Göyçayda yaşlı ər-arvadın dəhşətli qətli –TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Göyçayda yaşlı ər-arvadın dəhşətli qətli –TƏFƏRRÜAT

Ötən ilin martın 1-də Göyçay şəhərində 1933-cü il təvəllüdlü Ağasəf Quliyevin və arvadı Afaqın üzərlərində zorakılıq əlamətləri olan meyitləri yaşadıqları evdə tapılıb. Polis və prokurorluq orqanları əməkdaşları cinayəti rayon sakinləri Musa Əhmədov, Nicat Mustafayev və Pərviz Səlimovun törətdiklərini müəyyən ediblər.

Dəstə üzvlərinin Quliyevlərin evinə tamah məqsədilə girmələri müəyyən edilib. Cinayəti törədən şəxslər Quliyevlərin evindən 6200 manat pul, 1000 manat dəyərində qızıl əşyası və iki ədəd telefon aparıblar.

Üç maddəli ittiham

Publika.az xəbər verir ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham olunublar. Cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun icraatında araşdırılıb.

“Mənim də, Nicatın da banka borcumuz olub”

Cinayət işi üzrə ifadə verən Musa Əhmədov bildirib ki, 2014-cü il fevralın 28-də Nicatla görüşüb. Onun sözlərinə görə, Nicatla içki məclisində birgə yeyib-içiblər: “Söhbət zamanı borclardan söz düşdü. Çünki mənim də, Nicatın da banka borcumuz vardı. Həmin zaman Nicata Göyçay şəhəri, Xətai küçəsində yerləşən limonsatan kişinin evində çoxlu pul olduğunu bildirdim. Bir neçə dəfə limon alarkən həmin evin həyətində olduğumu, eləcə də ev sahibinin arvadı olduğunu, lakin bütün gününü evdə keçirdiyini, həyətə nadir hallarda çıxdığını bildirdim. Həmin vaxt evə Asəfin qardaşı Müzəffərgildən girə biləcəyimizi, həmin tərəfdən evə daxil olmağın asan olduğunu dedim. Nicata Asəfin qonşuluqda yaşayan qardaşının evinin arxa istiqamətindəki hasardan aşaraq, Asəfin həyətinə heç bir maneə olmadan keçə biləcəyimizi də bildirdim. Nicatla tanınmamaq üçün evə üzümüzdə şərf, əllərimizdə əlcək və ev sahiblərini uyutmaq üçün naşatır spirti və pambıq götürməyi də qərarlaşdırdıq”.

“Mən heç kəsi öldürməmişəm”

Musa Əhmədovun sözlərinə görə, planlarını dəqiqləşdirdikdən sonra Nicatla birlikdə şəhərin mərkəzindəki məscidin yanında yerləşən aptekdən “naşatır spirti” və iki cüt rezin əlcək alıblar. Həmin aptekdə pambıq olmadığından “Karvan” restoranının yanındakı digər aptekdən bir ədəd pambıq götürüblər: “Bundan sonra vaxt keçməsi üçün məscidin yanında yerləşən çayxanada çay içdik. Axşam saat 22 radələrinədək şəhərdə gəzdik. Axşam saat 22-dən sonra konyak zavodu tərəfdən Nicatla birlikdə gəldik və Nicat mağazadan yarım litrlik araq, sosiska, çörək, limonad və siqaret aldı. Çay kənarında oturub sosiskanı yeyərək arağı içdik. Nicat gecə saat 12-ə işlədiyini bildirdi və birlikdə girəcəyimiz evin yaxınlığına gəldik. Planlaşdırdığımız kimi, Asəfin qardaşının yaşadığı evin arxa tərəfindən, hasarın alçaq hissəsindən həyətə düşdük və gizlincə Asəfin həyətinə girdik. Asəfin həyətyanı sahəsində yerləşən parniklərin yanında Nicatla əlcəkləri geyindik. Nicat isə özü ilə gətirdiyi qara şərflə üzünü örtdü. Həmin vaxt mən həyətdə qaldım, Nicat isə evə daxil oldu. Həmin vaxt evdən səs-küy gəldi. Bu səbəbdən, mən də evə girdim. Evə girərkən kişi üzərimə hücum çəkərək mənə yumruq atdı. Dava zamanı onu yerə yıxdım. Həmin vaxt mən də özümdən getmişəm. Ayıldıqda isə hadisə artıq baş vermişdi. Mən heç kəsi öldürməmişəm. Hər iki şəxsi Nicat öldürüb. Daha sonra evi tərk edib çay kənarına gəldik. Nicatın üzünə bağladığı şərfi, əlcəkləri həmin yerdə yandırdı, naşatır spirtinin qablarını isə çay qırağına atdıq. Hadisədən Pərvizin qətiyyən xəbəri olmayıb. Pərvizi hadisədən 15 gün qabaq görmüşəm”.
Başqa sözlə, Musa sonuncu iki cümlə ilə istintaqa verdiyi ifadəsini danıb.

“Musaya köməyə gəldim”

Digər təqsirləndirilən Nicat Mustafayev də Musa Əhmədovun ifadəsinə uyğun danışıb. O, yaşlı ərlə arvadı xüsusi amansızlıqla öldürməsinin təfərrüatını açıqlayıb: “Biz evə daxil olanda yaşlı arvad yuxudan oyandı. Həmin vaxt arvad əl-qol ataraq bizə müqavimət göstərib. Kişi isə dava zamanı Musanı yerə yıxdı. Bu zaman arvada tez-tez yumruqla ardıcıl möhkəm zərbələr vurdum. Həmin zərbələrin təsirindən arvad bir müddətdən sonra tərpənmədi. Kişiyə gücü çatmadığına görə Musaya köməyə gəldim. Arxadan kişinin bel tərəfindən iki dəfə təpik vurdum. Bundan sonra kişinin tərpənməməsi üçün Musa dirsəyi ilə onun boğaz nahiyəsindən tutdu. Arvadın yatdığı çarpayının üzərindəki mələfənin bir hissəsini cıraraq kişinin ağzını bağladım. Bundan sonra kişinin baş nahiyəsinə iki dəfə zərbə vurdum. Musa da əlində olan pambığı otaqdakı stolun üstünə qoyaraq kişinin qulaq və baş nahiyəsindən yumruqla zərbələr endirməyə başladı. Musa yumruqla kişinin başına möhkəm vurduğundan sağ əlinin baş barmağı əzildi. Həmin zərbələrdən sonra kişi bir daha tərpənmədi. Bundan sonra çarpayıda uzanıqlı vəziyyətdə olan arvadın üzünə baxdığı vaxt ağzından qanla dolu köpük gəldiyini gördüm. Otağın işığını yandırdım, Musa həmin otaqda olan televizor altlığında olan qab-qacağa, mən isə kişinin yatdığı sandığa baxdım. Musa həmin yerdən heç bir pul və ya qızıl-zinət əşyası tapa bilmədi. Mən isə kişinin şalvarınln cibində pul tapdım. Sonra evi ələk-vələk etsək də, heç nə tapa bilmədik”.

Nicat Mustafayev bildirib ki, evə girən zaman Ağasəf Quliyevi və onun arvadı Afaqı öldürmək məqsədi olmayıb. Onun sözlərinə görə, evə girdikdən sonra hadisənin cərəyan etməsindən, şəraitdən, vəziyyətdən asılı olaraq, qorxduqlarından, həmçinin içkili olduqlarından onlara zərbələr vurublar.

“Bacanağım mənə şər atır”

Digər təqsirləndirilən Pərviz Səlimov ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, hadisə baş verən gecə evdə olub: “Həmin gün soyuducudan soyuq su içdiyimə görə xəstələnmişdim. Bu səbəbdən də bütün günü evdə olmuşam. Musa Əhmədov bacanağımdır. Onunla münasibətlərim pis olduğu üçün mənə şər atır. Nicat Mustafayevi Musaya görə tanısam da, onunla yaxın münasibətlərim olmayıb. Axırıncı dəfə onu hadisədən iki ay qabaq çayxanada görmüşəm. Tamah məqsədilə özgənin əmlakını külli miqdarda əldə etmək niyyəti ilə heç kəslə qabaqcadan əlbir olmamışam, Asəf və Afaqın yaşayış sahəsinə də qanunsuz olaraq girməmişəm. Onlara xəsarət yetirməklə, qəsdən öldürmək və quldurluqla bağlı Musa Əhmədov və Nicat Mustafayev ilə razılığa gəlməmişəm. Mənim təqsirim sübuta yetirilməyib”.

Musa Əhmədov və Nicat Mustafayevin ibtidai istintaqa verdikləri ifadələri məhkəmədə müzakirə edilib. Hər iki təqsirləndirilən şəxs zərərçəkmişlərin evindən 6200 manat oğurladıqlarını, həmçini xeyli miqdarda qızıl götürdüklərini etiraf ediblər. Onlar oğurladıqları pullarla banka olan borclarını ödəyiblər.

Məhkəmənin hökmü ilə Musa Əhmədov və Nicat Mustafayev ömürlük, Pərviz Səlimov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm