Altay Göyüşovun min möhtəşəm yalanı
Bizi izləyin

Qırmızı.az

Altay Göyüşovun min möhtəşəm yalanı

İgidlikdən köləliyə doğru kəsə yolla..

Bir Azərbaycan nağıl-pritçasında deyilir ki, elin özünü igid sayan oğulları suyun qabağını kəsib qarşılığında sərvət və gənc qız istəyən çoxbaşlı əjdahanı öldürmək üçün tək-tək, bəzən də birlikdə döyüşə gedərmişlər.

Amma hər dəfə əjdaha qalib çıxar, igidlər geri dönməzmiş. Nəhayət, günün birində bu müəmmanı çözən tapılır. Bəlli olur ki, əjdahaya qalib gəlib onun xəzinəsini tapanlar da olurmuş. Amma tamah güc gəldiyindən əl atıb xəzinədən nəsə götürən kimi dünənki qəhrəman ya əjdahanın yeni başına, ya da əjdaha başlarından birinin müti quluna çevrilir.

Təəssüf ki, 80-90-cı illərdə azadlıq hərəkatı dalğasında ortaya çıxan, özlərini müstəmləkəçiliyin, imperializimin düşmənləri elan etmiş yeni nəsil siyasətçilərin, ictimai xadimlərin, hətta elm adamlarının çoxunun qəhrəmanlığı beləcə bitdi. Əlləri neoimperializm adlı əjdahanın xəzinəsindəki cah-cəlala - qrantlara, lektor, araşdırmaçı, ekspert, jurnalist və s. ştatların yüksək məvaciblərinə toxunan kimi dönüb oldular əjdahanın müti qulları: imperializmin çılğın təbliğatçıları, öz ölkəsinin sərvətini, müstəqilliyini, müqəddəratını “əjdaha”ya peşkəş etməyə müntəzir olan manqurtlar. Əmr alanda milyonlarla dindaşımızın qətliamı ilə müşayiət olunan “Yeni Yaxın Şərq” avantürasına haqq qazandırmaq, hətta Qarabağın işğalını legitimləşdirməyi qarşısına məqsəd qoymuş layihələrdə passiv, bir çox hallarda aktiv iştirak - budur onların əsas fəaliyyət sferası.

Belə ümumi təqdimatdan sonra mövzunu fərdiləşdirib bir “qəhrəman”ın - sosial şəbəkələrin “parlaq ulduzu”, internet mənbələrində özünü qafqazşünas, islamşünas, türkoloq, arxeoloq, politoloq kimi təqdim edən Altay Göyüşovun üzərində dayanmaq istəyirik.

“Bu Amerika və Fransa həyatı onun dəyərlərini, inancını da zədələyib”

Rəsmi avtobioqrafiyalardan göründüyü qədər A. Göyüşov tanınmış arxeoloq, alban xristianlığının tədqiqatçısı Rəşid Göyüşovun oğludur. Bir müddət muzey işçisi, bir müddət BDU-nun müəllimi olub. Həm tarixçi, həm də din sahəsində araşdırmaları ilə atasının yolunu davam etdirməyə çalışıb. Siyasətlə məşğul olsa da, daha çox mötədil mövqeyi ilə seçilib, islamşünaslığı isə bəzən islam təəssübkeşliyinə keçib.

Amma günün birində Göyüşovun radikal liberalizmə, ifrat qərbçiliyə, daha doğrusu, amerikanpərəstliyə yuvarlandığını görürük. Bu ifrat qərbçi baxışlar bəzən nihilist və islamofob çalarlar belə alır.

Bəs bu kafkasayağı çevrilmənin səbəbi nədir? Hər şey ondan başladı ki, A.Göyüşov Milli Şura adlı qurumun sədri olan Cəmil Həsənlinin dəstəyi ilə ABŞ universitetlərinin birində elmi ezamiyyətdə oldu. Bu ezamiyyət müqaviləli əməkdaşlıqla əvəzləndi. Və gənc vətənpərvər kimi görünən pedaqoq çevrilib amerikanpərəst kosmolit oldu. Bu metamarfozanı da ilk sezən öz yaxın dost-aşnası, yaxın çevrəsi idi.

Hələ 2012-ci ildə ondakı bu dəyişikliyi görən sabiq dostu və firqədaşı Telman Nüsrətoğlu yazırdı: “Bu adam firənglərlə, amerikanlarla içli-dışlı olduqdan sonra son zamanlar müsəlmanlara, İslama sataşmaqda davam edir. Bu Amerika və Fransa həyatı, çox təəssüf ki, onun dəyərlərini, inancını da zədələyib”.

Təəssüf ki, zədələnən yalnız etiqadı deyil, həm də milli mənsubluq hissi, bəzənsə elementar insanlıq duyğusudur. İki nümunə verək.

Birinci nümunə. Altay Göyüşov ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsinə bəraət qazandırır və bu hərbi əməliyyatların Əfqanıstanın xeyrinə olduğunu iddia edir. O, bu il yanvarın 9-da yazdığı statusda, ABŞ-ın işğalından sonra Əfqanıstanda məktəb şagirdlərinin sayının 40-100 min nəfərdən 8 milyona çatdığını və onların 50 faizini qızlar təşkil etdiyini qeyd edir, cəmi 12 il ərzində uzunömürlülük göstəricisinin 42 yaşdan 64 yaşa qədər artması barədə absurd iddia irəli sürür. Bəzi Facebook istifadəçiləri bu statusuna görə Altay Göyüşovu kinayə ilə ABŞ dövlət departamentinin sözçüsü və ya ABŞ səfirliyinin əməkdaşı adlandırmışdılar.

Haqsız da deyillər. Çünki bəzilərində “yanki təəssübkeşliyi”, Amerikaya qarşı olan hər kəsə qarşı çıxmaq meyli o qədər ifrat həddə çatır ki, sadəcə ikrah doğurur.

İkinci nümunə. Özünün elmi karyerasına nöqtə qoyub siyasi propaqandaya yuvarlanması bəs deyilmiş kimi, bunu hər kəsdən tələb edir. Tələbi özünü doğriltmayanda isə qarşısındakının kimliyinə, cəmiyyətdəki mənəvi statusuna, hətta səhhətinə məhəl qoymadan hücuma keçir. Belə bir halı mərhum şair Vaqif Səmədoğlunun 75 illiyi zamanı da müşahidə etdik. Mərhum şairin o zaman yeni yaradılan Milli Şuraya qoşulmaq istəməməsi Göyüşovu təbindən çıxarmışdı. Çünki Cəmil Həsənli və Rüstəm İbrahimbəyovla isti münasibətlərini nəzərə alaraq o zaman xəstə olan şairdən məhz “milli şuraçı” olmağı gözləyirmişlər. “REAL”ist dostu Erkin Qədirlinin “Yaradıcı insanları rahat buraxın. Onları siyasətə gətirməyin, siyasi mövqeyi də onlardan gözləməyin” deməsi Göyüşovu qeyzləndirir. Və ona hikkəli bir cavab verir: “Elə bil Volterdən xəbərsizdir. Elə bil Avropa mütəfəkkirlərinin niyə Hollandiyaya qaçıb yaşadığını bilmir. Sən elə özün ruslar kimi düşünürsən”.

Adam insanlıq hissini nə qədər itirməlidir ki, 75 yaşlı, ağır xərçəng diaqnozu qoyulmuş, canının hayında olan, rəvan nitqini, hərəkət qabiliyyətini xeyli dərəcədə itirmiş şəxsə XVIII əsr avropalıları sayaq “inqilabı dəstəkləyib” sonra da “qaçıb Hollandiyada gizlənməyi” təklif eləsin.

Əfqanıstanla bağlı iddiaya gəlincə, hər hansı ölkədə insan ömrünün 12 il ərzində 22 il uzanması əsl fantastikadır. Belə uğuru əldə etmək üçün xəstəliklərdən, az qala yarım əsrdir davam edən savaşın gətirdiyi məhrumiyyətlərdən, qaçqınlıqdan, əllilikdən əziyyət çəkməyən bir nəsil yetişməli, səhiyyə inkişaf etməli, adambaşına düşən milli gəlirin səviyyəsi heç olmasa orta inkişaf etmiş ölkələrin səviyyəsinə çatmalıdır və s. Bu parametrlər üzrə heç bir dəyişiklik olmadan uğur baş verdiyini iddia etmək Bakıda Həvari Varfolomeyin məzarının tapıldığını (bu barədə az sonra-müəllif) iddia etmək qədər absurddur.

Oğullar atalara qarşı

Altay Göyüşov hal-hazırda Demoktratiyaya Milli Dəstək Fondunun (NED) maliyyə dəstəyi ilə keçirilən proqram çərçivəsində tədqiqatçı olaraq ABŞ-dadır. Bu il yanvarın 12-də NED-in təşkil etdiyi dinləmələrdə, o, Azərbaycandakı siyasi proseslərlə bağlı çıxış da edib. Amma Dağlıq Qarabağ məsələsi barədə bir kəlmə belə danışmamağı bir yana, separatçı “DQR” rejiminin Vaşinqtondakı nümayəndəsi Aram Avetisyanın həmin tədbirdə iştirakına belə etirazını bildirməyib. Bununla bağlı Facebook səhifəsinə yazılan iradları isə dərhal silmişdi.

Ata-babasının yurdu olan Qarabağ münaqişəsi haqda susan, Qarabağı işğal edənlərlə eyni cəbhədə, eyni səngərdə sıra tutub Azərbaycanı hədəf alan Göyüşov, lazım gələndə işğalçılara qarşı sərt çıxışlar etməyi bacarır. Amma onun ata yurdunu zəbt eləmiş erməni işğalçılarına qarşı yox, ruslara qarşı. Ona görə yox ki, ruslar Dağlıq Qarabağın işğalında hazırda anti-Azərbaycan cəbhədə Göyüşova kompanyonluq edən avetisyanlara yardım ediblər, ona görə ki, Göyüşovun fikrincə, Ukraynanın şərqindəki separtaçılığı təşviq edən ruslardır. Öz dövlətinin, hətta kiçik vətəninin - Qarabağın dərdini çəkməyən biri, görəsən Ukraynaya nədən bu qədər yanır? Sadəcə, Ukraynanın “dərdini çəkməyə” borcludur, çünki qrant və yüksək məvacib verən ölkə - ABŞ, demək olar ki, rəsmən Rusiyanı Ukrayna torpaqlarının işğalında ittiham edir. Qrant və məvacib alanın da borcudur ki, sifarişçinin havasına oynasın. Hətta AŞPA-da azərbaycanlı deputatların diplomatik davranışından qəzəblənərək rəsmi Bakını ittiham da edir cənab Göyüşov.

Müsahibələrinin birində Altay Göyüşov atasının elmi fəaliyyətinə ironik yanaşaraq “bütün ömrünü həvari Varfolomeyin məzarını Azərbaycanda axtarmaqla keçirdi” deyir. Heç olmasa, Rəşid müəllim Qafqaz Albaniyası üzərinə erməni iddialarına qarşı mübarizəyə bu cür töhfə vermək istəyir, erməni xristianlığının Qafqaza sonradan pərçim olunduğunu isbatlamağa çalışırdı. Bəs siz nə edirsiniz cənab qafqazşünas, islamşünas, siyasətşünas, arxeoloq, “müasir dünyanın bilicisi” - bir sözlə, bütün elm və elmətrafı məsələlər üzrə hərşeyşünas adam?

Ya mənimləsən, ya mənə qarşısan...

1918-1922-ci illərin bu bolşevik şüarı bir də 2000-ci illərin əvvələrində kiçik Corc Buş tərəfindən anti-İraq koalisiyası yaradılarkən səsləndirilmişdi. Bir xeyli tənqid edildikdən, daha dəqiqi, ələ salındıqdan sonra ABŞ rəsmiləri bu leninçi şüarı təkrarlamamağa çalışırlar. Amma “Pax Americana”nın(dünyanın ABŞ-ın istəyinə uyğun yenidən qurulmasının) təbliğçiləri (özlərinin təbirincə desək, atlantistlər) bu amerikansayağı bolşevizmin, yenidən xortlamış makkartizmin prinsiplərinə sədaqətlə əməl edirlər. Bunu elə “qəhrəmanımız” A.Göyüşovun mərhum şair Vaqif Səmədoğluna münasibətində də xatırlatmışdıq. O, əsas ruporu olan sosial şəbəkələrdə virtual dostlarına qarşı da belə makkartistcəsinə münasibət bəsləyir.

Bir tərəfdən iddia edir ki, səhifəsində yalnız etik çərçivədən kənar yazılan şərhləri pozur və şərhləri yazan Facebook istifadəçilərini blok edir. Digər tərəfdən, yazdığı statuslara etik çərçivədə tənqidi münasibət bildirən Facebook istifadəçiləri dərhal Göyüşov tərəfindən blok olunur. Bizim sınaq üçün Göyüşovun Facebook səhifəsinə göndərdiyimiz şərhlərin dərhal pozulması bunu təsdiq edir. Şərhlərdən birində yazmışdıq ki, “Altay müəllim, sizə böyük hörmətim var. Amma Ukrayna, Rusiya, Amerika məsələsi milləti bezdirib. Bilən-bilməyən onlardan danışır.

Yaxşı, bizim məsələdən niyə danışan yoxdur. Deyəsən, sizə də Qarabağla bağlı danışmağa qadağa qoyublar”. Daha sonra demişdik ki, “Altay müəllim, şərhləri oxuyuram, açığı, bəzilərində ardıcıllıq uyğun gəlmir. Ya siz pozmusuz, ya da onlar pozub. Bir də ki, siz etik davranış nəyə deyirsiniz? Əgər normalar çərçivəsində fikir bildirilirsə, bu fikir sizin xoşunuza gəlmirsə, sizin üçün bu etikadan kənardır? Bildiyim qədərilə jurnalistlər var, onları blok etmisiz?”. Təbii ki, bu iradımız da qəbul olunmadı. Başqa bir səhifədən Göyüşova yazdıq ki, “Az öncə fikrimə dözümsüz yanaşıb məni blok etdiyiniz üçün başqa profildən yazıram. Bir daha anladım ki, siz Azərbaycan üçün deyil, Azərbaycanın dövlətçiliyinə qarşı yönələn bir qrupla həmrəysiniz. Əgər bir şərhi dözümsüz şəkildə pozub blok edirsinizsə, bürokrat və diktator insansınız”.

Göyüşov Londonda yaşayan və müxalif mövqeyi ilə seçilən Murad Həsənlini “xameleon” adlandıraraq Britaniya qəzetində Azərbaycan hakimiyyətinin işinə yaramaqda və demokratiya uğrunda mübarizəyə arxadan xəyanət xəncəri saplamaqda günahlandırır: “Həm də həyasızlıqla özünü Cəmil müəllimin səlahiyyətli nümayəndəsi kimi təqdim edib”. Tənqidinin dozasını artıraraq təhqir müstəvisinə keçən Göyüşov Asim Mollazadə və Azər Həsrəti də aşağılamaqdan çəkinmir.

Ancaq bir müddət öncə Altay Göyüşov hakimiyyət yönlü mediaya müsahibələr verir, bəzi dövlət orqanlarının fəaliyyətini öyməkdən usanmırdı. Öz mövqeyini hər mövsümbaşı dəyişən şəxsin, digərini xameleon adlandırması nə dərəcədə düzgündür? Axı Göyüşovun statuslarda istifadə etdiyi “həyasızlıq”, “xameleon” və s. bu kimi ifadələr özünün iddia etdiyi etik davranış kodeksindən kənardır.

Paylaşımları arasında uşaqlıqda Şimali Qafqazda istirahətdə olarkən əjdaha heykəlinin içərisində çəkilmiş fotolarından birini bu sözlərlə təqdim edirdi: “Atam çox kreativ idi”. Əslində, bir elm adamının məhdud maddi imkanlar çərçivəsində övladlarına sevinc bəxş edə bilməsi elə kreativlikdir. İntəhəsı, bu kreativlik övladın həyatını gərək kodlaşdırmayaydı. O indi də əjdahanın ağzında oturub ciddi pozalar və əjdahanı müdafiə edən bəyanatlar verir. Uşaq əyləndirən oyuncaq əjdaha heykəllərdən fərqli olaraq, bu əjdaha öz qullarını heç vaxt azad etmir. Yəqin ki, aldıqları müqabilində o qullar özləri azad olmaq istəmirlər...

Gun.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm