Başqaları üçün həyatını riskə atan şəxs: “500 nəfəri xilas etmişəm” - REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Başqaları üçün həyatını riskə atan şəxs: “500 nəfəri xilas etmişəm” - REPORTAJ

Onlara xilaskar da demək olar. Onlar kiminsə həyatını xilas etmək üçün çox zaman öz həyatlarını riskə atmalı olurlar. Elə bu cəhət dalğıc peşəsini digər peşələrdən fərqləndirir. Müsahibim Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Dalğıc Axtarış Qrupunun rəisi, 3-cü qrupda dalğıc mütəxəssisi Emin Əfəndiyevdir. Onunla Şıxov qəsəbəsində elə iş başında görüşdük. Dediyinə görə, üzməyə uşaqlıqdan böyük həvəsi olub və elə bu həvəs də onu peşəkar dalğıc kimi yetişməyə istiqamətləndirib. Qırğızıstanda dalğıcların xüsusi təlimində dalğıc mütəxəssisi sertifikatını alan və sonra ikinci dərəcəli dalğıc dərəcəsinə yiyələnən 37 yaşlı Emin Əfəndiyevin ömrünün bir xeyli hissəsi suyun altında keçib. Həyatını qurtardığı adamların isə say-hesabını da itirib. Bu, artıq onun həyat tərzidir. Hər an telefon yanında olmalıdır. Ona hər an zəng gələ, hər dəqiqə kömək üçün çağırıla bilər. Vaxtın məhdudluğunu nəzərə alıb söhbəti elə dənizin sahilində başladıq. Publika.az dalğıcla müsahibəni təqdim edir.

- Emin müəllim, ənənəvi sualla başlayım, niyə dalğıc olmağa qərar verdiniz?

- İlk dəfə suyun altına dalğıc avadanlığı ilə 13 yaşında girmişəm. 1995-ci ildən də dalğıc kimi fəaliyyət göstərirəm. Atam da dalğıc idi. Bu işə marağım isə, görünür, ailədən gəlir.

- Hər kəs dalğıc ola bilər, yoxsa dalğıc olmaq üçün xüsusi qabiliyyət olmalıdır?

- İlk növbədə həvəs olmalıdır, ikinci növbədə qorxu hissi olmamalıdır. Təbii ki, bu işi sevmək də lazımdır. Bunlar varsa, dalğıc olmaq olar.

- Biz, adətən, dənizi yuxarıdan görürük. Bəs Xəzər dənizi suyun altından necə görünür?

- Ümumiyyətlə, Xəzər dənizində suyun altında görüntü bir qədər az olur. Mən Qırğızıstanın İssık-Kul gölündə olanda orada görüntü 10-12 metr idi. Bizdə isə 3 metrdən artıq görmək mümkün olmur. Hərdən olur ki, 5-6 metr də olur, amma bunun üçün hava bir həftə küləkli olmamalıdır ki, suyun dibi görünsün.

- İndiyəcən nə qədər insanın həyatını xilas etmisiniz?

- Düzü saymamışam. 1995-ci ildən dalğıc kimi çalışıram, artıq sayı-hesabı da itirmişəm. Çox olar, bəlkə də, 500, bilmirəm. Ötən ilin çimərlik mövsümündə axtarışda olarkən mənim qrupum bir gündə 9 nəfəri xilas etdi. Biz həm də rayonlara ezam olunuruq. Respublikanın, demək olar ki, hər bir rayonunda olmuşuq.

- Xilas etdiyiniz adamlardan sonradan əlaqə quranlar olub? Olubmu ki, sonradan zəng edib sizə həyatlarını qurtardığınız üçün təşəkkür eləsinlər?

- Bizdə dəfələrlə olub ki, xilas etdiyimiz adamlar səhəri gün tortla gəliblər. Həmin günü onlar ikinci doğum günü kimi qeyd ediblər. Belə hallarla çox tez-tez rastlaşırıq. İnsanlar onları xilas edən adamın kimliyini öyrənmək və təşəkkür etmək istəyirlər. Bəzən elə də olur ki, bir gün öncə xilas etdiyimiz qadın gəlib çıxır ki, dünən məni xilas edən kim idi, niyə saçımı dartırdı? Daha demir ki, onun ancaq suyun üzündə dalğalanan saçları qalmışdı, özü suyun dibinə gedirdi. Bir dəfə də dənizdə ər-arvad çimərkən birdən qadın batmağa başladı. Kişi də öz canının hayında olub. Xilasedicilər birtəhər qadını oradan çıxara biliblər. Sudan çıxarandan sonra isə ona ilk tibbi yardım göstərilməlidir, ürəyin süni masajı, süni tənəffüs lazımdır. Kişi isə dirəşib ki, mənim arvadıma əl vurmayın. Bilmirəm, bəlkə də, özü bezib ondan (gülür).

- Ailədə işinizə necə yanaşırlar, risklər baxımından soruşuram?

- Yoldaşım da suyun altında dalğıc avadanlığı ilə üzə bilir. Özüm ona öyrətmişəm. Yəni normal qarşılayıblar.

- Əgər ailə suda batırsa, birinci kimi xilas edirsiniz? Uşaqları?

-Təbii ki, xilasetmə əməliyyatı həyata keçirərkən, əgər uşaq batmaq təhlükəsilə üzləşibsə, ilk növbədə onu xilas etməyə çalışırsan. Çünki böyük daha çox müqavimət göstərə bilir. Uşaq isə su udan kimi dənizin dibinə gedə bilər. Ona görə də ilk növbədə çalışırıq ki, azyaşlılara kömək edək.

- Artıq neçə illərdir ki, suyun altında olursunuz. Özünüzü yerdə daha yaxşı hiss edirsiniz, yoxsa suyun altında?

- Yox, elə yerdə (gülür).

- Sudan xilas elədiyiniz heyvanlar olub?

- O qədər olub ki. İt də, pişik də, at da, inək də. 2010-cu ildə Sabirabad rayonunu su basanda ölmüş heyvan cəsədlərinin çıxarılmasında da bizim qrupumuz yaxından iştirak edib. Çünki bu yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilərdi.

- Dənizin müəyyən hissələri var ki, ondan irəliyə getmək təhlükəli sayılır. Bəs elə hissələr varmı ki, dalğıcların üzməsi üçün məhdudiyyət qoyulsun?

- Belə deyək də, bizim təhlükəsizlik qaydalarına əsasən, üçüncü dərəcəli dalğıc ixtisası üzrə yalnız 20 metr dərinliyə üzməyə icazə verilir. Bundan dərinə icazə verilmir. Amma birinci və ikinci dərəcəli dalğıc ixtisası alanlar isə 40, 60, 100 metr dərinliyə də üzə bilərlər.

- Sizin işiniz elədir ki, axtarış apararkən bəzən meyit də tapa bilirsiniz. Yəni meyit tapanda həmin şəxsin yaxınlarına verərkən hansısa emosional vəziyyət yaranırmı?

- Biz bəzən belə hallarla rastlaşırıq. Normal havada batan çox az olur. Bunlar yalnız sərxoş vəziyyətdə olan şəxslər ola bilər. Əksər batanlar isə küləkli, dalğalı hava şəraitində olur. Həmin ərəfədə axtarış aparmaq üçün bizim də təhlükəsizlik qaydalarımız var. Ona görə də daşlıq və qayalıq olan yerlərdə bizə axtarış, xilasetmə işləri aparmağa icazə verilmir. Bəzi adamlar bunu başa düşür, bəziləri isə aqressiv qarşılayır. Bəzən buna görə dava düşür, təhqirə məruz qalırıq. Əslində, biz meyiti tapandan sonra ailəyə deyil, polisə təqdim edirik, aktlaşdırırq. Sonra onlar ailəyə təhvil verilir.

- Belə bir qayda var, haradasa oxumuşam, dalğıclar suda meyit taparkən onun üzünü çevirirlər.

- Yox. Biz meyit tapılandan sonra onu dərhal xüsusi meyit kisələrinə yerləşdiririk. Bu ona görə edilir ki, ilkin olaraq o, məhkəmə tibbi ekspertizadan keçməlidir. Bu onu gün şüasından və digər təsirlərdən qorumaq üçün edilir.

- Suyun altında dəfinələrin, su pərisinin olmasıyla bağlı rəvayətlər var. Siz rastlaşmamısınız bunlarla?

- (gülür) Yox, hələ ki rastlaşmamışam...

- İnsanların həyatını xilas edəndə hansı hissləri keçirirsiniz?

- Ancaq yorğunluq (gülür). Yox, təbii ki, sevinirəm. Çünki bir insanın həyatı xilas olunur. Bir şeyi də deyim, adətən, insanlar əlverişsiz hava şəraitində batır və batanda da bir nəfər batmır. Bir neçə yerdə, bir neçə adam batır. Ona görə də həmin günlər çox həyəcanlı dəqiqələr yaşayırıq. Hətta elə olur ki, dəniz qırağı gəzərək insanlardan təhlükəli yerlərdə üzməmələrini xahiş edirik. Başa düşənlər bizə qulaq asırlar. Bəzən lövhələrdən əlavə ora post da qoyuruq ki, uşaqlar girib çimməsin. Bəzən olur ki, ərazidə “Çimmək qadağandır!” yazdığımız lövhə ola-ola orada çimirlər. Məsələn, bir dəfə bir yaşlı kişi gəldi, rahatca paltarlarını soyundu, onu “Çimmək qadağandır!” yazılmış lövhənin üzərindən asdı və başladı çimməyə. Hələ özünün çimməyi bəs deyil, paltarını da lövhəyə keçirdi. Yaxınlaşıb bildirdim ki, heç olmasa paltarınızı asdığınız lövhənin üzərini oxuyun. Axı ərazi qadağan olunubsa, demək ərazi çimmək üçün təhlükəlidir. Əsas çətinlik qeyri-əlverişli hava şəraiti ilə bağlı olur. Dənizə müxtəlif cür insanlar gəlir. Bir dəfə ata-ana cavan qızları ilə birlikdə gəlmişdilər. Axşam idi, biz də işdən qayıdırdıq. Dedilər ki, bizim uşaq suda batıb, kömək edin. Təzədən qayıtdıq, düz on gün həmin qızı axtardıq. Ora nə qədər heyət üzvü cəlb olundu. 15 nəfər hər gün nə qədər əsəb keçirib, nə qədər vaxt sərf edib, əziyyət çəkdi. On birinci gün xəbər gəldi ki, qız bir oğlana qoşulub qaçıbmış.

- Suyun altından cinayətdə istifadə olunan əşyalar tapmısınız?

- Bəli, biz tez-tez cinayətdə istifadə olunan əşyaların axtarışı üçün cəlb olunuruq. Bəzən bıçaq, balta və digər alətlər cinayət törədiləndən sonra suya atılır. Bunun üçün hüquq mühafizə orqanları bizim nazirliyə rəsmi şəkildə müraciət edirlər. Bu yaxınlarda bir cinayətkar dəstə seyf oğurlamışdı. İçində olan külli miqdarda pulu götürüb seyfi suya atmışdılar. Həmin dəstə tutulmuşdu və onların atdıqları seyfi əyani sübut kimi çıxarmaq lazım idi. Biz onu axtardıq və suyun dibindən çıxardıq.

- Bəzən normal hava şəraitində də suda batan olur və bir neçə gün hava qarışır, onu sudan çıxarmaq mümkün olmur. Belə deyirlər ki, su haram götürmür. Bu mistikadı, ya nəsə səbəbi var?

- Bilirsiniz, adətən, hava qarışanda suda batmalar olur. Küləklər, əsasən də şimal küləyi başladısa, 2-3 gün əsir. Ondan sonra hava düzəlir. İnsanlar buna ad qoyurlar da...Yeri gəlmişkən, artıq cənub küləkləri çoxalıb. Elə bu qışda da cənub küləklərinin sayı normadan artıq oldu.

- Təhlükəli vəziyyətlərlə üzləşmisiniz?

- Olub. Dalğıclar suyun dibində axtarış apararkən tora ilişə bilirlər. Təhlükəsizlik qaydalarına əsasən, dalğıca üzərində bıçaq olmadan suya enmək qadağandır. Tora ilişərkən bıçaqla kəsib yaxanı qurtara bilirsən. Siqnal sonluğu - iplə təminedici dalğıcla əlaqə saxlayırıq. Bəzən elə olur ki, əlaqə ipi dolaşır. Bu, çox təhlükəlidir, ehtiyatlı olmaq lazımdır.

- Olurmu ki, çimərliyə gələnlər sizdən hansısa itən əşyasını tapmağı xahiş etsinlər?

- Olur. Bu yayda çimərlik mövsümü vaxtı çox olur. Amma belə şeylərə vaxt itirmək olmur.

- Batan adama köməyə getməyə dalğıca nə qədər vaxt tələb olunur?

- Əslində həyəcan siqnalı verildikdə 3 dəqiqə ərzində gedib həmin insanı tapmalıyıq. Bu hava şəraitindən də asılıdır. Bəzən də suyun axarı güclü olur və adam batan kimi su onu aparır. Bir-iki dəqiqədən sonra batan adam yoxa çıxa bilər. Su güclü olanda meyiti 5, hətta 10 kilometr uzağa da apara bilir. Biz də o qədər məsafədən tapırıq.

- Bəs suyun altında nə qədər axtarış apara bilirsiniz? Bu sıxılmış oksigenə görədir?

- Adətən, bizdə çimərlik ərazisi 2-3 metr dərinlikdə olur. Təxminən 40-50 dəqiqə axtarış mümkündür. Dalğıc avadanlığının üzərində manometr var, o, balondakı havanı göstərir. Biz ona uyğun hərəkət edirik.

- Heç qorxduğunuz hallar olub?

- İşini biləndən sonra qorxmursan. Qorxanda da o demək deyil ki, sən qorxub qaçmalısan. Qorxmaq deməzdim, hər şeyə ehtiyatla yanaşmaq lazımdır. Suda bizi təəccübləndirə biləcək elə bir şey yoxdur. Bizim qrupdakı uşaqların da ən azı 3 il xüsusi təyinatlı kimi təcrübəsi var. Bu baxımdan hansısa qorxu olanda da onu dəf etməyə çalışırıq.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm