Aynur Sofiyeva: “Məğlub olmağı sevmirəm” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Aynur Sofiyeva: “Məğlub olmağı sevmirəm” - FOTOLAR

Sakit, səmimi, gülərüz. Onun haqqında ağla gələn ilk fikir budur. Bu qənaətə gəlmək üçün onunla bir dəfə ünsiyyət qurmaq kifayətdir. Danışmağı sevmir, xarakter etibarilə mübarizdir, amma çərçivələri yaxşı müəyyən edə bilir. Danışmağı sevməsə də, onunla söhbətimiz xeyli maraqlı və uzun çəkdi. Tərifi, diqqət mərkəzində olmağı sevmir. Amma ağlı, dünyagörüşü ilə rəhbər vəzifədə çalışan bir xanımın həyatı bir çoxlarımız üçün örnək ola bilər. Müsahibə boyunca seçimimizin yanlış olmadığını anladıq. Beynəlxalq Qadınlar Günü ərəfəsində qadın problemləri ilə məşğul olan bu xanımla müsahibədə problemlərdən tutmuş, uğurlara qədər bir sıra məsələlərə toxunduq.

Müsahibimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevadır.

Onunla söhbətə elə məşğul olduğu sahə - ailə və qadın problemlərindən başladıq.

Müsahibim ABŞ və bir sıra Avropa ölkələrindən əvvəl seçmək, seçilmək hüququ qazanan Azərbaycan qadınının bu gün də özünü fəallığı, bacarığı ilə cəmiyyətdə təsdiq etdiyini deyir.


- Azərbaycanda güclü Qadın Hərəkatı olub. Bu hərəkatı qızlarımızın, qadınlarımızın təhsil alması və xüsusilə xeyriyyəçiliklə başlasa da, sonrakı dövrlərdə isə ictimai xarakter daşımışdır. Respublikada aparılan düşünülmüş və məntiqi siyasətin tərkib hissəsi olan ictimai və sosial həyatı sahələrində qadınların aktivliyinin artırılması məsələsi cəmiyyətin diqqət mərkəzində olmaqla aktuallıq kəsb edir. Bu gün qadınlarımız, demək olar ki, bütün sahələrdə təmsil olunurlar. Milli Məclis, bələdiyyə seçkilərində hər dəfə qalib olan qadınların sayının artması qürur verir. Bələdiyyələrdə qadınların təmsilçiliyi ilk olaraq 4%, daha sonra 26,7% idisə, son seçkilərdə bu rəqəm 35 %-i keçib. Bu da ölkəmizdə qadınların inkişafı üçün münbit şəraitin yaradıldığını və bu imkanlardan qadınlarımızın səmərəli istifadə etməsini göstərir. Sahibkarların 19%-ni qadınlar təşkil edir. Artıq ölkəmizin əksər rayon və şəhərlərinin icra başçılarının müavinləri qadınlardır. Bır neçə il öncə onların cəmi 30%-ə qədəri qadınlardısa, bu gün həmin göstərici 90%-i keçir. Milli və beynəlxalq hüquqi aktların, dövlət qadın siyasəti və genderlə bağlı qanunların qəbul olunması, eləcə də “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Konvensiyaya və Pekin Platformasına qoşulmağımız mövcud qanun və məcəllələrə dəyişiklik edilməsilə bu istiqamətdə milli qanunvericiliyi daha da təkmilləşdirdi. Bu gün həyata keçirilən böyük layihələrdə, dövlət proqramlarının, demək olar, hər birində gender komponenti, qadınlara yönəlik tədbirlər öz əksini tapır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasəti beynəlxalq təşkilatlar və inkişaf etmiş dövlətlər də yüksək qiymətləndirirlər.


- Qadınlarımızın uğurlarla yanaşı, problemləri də var.
- Əlbəttə, qadınların cəmiyyətin bərabərhüquqlu üzvü olması, inkişafı üçün çox mükəmməl qanunvericilik bazamız var. Hər dövrün, zamanın və hətta inkişafın gətirdiyi problemlər də inkaredilməzdir. Təəssüf ki, informasiya bolluğu insanlarda pozitiv əhvalla yanaşı, neqativ hisslər də yaradır. Bu gün qadın problemlərinin əsasını təşkil edən məişət zorakılığına toxunmalıyıq, bu, bizi narahat edən məsələlərdəndir. Statistikada qadınlara qarşı zorakılığın azaldığını görürük, lakin hər bir fakt bizi narahat edir. Xüsusən də kütləvi informasiya vasitələrində bu hadisələrin incəliklərinə qədər önə çıxarılması insanlarda müəyyən qədər yanlış fikirlər formalaşdırır. Bu cür hadisələr hər zaman olub, insan, cəmiyyət olduqca, zorakılıq, problemlər hər zaman olacaq. Lakin son vaxtlar kütləvi informasiya vasitələri bu məsələyə daha çox diqqət ayırır. Düzdür, bu xəbərlərin işıqlandırılmasına heç kim etiraz etmir. Lakin xüsusi amansızlıqla baş verən cinayətlərin qabardılması düşünürəm ki, düzgün deyil.


- Bəs dövlət bu halların qarşısını almaq üçün hansı addımlar atır?
- Ölkədə qadın siyasətini həyata keçirən bir komitə olaraq biz əsasən regionlarda iş aparırıq. Kənd qadınları ilə maarifləndirmə tədbirlərinin gücləndirilməsi, onların fəallığının artırılması, sahibkarlığa cəlb edilməsi fəaliyyətimizin prioritetlərindəndir. Bizə olan müraciətlərdən bəzən qadınların öz hüquqlarından xəbərsiz olduqlarını müşahidə edirik. Əlbəttə, onlar hüquqlarını bilsələr, problemlərin yarısını həll etmiş olarlar. Qadınlarla yanaşı, onların problemlərinin həllinə cavabdeh qurumlarla iş, onları məsələlərin həllinə, profilaktik işlərə cəlb etmək də çox önəmlidir. Məsələn, hər hansı kənddə erkən nikah baş verirsə, buna aidiyyəti qurumlar, QHT-lər reaksiya verməlidir. Bilirik ki, kənd yerində bir ailədə xeyir iş olanda hər kəs bundan xəbərdar olur. Qız məktəbdən yayındığı üçün müəllimlər müvafiq qurumlara məlumat verməli, eləcə də icra hakimiyyətinin yerli nümayəndələri, polis müfəttişləri bu məsələyə lazımi reaksiya verməlidirlər. Düzdür, erkən nikahların sayı azalmağa doğru gedir, lakin hər il 3-4 min belə fakt olursa, bu sahəyə məsul olan şəxslər məsuliyyət daşıyır.


- Rayonlarda qadınlarla iş apardığınızı dediniz. Bölgələrdə və şəhərdə yaşayan qadınlar arasında problemlər və onların həlli baxımından hansı fərqlər var?

- Bu gün şəhər və kənd qadınlarının hüquqları baxımından heç bir fərq yoxdur. Lakin şəhərdə yaşayan qadın üçün hər hansı imkana əlçatımlılıq kənddəkilərdən daha asandır. Kənd qadınları əsasən kənd təsərrüfatında fəaliyyət göstərir, ictimai fəallığı nisbətən daha az olur. Burada əsas fikir o deyil ki, qadın mütləq ali təhsilli olmalıdır, lakin onun müəyyən biliklərinin olması, bu və ya digər peşəyə yiyələnməsi çox vacibdir. Qarşımızda duran əsas məqsəd həmin fəallığı artırmaqdır. Qadın işləməyə bilər, lakin o, savadlı olmalıdır. Bəzən kənd qadınları nənələrimizin heç bir təhsil almadan yaxşı uşaq tərbiyə etdiklərini deyirlər. Lakin bir şeyi bilmək lazımdır ki, dövr dəyişib. Hərtərəfli övlad tərbiyəsi üçün ananın savadı, dünyagörüşü yüksək olmalıdır. Qadın evdar olsa da, özünə fikir verməlidir. Övladı ata-ana birgə tərbiyə etsə də, əsas təsir anadan gəlir. Düzdür, qadınların üzərinə daha böyük məsuliyyət düşür. Çünki həm karyera, həm də ev işləri ilə məşğul olurlar. Düşünürəm ki, qadınlar öz işlərinin öhdəsindən layiqincə gəlir.

- Siz rəhbər vəzifədə olan bir qadınsınız, həm də ailəniz, övladlarınız var. Bütün işlərin öhdəsindən layiqincə gələ bilmək çətin deyil?
- Çətin olmur desəm, yalan olar. Amma mümkünsüz deyil. İki qızım var, onlara zaman ayırmağa çalışıram. Düzdür, hərdən şikayət edirlər, xüsusən məktəb yaşlarında bu daha çox olurdu. Başqa qızların anaları ilə istirahət etdiklərini, mənim onlara az vaxt ayırdığımı deyirdilər. Mümkün qədər onların tərbiyəsi ilə məşğul olmağa çalışmışam, hesab edirəm ki, pis alınmayıb. Həmçinin işimi elə qurmuşam ki, həyatlarındakı bütün mühüm məqamlarda yanlarında olum.

(Bu məqamda fotoqrafımız dayana bilməyib, Aynur xanımdan uğursuz məqamlarda necə çıxış yolu tapmasını soruşur)

- Təcrübənizdə yəqin ki, uğursuzluğunuz olub, həmin məqamda qərarınız nə olub?
- Bəzi insanlar var ki, 1-2 uğursuzluqdan sonra pessimizmə qapılıb, hər şeydən əl çəkirlər. Amma xarakteri güclü olan insanlar uğursuzluqdan sonra yenidən başlaya bilir. Məndə də belədir. Bəlkə də, bu, şahmat oynamağımdan irəli gəlir. O zaman da məğlub olduğum yarışlar olub. Məğlubiyyəti həmin anda qoyub, həyata davam etməsən, növbəti yarışlarda da uduzacaqsan. Yəqin, özümü bu istiqamətdə tərbiyə etdiyimdən, problemlərin öhdəsindən gələ bilmişəm.


- Rəhbər vəzifəyə başlayanda işlə bərabər ailəni idarə edə biləcəyinizlə bağlı tərəddüd oldumu?
- Ola bilər, kimsə belə tərəddüdlər yaşasın, amma məndə olmayıb. Vəzifə şərəf olduğu qədər, məsuliyyət tələb edir, bu doğrudur. Hər bir insan bu qərarı verməzdən əvvəl yüz ölçüb, bir biçməlidir. Çünki addım atıb geri çəkilmək də problemdir. Yəqin ki, əvvəlki fəaliyyətim məndə özünə inam hisləri formalaşdırıb. Həyatımda heç vaxt boşluq dövrü olmayıb. Bəzən yorğun olduğumu, istirahət etmək istədiyimi düşünürəm. Yəqin ki, fəaliyyətimi dayandırsam, həyat darıxdırıcı olar. Çünki özümü təqdim etməyə, nəyinsə uğrunda mübarizə aparmağa öyrənmişəm.


- Söhbətimizin əvvəlində ailə idarəçiliyi məsələlərinə toxunduq. Bir çox ailə problemlərinin kökündə mentalitet dəyələri göstərilir. Sizin ailənizdə idarəçilik mentalitet, yoxsa demokratik dəyərlərə əsaslanır?
- Deməzdim ki, mentalitet ailədə hər hansı problemlər yaradır. Azərbaycan xalqı üçün ailə çox dəyərlidir. Unikal ailə modelimiz var. Zaman öz təsirini göstərsə də, fundamental dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik. Bizim həyata keçirdiyimiz ailə siyasətinin əsasında da bu dəyərləri qoruyub saxlayaraq gələcək nəsillərə ötürmək durur. Düşünürəm ki, bütün ailələr, eləcə də mənim ailəm həmin dəyərlərə əsaslanan müasir ailə olmalıdır. Ailədə biz fikirlərimizə hörmətlə yanaşıb, bir-birimizin sözünü eşidirik. Uşaqların da fikirlərinə hörmət edirik, həm də öz təcrübəmizi bölüşüb ortaq qərara gəlirik.


- Bəs digər qadınlar kimi qadağalar, məhdudiyyətlərlə qarşılaşmısınızmı? Qarşılaşsaydınız, çıxış yolunu nədə görərdiniz? Mübarizə aparmaq, yoxsa həmin həyata son qoymaq?
- Bu halla qarşılaşmadığıma görə fikir yürütməyim düzgün olmaz. Amma mənim xarakterim elədir ki, məğlub olmağı sevmirəm. Fikirlərimin həqiqət olduğuna inanıramsa, onun arxasınca gedərəm. Əlbəttə, müəyyən məsələləri nəzərə almaq lazımdır. Ailəmizdə bu cür problem yaranmamasının əsas səbəbi, mənim istəklərimlə bizim münasibətlərimiz arasında ziddiyyətin olmamasıdır. Ailəmə problem yarada biləcək addım atmaq istəyində olmamışam.


- Rəhbər vəzifədə işləyirsiniz, müəyyən tapşırıqlar, əmrlər verirsiniz. Vəzifədə olmağınız ailədəki idarəçiliyə də təsir edirmi?
- Rəhbər vəzifəyə gəlməmişdən əvvəl şahmat məndə liderlik keyfiyyətlərini formalaşdırıb. Xarakterdə bu xüsusiyyət olmadan şahmatda uğur qazanmaq mümkün deyil. Bu vəzifədə 2007-ci ildən çalışıram, əvvəl millət vəkili, ondan əvvəl isə şahmatla məşğul olmuşam. Xarakterim elədir ki, sözümü deməyi, özümü müdafiə etməyi hər zaman bacarmışam. Vəzifə mənim xarakterimi dəyişməyib, sadəcə məndə vəzifəyə uyğun xarakter var. Hüquqlarını qorumaq o demək deyil ki, sən ailədə nəyisə diktə edirsən. Hüquqlarını bilən insan vəzifələrinə də məsuliyyətlə yanaşır. Qarşılıqlı hörmət, dinləmə qabiliyyəti, məsləhətləşmə ailə münasibətlərində vacib məqamlardı. Bununla bütün problemləri həll etmək olar.


- Uşaqlıqdan tanınmış biri olmusunuz. Bu məşhurluq sizə üstünlük, yoxsa çətinlik gətirib?
- Kiminsə tərəfindən sevilmək, tanınmaq xoş hissdir. Amma insanların diqqətinin üzərində olması insana təsir edir. Ümumiyyətlə, tanınmağımla bağlı məsələyə heç vaxt xüsusi önəm verməmişəm. Çünki diqqətin mənim üzərimdə olmasını sevmirəm. Düşünürəm ki, qazandığım uğurlar mənə qarşı olan diqqət, etimad və sevginin müqabilində çox sönük qalır. Bu hal məni daha çox çalışmağa vadar edir.


- Şahmata uşaq yaşlarından başladınız, amma yarımçıq qaldı.
- Buna çox təəssüf edirəm. Deyilənə görə, məndə alınırdı. 1990-cı ildə 20 yaşım olanda dünyanın ən güclü 10 şahmatçısı siyahısına daxil olmuşdum. Amma həmin dövrün hadisələri məni şahmatdan uzaqlaşdırdı. Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra isə digər sahələrdə olduğu kimi, şahmata da diqqət artdı. İdmançılar daha yaxşı bilir, müəyyən fasilə verəndən sonra onu bərpa etmək çətin olur. Ona görə də müstəqillik dövrü idmançılarına qibtə ilə yanaşıram. Bir neçə dəfə qayıtmaq istədim, amma sonra qərarımı dəyişdim. Bəlkə də, bir neçə cəhddən sonra yenidən uğur qazanacaqdım. Amma hər zaman uğur qazanmış biri üçün uğursuzluqlara dözümsüzlük olur. Ortabab şahmatçı ola bilərdim, amma mən hər zaman birinci olmaq istədiyimə görə şahmatdan ayrıldım. Əlbəttə, buna təəssüf edirəm.


- Şahmata bu qədər həvəs necə yarandı?
- 3 yaşımda dama oynayırdım, 4 yaşımda atam şahmat aldı. Qardaşımla oynayaraq başladım, sonra 6 yaşımda məktəblilər arasında çempion olmuşdum. Bununla da uğurlar gəldi. Uğur olanda, stimul da olur.

8 yaşımda Qaxı Zərdabdakı yarışda təmsil edəndə tanınmış məşqçilərdən biri sonrakı dövrdə mənim yeganə məşqçim olan Aleksandr Aslanov məni görüb, bu işə cəlb etdi. Bununla da uğurlar gəldi.


- Şahmat həvəsi dərslərə necə təsir edib?
- Hər halda, mənfi təsiri olmayıb, məktəbi qızıl medalla bitirmişəm. Dərslərdən geri qalmağı xoşlamırdım. Bir misal çəkim, qızlar arasında SSRİ çempionu olanda gecə evə gəldim, səhər dərsə getmişdim. Bəlkə də, indiki ağlım olsa, getməzdim (gülür). Amma elə bir şansım var idi ki, qardaşımla eyni sinifdə oxuyurdum. Ondan bir yaş balaca olsam da, birinci sinif proqramını bildiyimə görə, müsabiqə yolu ilə məni ikinci sinfə qəbul etmişdilər.


- Məktəb dərslərini mükəmməl hazırlayan, şahmatla məşğul olan uşaq Aynur Sofiyeva yaşıdları ilə oynamağa vaxt tapıb?

- Mənim uşaqlığım olmayıb. Dərsdən sonra qızların bir yerə toplanıb söhbət etməsinə, kinoya getməsinə hər zaman qibtə etmişəm. Məndə isə dərslər, şahmat, yarışlar, boş vaxtlarımda isə ancaq məşqlər olub. Bu gün övladlarımdan da görürəm ki, həyatda uğur qazanmaq üçün çox zəhmət çəkməlisən.


- Uşaqlıqdan şahmatla məşğul olmusunuz, amma ixtisas olaraq humanitar sahəni seçmisiniz. Bu seçimin səbəbi nədir?
- Orta məktəbdə texniki fənlərə daha çox marağım vardı. Amma həyat elə gətirdi ki, humanitar sahəni seçdim. Əvvəl jurnalist, daha sonra hüquq təhsili aldım. Danışmağı da heç sevmirdim. Şahmat ancaq düşünmək tələb edirdi, insanlarla münasibət quranda da çox az danışırdım, daha çox analiz edirdim. Qəribə deyil ki, qızlarım ikisi də texniki sahəyə yönəldi.


- Bu seçimdə analarının təsiri oldu?
- Əksinə, onları humanitar sahəyə çəkmək istədim. Həkim, ya da hüquqşünas olmalarını istəyirdim. Onlar isə texniki sahəni seçdilər.


- Evdarlıq, şahmat, yoxsa komitədəki fəaliyyətiniz. Bunların hansı sizə daha yaxındır, düşünürsünüz ki, bundan sonrakı həyatınızı həmin istiqamətə həsr edərsiniz?
- Özümü evdar qadın kimi təsəvvür edə bilmirəm. Dərin düşünəndə şahmat ağır gəlir. Çünki ictimai fəaliyyətim son 15-20 ili əhatə edirsə, şahmat 4 yaşımdan məşğul olduğum sahədir. Amma bugünkü potensialımla komitədə daha çox xeyir verə biləcəyimi düşünürəm.


- Həyat yoldaşınız da idmançıdır. Eyni sahədən iki insanın ailə həyatında hansı çətinlikləri olur?
- Əksinə, eyni sahədən olduğumuza görə, məni daha yaxşı başa düşür. Ötən əsrin 80-ci illərin əvvəlində məşhur “Neftçi” komandasının kapitanı kimi onu tanıyırdım, o da məni şahmatçı kimi. Müəyyən tədbirlərdə tanış olmuşduq. Tanışlığımızdan uzun illər sonra vəzifəyə gəlmişəm, ona görə də bu, problem yaratmayıb. Ola bilər ki, xarakterimə bələd olduğuna görə, daha asan qəbul etdi.


- Şahmatla bağlı məsələdə həyat yoldaşınızın fikri nədir?
- O, hər zaman şahmatı davam etdirməyimi istəyib. Hətta qızlarımızın da şahmatçı olmasını arzulayırdı. Böyük qızım iki yaşından şahmat oynayırdı. Potensialı da hiss olunurdu. Amma mən şərait yaratmadım.


- Səbəb nə idi?

- Onların şahmata marağı mənim bu sahədən ayrıldığım dövrə düşdü. Həm də özümə qarşı incik idim. Ona görə də fikirləşdim ki, təhsillərinə fikir vermələri daha yaxşıdır. Bəlkə də, şahmatla məşğul olsaydılar, uğur qazanardılar. İndi də uğurları var, amma təhsildə. Buna görə də peşman deyiləm.


- Xaraktercə güclü qadınsınız, mübarizsiniz. Bu xarakterli qadınlar övladlarına müəyyən çərçivələr qoyur. Sizdə də belə olub?
- O çərçivələri müəyyən qədər qoymuşam, amma həm də sərbəstlik vermişəm. Amma bəzən bu sərbəstliyi özləri istəmirlər. Öz xətləri var, həmin çərçivədə də davam edirlər.


- Bəs özünüzə necə, vaxt ayıra bilirsiniz?
- Bütün günü işdə oluruq, axşam evə gedəndə bir az qızlarımla söhbət edirəm. Çalışıram ki, həftəsonu onlara vaxt ayırım. Birlikdə keçirdiyimiz növbəti günü müzakirə edirik. Az da olsa, kitab oxumağa vaxt tapıram. İmkan düşdükcə mütaliə edirəm. Sakitliyi sevirəm.

Gülxar Şərif

Fotolar Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm