Dənizdə çimənlərin diqqətinə - cərimələnə bilərsiniz
Bizi izləyin

Qırmızı.az

Dənizdə çimənlərin diqqətinə - cərimələnə bilərsiniz

"Sərxoş vəziyyətdə suya girən, küləkli hava şəraitində xilasedicilərə tabesizlik göstərərək dənizdə çimən, dəmir lövhələri şəxsi məqsədləri üçün sındıran, məhdudlaşdırıcı şarların ipini kəsib dənizə buraxan, onu evinə aparan şəxslərə qarşı cərimələr təyin edilə bilər”.

Bunu Publika.az-a Dövlət Sularda Xilasetmə Xidmətinin Xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənov bildirib. Onun sözlərinə görə, əgər yol hərəkəti qaydasını pozan avtomobil sürücüsünə cərimə yazılırsa, qeyri-çimərlik ərazisində istirahət edən şəxslərə qarşı cərimələr tətbiq edilə bilər.

“İstirahət mərkəzləri ictimai asayişi pozan, tabeçilik göstərməyən, pul verməyib ərazini tərk edən şəxslərlə bağlı 2-3 mühafizəçi saxlaya bilir, amma orada spirtli içki qəbul etdikdən sonra suya girib boğulma təhlükəsilə üzləşən şəxsi fikirləşmir. Həmin istirahət mərkəzi bir neçə saat ərzində qazandığı pulla ay ərzində bir neçə xilasedicinin maaşını ödəyə bilər. Çıxış yolu olaraq bu gələcəkdə bizim xidmətin bu baxımdan müəyyən təsir mexanizmlərinin olması üçün təkliflər hazırlamışıq. Biz həmin istirahət mərkəzlərini məcbur edə bilərik ki, onlar da xilasedici götürsünlər, müşahidə qülləsi qoysunlar. Bu sahədə Rusiya və digər ölkələrin təcrübəsindən yararlanmışıq”.

E. Həsənovun sözlərinə görə, əgər istirahət mərkəzi fəaliyyətə başlamaq üçün icazə alırsa, Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları tərəfindən həmin ərazi yoxlanmalı və əgər həmin ərazinin coğrafi quruluşu istirahət yeri yaratmağa imkan vermirsə, buna icazə verilməməlidir. Əgər razılıq verilirsə, həmin mərkəzin xilasediciləri ilə ilkin hazırlıq kursları keçirilməli, onlara müvafiq vəsiqələr verilməlidir. Şöbə müdirinin sözlərinə görə, əks halda, qurum tərəfindən həmin təkliflərin tərkib hissəsi olaraq cərimələr də hazırlanıb.

E. Həsənovun sözlərinə görə, çimərliyə gələn şəxs ilk öncə onu düşünməlidir ki, getdiyim çimərlikdə FHN-in xilasedicilərinin məntəqəsi varmı, o ərazi istirahət üçündürmü, təhlükəsizlik tədbirləri görülürmü: “Hər ailənin evinə yaxın su hövzəsi var deyə orada çimmək olmaz. Həmin hövzəyə girib təhlükə ilə üzləşən vaxt ora hər hansı xilasedicinin müdaxilə edə bilməməsi sonda bəzən ailənin bir neçə üzvünün boğulması ilə nəticələnir. İnsanlar ilk öncə hava haqqında məlumatı dəqiqləşdirməlidirlər. Bu işdə valideynlər xüsusilə ehtiyatlı olmalıdırlar”.

Qeyd edək ki, azyaşlı uşaqlar çimərlikdə yalnız valideynləri ilə birgə iştirak edə bilərlər. Şöbə müdirinin sözlərinə görə, bəzən valideynlər öz uşaqları ilə birgə çimərliyə gəlsələr də, xilasedicilər uşağı valideynlərin əyləşdiyi yerdən 1 km uzaqlıqda tapırlar. Bəzən isə xilasedicilər saatlarla itən uşağın valideynlərini tapmaq məcburiyyətində qalırlar. Dalğıclar çox zaman bilmirlər ki, suda insanların təhlükəsizliyinin təmin edilməsində səfərbər olsunlar və ya sahildəki valideynlərin məsuliyyətsizliyinin nəticələrini aradan qaldırsınlar.

E. Həsənov dənizdə qurulan lövhələrin istirahətə gələnlər tərəfindən tez-tez qoparılmasına da münasibət bildirib. Onun sözlərinə görə, 2014-cü ilin çimərlik mövsümünə hazırlıqla bağlı 650 ədəd dəmir lövhə yerləşdirilib: “Əvvəlki illərdə biz hər il 500-550 ədəd taxta lövhə yerləşdirdik. Lakin insanlar bu lövhələrdən öz şəxsi məqsədləri üçün istifadə edirdilər. Kimisi batan maşınının təkərləri altına atır, kimisi istirahət mərkəzində antena asmaq üçün həmin lövhənin dirəyindən istifadə edir. Bəzən dincəlməyə gələnlər taxta lövhədən manqalda kabab bişirmək üçün istifadə edirlər. Bunların qarşısını almaq üçün sahildə olan dirəklərin dibinə beton tökmək məcburiyyətində qalmışıq ki, apara bilməsinlər”.

Şöbə müdirinin bildirdiyinə görə, bəzən də istirahət mərkəzlərinin rəhbərləri özləri “çimmək qadağandır”, “təhlükəli ərazi” yazılmış lövhələri çıxarırlar. Buna səbəb isə istirahətə gələn şəxslər suda qayalıqlar olduğunu və ya təhlükəli ərazi olduğunu bilərsə, orada istirahətdən imtina edə bilərlər.

E. Həsənov onu da bildirdi ki, son vaxtlar dənizdə batmaq təhlükəsilə üzləşən insanların sayı azalıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm