Bakıda dollar yoxa çıxdı – Süni qıtlıq
Bizi izləyin

Qırmızı.az

Bakıda dollar yoxa çıxdı – Süni qıtlıq

- Dollar var?

- Yox.

- Nə vaxt olacaq?

- Günortadan sonra.

- Günortadan keçib axı. Dəqiq saatı bilmirsiniz?

- (Saatına baxır) Yəqin, bir-iki saata olar. Bizə deyiblər 5-dən sonra olacaq, gözləyirik.

Bu gün günortadan sonra paytaxtın valyutadəyişmə məntəqələrinə yaxınlaşanlar üçün bu dialoq yad deyil. Çünki təxminən eyni cavabı eşidiblər. Valyutadəyişmə məntəqələrində dollar çatışmazlığının əsas səbəbi ötən gündən Mərkəzi Bankın ölkədə məzənnə siyasətini dəyişməsidir. Belə ki, AMB-nin İdarə Heyətinin qərarına əsasən, ikitərəfli məzənnə hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçilib. Hansı ki bu da manatın məzənnəsinin düşməsini şərtləndirib.

Manatın valyutalar qarşısında zəifləməsinin əks-sədası valyutadəyişmə məntəqələrindən gəlməyə başlayıb. MB-nin qərarını duyan vətəndaşlar dünən axşamdan əllərində olanları dollara dəyişməyə başlayıblar. Vəziyyət o həddə çatıb ki, artıq valyutadəyişmə məntəqələrində dollar qıtlığı belə yaranıb.

Publika.az paytaxtın bir sıra ərazilərində valyutadəyişmə məntəqələrindəki son vəziyyəti araşdırıb.

Araşdırmamıza “Elmlər Akademiyası” metrostansiyası yaxınlığından başladıq. Burada baş çəkdiyimiz məntəqələrdə dollar gördüm deyən olmadı. Az da olsa, avro qalmışdı. Bəzi valyutadəyişmə məntəqələrində çalışanlar əllərində olan avrodan da qənaətlə istifadə edirdilər. Çünki sabaha ümid yoxdur.

Əlində 1500 avro qaldığını deyən Rauf dünən axşamdan dolların bitdiyini dedi:

“Manatın dəyərdən düşməsini görən hamı gecə ikən gəlib əllərində olan pulu dollara dəyişdi. Bu gün səhərdən də yüzlərlə adam müraciət edib. Amma məndə dollar qalmayıb. Bu gün 5-dən sonraya söz veriblər, amma inanmıram olacağına”.

Başqa bir valyutadəyişmə məntəqəsində çalışan Nofəl dolların yaxın saatda gələcəyinə ümid etmədiyini deyir:

“İnanmıram bu gün dollar gələ, əlimizdə olanları da dəyişdik. Hamı dünəndən pulunu dəyişir, amma yəqin, bu, uzun çəkməz. Bir-iki günə vəziyyət düzələr”.

Məntəqələrin qarşısında uzun növbələr yox idi, gələnlər dolların olmadığını öyrənib, oranı tərk edirdilər. Amma manatın məzənnəsinin düşməsinin uzun müddət davam etməyəcəyini düşünənlər də var idi. Akif Həsənov türkiyəli tanışları ilə valyuta dəyişirdi. Amma dollara yox, manata.

“Bizim millət küyə gedəndi. Manatın düşməsini eşidən kimi, hamı pulunu dəyişir. Amma məncə, dollar, avro da etibarlı deyil. İmkan varsa, qızıl alıb saxlamaq olar”.

“28 May” Metrostansiyası yaxınlığındakı valyutadəyişmə məntəqələrində də dollar qıtlığı idi. Məntəqələrdə dolların alış-verişi bir neçə qəpik fərqlənsə də, dollar tapmaq mümkün deyildi. Üstəlik, buradakı məntəqələrdə çalışanlar məsələyə daha bədbin yanaşırdılar.

“Bu gün səhər saatlarında dollar var idi, amma indi bu ətrafda heç bir məntəqədə yoxdur. Alıcıların marağı yüksək idi, indi də gələnlər çoxdur. Az miqdarda avro qalıb, amma insanların marağı daha çox dollaradır. Bir neçə gün bazara dollar çıxarılacağını düşünmürəm. Gələndə də azı 80 manatdan satılacaq, adını açıqlamaq istəməyən valyutadəyişmə məntəqələrindən birində çalışan şəxs deyir.

Bizimlə birlikdə bir neçə valyutadəyişmə məntəqəsinə baş çəkən Arif bəy əlindəki min manatı dəyişməyə dollar tapmadı.

“Dünən axşam xəbərlərdə eşitdim, manat düşüb. Əlimdə 3-5 manat var, onu dəyişmək istəyirəm. Amma səhərdən gəzirəm, dollar tapa bilmirəm”.

Müşahidələrimiz onu göstərdi ki, məntəqələrə girənlər əsasən əliboş çıxırdılar. Amma az da olsa, dolları manata dəyişənlərə rast gəlmək olurdu. Bəzi valyutadəyişmə məntəqələri isə dollar qıtlığı səbəbindən günorta saatlarında məntəqəni bağlayıb getmişdi.

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, Mərkəzi Bankın valyuta səbətinin dəyişdirilməsi ilə bağlı qərarı əhali arasında əsası olmayan ciddi ajiotaj yaradıb. Manatını dollara çevirən vətəndaşlar onsuz bir müddətdən sonra pul xərcləmək üçün yenidən dollarlarını milli valyutaya çevirəcəklər. Pul dövriyyəsində bəlli həcmdə manat kütləsi var və kənardan ölkəyə milli valyuta ixrac edilmir. Bu isə o deməkdir ki, onsuz da müəyyən müddətdən sonra intervensiya xərclərində azalma müşahidə ediləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm