Ədliyyə nazirinin müavini parlamentdə hesabat verdi
Bizi izləyin

Qırmızı.az

Ədliyyə nazirinin müavini parlamentdə hesabat verdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi ilə bağlı çıxış edib.

Publika.az-ın məlumatına görə, nazir müavini deyib ki, 2014-cü ildə inzibati nəzarət qaydasında baxılması üçün icraata 66 694 bələdiyyə aktı daxil olub. Onun sözlərinə görə bu, 2013-cü illə müqayisədə 11,4 faiz çox olub.

Vilayət Zahirov bildirib ki, daxil olan bələdiyyə aktlarının hər birinin ekspertizası aparılıb və nəticədə 62 908 akt qanunvericiliyə uyğun hesab edilib, 3 552 aktın dəyişdirilməsi yaxud da ləğv edilməsi üçün onları qəbul edən bələdiyyələrə təkliflər verilib:

“Verilən təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1709 akt ləğv edilib, 544 akt dəyişdirilib, 473 akt üzrə təsdiqedici sənədlər təqdim edilib, digərləri isə baxılmaqdadır. Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 11 iddia qaldırılıb. Verilən təkliflərin bələdiyyələr tərəfindən qanuna müvafiq icra edilməsi nəticəsində belə iddiaların sayı son illər ərzində xeyli azalıb. Bələdiyyə tərəfindən torpaq sahələrinin qanunsuz mülkiyyətə və icarəyə verilməsi ilə bağlı qəbul edilən qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilib. Bütövlükdə 4022 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. Onlardan 1502 ha kənd təsərrüfatı təyinatlı torpaqlar olub. eyni zamanda bələdiyyələrə 3998 tövsiyə göndərilib. Bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə inzibati xətalar məcəlləsinə uyğun olaraq 445 protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilib. Onlardan 96-sı təkrar inzibati xəta üzrə tərtib edilib. Müvafiq protokollar əsasında 381 nəfər bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 64 protokol üzrə müraciət isə baxılmaqdadır”.

Nazir müavini onu da qeyd edib ki, ötən illərlə müqayisədə inzibati məsuliyyətə cəlb edilən bələdiyyə sədrlərinin sayı xeyli azalıb.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa isə qeyd edib ki, bələdiyyələrin statusu aşağıdır və onların yerli idarə orqanına çevrilməsi üfüqdə görünmür: “Bakıda böyük şəhər bələdiyyəsinin olmaması, maliyyə resursu problemi ciddi olaraq qalır. Bugünkü, məruzə fərqli və yeni formatda təqdim edilir. Fikrimcə, bu müsbət haldır. Ancaq bir sıra məsələlər var ki, bəzi təkliflərin nəzərə alınması vacibdir. Azərbaycanda Elektron Hökumət layihəsi tətbiq edilir. Ancaq əksər bələdiyyələrin internet resursu yoxdur. Fikrimcə, bələdiyyələrin elektron saytının yaradılması vacibdir. Hesab edirəm ki, nazirliyin bələdiyyələrlə iş üzrə strukturu bu məsələyə diqqət etməlidir. Bildiyiniz kimi bələdiyyə seçkiləri keçirildi və bizdə bu prosesdə iştirak etdik. Ancaq bələdiyyələrin komissiyası formalaşanda YAP-dan və bitərəflərdən olan sədr seçilir, digər partiyalar bu prosesdən kənarda qalır. Nədir ki, orada 3-4 nəfər maaş alacaq. Niyə əmək haqqı alan ancaq icra başçısına yaxın olmalıdır. Digər partiyalarda burada iştirak etsin, əmək haqqı alsın. Biz demokratik cəmiyyət qururuqsa, bu prosesləri həyata keçirməliyik. Məncə, bu məsələni diqqətə almaq lazımdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm