında yanında olan qadındır ana. Belə olmasaydı, uşaq evləri uşaqlarla dolub-daşmazdı.

Belə olmasaydı, balaca Zeynəb, Əli, Nihad burada olmazdı. 1 saylı uşaq evinin qapısından içəri girəndə ilk ağlıma gələn bunlar oldu.

Hazırda 1 saylı uşaq evinin binası təmirdə olduğundan buradakı uşaqlar müvəqqəti olaraq yaxınlıqdakı binada yerləşdirilib.

İçəri girən kimi bizi başlarına gələnlərdən xəbərsiz balaca mələklərin səsləri qarşılayır. Bura uşaqlar 3 halda gətirilir. Polislər tərəfindən tapılmış, onlara təhvil verilmiş uşaqlar, doğum evində valideynlərinin imtina etdiyi uşaqlar və icra hakimiyyətinin sərəncamına əsasən gətirilən uşaqlar.

Hazırda uşaq evində 30 uşaq var, 10-u isə xəstəxanadadır. Xəstəxanada olanlar son 20 gün ərzində müəssisəyə gələnlərdir. Onların ikisinin valideyni həbsdədir, ikisi doğum evindən, birinin isə anası öldürüldüyü üçün bura gətirilib, qalanları küçədən tapılanlardır.

Uşaq evində dayələrlə yanaşı, tibb bacıları, həkimlər də var. Körpələr gündə 7 dəfə qidalanır, yaş artdıqca qida norması ona uyğun dəyişir. Uşaqlar 3 qrupa ayrılır: 8 aya qədər, 8 aydan 1,5 yaşa və 1,5 yaşdan 3 yaşa qədər. Bu qruplara fərqli dayələr baxır. Uşaqların istirahəti uşaq evinin həyətində olur. Orada müxtəlif yaş qruplarına aid uşaqlar üçün əyləncələr təşkil edilir.

Zibil yeşiyindən tapılan qız

Uşaq evinin direktoru Nəhayət Əliyeva deyir ki, bura gətirilən uşaqların 99%-i nikahdankənar doğulanlardır. Gətirilən uşaqlar əsasən, yeni doğulmuşlar, 3-4 günlük olanlardır, 2 yaşdan sonra uşaqlar ildə bir dəfə gətirilir.

“Uşaq evinin qarşısına, yaxınlıqdakı binaların girişinə, zibil yeşiyinə uşaq qoyanlar da az deyil. Bir dəfə əməkdaşlarımız təsadüf nəticəsində 4-5 saatdır doğulmuş uşağı zibil yeşiyindən tapmışdı. Zibil atarkən səs eşidib baxmışdılar. Uşaq ağzı bağlı sellofan torbanın içərisinə qoyulmuşdu. Təcili yardımın gəlməsini gözləmədən özümüz xəstəxanaya apardıq. Amma yaşamasına ümidimiz yox idi. Çünki qış idi, hava çox şaxtalı idi. Uşağı don vurmuşdu, qıpqırmızı idi. Amma sağaldı, ziyalı bir ailə onu övladlığa götürdü. Alın yazısı həqiqətən var, o qızın alın yazısı biz tapandan sonra yazıldı. Həmin andan sonra onun taleyi çox gözəl oldu. Indi hörmətli, ziyalı ailənin ən əzizidir.

Bir müddət əvvəl bir qadın 1.5 yaşlı uşaqla bura gəlmişdi. Uşaq tam yeriyir, danışırdı. O, ikinci dəfə ailə qururdu, ailə qurduğu kişi uşağı istəmirdi, ona görə də qadın uşaqdan imtina edirdi. Onunla uzun söhbət etdik, lakin fikrindən döndərə bilmədik. Altı ay sonra övladlığa verildi”.

Müsahibim deyir ki, belə anaların sonradan övladlarını geri tələb etmək hüququ yoxdur. Çünki onlar uşaqdan imtina edirlər. Uşaqdan imtina edəndən 3 gün sonra uşaq dövlətin himayəsinə keçir, 7 gün içərisində övladlığa təklif edilir. Bu günə kimi bura qoyduğu övladı üçün gələn valideyn olmayıb.

Doğum evindən və ya küçədən bura gətirilənlər isə nikahdankənar doğulan uşaqlardır. Müsahibim bu məsələdə günahı kişilərdə görür.

“Qızlara yaxınlaşıb aldadırlar. Bura uşaq gətirən anaların ortaq sözü bu olur ki, sevdiyi şəxs onu ailə quracağı ilə aldadıb, hamilə olduğunu biləndə atıb. Bu qadınlar əsasən, hamiləliyin 5 ayını ailələrinin yanında keçirir. Sonra müxtəlif bəhanə ilə ailədən uzaqlaşır, rəfiqələri ilə qaldığını deyir. Uşaq dünyaya gələn kimi ondan imtina edir”

Uşaqların ad və soyadları necə seçilir?

Atılmış uşaqlara ad və soyad uşaq evində verilir. İmtina edilmiş uşaqların adları bəlli olsa da, onlar analarının soyadını daşıyırlar. Valideynləri naməlum olan uşaqların ad və soyadlarının seçilməsi ilə bağlı danışan Nəhayət Əliyeva bildirdi ki, bu seçim xüsusi bir qayda əsasında aparılır.

“Uşaqların sayı barədə 3 ayda bir dəfə hesabat veririk. Bu zaman uşaqların bura necə düşdüyü barədə məlumatı qısa zamanda müəyyən etmək çətin olurdu. Bu problemi həll etmək üçün bir qayda olaraq atılmış uşaqlara mənim soyadıma uyğun olaraq “Əliyev”, “Əliyeva” soyadını veririk. Ata adı isə Əli olur. İmtina edilmişlər isə analarının soyadını daşıyır. Ad seçimi isə bizim istəyimizə görədir, uşaqlara sevdiyimiz adları veririk. Məsələn, növbəti dəfə qız uşağı gələndə sizin adınızı verəcəm. Ad verəndə çalışırıq ki, son üç ildə o adı başqa uşağa qoymamış olaq. Çünki bu uşaqların soyadı, atalarının adları eyni olur, adları da eyni olsa, sənədlərdə qarışıqlıq ola bilər. Adın insanın həyatında rolu çoxdur. Ad seçəndə bunu nəzərə alırıq”.

Uşaqların doğum günləri də həkimlər tərəfindən müəyyən edilir. Bu da uşaqların davranışı, hərəkətinə uyğun müəyyən edilir. Çünki hər bir hərəkətin tibbi uyğunluğu var.

Kimsəsizlər, atılmışlar, imtina edilmişlər...

Müsahibim uşaqlarla işləməyin böyük xoşbəxtlik olduğunu deyir. Lakin onları çox incidən bəzi məqamlar var.

“Burada uşaqlar 3 yaşa qədər qalır. Həmin dövr ərzində onları övladlığa götürən olanda çox sevinirik. Həmin ailə övlad qazandığına sevinən kimi, biz də övladımızın ailə tapmasına sevinirik. Çünki bilirik ki, onun ən azı isti yuvası olacaq. Təəssüf ki, bütün uşaqlara bu xoşbəxtlik nəsib olmur. Bütün kollektiv üçün ən çətin an uşaqların internata verilməsidir. Yuxusuz gecələr keçirdiyimiz, öz övladımızdan ayırmadığımız uşaqlardan ayrılmaq çox çətin olur. Sizdən bir saat əvvəl bir qızı internata göndərdik, hələ də, özümə gələ bilməmişəm. Elə bil ki, içimizdən bir parça ayrılır. Qızın anası psixi xəstədir, xəstəxanada müalicə alır, atası yoxdur, nikahdan kənar doğulub. Onu saxlayacaq heç kimi yoxdur. Düzdür, internatlarımız çox yaxşıdır, orada da ona ən azı bizim qədər yaxşı baxacaqlar. Amma həmin internatda 150 uşaq var. Rəhbərlik, müəllimlər nə qədər qayğı göstərsə də, 150 uşağın hər birinə valideyn kimi yanaşmaq mümkün deyil. Sonra maraqlanırıq ki, həmin uşaqlar bir neçə ay depressiyaya düşürlər”.

Daha sonra bu uşaqlar məktəbə başlayıb, orada da bir travma alırlar. Çünki bu uşaqların adının qarşısında “atılmış”, “kimsəsiz”, “imtina edilmiş”, “internat uşağı” kimi sözləri səslənir. Onları təqdim edərkən adlarının qarşısında ömür boyu bu sözlərdən istifadə edilir. Bu uşaqların adının qarşısında həmin sözlərin işlədilməməsinin yeganə yolu övladlığa götürülmədi.

Gözü, qaşı, saçı mənə oxşasın

N.Əliyeva ailələrin əsasən yeni doğulmuş uşaqları övladlıq götürmək istədiklərini deyir.

“Müraciət edənlər məhz körpə uşaq götürmək istəyir, onları qınaya bilmirəm. Çünki uşaq hər dəfə yeni mühitə düşəndə travma alır. Ona görə uşağın körpəlikdən götürülməsi daha yaxşı olur, bir az böyük olanda problemlər yaşanmasının şahidi olmuşuq. Ailələr uşaqların onlara oxşamasını istəyir. Əsas tələblər göz, saç rəngindəki uyğunluqdu, bəzən üzün müəyyən hissəsində xal olmasına diqqət edirlər. Uşaq böyüyəndən sonra onlara oxşamasa, övladlıq olduğunun aşkarlanacağından ehtiyat edirlər. Valideynlər elə düşünür ki, onlara bənzəsə uşağı daha çox sevib, doğma hiss edərlər. Valideynlər istəklərinə uyğun uşaq tapmayanda növbəti uşağın verilmə ehtimalı olanda yenidən müraciət edirlər. Bizdən fərqli olaraq, xarici ölkələrdə bu məsələyə çox da diqqət etmirlər. Həmçinin az hallarda övladı olanlar da uşaq götürür. Bu insanların sayı barmaqla sayılacaq qədər azdır”.

Müsahibim təəssüflə qeyd edir ki, ailələr bütün ümidləri kəsiləndən sonra övladlıq üçün müraciət edir. İllərlə yerli və xarici həkimlərə müraciət edib, bütün üsulları tətbiq edəndən sonra övlad sahibi ola bilməyənlər çarəsizlikdən övladlığa uşaq götürürlər. 45 yaşlı ata, anaya övladlıq verilə bilir. Amma o uşağın gələcəyi necə olacaq? Yaşlı valideyn həmin uşağa nə qədər xoş gələcək verə bilər?

Yalnız ailələr deyil, tək analar da övladlığa uşaq götürmək üçün müraciət edir. Onlar əsasən övladı olmadığına görə ayrılanlar, ailə qura bilməyən qızlardır ki, həyatda tək qalmaqdan qorxurlar.

Uşaqlar arasında hepatit xəstəliyi artıb

Amma körpə olsa belə, heç də bütün uşaqları övladlığa vermək olmur. Sənədlərində yaranan problemlər uşaqların ailəyə qovuşmasına mane olur. Müsahibim bu cür problemin əsasən bir valideyni xaricdə olan uşaqlarla bağlı yaşandığını deyir:

“İl ərzində ən azı 30-35 uşaq övladlığa veririk, əvvəllər bu rəqəm 60-65 olurdu. Bu azalmanın səbəbi uşaqların sayı ilə bağlı deyil. Əsas məsələ sənədlərin qaydasında olmamasıdır. Boşanmış ailələrdə ata xaricdə olur, ana övlada baxa bilmir, uşaq evinə verir. Lakin həmin uşağı övladlığa verə bilmirik. Çünki bunun üçün atanın da razılığını almaq lazımdır. Son 3-4 ildə anaların xaricə qaçması halları artıb. Atalar yoldaşlarının evdən qaçdığını, xaricə getdiyini və işlədiklərinə görə uşağa baxa bilməyəcəklərini əsas gətirib uşaqdan imtina edir”.

Müsahibim son illər gətirilən uşaqlarda hepatit C xəstəliyinin daha çox aşkarlandığını deyir.

“Uşaqlar bura daxil olan kimi müayinə edilir. Əksəriyyəti küçədən gəldiklərinə görə pnevmaniya olur. Son 2-3 ildə gətirilən uşaqlarda hepatit C daha çox aşkarlanır. Bu uşaqlar hepatit xəstəliyi olan anaların övladları olduğuna görə daşıyıcı olurlar. Həmçinin fiziki qüsurlu uşaqlardan imtina halları da olub. Ötən il 5 dovşandodaq, qurdağız uşaq olub, onların hamısı da dövlət dəstəyi ilə əməliyyat edilib. Hazırda sağlam uşaqlardır”.

27 ildir dayəlik edirəm

Nəhayət xanımla söhbətimizi bitirib uşaqların yanına keçirik. Yatmaq saatıdır. Amma uşaqların hamısı yatmağı sevmir. Biz otaqları gəzərkən bəziləri gözaltı bizi izləyir. Dayələr isə onların yanındadır. Üstlərini örtür, tərləyənlərin paltarını dəyişirlər. Yaşca ən balacaların qaldığı otaq isə səs-küylüdür. Burada kimi yemək yeyir, kimi də beşiyində oynayır. Heç yatmaq fikirləri də yoxdur. Bizi görən kimi səslənir, gülürlər. Otaqları gəzdikcə "bir-birindən gözəl bu uşaqları necə atmaq olar" deyə düşünürəm.

27 ildir burada dayəlik edən Sima Dadaşova uşaqları yatızdırarkən bizimlə ayaqüstü söhbət edir. O, uşaqlarla işləməyin çox maraqlı olduğunu deyir.

“Övladlarım, nəvələrim var, bu uşaqları da onlardan ayırmıram. Bəlkə də, kimsə inanmaz bu dediklərimə, amma bu, həqiqətdir. İstər doğma olsun, istərsə də yad, fərq qoymaq düzgün deyil. Çünki onların bizə ehtiyacı var, onlarla başqa cür davrana bilmərik. Hər uşağın öz psixologiyası var. Bu balaca Nihad qrupun həm hərəkətli, həm də ən şən uşağıdır, o balaca Zeynəbin gözlərinə baxın, necə də gözəl gülür. Uşaqların ilk gülüşünü, ilk sözlərini biz eşidirik. Onların hamısı bizim övladımızdır”.

Bu zaman gözləri dolur. Danışa bilmir. Biz orada olduğumuz müddətdə dayələrin uşaqlara necə qayğı ilə yanaşmalarının şahidi olduq. Əslində, bu balaca mələklərə başqa cür davranmaq da mümkün deyil. Axı onların nə günahı var?

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm