Pakistan padşahının qızının gəlin gəldiyi Bakı kəndindən FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Pakistan padşahının qızının gəlin gəldiyi Bakı kəndindən FOTOREPORTAJ

Bu kənd qoçu, lotu, pəhləvan oğlanları ilə tanınır. Bu kənddə hamı bir-birini tanıyır. Bu kəndin qadınları qədər kişiləri də türkəçarələrə inanır. Bu kəndin sakinləri çox zarafatcıl, qonaqpərvərdir. Bu kənddə hər küçədə qara çadralı qadınlar görə bilərsiniz. Bu kənddə qızların oxumasına maraq azdır.

Bu kənd Bakının ən böyük yaşayış məskənlərindən olan Maştağadır. Ömründə bir dəfə də olsun Maştağada olan biri elə girişdəcə dediyimiz sözləri təsdiqləyə bilər.

Kəndin adı və tarixi haqqında isə müxtəlif fikirlər var. Görkəmli Azərbaycan tarixçisi A.Bakıxanov “Gülüstani-İrəm“ əsərində Maştağa toponiminin eramızdan əvvəl V-VI əsrlərdə yaşamış “massaget“ türk tayfalarının adından götürüldüyü fikrini irəli sürüb. Digər mənbələrdə isə Maştağa “məşq meydanı, “məşq edilən yer“ mənasını verən “Məşəqqətum“ sözündən yaranması fikri də ehtimal edilir.

Publika.az Bakının qədim yaşayış məskənlərindən olan Maştağadan reportajı təqdim edir.

Maştağadan reportaj hazırlamaq tapşırılanda, düzü, heç ürəyimcə olmadı. Axı Maştağa yaranandan buradan yüzlərlə reportaj hazırlanıb. Tarix eyni, abidələr eyni. “Axı yeni nə tapmaq olar burdan?"- deyə düşündüm. Bütün yolboyu bu düşüncə ilə gedib Maştağaya çatdıq. Amma eşitdiklərimiz, gördüklərimiz bizi fikirlərimizə peşman etdi. Xeyli yeni məlumatlarla geri döndük. Yazı boyunca öyrəndiklərimizi bir-bir sizinlə də bölüşəcəyik.

107 nömrəli avtobusda sürücünün siqaret çəkməyini nəzərə almasaq, kəndə çatmaq elə də çətin olmadı. “Koroğlu” metrostansiyasından ora bir neçə avtobus işləyir. Kəndə aparan yollar Bakının mərkəzi yollarından belə səliqəli idi. Amma kəndi gəzdikcə, yollar barədə təəssüratımız 180 dərəcə dəyişdi.

Xarici qəzetlərin satıldığı bazar

Maştağa bizi boz üzü ilə qarşıladı. Hava tutqun və çox soyuq idi. Maştağaya səfərimiz bazardan başladı. Bazarda nə istəsən tapmaq olardı. Düzdür, alıcıların sayı çox olmasa da, satıcılar narazı deyil. “Bu günə də şükür" deyib, dolanırlar. Səhər saatlarında təzə mal almaq üçün kənd sakinləri torbalarını götürüb bazara gəlirdilər. Bazarda kiçik ekskursiya edib çıxırdıq ki, malların arasında bükülmüş qəzetlər diqqətimizi çəkdi. Oxlovun, kislatanın, xlorun yanında qəzet satılması nə qədər qəribə olsa da, əcnəbi qəzetlərin satılması daha çox maraq doğurdu. Səbəbini Rafiq adlı satıcıdan öyrənirik.

“Lazımsız qəzetləri toplayıb, bir manata satırıq. Camaat alır, göy-göyərti bükür, evdə başqa işlərdə istifadə edirlər. Qəzetləri dost-tanış gətirir, amma xarici qəzetləri hardan alırlar bilmirəm. Mənim işim satmaqdır, tanışlar da sağ olsun, əllərində olan qəzetləri gətirirlər”.

Beləliklə, kənd sakinlərinin pul qazanmaq üçün heç bir fürsəti əldən vermədiyini öyrənmiş oluruq.

Qəbiristanlıqdakı sirr

Maştağada kəndi 3 əsas məhəllədən - Seyidlər, Xonxar və Keçəllərdən (Keçənlər) ibarətdir.

Seyidlər məhəlləsi adından da göründüyü kimi, burada əsasən seyidlər yaşayır. Xonxar məhəlləsinin adı cavanlarının dava-dalaşı sevməsinə görə verilib. "Keçəllər" sözü isə zamanla Keçənlər adının dəyişlikliyə məruz qalmış formasıdır. Məhəllənin adı əslində Keçənlər olub ki, bu da onun Maştağanın girişində olması ilə əlaqədardır. Bakının digər kəndlərinə gedənlər bir vaxtlar əsasən bu məhəllədən keçərmişlər.

Hər məhəllənin öz məscidi, öz qəbiristanlığı var. Elə bizim də yolumuz məhəllənin adına uyğun Keçənlərdən keçdi. Yolüstü “Keçənlər” qəbristanlığına baş çəkirik. Burada lotu, qoçularla yanaşı, seyid qəbirlərinə də rast gəlmək olar. Qəbiristanlığın yaşını isə dəqiq bilən yoxdur. Kəndin tarixi haqqında yazılanda belə buranın tarixini müəyyən edə bilməyiblər. 7 yaşından qəbir qazmaqla məşğul olan Həmid Tağıoğlu tez-tez qədim daşlara rast gəldiyini deyir. Sonuncu dəfə tapdığı daşın yaşı bir əsr yarımdan çoxdur. Həmin daşları toplayıb qəbiristanlıqdakı tikilidə saxlayır.

Qəbiristanlığı gəzərkən buradakı səliqə-səhman diqqətimizi çəkir. Paytaxtın mərkəzindəki qəbiristanlıqlar belə bu qədər təmiz olmur. Demək olar ki, ətrafda zibil yoxdur.

- Elə bil bizim gələcəyimizi bilib təmizlik işləri görmüşünüz?

- (gülür) Şəhərdəkilərə baxmayın. Orada camaat bayramdan-bayrama qəbir üstünə gedir. Bura kənddi, tez-tez gəlib yaxınlarının qəbrini ziyarət edirlər. Heç kim istəməz ki, ölüsünün qəbrinin üstü zibilli olsun. Camaat nə deyər.

Həmid səliqəliliyin səbəbini bu cür əsaslandırır. Qəbiristanlıq iki hissədən ibarətdir. Burada qədim qəbirlərə rast gəlmək olur. Amma burada qəbirdaşları dəbdəbədən çox uzaqdır, mərmər başdaşlarına isə az hallarda rast gəldik. Qəbirdaşlarının üzərində diqqətimizi çəkən məqamlardan biri əksəriyyətində soyadların yazılmamasıdır. Bələdçimiz bunun Maştağada bir adət olduğunu deyir.

“Atam mənim kökümdür. Soyadım da onun adı olmalıdır. Ona görə də qəbirdaşı üzərində ad və ata adı yazılır. O, bizim soyadımızdır”.

Söhbət edə-edə qəbiristanlıqdakı türbəyə çatırıq. Üç əsr əvvəl yaşamış Seyid ağanın qəbri də ziyarətgaha çevrilib. İnsanlar arzularına çatmaq üçün qəbri ziyarət edir, qəbrin üstündə bir şam yandırır, ya da nəzir edirlər. Qəbirin üzərindəki abidə Sovet dövründə tikilib və tikintisi heç də asan olmayıb. Bu qəbir üzərindəki abidəni tikən ustanı 3 gün həbs ediblər. Sonra kənd ağsaqqalları işə qarışandan sonra azad edilib. 1800-cü illərə aid qəbir hazırda ziyarətgaha çevrilib.

Kənd salınandan kanalizasiya yoxdur

Kəndlə tanışlıqda bizə qəbirqazan Həmid bələdçilik edir. Həmidin bələdçilik etməsi işimizi asanlaşdırır. Yol boyunca qarşılaşdığımız sakinlərlə də söhbət etmək imkanımız olur. Kəndə aparan əsas yollar asfalt olsa da, ara yolları palçıqdan keçmək müşkülə çevrilir. Bir gün yağış yağanda günlərlə su çəkilmir. Kənddə kanalizasiya sisteminin olmaması işləri bir az da qəlizləşdirir.

Belə ki, kənd sakinləri Maştağa salınandan həyətlərində anbar qazıb çirkli suları ora axıdırlar. Həmin anbar dolanda xüsusi maşınlarla daşınıb Savalana, ya da gölə tökülür. Açıq havaya tökülən çirkli suların xəstəlik mənbəyi olması acı reallıqdır. Bütün bunların fonunda kənd sakinləri kanalizasiyanın olmamasına o qədər öyrənib ki, nə vaxtsa elə bir sistemin qurulmasına ümidləri belə yoxdur.

Yolların bərbad vəziyyətdə olması məktəbyaşlı uşaqların işini bir az da çətinləşdirir. Onlara alınan yeni ayaqqabıların ömrü çox da uzun olmur.

Küçənin solunda su var, sağında yox

Amma tək problem yollar, kanalizasiya deyil. Kənd sakinlərinin şirin su ehtiyacı da hələ də qalmaqdadır. Sakinlər deyir ki, qazın, elektrik enerjisinin kəsilməsi halları azalıb. Əvvəllər kəndin işığı hər gün kəsilirmiş.

“Hər gün işıqlarımız kəsilirdi. Axşam işdən gəlirdim ki, uşaqlar qaranlıqda oturub. İşıqçı Mais var idi, onu çağırırdım, gəlib düzəldirdi. Mən olmayanda qonşular evdəkilərə kömək edirdi. Bir-iki il olar transformator qoydular. İndi işıqlarımız yaxşıdır. Qaz da sayğaca qoşulub. Amma onu qoşanda üstündə 500 manat borc yazmışdılar. Elə bir adam olmaz ki, quraşdırılanda sayğacın üstündə borc olmasın. İndi də nə ödəyirik, ona da qaz verirlər”- deyə bələdçimiz Həmid vəziyyətin yaxşı olmadığını deyir.

Kənd sakini İlyas Quliyev də üzləşdikləri problemlərdən danışdı:

“Amma şükür edirik ki, son illər kəndin qaz, işıq problemləri həll olunub. Kim pulunu ödəyir, o da istifadə edir. Amma o sayğacı doldurmaq asan deyil. İndi camaat əvvəlki kimi “parnik”lə məşğul olmur. Ustalıq, fəhləlik edirik. O biri məhəllələrdə yol problemi var. Maştağanın ən yaxşı məhəlləsi Seyidlərdir. Bura ziyarət çox olduğuna görə, yola asfalt çəkiblər. Amma onu da yarımçıq qoydular, çalaları özümüz doldurduq. Əvvəl xəstəxanamız, bağçamız pis gündə idi, son vaxtlar onları düzəldiblər”.

Bu zaman yanımıza gələn Əli Bayramov deyir ki, kəndin 1/3 hissəsində su var, qalan hissə isə suyu alır. Bir ton yarım suyun qiyməti 20 manatdır. Bu su 20 gün üçün yetərli olur.

Axund Mirzə Əbdülkərim küçəsinin sağ tərəfində su yoxdur. Ötən yayda bəzi küçələrə şirin su çəkilsə də, amma su boruları birləşdirilməyib, üzərinə asfalt çəkilib. Boruların birləşdirilməsi üçün asfalt sökülməlidir. Amma nə yolu sökürlər, nə də su borularını birləşdirməyin başqa yolu var. Ona görə də, küçənin sol tərəfində yaşayanların suyu gəlir, sağdakıların isə yox. Sabir və Seyidibadağa küçələrinin sakinləri də suya həsrət qalıb.

“Parnik” dövrü başa çatıb

Qaz xətlərinin sayğaca qoşulması sakinləri əzəli məşğuliyyətindən də məhrum edib. Belə ki, bir vaxtlar əsas gəliri istixanalarda becərdikləri məhsulları Rusiyaya satmaqdan çıxan sakinlər indi işsiz qalıb. Çünki becvərdikləri məhsuldan əldə etdikləri gəlir ancaq sayğacın pulunu ödəyir.

Məsələn, bir vaxtlar kənd sakinlərinin əsas qazancı qərənfildən çıxırdı. Sovet dövründə biri 1manat 50 qəpik idi. İndi o qiymətə sata bilmirlər. Tərəvəz məhsullarını isə əsasən yaz aylarında əkirlər. Onun üçün də əlavə istiliyə ehtiyac olmur.

Sakinlər heç göyərti əkməyin də sərfəli olmadığını deyir. Çünki Bakı göyərtisi baha satılır. Rayonlardan gətirilənlər isə ucuzdur. İndi sakinlər əsasən heyvandarlıq, əkinçiliklə məşğul olur, ya da fəhləlik edirlər.

6 aylıq Pəhləvan Əbdüləli

Kəndi gəzərkən Həmidin qonşusu Molla Cavidlə qarşılaşırıq. Mollalıqdan əlavə, təsərrüfatla məşğul olur. Həmid Molla Cavidin kəndin tanınmış şəxslərindən məlumatı olduğunu deyir. Söhbətimizi Həmidin evində davam etdiririk. Molla Cavid əvvəlcə bizə Maştağa sakinlərinin qolunun qüvvəsindən danışır.

O, maştağalı “6 aylıq” ləqəbli pəhləvan Əbdüləlinin 16 yaşında İran pəhləvanını məğlub etməsinin sirrini açır.

“Əbdüləli yaşına baxmayaraq, çox cüssəli biri olub. Amma İran pəhləvanı ondan daha yaşlı olduğuna görə saymazcasına “daha yaxşı pəhləvan tapa bilmədiniz, bu 6 aylıq uşağı mənim yanıma gətirmisiniz?” deyir. Çox keçmir ki, Əbdüləli İran pəhləvanının kürəyini yerə vurur. Rəqib yaşca ondan balaca olan birindən bu gücün səbəbini soruşanda Əbdüləli ilin altı ayında əncir, altı ayında da isə əncir qurusu yediyini deyir. Bundan sonra da onun ləqəbi “6 aylıq” olur”.

“Sehrli xalat” filmindəki yeraltı yol da Maştağada çəkilib. Xan bu yolla şəhərin bir ucundan o birinə gedib. Həmin yolla Maştağadan Bilgəh yoluna, Nardarana, Qalaya çıxmaq olur. İndi həmin yolu bağlayıblar”.

Padşah qızını gəlin gətirdi

Maştağa ancaq pəhləvanları ilə məşhur deyil. Yedikləri əncirlər qolları kimi zehinlərini də qüvvətli edib. Maştağada 17 dini ruhani alim olub. Onların 12-nin adı məlumdur, qalanları repressiya qurbanlarıdır. XX əsrdə yaşamış Şeyx Mir Əbdülqəni ağa həm ruhani, həm də həkim olub. Nəcəfdə oxuyub, xəstələri əsasən türkəçarə ilə müalicə edib. O həm də bu cür müalicə edənlərin sonuncu nümayəndəsidir. Repressiya dövründə həmin kitablar yandırıldığından, indi kənddə bu cür müalicə edən yoxdur. Əbdülqəni ağa Nəcəfdə təhsil alanda Pakistan padşahının qızının xəstə olması xəbəri yayılır. Bu zaman müxtəlif yerlərdən onun müalicəsi üçün təbiblər gəlir. Əbdülqəni ağa da bu məqsədlə Pakistana gedir. O, adamın nəbzini tutmaqla dərdinin nə olduğunu bilərmiş. Müayinə edən kimi padşah qızının sətəlcəm olduğunu deyir. Ona lazım olan bitkiləri gətirirlər, qısa zamanda qızı sağaldır. Padşah da qızı kim sağaltsa, ona da ərə verəcəyinə söz veribmiş. Sözünü tutur, qızını Əbdülqəniyə verir. Əbdülqəni Nəcəfdə təhsilini başa vurandan sonra qızı da götürüb Maştağaya gəlir. Onun padşah qızından bir oğlu, iki qızı olur. Onlar sonradan bir daha Pakistana getməyiblər. Əbdülqəni ağa Maştağanın seçilən şəxslərindən olub, Cümə məscidini o tikdirib.

Qız uşağının oxumağının nə mənası var?

Maştağa kəndinin 6 böyük məscidi var, hər məhəllənin də öz məscidi var. Məscidlərin sayının bu qədər çox olması insanların dinə marağı ilə əlaqədardır. Ona görə də indi də kənd uşaqlarının əksəriyyəti dərsdən sonra məscidə gedir. Ərəbcəni, Quran oxumağı öyrənir. Elə bələdçimiz Həmidin böyük oğlu Hikməti qavrama qabiliyyəti zəif olduğuna görə sinifdə saxlayıblar. O da oğlunu 4-cü sinifdə məktəbdən çıxarıb, indi uşaq Quran oxumağı öyrənir. Həmid oğlunun ərəbcəni pis öyrənmədiyini, axundların razı qaldığını deyir.

“Müəllimdə gərək səbir olsun. Uşağın biri yaxşı oxumayanda səbr edib, öyrətməlidir. İndi müəllimlər elə deyil”. Uşaqların məscidə getmələrini kənddəki bütün valideynlər dəstəkləyir. Onların fikrincə, gələcəkdə yaxınları üçün Quran oxumaq lazım gələndə başqalarına ehtiyacları olmayacaq .

Oğullarının həm dünyəvi, həm də dini təhsil almalarına şərait yaradan sakinlər qızlarını oxutdurmaqda çox da maraqlı deyil. Bələdçimiz hesab edir ki, qızın 3-cü sinfə qədər oxuması kifayətdir.

“Qız uşağının oxumağının nə mənası var? Məktəb bizim dövrümüzdəki kimi deyil. Açıq demək istəmirəm. Yazmağı, oxumağı bildi, bəsidir. Sonra da evdə anasına kömək edir. 16 yaşında isə ailə qurur. Yaşı tamam olanda rəsmi kəbin olur”.

Bələdçimiz deyir ki, dolanışığı qəbir qazmaqdan çıxır. Qəbri üç nəfər qazır və verilən pul bölünür. Bu işin haqqı 20-30 manatdır. Təqaüdü və qəbir qazmaqdan qazandığı pulla 4 uşaq saxlayır.

Cuhud Mürsəlin sonu

Kəndi gəzəndə evlərin üzərində yazılmış rəqəmlər diqqətimizi çəkir. Bu evlərin əksəriyyətində indi yaşayan yoxdur. Üzərində tarix yazılan ikimərtəbəli evlər əsasən kəndin varlı sakinlərinin olub. Bir vaxtlar Maştağada ikimərtəbəli evlərə rast gəlmək olmazdı. Tək-tük belə ev olardı ki, onlardan biri də bir əsrdən çox yaşı olan Cuhud Mürsəlin evidir. Bu evin üzərində yazılan rəqəmə inansaq, 1909-cu ildə tikilib. Mürsəl əslən maştağalı olub, ona cuhud deyilməsinin səbəbi pulunun çox olmasıdır. Mürsəl öləndən sonra isə uşaqları bu evdən köçüb, ev boş qalıb. İndi də heç kim yaşamır.

Kənddə gəlmələr də az deyil. Onlar müxtəlif dövrlərdə bölgələrdən gəlib məskunlaşanlardır. Sakinlər gəlmələrin onlarla qaynayıb-qarışdığını desələr də, fərqlərin də az olmadığını vurğulayırlar.

Maştağaya İrandan gələnlər daha çox olub. Onlara həmşəri deyərdilər. Hətta Maştağa sakinlərinin əksəriyyətini məhz gəlmələrin təşkil etdiyi deyilir. Kənd sakini Hacı Ağaseyid bu fikirlə razılaşmasa da, İrandan gələnlərin olmasını istisna etmir. Bir vaxtlar İrandan Yusuf adlı biri anası ilə qaçıb bura gəlib. Bir varlının həyətində çobanlıq edib. Bir gün ev sahibi xəbər tutub ki, qoyunların yarısı çobanındır. Var-dövlətin əlindən çıxmaması üçün qızını ona verib.

Əcnəbilərin gəlib burada məskən salmasında kənd sakinlərinin istiqanlı olmasının rolu böyükdür. Küçədə qarşılaşdığımız insanlar bizi illərdir tanıyırmış kimi evlərinə dəvət edirdilər, canla-başla suallarımızı cavablandırırdılar. Bakıdan yarım saatlıq məsafədə yerləşən Maştağa kəndinin sakinləri ilə mərkəzdəkilər arasında fərq açıq-aşkar hiss olunurdu. Maştağa kəndində bir neçə saatlıq səfərimiz gülərüz, dinə bağlı, bir o qədər də zarafatı sevən, qonaqpərvər insanları ilə yaddaşımda qalacaq.

Gülxar Şərif

Fotolar Elçin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm