Rozanın itən analıq hissi və ya 40 günlük körpənin ahı – ŞOK OLAY
Bizi izləyin

Qırmızı.az

Rozanın itən analıq hissi və ya 40 günlük körpənin ahı – ŞOK OLAY

Yeni doğulub, qırx günü xəstəxanada tamam olub. Ona nə adqoydu, nə də qırxçıxdı mərasimi keçirilib. Heç bir dəfə də olsun ana südü içməyib, ana qucağı görməyib. Onun üçün ən isti yer binaların bloklarıdır. Hər gün bir binanın girişində gecələyib.

Onu heç kim istəmir. Nə doğulduğu gündən onu bina bloklarına atıb, əxlaqsızlıqla məşğul olan, içki düşkünü anası, nə də varlığından xəbərsiz olan atası. Ancaq xalası arada onunla maraqlanır. Onun da əsas məqsədi bəlli deyil.

Normal qidalanmadığına və saatlarla qışın soyuğunda bina girişlərində qaldığına görə xəstədir. İndi 2 saylı Q.Qarayev adına uşaq xəstəxanasındadır.

Anası Roza və xalası Maya yüngül həyat tərzi keçirir. Hər gün “iş”ə gedəndə bu balaca qızcığazı yolüstündə bir binanın girişinə qoyub gediblər. Gələndə halları özlərində olubsa, götürüblər, əks halda, saatlarla orada qalıb.

Roza heç vaxt rəsmi nikahda olmayıb. Lakin bundan 4-5 il əvvəl bir oğlu olub. Həmin uşağı da atası ondan alıb. Bir müddət həftədə bir dəfə görsə də, sonradan tamam əlaqəsi kəsilib. Oğlundan xəbərsiz olan Roza ikinci dəfə təsadüfi cinsi əlaqədə olduğu birindən hamilə qalıb. Uşaq dünyaya gələndən onu bloklara qoyub “işləməyə” gedib.

Psixi durumu özündə olmayan anası və xalası bu uşaqdan istifadə məqsədi ilə müxtəlif yerlərə müraciət etməyə başlayıb.

Həmin yerlərdən biri də Azərbaycan Uşaq Birliyi olub. Birliyin sədri Kəmalə Ağazadə Publika.az-a uşağın bundan sonra normal yaşaması üçün danışıqlar apardıqlarını dedi.

“Uşaq Sumqayıtdakı xəstəxanalardan birində dünyaya gəlib. Uşağa ancaq doğum haqqında arayış veriblər. Nə ananın, nə də uşağın sənədi yoxdur. Onların daimi yaşayış yeri də yoxdur, harada gəldi qalırlar. Bir müddət əvvəl bu qadının sığınacaq istəməsi ilə bağlı bizə müraciət edilmişdi. Lakin onların psixoloji durumları elədir ki, buradakı azyaşlı uşaqlarla bir yerdə saxlaya bilmərik.

Hər ikisində psixi pozuntu var. Anasının hərəkətlərindən onların anlaqlı vəziyyətdə olmadığı görünür. Əlbəttə, bunu psixiatr müəyyən etməlidir. Lakin biz onu məcbur edib həkimə apara bilmərik. Qadın nə uşaqdan imtina edir, nə də ona baxır. Dövlətdən kömək almaq məqsədilə uşaqdan imtina etmir”.

Uşaq təxminən 20 gündür 2 saylı Q.Qarayev adına xəstəxananın infeksion şöbəsinə yerləşdirilib. Ana içki düşkünü olduğuna görə, onda müxtəlif problemlər, qanazlığı var. Hazırda həkimlər vəziyyətini normal hesab edirlər.

K.Ağazadə bu işi mərhələli şəkildə həll etməyə çalışdıqlarını dedi.

“Əvvəlcə uşağı körpələr evinə yerləşdirib, sonra da ananın sənədlərini düzəltməyə çalışacağıq. Nəsimi Rayon İcra hakimiyyətindən uşağın 1 saylı körpələr evinə yerləşdirilməsinə söz versələr də, sonra bunun mümkün olmadığını dedilər. İcra Hakimiyyəti yanında qəyyumluq komissiyaları bu məsələ ilə bağlı ətraflı iş aparmalıdır. Lakin komissiyalar qarşısında belə bir tələb irəli sürə bilmirik. Çünki onların həm ştat sayı azdır, həm də bəziləri ictimai əsaslarla işləyir. Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Uşağı xəstəxanadan çıxarıb, körpələr evinə yerləşdirəcəyik. Uşaq 3 yaşa qədər körpələr evində qalacaq. Ondan sonra ana uşağını götürə bilər, lakin yenidən uşağı götürəcəyinə inanmıram. Uşaq onsuz da ona mane olur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm