Həyat sığortasının inkişaf etdirilməsi planlaşdırılır
Bizi izləyin

Qırmızı.az

Həyat sığortasının inkişaf etdirilməsi planlaşdırılır

Qarşıdakı illərdə həyat sığortasının inkişafı üçün tədbirlərin görülməsi gözlənilir. Buraya istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin İcbari Sığorta Bürosunun (İSB) elektron informasiya sistemi vasitəsilə bağlanması, eləcə də bu sığorta növünün daha geniş tətbiqi məqsədilə İSB-nin elektron informasiya sisteminin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə inteqrasiya edilməsi aiddir.

Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin şöbə rəisi Mahir Abdullayev AZƏRTAC-a bildirib ki, bu, nazirlik tərəfindən təsdiqlənən Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planında nəzərdə tutulub.

Bundan başqa, qanunvericiliyə həyatın yığım sığortası müqavilələri üzrə fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına tətbiq olunan güzəştlərlə bağlı dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması gözlənilir.

Sığorta sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə zərərin hesablanması üçün peşəkar qiymətləndiricilərin hazırlanıb sertifikatlaşdırılması, eləcə də kənd təsərrüfatı sığortası sahəsində sığorta ekspertlərinin hazırlanıb sertifikatlaşdırılması nəzərdə tutulub.

Kadr potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən yaradılan Sığorta Tədris Mərkəzinə, eləcə də Azərbaycan Aktuarilar Assosiasiyasına aktuari təlim kurslarının həyata keçirilməsində təşkilati və maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub. Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Risk Peşəkarları Assosiasiyası ilə birlikdə sığorta dərsliklərinin nəşri və təlim kurslarının təşkili də planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm