Düşmən qonşuluğundakı kənd - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Düşmən qonşuluğundakı kənd - FOTOLAR

Iyirmi bir il əvvəl imzalanmış atəşkəs rejimi cəbhə xəttindəki genişmiqyaslı döyüş əməliyyatlarını səngitsə də, təəssüf ki, insanlıq hisslərini itirmiş, mərhəmət, humanistlik kimi bəşəri duyğulardan uzaq olan ermənilər 1994-cü ildən sonra cəbhə xəttində yerləşən kəndlərimizin dinc sakinlərini hədəf seçir, mülki vətəndaşlara atəş açırlar. Belə kəndlərdən biri də Ağdamın Qaradağlı kəndidir. Kəndinin bir sıra yerlərində düşmən mövqeləriylə məsafə 1 kilometrdir. Sakinlərinin sözlərinə görə, atəş səsləri hərdən çox yaxında eşidilir. Lakin bütün bunlara baxmayaraq, onlar gündəlik fəaliyyətlərini davam etdirirlər. Amma düşmən atəşi əkin sahələrində texnikanın işinə müəyyən maneçiliklər törədir.

Qaradağlı kəndinin sakini Etiqad Təhməzli bildirdi ki, düşmənlə bir neçə yüz metr məsafədə yerləşən kənddə bircə problem var: “Kəndimizdə qaz, işıq, su problemi yoxdur. 2013-cü ildə Qaradağlıya qaz çəkildi. İşıq isə fasiləsiz verilir. Bəzən güclü külək harasa ziyan vuranda texniki problemlər yaranır və onda təmir işləri ilə əlaqədar işığı 1-2 saatlıq kəsirlər. Şəxsən mən uşaq yaşlarımdan indiyədək işığımızın uzun müddət kəsildiyini görməmişəm. Çətinliyimiz yollarımızın bir hissəsinin bərbad olması ilə bağlıdır. Amma tədricən onları da təmir edirlər. Asfalt çəkilən yollarımızın sayı artır. Yəqin, gələcəkdə yolun qalan hissəsini də asfaltlayacaqlar”.

Onun sözlərinə görə, qaradağlılara əsas problemi ermənilər yaşadır: “Düşmən sakinlərə işləməyə imkan vermir. Bizimlə üz-üzə Seysuan adlı erməni kəndi yerləşir. Lakin kənddə mülki sakinlər yaşamır. Orada əsasən erməni hərbçiləri yerləşir. Kəndimizdə kim öz əkin sahəsində işləməyə çıxırsa, dərhal atəşə tuturlar. Sakinlər ot daşımağa da çətinlik çəkirlər. Düşmən əsgərləri dərhal onları da hədəf seçir. Aradakı məsafə bir neçə yüz metrdir. İndi onlar həm sizi, həm də məni açıq-aydın görür, müşahidə edirlər. Amma bilirlər ki, atəş açsalar, əsgərlərimiz layiqli cavablarını verəcəklər. Ona görə də güllə atmırlar”.

Düşmənin hər gün müxtəlif çaplı silahlardan atəş açdığını deyən sakin bildirdi ki, belə olduqda hərbçilərimiz də onlara tutarlı cavab verirlər. Ermənilərin uzaq məsafədən onu görmələrinə baxmayaraq, kənddə atla gəzən sakin “Nə üçün kənddə atı belində gəzirsiniz? Sizi atəşə tutmazlar?” – sualımıza maraqlı cavab verdi: “Onlar onsuz da hər gün atırlar. Elə təxminən 10 dəqiqə əvvəl atəş açdılar. Bizim əsgərlər də dərhal cavab verdilər. Mən düşmənin atəşindən qorxmuram. Təxminən 3 ay əvvəl məni hədəfə alıb, atəş açdılar. Elə burada – (söhbətləşdiyimiz yerdə, Qaradağlı kəndində - A.T.) üzərimizə güllə yağdırdılar. Əkin sahəsindən evə gedirdik. Yanımda dörd yoldaşım da vardı. Bizi avtomatla neçə dəfə nişan alsalar da, güllə dəymədi. Lakin ətrafımıza mərmilər tökülürdü. Onlar mənə və yoldaşlarıma bir neçə güllə ata bildilər. Çox atəş açmağa müvəffəq olmadılar. Ona görə ki, səngərlərimizdəki hərbçilərimiz ermənilərə cavab verdilər. Buna görə də düşmənin silahı dərhal susdu. Azacıq dəqiq atsaydılar, güllələr bizə dəyə bilərdi. Mərmilər bizdən cəmi bir neçə metr qabağa düşürdü. Amma buna baxmayaraq, kənddə yenə atla gəzirəm. Biz bu yolları sərbəst gəzməyə uşaq yaşlarımızdan öyrənmişik”.

Qeyd edək ki, düşmən kənd sakinini elə söhbətləşdiyimiz yerdə atəşə tutmuşdu. Lakin Etiqad Təhməzli buna baxmayaraq, səngərdə gizlənib mülki sakinləri hədəf seçən qorxaq ermənilərə meydan oxuyurmuş kimi yenə də kənddə at belində gəzir. Beləcə, düşməndən qorxmadığını sübut edir.

Sakinin sözlərinə görə, düşmən adətən kəndin yuxarı məhlələrini yox, çökəkdə yerləşən hissələri daha tez-tez atəşə tutur: “Qaradağlıların əkn sahələrini sulamağa, heyvanları otlağa aparmalarına imkan vermirlər. Hamı bu sarıdan çətinlik çəkir. Mülki şəxsləri hədəf seçirlər. Yay mövsümündə əkin sahəsində işləyən traktorçunu snayperlə ayağından vurdular. Xoşbəxtlikdən, onu yenidən həyata qaytardılar. Həmin sakin müalicə olundu. Əmim Əli Təhməz oğlu Həsənov isə şəhid düşdü”.

Ermənilərin Qaradağlıda süni həyəcan, qorxu yaratmağa çalışdıqlarını deyən sakin düşmənin buna nail olmadığını bildirdi: “Şəxsən mən onların atəşindən qorxmuram. Qorxsam, at belində gəzməzdim. Onların məqsədi bizi qorxutmaq olsa da, buna da nail ola bilmirlər”.

On səkkiz yaşlı müsahibimiz apreldə hərbi xidmətə gedəcək. Ailədə 6 nəfərdirlər: “Ermənilərin bir istəyi var – sakinləri qorxu altında saxlamaq. Amma buna da nail ola bilmirlər. Bildirim ki, son illər kəndin bircə sakini belə, Qaradağlıdan heç yerə köçməyib”.

Onun sözlərinə görə, rayon mərkəzi ilə bir neçə kilometr məsafədə yerləşən Qaradağlı sakinlərini düşmənin atəşi altında yaşayan kəndin qış qayğıları qorxutmur: “Tərtər rayonunun mərkəzi ilə Qaradağlı kəndi arasındakı məsafə 11 kilometrdir. Biz rayonun mərkəzinə avtobusla gedib gəlirik. Özünüz də görürsünüz ki, Qaradağlı kəndi necə gözəldir. Belə kəndi atıb getmək olar?”

Kənddə düşmənin güllə yağışı altında gündəlik təsərrüfat işləri ilə məşğul olan Etiqad Təhməzli artıq bu qayğılara alışdığını dilə gətirdi: “Hər gün mal-qara otarıram. Qardaşım işləyir. Atam əvvəllər Bakıda neft daşlarında işləyirdi. Amma sonra işdən çıxdı. Hazırda o da kəndimizdə təsərrüfat işləri ilə məşğul olur. Kəndimizdə hər şey qaydasındadır”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm