Əlil arabasında olan şəxsi avtobusa kim mindirməlidir? Qanun və vicdan – Ekspert danışır
Bizi izləyin

Qırmızı.az

Əlil arabasında olan şəxsi avtobusa kim mindirməlidir? Qanun və vicdan – Ekspert danışır

Əlil arabasında olan şəxsi avtobusa kim mindirməlidir? Qanun və vicdan – Ekspert danışır

Ötən gün Bakıya yeni gətirilmiş və əlillər üçün xüsusi yeri olan 65 nömrəli marşrutda sürücünün avtobusa minmək istəyən əlilə kömək etməməsi ilə bağlı video yayılıb. Bəs əlil arabasında olan şəxsi avtobusa sürücü mindirməlidirmi?

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərovun Publika.az-a bildirdiyinə görə, qanunda bununla bağlı belə bir tələb nəzərdə tutulmasa da, hər bir Azərbaycan vətəndaşının belə vəziyyətdə kömək etmək borcudur: “Doğrudur, sürücü hər dəfə əlili ora qaldırsa, endirsə, dövriyyəsindən geri qalmış olur. Amma vətəndaş vicdanı ilə yanaşsaq, gərək kömək etsin”.

Bəs qanunvericilik necədir?

Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun Publika.az-a bildirdiyinə görə, bizim qanunvericilikdə bunun cavabı yoxdur: “Qanunvericiliyin heç bir normasında əlil arabasında olan şəxs avtobusa minmək istəyəndə sürücünün ona yardım etməsi ilə bağlı tələb yoxdur. Amma ictimai nəqliyyatın sürücüsü sərnişinlərə mədəni, qayğıkeş yanaşmalıdır. Avtobusdan enib əlilin minməsi üçün olan qurğunu işə salmalıdırmı, bu, qanunda nəzərdə tutulmayıb. Bunu bizim qanunvericiliyimizin boşluğu saymaq olar”.

Lakin əlillərin avtobusa minməsi üçün olan xüsusi qurğu avtomatik olsa belə, əlilin müstəqil ora qalxması mümkün deyil, çünki maililik çox yüksəkdir.

Ekspertin sözlərinə görə, dünyanın əksər ölkələrində həmin qurğu avtomatik deyil, əllə idarə olunur. Kimsə onu açıb əlili qaldırmalıdır. Bunu sürücü etməlidir, ya da başqası, bunun cavabı yoxdur:

“Xarici ölkələrdə də bu qurğular çox az maşınlarda avtomatikdir. Bunlar əsasən şəxsi avtomobillər və özəl taksilərdə olur. Onlar geniş yayılmayıb. Az avtobuslarda belə bir mexanizm var. Əslində, onu avtomatik etmək texniki baxımdan elə də çətin deyil. Lakin bu, insan münasibətidir, onu sərnişinlər də edə bilər, sürücü də. Amma Nazirlər Kabinetinin təsdiq etdiyi sərnişin və baqaj daşıma qaydalarına görə, sürücünün vəzifələri sırasında o göstərilməyib”.

Ekspert bildirdi ki, sürücünün avtobusda yer ola-ola minmək istəyən əlilə görə nəqliyyat vasitəsini saxlamaması normal münasibətlərə uyğun gəlmir. Sürücünün birbaşa məsuliyyəti olmasa da, bu, bizim qanunvericiliyin qüsurudur.

Qeyd edək ki, avtobusun malik olduğu “Xaliq Faiqoğlu” MMC şirkəti 65 nömrəli marşrut üzrə hərəkət edən 10 TH 319 dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edən Eynulla Həşimovu fiziki qüsurlu şəxsi gördükdən sonra avtobusu dayandırmadığı üçün işdən qovub.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm