Bakının yeganə qadın avtobus sürücüsü: “Bakı meri olsam….” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakının yeganə qadın avtobus sürücüsü: “Bakı meri olsam….” - FOTOLAR

Onunla Dərnəgül metrosunun çıxışında görüşməyi planlaşdırmışdıq. Təyin olunan vaxtdan bir az tez gəlmişdim və üzünü görmədiyim gələcək müsahibim - 40 ilə yaxın avtobus sürücüsü işləmiş xanımın necə görünüşlü olduğunu düşünürdüm. Təsəvvürümdə əlləri qabarlı, özünə fikir verməyən, kişi kimi bir qadın canlandırmışdım. Metronun pilləkənləri ilə hündürdabanlı ayaqqabı geyinmiş, paltosu, yaylığı, ayaqqabısı, hətta köynəyindəki rəngləri bir-birilə gözəl sintez etmiş incə bir xanım qalxdı. Müsahibimin dəqiq bu qadın olmayacağını düşünərək ona yaxınlaşmaqdan vaz keçdim. Bir neçə dəqiqə sonra özü mənə yaxınlaşanda yanıldığımı anladım. Hətta heyrətdən hansı sualları verəcəyim də yadımdan çıxmışdı.

Bahar Tahirova 40 ilə yaxındır ki, avtobus sürür. Bu qədər çətin iş görən, üstəgəl ana olan və 4 uşaq böyüdən bir qadının illər sonra da öz xanımlığını saxlaması nə qədər təəccübləndirici idi. Hər şeyi müsahibənin sonunda anladım. Kişi və qadın sənəti deyə bir şey yoxdur. Sənəti bacaran insan var. Bir də insanın öz yerində olması, işindən zövq alması hər şeydən vacibdir. Publika.az çətin peşə sahibi – avtobus sürücüsü olan Bahar xanımla müsahibəni təqdim edir.

- Bahar xanım, nə vaxtdan sürücü işləyirsiniz?

- 1977-ci ildən işləməyə başlamışam. İlk iş yerim hərbi zavodda olub, zavod rəhbərinin sürücüsü idim. O zaman stajım olmadığına görə avtobusa işə qəbul eləmirdilər. Avtobus sürmək üçün ya “B” və “C” kateqoriyası ilə birlikdə 10 il təcrübən olmalı, ya da “D” kateqoriyası almalısan. Ona görə zavodda işləməli oldum. İlk maşınım “Qaz 24” idi. Bir il orada işlədim. Maşınla avtobusların yanından keçəndə ürəyim az qalırdı dayansın. O işə staja görə getmişdim. Sonra çətin dövr oldu, hətta məktəbi təzə bitirən uşaqları da “D” kateqoriyanı oxumaq üçün göndərirdilər. Həmin vaxtda bəxtim gətirdi və məni işə götürdülər. Ay yarım oxuyub “D” kateqoriyasını aldım. Ən birinci marşrutum isə “Nizami” metrosundan Biləcəri istiqamətində olub. Sonra bir çox marşrutlarda işlədim, sayı belə yadımdan çıxıb. Sonuncu isə 16 saylı marşrut olub. Sonra sifariş olduqca, Rusiyaya, Türkiyə ilə sərhəd açıldıqca Türkiyəyə, İrana gedən marşrutları, Bakı-Qazax, Bakı-Astara marşrutlarını sürmüşəm. Ən sevdiyim yol isə Lənkəran-Astara yoludur. Ora həm çox gözəl yoldur, həm də insanları çox yaxşıdırlar.

- Adətən, bizdə ailələr qadının maşın sürməsinə yaxşı baxmırlar. O ki qaldı, avtobus ola. Necə oldu sürücü kimi işə başladınız?

- Mənim uşaq vaxtından sürücülüyə böyük marağım olub. Mən uşaq olanda dayım Təcili yardım maşınında işləyirdi. Bir dəfə qonşuluqda kimsə xəstələnmişdi və onlara dayımın idarə etdiyi təcili yardım gəlmişdi. Həkimlər köməyə gedən zaman dayım məni maşında qucağında oturtdu və birgə qəsəbədə maşını bir xeyli sürdük. Bilmirəm, yəqin ki, məndə sürücülüyə o vaxtdan böyük maraq yarandı. Anam deyirdi ki, o vaxtdan harada dəmir qırığı, sim tapdınsa, onu evə gətirirdin. Uşaq vaxtı oyuncaqla, gəlinciklə oynamırdım. Evi dəmirlə doldurmuşdum. O zaman təxminən 3 yaşım olub və elə o vaxtdan da beynimdə ancaq bir fikir olub: sürücü olmaq.

- Valideynləriniz bu peşəni seçməyinizi necə qarşıladılar?

- Mən o vaxt bədən tərbiyəsi universitetinə qəbul olmaq istədim, amma alınmadı. Bakıda olan bütün sürücülük məktəblərinə müraciət etsəm də, məni həvəskar sürücü kimi götürürdülər. Peşəkara isə icazə vermirdilər. Hətta mənə deyirdilər ki, gözəl qadınsan, get kinoya çəkil, sən hara, sürücülük hara?

Hətta işə düzələndə də sürücülük məktəbinin direktoru mənim haqqımda demişdi ki, bu qadın işləyən deyil. Bir az işləyib, qaçacaq. Sonra biz onunla 10 ildən sonra qarşılaşdıq. Bizim qaraja müdir gəlmişdi. Məni görəndə təəccübləndi ki, siz hələ də işləyirsiniz? Ailəmdə elə bir problem olmadı, seçimimlə razılaşdılar.

- İşiniz sizə ailədə hansı çətinlikləri yaradıb?

- Əgər iş sizin xoşunuza gəlirsə, heç bir çətinlik gözə görünmür. Doğrudur, ev və iş bir yerdə çox çətindir. Xüsusən də mən 4 uşaq saxlamışam. Bir gün bütün günü işdə olurdum, sabahısı gün evdəki işlərlə məşğul olurdum. Paltar yumaq, yemək bişirmək lazım idi. Həmişə biləndə ki, sabah işə gedəcəyəm, onda hər şey yoluna düşürdü, hər bir çətinliyi unudurdum.

Mən uşaqlarımı tək böyütmüşəm. Bəlkə də, mənim bu cür sevimli işim olmasaydı, həyatım çox çətin olardı. Məni yaşadan elə mənim işim olub.

- Əməkhaqqı necə idi, sizi qane edirdi?

- Hə, qane edirdi. Pis deyildi.

- Bəs polislə necə yola gedirdiniz? Ümumiyyətlə, necə sürücü olmuşunuz, qaydaları pozurdunuz?

- Mən deyə bilmərəm ki, ideal sürücü olmuşam. Bəzən olurdu ki, tələsəndə qaydaları da pozmalı olurdum. Biləndə ki, bu yolda polis yoxdur, orada qaydaları pozurdum (gülür).

- Ciddi cərimələriniz olub?

- Bir dəfə olub. Mən həmin yolda radarların olduğunu bilmirdim və Astaradan qayıdanda Xıdırlı yolunu sürətlə keçdim. Onda 140 km/saat sürətlə sürdüm və radara düşdüm. Həmin vaxtdan sonra qaydalara əməl edirdim.

- Maşında ən yüksək sürətiniz nə qədər olub?

- Axırıncı sürdüyüm maşında sürət həddi 120-dir, ondan çox yoxdur. Nə etsən də, ondan yuxarı sürətlə sürə bilməzsən. Bəzən Astaradan gələndə vaxtı çatdırmaq olmurdu və orada bir az qovurdum ki, gəlib vaxtında çata bilim. Amma elə, deyəsən, o 140-dan yüksək sürətim olmayıb.

- Bizim sərnişinlərin səviyyəsi sizi qane edirmi? Sürücü kimi sərnişinlərdən razısınızmı?

- 39 nömrəli maşında işləyəndə adamlar hamısı mənim avtomobilimə minmək istəyirdilər. Məndən qabaqda və məndən sonra gələn marşrutlara minmirdilər, adamlar mənim növbəmi gözləyirdilər. Bəzən o qədər adam olurdu, özüm də hirslənirdim ki, bu basabasla indi qapısı açıq gedim? Onda sərnişinlər deyirdilər ki, günah bizdə deyil, sizdədir, çünki yaxşı sürücüsünüz. Heç vaxt heç kimdən bir artıq hərəkət görməmişəm və sərnişinlərdən də narazılıq edə bilmərəm.

- Ümumiyyətlə, sürücülərin mədəniyyəti sizi qane edir? Bəzən kişi sürücülərimiz qadın sürücü görəndə onu sıxmağa çalışırlar.

- Onlar 4 metr hündürlüyü, 12 metr uzunluğu olan avtobusu sıxa bilərlər? (gülür) Avtobuslar da heç vaxt belə etməyiblər. Mən neçə ildir işləyirəm, heç vaxt belə halla qarşılaşmamışam.

Şəhər marşrutunda işləyən sürücülərin 5 ürəyi var. Mən məəttəl qalıram. Belə işdə çox hövsələ lazımdır. Çox hövsələdən çıxırlar, tıxac bir yandan, qrafiki çatdırmamaq bir yandan. Avtobus tərpənən kimi, ikinci sürət qutusuna atmamış deyirlər ki, “saxla”. Şəhərdəki sürücülər hövsələsizdirsə, onları qınamaq olmaz. Sərnişinlər özləri onları hövsələdən çıxarırlar. İndi heç kim bir addım piyada getmək istəmir. Biz sürücülərə isə hövsələdən çıxmaq olmaz.

Bəzən olur ki, sərnişinə deyirsən ki, siqaret çəkmə. Belə hallarda konduktoru göndərirdim, o, vəziyyəti yoluna qoyurdu.

- Qadın sürücünü görəndə sərnişinlərin reaksiyası necə olub? Dönüb qayıdanlar, qadına etibar etməyənlər olurdu?

- Əvvəllər çox olurdu, bəzən sərnişin danışa-danışa gəlirdi “qaqaş, bəs bu...” birdən məni görəndə çaşıb özünü itirirdi. Sonra özünü toplayıb sualını verirdi. Mən Astaraya işləyəndə çoxu mənim qrafikimi gözləyirdi.

- Nəqliyyatda hər gün qəzalar olur. Siz heç qəza keçirmisiniz?

-Hə, olub. Amma xoşbəxtlikdən nə mən, nə də sərnişinlər xəsarət alıb. Avtobusun əyləcində problem oldu, onu dirəyə çırpdım. Aşağıda bir oğlan dayanmışdı, bir təhər ona işarə elədim ki, avtobusun əyləci xarab olub. Nə yaxşı ki, o, məni başa düşdü. Vaxtında yoldan çıxmasaydı, bəlkə də elə xəsarət alanlar olacaqdı.

- Sərxoş və kobud rəftar edən sərnişinlərlə rastlaşanda necə edirdiniz?

- Belə hallarda mən konduktoru göndərirdim. O, kişi olduğuna görə gedib vəziyyəti nizama salırdı. Belə hallarda avtobusda olan kişi sərnişinlər də işə qarışıb həmin sərnişini avtobusdan düşürürdülər.

- Siz peşəkar sürücü kimi necə düşünürsünüz, tıxacların qarşısını almaq üçün nə etmək lazımdır?

- O bizdə heç vaxt alınmayacaq. Bu qədər maşın var, tıxacı necə aradan qaldırmaq olar? Yollarımız da çox dardır.

İndi Bakıda birinci Avropa Oyunlarına hazırlıq gedir. Tıxaclar bir müddət azalacaq. Rayonlardan Bakıya gələn maşınların sayı azalacaq, əhali də şəxsi avtomobillərindən az istifadə edəcək. Biz, belə desək, bir az dincələcəyik (gülür).

- Sürücü işləyərkən sizdən ən çox nəyi soruşurdular, hansı sualları verirdilər?

- Ən çox onu soruşurlar ki, sizə çətin deyil? Əslində, qadın üçün bu işin nəyi çətindir ki? Bütün ağır işlər qadınların üzərindədir. Ev işi bütün işlərdən ağırdır. Əvvəllər elə marşrutlar var idi ki, onları sərnişinlər tamamilə yaddan çıxarmışdılar. Belə marşrutları diriltmək üçün çətin yerlərə məni göndərirdilər.

Bir dəfə Moskvadan Bakıya yoxlama gəlmişdi. Avtobusu qadının sürdüyünü görüb məni işdən çıxarmağı tapşırmışdılar. Moskvadan göndərilən məktubda yazılmışdı ki, sovet qanunları qadın əməyinin istismarına icazə vermir. Yarım tondan artıq çəkisi olan maşın sürməməliyəm. Məni o zaman işdən azad etdilər. Nazirə müraciət etdim, o, mənə özünün “Qaz 24”-nü sürməyi təklif etdi. Dedim ki, mənə “İkarus” verin, heç nəyi olmasın, “kubik”in üstündə - mən onu yığdırım sürüm. Mən ancaq böyük maşın sürmək istəyirəm. Ərizəni nazirin adına yazdım. Ondan sonra məni işə götürdülər. Amma hər dəfə nazir dəyişən kimi məni işdən çıxarmaq məsələsi aktuallaşdı. Moskvadakılar hesab edirdilər ki, sivilizasiya Moskvadan gəlməlidir. Bəlkə də, orada qadın sürücü işləsəydi, heç bir problem olmazdı. Bizə qara millət kimi baxırdılar. Fikirləşirdilər ki, müsəlman ölkəsində qadın sürücü? Mən onlardan soruşdum ki, bəs niyə sizdə kosmosa gedən qadın idi? Siz sadəcə olaraq barışa bilmirdiniz ki, niyə qadın sürücü Rusiyada yoxdur, müsəlman ölkəsində var? Sonra məktubda yazmışdılar ki, sürücülük ona ana olandan təsir edəcək. Onda mənim artıq iki uşağım var idi və bu da tutarlı səbəb deyildi. Onda məni çox incitdilər, sonra bir təhər məndən əl çəkdilər.

- Gündə neçə saat işləyirdiniz?

-Mən gecə saat 4-də yuxudan oyanırdım. Saat 5-ə qalmış artıq qarajda idim. Qrafik səhər saat 6-dan başlayırdı, sonuncu maşın 12-də qayıdırdı. Maşını təhvil vermək, yudurtmaq və s. gecə saat 2-yə qədər çəkirdi. Növbəti gün isə evdə olurduq.

- Həyat yoldaşınız da sürücü idi?

- Hə, sürücü idi. Bir gün o işləyirdi, bir gün mən.

- İşdə tanış olmuşdunuz?

- Hə. Mən qohumlarımızın evində qalanda biz tanış olmuşduq. O da bizə qonşu idi və onu tez-tez görürdüm. Bir dəfə mənim avtobusum təmirdə idi. Mən də çox yorulmuşdum. “Baksovet”də düşdüm, evə gedirdim. Fikirləşdim ki, 39 nömrəli marşruta minərəm, orada tanış uşaqlarımız olur. Xahiş edərəm evə yaxınlaşanda dayanacaqdan kənar saxlasın. Əslində, marşrut evimizin yanından keçib gedirdi, orada saxlamırdı, yuxarıda saxlayırdı. Təzədən o qədər yolu piyada qayıtmalı olurdum. Baxdım ki, sürücü tanış deyil. Ondan həmin yerdə saxlamağını xahiş elədim. O, çox qaşqabaqlı şəkildə cavab verdi ki, bizdə “poluekspress” - 5 qəpiklik deyil, 10 qəpiklik marşrutdur. Ancaq yuxarıda saxlaya bilərəm. Mən də heç nə demədim. Amma konduktor yavaşca ona dedi ki, sən bu xanımı tanımadın, 69 nömrəli marşrutda işləyən qızdır da. O, bunu eşidəndən sonra həmin yerdə saxladı və mən düşmədim. Dedim ki, sizdə axı ekspress marşrutdur, 10 qəpiklikdir, dayanacaqda saxlayarsınız. Mən onu pərt elədim, sonra həmişə mənə deyirdi ki, sən məni pərt elədin. (gülür). Belə tanış olduq. Sonra məndən əl çəkmədi. Evləndik.

- Sənətinizi bu qədər sevirsiniz, uşaqlarınızın da sürücü olmasını istəyərdiniz?

-Yox, bu sənət çox çətindir. Bu işi elə dəlicəsinə sevməlisən ki, ona dözəsən. Elə-belə sürücü işləsən ona dözməyəcəksən. Gecə qaranlıqda, istidə, soyuqda çox çətindir.

- İşlə bağlı maraqlı xatirələriniz olub?

- Bizim işimiz bir az monoton işdir. Aerokassanın yanından Aeroporta gedən xəttdə işləyəndə bir nəfər sərnişin artıq bir neçə ay idi ki, pul vermədən düşürdü. Hər gün iki dəfə düşəndə vəsiqəni göstərib düşürdü. Əvvəl fikir vermirdim. Bir dəfə həmin vəsiqə tanış gəldi və baxmaq istədim. Amma kişi vermədi. Bir təhər əlindən aldım. O vəsiqədən məndə də var idi, çoxuşaqlı analara nəqliyyatdan pulsuz istifadə üçün verilən vəsiqə idi. Kişiyə dedim ki, axı sizin bunu götürməyə ixtiyarınız yoxdur. Vəsiqəni alıb dedim ki, gəlib cəriməni ödəyib alarsınız. Kişi də hirsləndi ki, nə fərqi var, bunu mən göstərdim, ya arvad göstərdi. Ona bir təhər başa saldım ki, sizinlə xanım arasında əlbəttə ki, fərq var.

Bir dəfə də bir dəstə pilot və stüardessa mənə yaxınlaşdı və haralı olduğumu, “yeraz” olub-olmadığımı soruşdular. Mən də dedim ki, yox, mən Xaçmazdanam. Onda onlardan bir neçəsi qışqırıb yanlarındakı oğlana dedilər ki, uduzdun, uduzdun, restorana bizi sən aparacaqsan. Sonra bildim ki, onlar mənimlə bağlı mərc ediblər. Bir neçəsi məni “yeraz” hesab edib. Digərləri isə əksinə olduğunu deyiblər. Mərc gəliblər ki, kim uduzsa gedəcəkləri restoranın xərcini həmin şəxs çəksin.

- Bahar xanım, siz əgər Bakı meri olsaydınız paytaxt yollarında nəyi dəyişərdiniz?

-Yolları gen edərdim. (gülür). Mən mer olsam, deyim ki, maşınları azalda bilərəm, bu mümkün deyil. Bizim merimiz Bakı üçün çox böyük işlər görüb. Vağzaldakı o boyda ticarət mərkəzini ləğv elədi. Ora əsl xəstəlik mənbəyi idi, həm bazar idi, adamlar orada yeyirdilər, orada yatırdılar. Antisanitar vəziyyət idi. Zirzəmiyə girəndə adamın nəfəsi tutulurdu. Mən inanmıram ki, orada işləyənlər vərəm tutmasınlar. Elə qarışıq yer idi ki, adam öldürsəydilər də heç kimin xəbəri olmazdı. Yaxşı ki, Bakı belə yerlərdən təmizləndi. Mən mer olsaydım, bəlkə də, heç nə edə bilməzdim, amma bizim merimiz Bakını yenidən yaratdı.

- Bir ildir avtobusda işləmirsiniz. Həmişə işləməyə öyrəşən biri kimi işsiz necə qalırsınız, çətin deyil ki?

- Mən işsiz qala bilmirəm. Bakı-Astara marşrutundan çıxandan sonra məni dövlət əhəmiyyətli tədbirlər olduqda çağırırlar. Məsələn, “Euvrovision” müsabiqəsi zamanı, idman oyunları və digər tədbirlərdə qonaqları gəzdirmək üçün olan tur avtobuslarını sürürəm. İmtahanlar vaxtı da Bakıdan olan dəstələri rayonlara aparıram. Həmişə də deyirəm ki, mənə yaxın rayonları verməyin, ən uzaq rayonları verin. Bu mənim işimdir.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm