Atalıq məzuniyyətinin ödənişli olması təklif edilir
Bizi izləyin

Qırmızı.az

Atalıq məzuniyyətinin ödənişli olması təklif edilir

Azərbaycanda atalıq məzuniyyətinin ödənişli olması, eyni zamanda, analıq məzuniyyətini yarımçıq kəsərək işə qayıdan qadınlara 3 yaşına çatmamış uşaqlara qulluğa görə müavinətin ödənişinin davam etdirilməsi təklif edilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Trend-ə bildirib ki, Azərbaycan mentalitetində uşağa qulluq etməyə görə əsas yük konkret olaraq qadının üzərinə düşür: “Ölkəmizdə bu sahədə kifayət qədər hüquqi baza var. “Gender bərabərliyinin təminatları haqqında” qanunda gender bərabərliyinin bütün sahələrdə təmin olunması nəzərdə tutulur. Beynəlxalq Əmək Təşkilatının ailə öhdəliyi olan işçilərin təminatları ilə bağlı Konvensiyası da mövcuddur”.

S.Qəhrəmanova bildirib ki, Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 2 həftə (atalıq məzuniyyəti), ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, həm kişi, həm də qadın 7 gün ödənişsiz məzuniyyətə çıxa bilər.

Komitə rəsmisinin sözlərinə görə, bəzən ailə iqtisadi cəhətdən çətinlik çəkəndə qadın analıq məzuniyyətini yarımçıq kəsərək yenidən işə qayıdır.

S.Qəhrəmanova hesab edir ki, kişilərə qadına kömək məqsədilə verilən məzuniyyət ödənişli olarsa və işə qayıdan qadınlara da 3 yaşına çatmamış uşaqlara qulluğa görə ödənişin verilməsi davam edərsə, yaxşı olar.

Qeyd edək ki, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı” (2014-2025-ci illər) layihəsində də 3 yaşına çatmamış uşağa qulluğa görə əmək və məşğulluq sahəsində mövcud imtiyazların və güzəştlərin tətbiqində gender bərabərliyinin təmin edilməsi nəzərə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm