Doktoranturaya qəbul qaydaları dəyişdi
Bizi izləyin

Qırmızı.az

Doktoranturaya qəbul qaydaları dəyişdi

Azərbaycan Milli Elmlər Akademiyasında 2015-2016-cı illər doktoranturaya qəbul və doktorluq imtahanları qaydalarına dəyişiklik edilib.

Bu barədə Publika.az-a AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev məlumat verib.

Onun sözlərinə görə, doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən imtahan veriblər. Bu il də ənənəvi qaydada imtahan olacaq. Yeni dəyişiklik doktoranturaya qəbul olunmaq istəyənlərin xarici dil bilgiləri ilə bağlıdır:

“Belə ki, bu ildən doktorant olmaq istəyənlər ingilis dili fənni üzrə imtahanda iştirak etmək üçün beynəlxalq ingilis dili proqramları - TOEFL və IELTS proqramları üzrə sertifikatları olmalıdır. Bu sertifikat olmadığı halda, onlar doktoranturaya qəbul imtahanlarında iştirak edə bilməyəcəklər. Doktoranturaya qəbul olunmaq istəyənlər TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6.5 bal, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal toplaması barədə sertifikat təqdim etməlidir”.

B.Əliyev bildirib ki, bu barədə qərar AMEA rəyasət heyətinin iclasında qəbul edilib. Qərar fəlsəfə doktoru hazırlığı üzrə xarici dil biliklərinin keyfiyyətinin yüksəldilməsi üçün qəbul edilib.

“Gənc alimlərin daha uğurlu nailiyyətlər əldə etməsi üçün xarici dil bilgiləri vacibdir. Həmçinin bir çox tanınmış elmi mərkəzlərin jurnalları xarici dildədir. Alimlərin həmin mənbələrdən istifadə etməsi üçün xarici dil bilgiləri yüksək səviyyədə olmalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm