Hərbi hissə komandiri həbs qərarı verə bilməyəcək - YENİLİK
Bizi izləyin

Qırmızı.az

Hərbi hissə komandiri həbs qərarı verə bilməyəcək - YENİLİK

“NATO standartlarına keçidlə əlaqədar hərbi birləşmələrdə bəzi vəzifələrin səlahiyyətlərinə dəyişikliklər edilib, yeni yaradılmış bir sıra vəzifələr və onların səlahiyyətləri artıq yeni Daxili Xidmət Nizamnaməsində öz əksini tapıb, bir sıra dəqiqləşdirmələr aparılaraq sənədə əlavə olunub”.

Publika.az xəbər verir ki, bunu Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi, ədliyyə polkovniki Rauf Kişiyev “Azərbaycan ordusu” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, illərdir Azərbaycan Silahlı Qüvvələrində fəaliyyət göstərən Hərbi Polis institutunun səlahiyyətləri əsasnamə ilə, yəni daxili aktla müəyyənləşdirilirdisə, indi Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsində Hərbi Polisin fəaliyyəti də tənzimlənəcək:

“Hərbi intizamın möhkəmləndirilməsinə böyük köməyi dəyən həmin qurumun səlahiyyətlərinin qanunvericiliklə müəyyən edilməsi zərurət idi. Bu qurumun vəzifəli şəxslərinin səlahiyyətləri də nizamnamədə öz təsdiqini tapıb”.

O qeyd edib ki, Silahlı Qüvvələrdə cəzalar tətbiq edilməsi məsələsi yenidən nəzərdən keçirilib, onunla bağlı bir sıra zəruri əlavə və dəyişikliklər edilib:

“Şübhəsiz ki, ordu sıralarında xidmət edən hərbi qulluqçuların həvəsləndirilməsi ilə yanaşı, həm də nizamnamə qaydalarının pozulmasının qarşısını almaq zərurəti var. Bunun üçün komandir və rəislər də lazımi səlahiyyətlərə sahib olmalıdırlar ki, bu vəzifənin öhdəsindən gəlsinlər. Biz beynəlxalq təcrübəni öyrənərək belə bir qənaətə gəlmişik ki, intizam həbsinin tətbiq edilməsi vacib bir məsələdir və onun da tətbiqinin qaçılmazlığı konsepsiyası mövcuddur. Bu sahədə birinci növbədə insan hüquq və azadlıqları nəzərə alınmalıdır. Bu o deməkdir ki, heç kim məhkəmənin qərarı olmadan azadlıqdan məhrum edilə bilməz. Beləliklə, əgər Sovet dönəmində komandirin və rəisin əmrinə əsasən, kimsə intizam qaydasında həbs edilə bilirdisə, yeni İntizam Nizamnaməsinin tələblərinə əsasən, komandir və rəis bu haqda vəsatət qaldırmalıdır. Sonda müstəqil, ədalətli və qərəzsiz şəkildə işə baxan məhkəmə həbsin tətbiqi ilə bağlı qərar qəbul edəcək”.

R. Kişiyev deyib ki, Azərbaycan Avropa məkanına inteqrasiya yolunu tutduğu üçün öz qanunvericiliyini də məhz müasir standartlara uyğunlaşdırmalıdır: “Bu işlərə hərbi məhkəmələr baxacaq. Ancaq orada mülki hakimlər çalışırlar. Əslində bunun kökündə Silahlı Qüvvələr üzərində demokratik nəzarət ideyası durur.

Azərbaycan Avropa məkanına inteqrasiya yolunu tutduğu üçün öz qanunvericiliyini də məhz müasir standartlara uyğunlaşdırmalıdır. Ölkəmiz müstəqilliyimizin hələ ilk illərində Roma Konvensiyası deyilən bir sənədə imza atıb. Orada belə bir müddəa mövcuddur ki, heç kəs məhkəmənin qərarı olmadan azadlıqdan məhrum edilə bilməz. İstisnasız olaraq. Demək, əgər komandir hesab edirsə ki, onun tabeliyindəki hərbi qulluqçu kobud intizam xətasına yol verib və buna görə layiqli cəzasını almalıdır, o bununla bağlı zəruri materialları toplayaraq məhkəməyə təqdim etməlidir. Məhkəmə isə qısa müddətdə qərar çıxarmalıdır”.

R. Kişiyevin sözlərinə görə, Müdafiə Nazirliyi tərəfindən kobud intizam işləri üzrə icraat haqqında qanun layihəsi hazırlanıb. Bu layihədə məhkəmələrin işləri icraata götürmə, onlara baxma müddəti və qaydaları öz əksini tapıb.

“Yaxşı olar ki, Silahlı Qüvvələrdə məcburetmə tədbirləri görməklə bərabər, etimad mühiti də yaradılsın. Ona görə müasir, beynəlxalq hüquq sistemində yeni konsepsiya ortaya çıxıb ki, onun da adı dekriminallaşmadır. Dekriminallaşma bəzi cinayət əməllərinin cinayət kateqoriyasından çıxarılaraq daha az əhəmiyyətli kateqoriyaya keçirilməsidir. Əsgər yaşlı gənclər bəzi əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilməli deyil, onlara qarşı daha yüngül cəzanın, məsələn, intizam həbsinin tətbiq edilməsi məqsədəuyğundur. Bununla həmin hərbi qulluqçunun tərbiyə edilməsinə və gələcəkdə sağlam cəmiyyətə qovuşmasına imkan yaranar. Ona görə də iki qanunvericilik layihəsi hazırlandı. Birincisi, kobud intizam xətaları ilə bağlıdır, yəni hansı hallarda həbs nəzərdə tutulur. İkincisi isə, Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər hazırladıq. Yəni Cinayət Məcəlləsinə dəyişiklik edilsin ki, az əhəmiyyətli cinayət törətmiş şəxslər ciddi cəzalara məhkum edilməsinlər.

Yeri gəlmişkən qeyd edim ki, bu işi biz Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dəstəyi və köməyilə görmüşük”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm