Fəzail Ağamalı: “Rövşən Lənkəranskini gənclərimizə nümunə göstərməmişəm”
Bizi izləyin

Qırmızı.az

Fəzail Ağamalı: “Rövşən Lənkəranskini gənclərimizə nümunə göstərməmişəm”

Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Rövşən Canıyevlə (Rövşən Lənkəranski) bağlı verdiyi müsahibənin sosial şəbəkələrdə müzakirə olunmasına münasibət bildirib.

Deputat F.Ağamalı Publika.az-a açıqlamasında deyib ki, saytlardan birinin Rövşən Canıyevlə bağlı mənə ünvanladığı suallar və mənim cavablarımın bəziləri tərəfindən sosial şəbəkələrdə və bir sıra saytlarda gedən şərh yazılarında arzuolunmaz notlar üzərində dövriyyəyə buraxılması təəssüf hiss doğurur: “Mən KİV üçün açığam və bunu mənimlə ünsiyyətdə olan bütün KİV təmsilçiləri də yaxşı bilirlər. Cəmiyyəti maraqlandıran məsələlərlə bağlı KİV-in mənə müraciəti, əgər o müraciət və ya informasiya həm peşəkarlıq, həm də dəqiqlik baxımından problem doğurmursa, tərəfimdən cavabsız qalmır.

Jurnalistin, adı Azərbaycan və Rusiya mətbuatında tez-tez hallanan Rövşən Canıyevin insani keyfiyyətləri haqqındakı suallarına cavab verməklə, düşünürəm ki, böyük qəbahətə yol verməmişəm.

Heç bir halda Rövşən Canıyevi gənclərimizə nümunə göstərməmişəm və belə bir düşüncənin daşıyıcısı da deyiləm. Siyasətdə olan şəxs və Milli Məclisin deputatı kimi bütün yazılarımda, müsahibə və açıqlamalarımda hər kəsin törətdiyi əmələ görə qanun qarşısında cavab verməsinin zəruriliyini önə çəkmişəm. Gənclərimizi, soydaşlarımızı həmişə mahiyyətindən asılı olmayaraq cinayətdən uzaq olmağa çağırmışam. Bu mənim konyukturadan uzaq, hüquqi dövlətə yanaşmağımın fundamental prinsipdir”.

F.Ağamalı qeyd edib ki, indi Azərbaycan dünyanın ən sabit, kriminal vəziyyətin tam nəzarətdə saxlanıldığı nümunəvi ölkələrindən biridir: “Demokratik, hüquqi dövlət kimi dünyada ciddi nüfuz qazanan Azərbaycanımızın bu uğuru birmənalı olaraq ölkə prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Tam əminəm ki, gənclərimiz dünən və bu gün olduğu kimi, gələcəkdə də Azərbaycanı həm də regionun lider dövlətinə, dinamik inkişaf edən, çiçəklənən ölkəsinə çevirən vətənpərvər, qətiyyətli və müdrik prezidentimiz İlham Əliyevdən örnək götürüb və bundan sonra da örnək götürəcəkdir”.

Millət vəkili bəyan edib ki, sosial şəbəkələrdə və mətbuatda ona qarşı bu cür kampaniya davam edərsə, məhkəməyə müraciət edəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm