Güllə yağışı altında dərs, düşmənin hədəf seçdiyi məktəblər - CƏBHƏ XƏTTİNDƏN - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Güllə yağışı altında dərs, düşmənin hədəf seçdiyi məktəblər - CƏBHƏ XƏTTİNDƏN - FOTOLAR

Xəbər verdiyimiz kimi, təhsil və müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar cəbhə bölgələrinə media turu təşkil olundu. Tur çərçivəsində məktəblərin pedaqoji kollektivləri, habelə “N” saylı hərbi hissənin şəxsi heyəti ilə görüşlər keçirildi. Publika.az xəbər verir ki, ilk öncə Ağcabədi rayonu Etibar İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbindən başlayan tur çərçivəsində bu təhsil müəssisəsinin şagird və müəllim heyəti ilə görüş keçirildi. Milli Qəhrəmanın adını daşıyan məktəbdə Etibar İsmayılovun xatirə lövhəsinə baxıldı, onun döyüşçü yoldaşları ilə söhbətlər aparıldı. Daha sonra Milli Qəhrəmanın bir zamanlar təhsil aldığı orta məktəbin şagird-müəllim heyəti ilə media nümayəndələri görüşdü və jurnalistlər təhsil müəssisəsində yaradılan şəraitlə tanış oldular. Ağdam, Ağcabədi və Tərtər rayonlarının cəbhəyanı kəndlərində, o cümlədən orta məktəblərdə apardığımız müşahidələr zamanı düşmənin atəş səsləri altında yaşayan, işləyən sakinlərin əhvali-ruhiyyəsinin necə yüksək olduğunu öz gözlərimizlə gördük. Və əmin olduq ki, işğalçı Ermənistan ordusunun təxribatlarına baxmayaraq, cəbhə xəttində həyat öz axarı ilə davam edir.

729 şagird və 96 müəllim

Etibar İsmayılovun qardaşı Vəfadar İsmayılov Milli Qəhrəmanın Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1994-cü il yanvarın 4-də qəhrəmancasına şəhid olduğunu bildirdi. Qeyd etdi ki, Etibar İsmayılov sonuncu döyüşdə təkbaşına 30-dan artıq düşmən əsgərini məhv edib və öz canı hesabına döyüşçü yoldaşlarını ölümün pəncəsindən qurtarıb. Keçmiş döyüşçü Natiq Davudov Milli Qəhrəmanın digər fədakarlıqlarından və keçdiyi həyat yolundan söhbət açdı. Natiq Davudovun sözlərinə görə, Etibar İsmayılov düşmən tankının içindəki şəxsi heyətin diqqətini özünə yönəldərək, döyüşçü yoldaşlarını ölümdən xilas edib. Hindarx qəsəbə 1 saylı tam orta məktəbdə Milli Qəhrəmanın həyatını və döyüş yolunu əks etdirən muzey yaradılıb.

Qəsəbədə 9200 sakin məskunlaşıb. Məktəbin direktoru Qaryağdı Qarayevin sözlərinə görə, təhsil müəssisəsində 729 şagird təhsil alır, onlara 96 müəllim dərs deyir.

“Ermənilərin atdığı mərmi evimdə qalır”

Ağdam rayon Çəmənli kəndi də düşmənlə üz-üzə yerləşən yaşayış məskənlərimizdən biridir.

“Ermənilərin atdığı silahın mərmisi mənim evimdə hələ də qalmaqdadır. İndiyədək evin bu hissəsini təmir etdirməmişəm. Qəlpə hal-hazırda da ordadır. Düşmən çalışır ki, müxtəlif vasitələrlə kənd sakinlərinə ziyan vursun”,- orta məktəb direktoru Eyvaz Məmmədov deyir.

Onun sözlərinə görə, birdən elə olur ki, axşamdan başlayaraq kənd atəşə tutulur: “Atəş gecə saat 3-ə qədər davam edir. Sakinlər cəbhə xəttinə yaxın ərazilərdəki əkin-biçin sahəsində işləyə bilmirlər, mülki vətəndaşları atəşə tuturlar. Əkin sahəsində traktorla işləyən bir neçə sakinə atəş açaraq onları yaralayıblar. Neçə-neçə sakin güllə yarası alaraq xəstəxanalara yerləşdirilib. Rövşən Bayramov əkin sahəsində işləyərkən traktorda minaya düşdü. Nə qədər qorxutmağa çalışsalar da, atəş açsalar da, sakinlər öz təsərrüfat fəaliyyətlərini davam etdirirlər. Bir azdan (günün axşam saatlarından başlayaraq) yenidən atəş açmağa başlayacaqlar. Axşam saat 7-də ermənilər kəndi atəşə tutmağa başlayanda evdə uşaqlar deyirlər ki, ata, deyəsən, yenə hücuma keçməyə başlayırlar. Uşaqlara deyirəm ki, bala, qorxmayın. Ermənilər elə qorxularından atırlar. Atışma 1-2 saat çəkir. Elə olur ki, heç fasilə vermirlər”.

Xocalı sakinlərinin yeganə ümid yeri olan ağdamlılar

Xocali faciəsinin ildönümü ərəfəsində təşkil olunmuş tur çərçivəsində soyqırımın canlı şahidləri olan Ağdam sakinləri ilə də söhbətlər apardıq. 1991-1996-cı illərdə Milli Orduda xidmət etmiş Baxşeyiş Hətəmli “N” saylı hərbi hissədə kəşfiyyat rəisi olub: “1991-ci ilin noyabrın 21-də Ağdamda ilk hərbi hissələrdən biri yaradıldı. İlk dəfə xüsusi təyinatlıların tərkibində xidmətə başladım. Xocalı faciəsi zamanı bir sıra mülki vətəndaşın xilas əməliyyatlarında iştirak etdik. Həmin vaxtlar sakinlərdən bəziləri xilas olmaq üçün Ağdam kəndlərinə doğru istiqamət almışdılar. Bölüyümüzün əsgərləri Xocalıdan olan 11 nəfərin xilası əməliyyatlarına başladılar. Onlar Yenicə kəndini keçib, Fərrux dağını aşıb Xaçın çayına tərəf istiqamət almışdılar. Xocalı sakinləri Əlağalı kəndinə üz tutaraq ölümün pəncəsindən xilas olmağa çalışırdılar.

Onlar meşədəki erməni fermasında qoca ermənini tutmuşdular. Ondan tələb etmişdilər ki, sakinlərə bələdçilik etsin. Sakinlərdən 6-sı məhsəti türkü idi, biri isə zabit. Aralarında dünyaya yenicə körpə gətirmiş gənc ana da vardı. 4 kişi və 7 qadın Ağdam kəndinə üz tutaraq xilas olmağa çalışmışdı. Biz onların səsini eşitcək Xocalı sakinlərinin xilası əməliyyatına başladıq. Çox soyuq, qarlı, çovğunlu qış gecəsi idi. Böyük çətinliklə sakinlərin düşmən tərəfindən girov götürülməsinin qarşısını aldıq. 11 nəfəri Ağdama gətirdik. Bir gün sonra onlar şəhər icraiyyə komitəsinə təhvil verildi. Onlardan biri Sərvər adlı məhsəti türkü sonradan Milli Ordumuzun sıralarında xidmət edərək, hərbi sahədə polkovnik rütbəsinə qədər ucaldı”.

“Düşmənin hədə-qorxulu atəşləri Çəmənlidə heç kimi qorxutmur”

Qarabağda gedən döyüşlərdə iştirak etmiş, 1992-ci ilin martında Qaraçay əməliyyatında qəhrəmancasına şəhid olmuş Ziyəddin İskəndərovun adını daşıyan Çəmənli kənd orta məktəbində də tədrisin keyfiyyəti yüksək səviyyədədir. Məktəbdə şagirdlər və müəllimlər üçün hər cür şərait yaradılıb. Təhsil ocağının binası çox gözəl təmir edilib. Z.İskəndərovun əmisi oğlu, hal-hazırda məktəbdə çalışan Natiq İskəndərovun sözlərinə görə, təhsil ocağının binasının təmiri və müasir tələblərə uyğunlaşdırılması həm şagirdlərin, həm də müəllimlərin işini rahatlaşdırıb. 432 şagirdə 74 müəllim dərs deyir. Ötən il 700 balla Tibb Universitetinə daxil olmuş İlkin Məmmədov bu məktəbin məzunu olub. Ötən il məktəbi ümumilikdə 25 məzun bitirib. Onlardan 6-sı tələbə adını qazanıb. Məktəbin məzunlarından 13-ü Qarabağda gedən döyüşlərdə şəhid olub.

Biologiya müəllimi Etibar Həsənovun sözlərinə görə, düşmənin hədə-qorxu xarakterli atəşləri Çəmənlidə heç kimi qorxutmur. Təhsil ocağının binası düşmən səngərindən bir qədər aralıdadır. Lakin buna baxmayaraq, 2014-cü ilin avqustunda cəbhə xəttindəki gərginlik zamanı Çəmənli kənd orta məktəbi də zərər çəkib. Bir neçə mərmi məktəbin binasının dam örtüyünə dəyib.

Hər gün kənddə atəş səsləri eşidilir. Lakin düşmənin süni maneələri Çəmənli sakinlərinin yaşayış tərzini poza, onlara hər hansı maneçilik yarada bilmir. Əkinçilik və maldarlıq inkişafdan qalmır. Çəmənlililər artıq atəş səslərinə öyrəniblər. Son vaxtlar burada sakinlər, o cümlədən şagirdlər və müəllimlər üçün hər hansı təhlükəli hal yaşanmayıb. Bunun da əsas səbəbkarları düşməni vaxtında susduran hərbçilərimizdir.

“...artıq atəş səslərinə öyrənmişik”

Mülki sakinləri, o cümlədən qadınları, uşaqları, qocaları hədəfə alan düşmənin əsas məqsədi Ağdam rayon Müşfiq Hüseynov adına Əhmədağalı kənd tam orta məktəbində tədrisi pozmaqdır. Məktəbin direktoru Aygün Məhərrəmovanın sözlərinə görə, təhsil ocağında 58 müəllim 217 şagirdə dərs deyir. Təhsil müəssisəsi düşmən səngərinə olduqca yaxın məsafədə yerləşir. Düşmən əsgərlərinin tez-tez atəşi pozmaları məktəbdə davamiyyətə və tədrisin keyfiyyətinə təsir göstərmir: “Biz artıq atəş səslərinə öyrənmişik. Ermənilərin atəşkəsi pozmaları şagird və müəllimlərimizə heç bir təhlükə və maneçilik yaratmır. Çünki ordumuz düşmənə layiqli cavab verir. Atəş səsləri, düşmənin yaratmaq istədiyi süni gərginlik məktəbdəki davamiyyətə təsir göstərmir. Biz atəş səslərindən qorxmuruq”.

Ötən tədris ilində məktəbi bitirmiş 11 məzundan 6-nın tələbə adını alması, 3-nün orta ixtisas məktəblərinə daxil olması orta məktəbdə təhsilin və tədrisin keyfiyyətindən xəbər verir. 2013-cü ilin 14 sentyabrında müəllim və şagirdlərin istifadəsinə verilmiş məktəbin binası əsaslı şəkildə təmir olunub.

11 məzundan 3-ü tələbə adını qazanıb

Tur çərçivəsində Ağdam rayon Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəbində də olduq. Bu təhsil müəssisəsində şagird və müəllim heyəti üçün hərtərəfli şəraitin yaradılmasının müsbət nəticəsidir ki, sonuncu tədris ilində 11 məzundan 3-ü tələbə adını qazanıb. 8-i isə orta ixtisas məktəbində təhsil almaq imkanını əldə edib. Məktəbdə 49 müəllim pedaqoji fəaliyyətlə məşğul olur, 223 şagird təhsil alır. Təhsil müəssisəsinin məzunları ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak ediblər. Onlardan 3-ü şəhidlik zirvəsinə ucalıb. Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəbi düşmən səngərindən bir neçə kilometr məsafədə yerləşir. Sakinlərin sözlərinə görə, atəş səsləri yaxında eşidilir. Lakin digər kəndlərdə olduğu kimi, burada da atəş səsləri şagirdlərin davamiyyətinə təsir göstərmir. Əvvəllər orta məktəbin binasının pəncərələri atəşin gücündən silkələnirdi. Amma təhsil ocağının əsaslı şəkildə təmirindən sonra güllə səsləri o qədər də eşidilmir. Sonuncu atışma səsləri 10 gün bundan əvvəl eşidilib. Düşmən atəşkəsi günün bütün saatlarında pozur.

Tərtər düşmənin gözləri qarşısında inkişaf edir

Düşmənlə sərhəddə yerləşən Tərtər rayonunda da həyat öz axarı ilə davam edir. Rayon sakinlərinin sözlərinə görə, erməni əsgərləri hər vəchlə onları qorxutmağa çalışsalar da, məqsədlərinə nail ola bilmirlər. Tərtərlilər bildirdilər ki, onların bütün arxayınlıqlarının kökündə səngərdə dayanmış əsgərlərimizə olan inam dayanır. Rayonda ticarətlə məşğul olan sakin yalnız güclü atəş səsləri eşidiləndə alış-verişin bir qədər zəiflədiyini dedi: “Amma bütün bunlara baxmayaraq, heç birimizdə qorxu hissi yoxdur. Artıq neçə illərdir atəş səslərinə öyrəncəli olmuşuq”.

Dağlıq Qarabağla 48 kilometr sərhəddə yerləşən Tərtər yeganə rayondur ki, heç bir kəndi işğal altında deyil. Lakin bütün şəhər və rayonlarımız kimi bu yaşayış məskəni də ölkəmizin sərhədlərinin toxunulmazlığı uğrunda döyüşlərdə xeyli şəhid verib.

Qapanlı və Qaradağlı kəndləri bir-birlərinə çox yaxındır. Hər iki kənddə 200-dən çox ev, ümumilikdə 400-450 sakin var. Burada müasir təhsil kompleksi olaraq bir təhsil müəssisəsi fəaliyyət göstərir. Bu, şəhid F.Əhmədovun adını daşıyan Qapanlı kənd tam orta məktəbidir. Kənddə bir həkim məntəqəsi fəaliyyət göstərir. Sakinlər bildirirlər ki, Qapanlı, Qaradağlı kəndlərində elə yerlər var ki, burada düşmən səngəri ilə məsafə cəmi 200-250 metrdir. Elə təmas nöqtələri var ki, hətta məsafə 100 metr təşkil edir. Sakinlərin buradan bir addım da olsa geri çəkilməmələrinin yeganə səbəbi hərbçilərimizə güvənmələridir.

“Ermənilər bizi uzaqdan müşahidə edirlər”

Şəhid F.Əhmədovun adını daşıyan Qapanlı kənd tam orta məktəbi 2014-cü ilin sentyabrında istifadəyə verilib. Direktor Fitat Əliyevanın sözlərinə görə, məktəbin bir neçə şagirdi düşmən gülləsinə tuş gəlib: “Məktəbimizdə 159 şagird təhsil alır. Onlara 30 müəllim müxtəlif fənləri tədris edir. Ötən il məktəbi 13 məzun bitirib. Onlardan 6-sı birinci turda tələbə adını qazanıb. Lakin digər məzunlar ödənişli təhsil almaq istəmədiklərindən ali məktəblərə daxil olmayıblar”.

Qeyd edək ki, müasir tələblərə uyğun şəkildə qurulmuş F.Əhmədov adına Qapanlı kənd tam orta məktəbinin yeni binasının yaxınlığında yerləşən köhnə məktəb binası ermənilərin iriçaplı silahlarının izlərini hələ də özündə saxlayır. Və həmin izləri gələcək nəsillərə ötürür. İnsanlıq hisslərindən məhrum olmuş düşmən hətta bu təhsil ocağını da dəfələrlə hədəf seçib. Hal-hazırda köhnə məktəb binasından təhsil müəssisəsi kimi istifadə edilmir. Qapanlı kəndinin şagird-müəllim heyəti müasir tələblər səviyyəsində tikilmiş yeni məktəbə köçürülüblər. Kəndin icra nümayəndəsi Zakir Əliyevin sözlərinə görə, buna baxmayaraq, ermənilər yenə kəndin dinc sakinlərini rahat buraxmırlar.

F.Əhmədov adına Qapanlı kənd tam orta məktəbinin direktor müavini Yolçu Məmmədov da qeyd etdi ki, nəinki şagirdlər, həmçinin müəllimlər də düşmənin təxribatçı hərəkətlərinə alışıblar. Bu səbəbdən heç kim yaxınlıqdakı atəş səslərindən qorxmurlar: “Ermənilər bizi uzaqdan müşahidə edirlər. Son vaxtlar təhlükəli atışmalar olsa da, bu çətinliklərin öhdəsindən yalnız səngərdəki hərbçilərimiz gəlir. Biz ancaq gündəlik işimizlə məşğul oluruq”.

Düşmən müxtəlif yerlərdən, o cümlədən məsafənin 200 metr olduğu yerlərdən tez-tez atəş açır: “Ancaq bizi heç nə qorxutmur. Cəbhədə gərginliyin ən yüksək həddə çatdığı 2014-cü ilin avqust ayında belə, Qaradağlı, Qapanlı kəndlərinin sakinləri öz işləri ilə məşğul idilər. Amma təbii ki, atəş səslərinin get-gedə artmasından hər birimiz vəziyyətin daha da ağırlaşdığını başa düşürdük. Kəndimiz 24 şəhid verib. Atəşkəs dövründə də xeyli sayda sakinimiz düşmən gülləsinə tuş gəlib. Bir neçə nəfər isə minaya düşüb. İndi də bəzi sakinlərimiz, hərbçilərimiz erməni snayperlərinin gülləsindən yayına bilmirlər”.

Şəxsi heyətin döyüş əhvali-ruhiyyəsi yüksək səviyyədədir

Tur çərçivəsində Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəyə də baş çəkdik. Hərbi hissənin əsgər və zabit heyəti ilə söhbətlər zamanı hərbçilərimizin fiziki, mənəvi hazırlığının yüksək olduğunu gördük. Bu münasibətlə keçirilən tədbirin açılışı mərasimində Təhsil Nazirliyinin nümayəndəsi, habelə hərbi hissənin komandanlığı çıxış edərək bildirdilər ki, bu cür media turları Azərbaycan Ordusunun döyüş hazırlığı, şəxsi heyətin mənəvi durumu barəsində obyektiv təsəvvürlərin formalaşdırılmasına xidmət edir. Hərbi məşqləri izlədikcə ordumuzun şəxsi heyətinin, xüsusən kəşfiyyatçılarımızın döyüş əzmini yaxından müşahidə etdik. Hərbi hissənin komandiri, polkovnik Məmmədov Publika.az-a açıqlamasında şəxsi heyətin hər an ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərə hazır olduğunu dedi: “Şəxsi heyətin döyüş əhvali-ruhiyyəsi ən yüksək səviyyədədir. Ali Baş komandanımızın qayğısı şəraitində hərbi hissəmizdə şəxsi heyət üçün çox gözəl şərait yaradılıb. Yeməyi, içməyi, yaşayış səviyyəsi yaxşı olan şəxsi heyətin mənəvi vəziyyəti, döyüş hazırlığı da yüksək səviyyədədir. Hərbi hissəmizin müasir standartlara uyğun binası yenicə tikilərək istifadəmizə verilib”.

Düşmənlə üz-üzə, hər an ölüm təhlükəsinin təhdid etdiyi sakinlər həm ata-baba yurdlarını tərk etməməklə, həm də təsərrüfat işləri ilə məşğul olmaqla əsl fədakarlıq göstərirlər. Sakinlər deyir ki, bu torpaqları atıb heç yerə getməyəcəklər. Bütün bunlar bir yana, Hindarx, Qaradağlı, Qapanlı eləcə də digər kəndlərdə təhsilin, tədrisin səviyyəsi yüksəkdir. Elə buna görədir ki, sonuncu tədris ilində həmin məktəbləri bitirmiş məzunların böyük qismi ali və orta ixtisas məktəblərinə daxil olaraq tələbə adını qazanıblar. Atəş səsləri altında müxtəlif fənləri tədris edən müəllimləri, elmi biliklərə yiyələnən şagirdləri düşmənin atdığı mərmilər belə qorxutmur. Cəbhə bölgəsində gündən-günə azğınlaşan düşmənin vəhşiliklərinin əsas səbəblərindən biri də budur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm