“Qətlə yetirilmiş uşaqların sinəsini yarıb, ürəklərini parçalamışdılar” – Xocalı şahidi
Bizi izləyin

Qırmızı.az

“Qətlə yetirilmiş uşaqların sinəsini yarıb, ürəklərini parçalamışdılar” – Xocalı şahidi

“Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb, ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar”.

Bu, Xocalı faciəsinin şahidi Heydərov Camal Əbdülhüseyn oğlunun xatirələrindəndir.

Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciələrdən biri Xocalı soyqırımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım həyata keçiriblər.

Publika.az əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının materiallarına istinadən xəbər verir ki, Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, insanların başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilib.

Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin «müdafiə naziri»dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak edib.

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib. Rusiyanın «Memorial» hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyid (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilib. Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.

Xocalı soyqırımı şahidləri ifadələrində bildirirlər ki, ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyitlər isə tikə-tikə doğranıb. Heydərov Şahin Zülfüqar oğlunun sözlərinə görə, Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyit görüb. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilib. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olub. Digər bir sakinin sözlərinə görə, ermənilər onun gözü qarşısında həyat yoldaşı Firuzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələyiblər.

Paşayeva Kübra Adil qızı Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşüb. Gizləndiyi kolların arasından həyat yoldaşı Paşayev Şura Tapdıq oğlu, oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olub.

Əmirova Xəzəngül Təvəkkül qızı - Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürüblər. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Təvəkkül Əmirovun üstünə benzin tökərək yandırıblar.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm