Kəskin respirator virus xəstəlikləri yayılıb - necə qorunaq?
Bizi izləyin

Qırmızı.az

Kəskin respirator virus xəstəlikləri yayılıb - necə qorunaq?

Fəsil dəyişkənliyi ilə əlaqədar olaraq istər uşaqlar, istərsə də böyüklər arasında kəskin respirator virus xəstəliklərində artım müşahidə edilir. Xəstəliyin ilkin əlamətləri halsızlıq, baş və boğaz ağrılarıdır. Xəstəliyə yoluxan uşaqların bağçaya, məktəbə, böyüklərin işə getməsi virusun qısa zamanda yayılmasına səbəb olur. Bəs xəstəlikdən necə qoruna bilərik?

Azərbaycan Tibb Universitetinin Uşaq Yoluxucu xəstəliklər kafedrasının dosenti, pediatr Sulduz Əhmədova Publika.az-a açıqlamasında mart ayı ərzində kəskin respirator virus xəstəlikləri ilə bağlı müraciətlərin artdığını təsdiqlədi.

“Mart ayında fəsil dəyişkənliyi, uşaqların qış fəslində immunitetinin aşağı düşməsi xəstəliyin yayılmasına səbəb olur. Müraciətlər əsasında deyə bilərik ki, uşaqlar arasında xəstələnmə halları artıb. Virus mənşəli bağırsaq infeksiyaları da geniş yayılıb. Hazırda müraciətlər arasında kiçik yaş qrupundan olan uşaqlar üstünlük təşkil edir. Bundan başqa, yeni bağçaya başlayan uşaqlar arasında da xəstələnmə halları daha çox olur”.

Pediatr bildirib ki, kəskin respirator virus xəstəliklərindən profilaktik tədbirlərə əməl edərək qorunmaq mümkündür. İlkin profilaktika payızda başlamalıdır.

“Çünki ilk viruslar sentyabr ayında yayılmağa başlayır. İstər böyüklər, istərsə də uşaqlar ilin bütün fəsillərində açıq havada çox vaxt keçirməlidirlər. Bu, viruslardan qorunmağın ən sadə yoludur. Uşaqları çox qalın geyindirməyə ehtiyac yoxdur. Sentyabr-oktyabr aylarına qədər tez-tez xəstələnən uşaqlara immun modulyatorlardan, vitamin kompleksindən, xüsusən tərkibində C, A, D vitaminləri olan preparatlardan istifadə etməlidir. Virus infeksiyaları kollektivdə yayıldığından uşaq küçədən gələn kimi əllərlə yanaşı, burnu yaxalanmalıdır. Bunun üçün dəniz suyu tərkibli preparatlar var. Pediatrlar bu barədə anaları istiqamətləndirə bilər. Həmin preparatlar körpələr üçün damcı, böyüklər üçün sprey formasında olur. Hər dəfə xəstə biri ilə ünsiyyətdə olanda və evə gələndə burun dəliklərini həmin maddə ilə yumalıdır. Həmçinin avtobusdan istifadə edəndən sonra əlləri sabunla yumaq lazımdır. Xəstəlik olmasa belə, otağın havası tez-tez dəyişdirilməlidir. Ən əsası, vitaminli qidalar və dəniz məhsulları ilə qidalanmaq lazımdır”.

Kəskin respirator virus xəstəliklərinin bir neçə növünün olduğunu deyən S.Əhmədova onların hər birinə uyğun müalicə tətbiq edilməli olduğunu bildirib:

“Bəzən insanlar qripi, adətən, zökəm və digər respirator virus xəstəlikləri ilə səhv salır. Bu xəstəliklərin adları kimi, onların əlamətləri də fərqlidir. Onların hamısının ümumi əlamətləri baş ağrıları, ümumi halsızlıq, burundan ifrazat olması, tənəffüsün çətinləşməsidir. Hər birinin özünəməxsus əlamətləri var. Bu xəstəliklər içərisində ən kəskin və ölümə səbəb olan qripdir. Bu zaman temperatur 40-41 dərəcəyə qədər yüksəlir, əzələ, göz almasında ağrılar, körpə uşaqlarda qıcolma əlamətləri büruzə verir. Paraqripdə daha çox inaq xarakterikdir. Bu zaman əsasən qırtlaq zədələnir. Bu xəstəlik əsasən körpə, 3 yaşa qədər uşaqlarda müşahidə edilir. Bu da qırtlağın quruluşu ilə əlaqədardır. Adenavirus dalağın, qaraciyərin böyüməsi, reoviruslar daha çox burun axması ilə müşahidə edilir. Ən çox diqqət verdiyimiz məsələ qripdir və buna qarşı isə profilaktik tədbir kimi peyvənd qəbul edilməlidir. Bəzən valideynlər peyvəndə biganə yanaşır, lakin bu, düzgün deyil. Peyvənd qripdən qorunmanın ən yaxşı üsuludur. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan proqram əsasında bu il hansı ştamlar virus törədibsə, növbəti il peyvəndlərin tərkibi həmin ştamlara qarşı olur. Ona görə də, peyvəndlə qripdən daha yaxşı qorunmaq mümkündür. 6 yaşa qədər uşaqlar və 65 yaşdan yuxarı insanlar ildə bir dəfə qripə qarşı peyvənd olunmalıdırlar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm