Qırmızı.az
Vahid Əhmədov: “Geni dəyişdirilmiş bəzi məhsulları burada yetişdirmək istəyənlər də var” – MÜSAHİBƏ
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Publika.az-ın suallarını cavablandırıb.
- Vahid müəllim, son dövrlər qida təhlükəsizliyi, geni
dəyişdirilmiş məhsullar və halal qida məsələləri çox aktualdır.
Mətbuatda tez-tez bu tipli məhsullarda problemlərin olması barədə
məlumatlara rast gəlirik. Siz bu sahədə vəziyyəti necə
qiymətləndirirsiz?
- Bununla əlaqədar, Milli Məclisdə xüsusi qanun qəbul olunub.
Azərbaycana gətirilən bütün məhsullar sərhəddə xüsusi
laboratoriyalarda yoxlamalardan keçirilərək ölkəyə buraxılır. Yəni
Kənd Təsərrüfatı Nazirliyinin və baytarlıq idarələrinin işçiləri bu
laboratoriyalarda fəaliyyət göstərirlər və Azərbaycana gələn
məhsulları nəzarətdən keçirirlər. Geni Modifikasiya Olunmuş (GMO)
məhsulların Azərbaycanda olmasıyla əlaqədar ikifikirlilik var.
Bəziləri deyirlər ki, geni dəyişdirilmiş məhsulun insanlara zərəri
yoxdur, bəzi mütəxəssislər bunun ziyanlı olduğunu söyləyirlər. Mən
də belə hesab edirəm ki, bu məhsullar ziyanlıdır və onların
Azərbaycana idxalına nəzarət mexanizmi daha da gücləndirilməlidir.
Elə etmək lazımdır ki, ölkədə GMO-lardan deyil, öz məhsullarımızdan
istifadə olunsun. Bizdə prezident İlham Əliyev tərəfindən ərzaq
təhlükəsizliyi proqramı qəbul edilib.Yaxın illərdə həmin proqram
əsasında Azərbaycan özünü ərzaqla təmin etməlidir. O dövlət
təhlükəsiz dövlət sayılır ki, özünü 80% ərzaqla təmin edir. Bizdə
də özümüzü ərzaqla təmin etməklə bağlı xeyli işlər görülür. Əgər
biz özümüzü ərzaqla təmin edə bilsək, onda GMO-ların Azərbaycana
idxalının qarşısını müəyyən qədər almaq olar. Amma bu faktdır ki,
Azərbaycanın özündə istehsal olunan bəzi məhsullar daxildə satıla
bilmir, xaricə çıxarıla bilmir və məhv olub gedir.
- Həm Avropa ölkələrində, həm ABŞ-da qida istehsalçılarının
fəaliyyətini tənzimləyən qida, ərzaq təhlükəsizliyinin idarə
edilməsi məcburi qaydada qanunla tənzimlənir. Bizdə bu baxımdan
vəziyyət necədir?
- Məcburi dedikdə, onsuz da istənilən qanunun icrası məcburi
xarakter daşıyır. Yəni qanun varsa, onun icrası məcburidir. Amma
bu, məsələnin bir tərəfidir. Onun o biri tərəfi də var ki, o qanun
icra olunur və ya icra olunmur. Müəyyən şəxslər olur ki, qanunun
icrasında maraqlı deyillər və çalışırlar ki, onu icra eləməsinlər.
GMO-lar, ərzaq təhlükəsizliyi ilə əlaqədar, mən bir misal gətirim.
İlham Əliyev prezident seçiləndən sonra regionların sosial-iqtisadi
inkişafına dair proqramlar qəbul olundu. Birinci proqram
2004-2008-ci illər, ikinci proqram 2009-2013-cü illər və üçüncü
proqram da 2014-2018-ci illər üçün qəbul olunub. Gülüstan sarayında
birinci proqramın yekunlarını müzakirə edəndə prezident hökumətin
qarşısında iki məqsəd qoyub. Hökumətə edilən iki əsas tövsiyə ondan
ibarət olub ki, Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin
etməlidir və Azərbaycanda qeyri-neft sektorunun inkişafına nail
olmaq lazımdır. Yəni bu məsələlər nə qədər öz həllini tapıb, bunlar
mübahisəli məsələlərdir. Amma bununla bağlı müəyyən qədər işlər
görülüb.
- Azərbaycanda 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatının
Halal Qida Standartı tərcümə edərək yerli standart (AZS 731) kimi
qəbul edilib. Lakin indiyə kimi bununla əlaqədar söz-söhbət bitmir
və istehlakçıların haqlı narazılığına səbəb olur. Sizcə, bunun əsas
səbəbi nədədir?
- Mən bir neçə dəfə halal standart məsələsinə toxunmuşam. Bununla
bağlı standartlar da qəbul eləmək olar. Amma bu sahəyə cavabdeh
olan sahibkarlar nə qədər qəbul olunan standarta riayət edəcəklər,
bu başqa məsələdir. Biz bilirik ki, nə qədər zay məhsullar
piştaxtalardan götürülür, yığışdırılır. Dövlət Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi buna nəzarəti həyata
keçirir, İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Komitəsi, digər
nəzarət departamentləri belə məhsulları yığışdırırlar. Amma biz
piştaxtalarda yenə də geni dəyişdirilmiş məhsullara rast gəlirik.
Hətta mən sizə açıq deyim ki, kənd təsərrüfatı məhsulları, xüsusən
də meyvəçiliklə əlaqədar geni dəyişdirilmiş bəzi məhsulları
xaricdən gətirib burada yetişdirmək istəyənlər də var. Bu, çox
ciddi problemdir. Fikir versəniz, son vaxtlar toyuq əti ilə bağlı
da problem yaranıb. Sübut etmək istəyirlər ki, bu, belə deyil, heç
bir problem yoxdur, broylerdə yetişdirilən toyuq ətinin insanlara
heç bir zərəri yoxdur, amma bu proses artıq getdi. İnsanlar
anlamağa başlayıblar ki, xaricdən gətirilmiş və ya burada
broylerlərdə yetişdirilən toyuqlarda müəyyən problemlər var, nə
qədər üstünü ört-basdır eləməyə çalışsalar da, hər şey aydındır.
Ona görə də hesab edirəm ki, standartlar qəbul etmək başqa, bunun
insanlar, sahibkarlar tərəfindən yerinə yetirilməsi isə
başqadır.
- İnzibati metodlara ehtiyac var?
- İnzibati metodlar həmişə özünü doğrultmur. Bundan başqa,
Azərbaycanda bazar iqtisadiyyatıdır. Biz 1992-ci il yanvar ayının
1-dən bazar iqtisadiyyatına keçmişik və bizdə sərbəst bazar zonası
var. Bu artıq insanın öz qabiliyyətindən asılıdır. Bir də qəbul
edilmiş qanunlara nəzarət mexanizmi bizdə zəifdir. İnsanlar
çalışırlar ki, necəsə qanunlara əməl etməsinlər, onlardan
yayınsınlar. Bizdə yaxşı qanunlar da var, standartlar da. Son
vaxtlar Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
faktiki olaraq bütün bölgələrdə laboratoriyalarını yaradıb.
Məhsulun keyfiyyətinə nəzarət mexanizmini həyata keçirir. Zay
məhsulları istehsalatdan çıxarırlar, sexləri bağlayırlar. Amma biz
yenə də Azərbaycanda bu hallarla qarşılaşırıq.
- Qəbul edilmiş AZS 731 Halal Standartında Geni
dəyişdirilmiş Məhsullara Halal sertifikat verilməsi nəzərdə
tutulurmu?
- Onu deyə bilmərəm, xəbərim yoxdur. Sertifikat da verə bilərlər,
amma əsas məsələ odur ki, verilən sertifikata uyğun əməl olunsun.
İstənilən qida məhsulunun texnologiyasında zəncirin bir hissəsini
kəsirsənsə, orada onun keyfiyyətindən söhbət gedə bilməz. Bu,
Azərbaycanda adi haldır. Qida məhsullarının tərkibində
keyfiyyətsiz, insan üçün zərərli olan məhsullar var, bu
faktdır.
- Bununla bağlı sərt tədbirlər görmək olmazmı?
- Sərt tədbirlər görmək üçün dövlətin öz orqanları var. Bununla
bağlı onlar mütəmadi olaraq monitorinqlərini aparmalıdırlar. Dövlət
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,
İqtisadi İnkişaf Nazirliyinin departamentləri, baytarlıq idarələri,
sanitar-epidemiologiya mərkəzləri insanların sağlamlığını qoruyan
təşkilatlardır. Onlar cavabdehdirlər ki, insanların sağlamlığına
zərər vuran qidalar istehsalatda olmasın və həyatdan çıxarılsın.
Bundan başqa, ən əsas məsələ odur ki, “Ekoloji təmiz məhsul
haqqında” qanun qəbul edilib. Bu qanuna riayət olunsun, qanunun
icrası mexanizmi mütəmadi olaraq yoxlanılsın və dövlət orqanları
tərəfindən qarşısı alınsın.
- Vahid müəllim, sadaladığınız qurumların fəaliyyətini
qənaətbəxş hesab etmək olar bu məsələdə?
- Mən belə hesab edirəm ki, qurumların fəaliyyətində müəyyən üstün
cəhətlər var, son vaxtlar çox işlər görürlər. Amma qənaətbəxş hesab
edə bilmərəm. Çünki əgər həyatda biz GMO məhsullara rast gəliriksə,
belə qida məhsullarını istifadə ediriksə, deməli, o səviyyəyə gəlib
çatmamışıq. Bu yoxlamalar mexanizmi hələ yaxşı qurulmayıb. Onu bir
qədər də ciddiləşdirmək lazımdır. Bəlkə, elə qanuna da yenidən
baxmaq lazımdır. Bizim Aqrar Siyasət Komitəsi çox yaxşı işləyir,
həmkarım Eldar İbrahimovun rəhbərliyi ilə bu qanun hazırlanıb. Çox
gözəl də qanundur. Lazım gələrsə, ona yenidən baxmaq olar. Mənə elə
gəlir ki, hökumət qurumları daha çox bu nəzarət mexanizmini
gücləndirməli, geniş monitorinqlər aparmalıdırlar ki, insanlara
ziyan vuran məhsulların istehsalına və satışına qadağa qoyula
bilsin.
Ərzaq təhlükəsizliyi ilə bağlı istər Avropada, istər qonşu
ölkələrdə Türkiyə, İran və sairə ölkələrdə normativlər, standartlar
bir qurum tərəfindən hazırlanır. Digər qurumlar tərəfindən
sertifikatlaşdırılır. Bizdə isə eyni qurumlar həm standart
hazırlayır, həm sertifikatlaşdırır, həm də akkreditasiya ilə məşğul
olur. Olmazmı ki, Avropadakı kimi maraqların toqquşması olmasın
deyə bu səlahiyyətlər ayrı-ayrı qurumlara verilsin, məsuliyyət
bölgüsü dəqiq olsun və istehlakçılar da müraciət edəndə bilsinlər
kimə müraciət edirlər.
Bizdə bunların hamısını Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsi həyata keçirir. Sertifikatı da onlar verir,
standartı da onlar hazırlayırlar. Azərbaycan elə də böyük dövlət
deyil, 9, 5 milyon əhalisi var. Bu dövlət üçün normal sistemdir və
yeni qurumun yaradılmasının tərəfdarı deyiləm. Amma bu komitənin
işinin bir balaca yenidən qurulmasının tərəfdarıyam. Bu qurumun
səlahiyyətləri çox böyükdür. Biz bu qurumla əlaqədar qanunlar qəbul
etmişik. O, zay məhsul istehsal edən istənilən təşkilatı bağlaya da
bilər, ləğvinə qərar da verə bilər. Onların əlində böyük imkanlar
var. Lisenziyanı da o verə bilər, standartı da. Bunun məsələyə
dəxli yoxdur. Bu standartlar dünya standartlarına uyğun hazırlanır.
Əks halda, qeydiyyatdan keçə bilməz, ona görə də, mən bunların bir
yerdə olmasını problem kimi görmürəm. O ki qaldı, digər məsələyə,
problemi həll etmək istəməyəndə həmişə bir-birinin üstünə atırlar.
Amma hərənin öz səlahiyyət daxili var. Kənd Təsərrüfatı
Nazirliyinin səlahiyyətinə keyfiyyətli məhsul yetişdirmək daxildir.
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin öz
standartı var. Bu problemi bir-birinin üstünə atmaq doğru
deyil.
- Siz bayaq da qeyd etdiniz ki, fermerlər öz məhsullarını,
istər ölkə daxilində, istər də xaricdə sata bilmirlər. Daha əvvəl
də çıxışınızda bildirmişdiniz ki, Qubada fermerlər almanı çaya
tökürlər. Fermerlərin məhsullarını satarkən qarşılaşdıqları
problemləri aradan qaldırmaq üçün nə etmək lazımdır?
- Prezident İlham Əliyev 2013-cü ildə Qubada olarkən mən bu məsələ
ilə bağlı ondan xahiş etdim və o da göstəriş verdi. Məsələ müəyyən
qədər həll olundu. Bu il Rusiyada vəziyyətin gərgin olmasıyla
əlaqədar bizdə insanların bəziləri müəyyən qədər məhsul apardılar
və satdılar. Bura təkcə Quba alması aid deyil, bura Gədəbəy kartofu
da, soğanı da daxil idi, cənub bölgəsində də bu problemlər var idi.
Ümumiyyətlə, mən hesab edirəm ki, əgər ölkədə məhsul daxili bazarı
ödəyirsə və artıq qalırsa, o, xaricə çıxarılmalıdır. Birincisi,
daxildə fermerlərə istehsal etdiyi məhsulu satmaq üçün şərait
yaradılmalıdır. İkincisi də, dövlət başçısının göstərişi ilə Kənd
Təsərrüfatı Nazirliyi çalışır ki, kənd təsərrüfatı məhsullarının
ixrac yönümlü olmasını təşkil etsin. Onun emalı, saxlanması üçün
60-a yaxın soyuducu anbar tikilib. Biz bu il də Quba almasının
hamısını xaricə çıxara bilmədik. Müəyyən hissəsi çürüdü. Soyuducu
anbarlarda qiymət bir qədər baha olduğundan, sahibkarlar baha
qiymət qoyduğundan, insanların məhsulu orada saxlamağa imkanı
olmur. Bu problem həm şimal zonası üçün, həm cənub zonası üçün çox
ciddi problemdir və hələ də öz həllini gözləyir.
Gülnar Əliyeva
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY