Rəsul Quliyev Milli Şuranı biabır etdi: “Mitinqə gələnlər qarışqa olsa belə...”
Bizi izləyin

Qırmızı.az

Rəsul Quliyev Milli Şuranı biabır etdi: “Mitinqə gələnlər qarışqa olsa belə...”

Azərbaycan Milli Məclisinin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Milli Şuranın 15 mart tarixli aksiyası ilə bağlı fikirlərini bölüşüb.

R.Quliyev Publika.az-a açıqlamasında deyib ki, normal cəmiyyətlərdə insanların etiraz məqsədi ilə mitinqlərə çıxması, nümayişlər keçirməsi, kollektiv petisiya məktubları imzalaması pozitiv haldır: “Ancaq Bakıda mitinq təşkil edənlərin mitinqlə əlaqədar söylədikləri fikirlərlə mənim düşündüyüm və izah etməyə cəhd etdiyim fikirlər total fərqlənir. İlk növbədə, mənim fikrimcə, kütləviliyin təmin edilməsinə 100 faiz əminlik olmadan (yəni heç olmazsa, 5 min insanın mitinqə qatılacağına inam olmalıdır) mitinq keçirmək hökumətin demokrat imicini artırmaqdan başqa bir şey deyil. Onların fikrincə real kütləviliyi təmin etmək vacib deyil, qəzetlərin vasitəsi ilə kütləvilik effekti yaratmaq olar. Düşünürəm ki, istənilən variantda siyasi lider öz xalqına yalan deməməlidir. Onların düşüncəsinə görə, siyasət xalqa yalan demək bacarığının yüksək olması deməkdir. İndi diqqət yetirin. Hökumət mitinqə 600 insanın çıxdığını deyir, mitinq liderləri isə 10 min adamın olduğunu israr edir. Hətta mitinqə gələnlər qarışqa olsa belə, sayanda bu səviyyədə fərq ola bilməz. Bir yerdə azı bir saat dayanan insanı bu vaxt ərzində necə dəqiq saymamaq mümkündür? Hökumətlə mitinqçilərdən başqa o mitinqdə iştirak edən və sayan azı 5 xarici ölkə nümayəndələri var. Necə belə bir şəraitdə bir-birlərindən 20 dəfə fərqli olan iki hesabat ortaya çıxa bilər? İstənilən ölkədə mitinqçilərin hesabatı ilə hökumətin hesabatında azı 2 dəfə fərq olur”.

R.Quliyev qeyd edib ki, icazə verilmiş mitinqə belə az adamın gəlməsi insanların inamının qalmadığına dəlalət edir: “Paytaxt sakinlərinin maksimum 0.1 faizi mitinqə gəlir. Bakını qoyuram qırağa, mitinq keçirilən rayonun 200 minlik əhalisinin 5 faizi gəlsəydi, yaxşı bir mitinq alınardı. Belə bir mitinqlə isə pafoslu tələbatlar irəli sürmək gülüncdür. Əslində, tərtib olunmuş tələblər sovetlərin vaxtında, məsələn, pionerlərin ABŞ-ın Vyetnamda apardığı müharibəyə qarşı tələbləri ruhundadır. Mitinqdə qoyulan tələblərin əksəriyyəti hökuməti diktatura rejiminə çağırmaqdır. Məsələn, “manatın məzənnəsi ucuzlaşdırılmasın” nə deməkdir? Qatar artıq çoxdan gedib, cənablar və xanımlar”.

R.Quliyev Milli Şuranın aprel ayına təyin etdiyi aksiyaya da münasibət bildirib: “Mənim fikrimcə, belə mitinqlərin keçirilməsinin cəmiyyətə nəinki xeyri dəymir, əksinə, pessimizmi artırır. Aprel mitinqi mart mitinqindən zəif olacaq. Ondan sonra uzun müddət fasilə veriləcək. Mitinqin çox böyük bir əhəmiyyət kəsb etmədiyi izahatsız da aydındır. Onsuz da ölkənin indiki vəziyyəti və bundan sonra baş verəcəklərə müxalifət yox, hökumət cavabdehlik daşıyır. Əsas onlar düşünməlidirlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm